Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

Naxçıvanda cəbhəçinin torpağını əlindən alırlar?


Foto: Arxiv
Foto: Arxiv
-
AXCP fəalı, İctimai Palatanın Naxçıvan şöbəsinin üzvü Zeynal Bağırzadə əkin sahəsinin zəbt olunduğunu deyir.

Zeynal Bağırzadənin bildirməsinə görə, avqustun 15-də yaşadığı Nehrəm kəndinin bələdiyyə sədri traktorla torpaq sahəsinə gələrək onun əkin yerini şumlayıb. Üstəlik, deməsinə görə, bələdiyyə sədri bildirib ki, onların 6 hektarlıq torpaq sahəsi bu gündən bələdiyyəyə məxsusdur. Zeynal Bağırzadə qeyd edir ki, bələdiyyə sədri bu haqda tapşırığın yuxarılardan gəldiyini bildirib:

«Səhər saat 7 idi. Çoban zəng vurdu ki, yerini traktorla dağıdırlar, durma, gəl. Mən də öz sahəmin bir hissəsinə yonca əkmişdim, bir hissəsini də bağ eləmişdim. Gəldim ki, bələdiyyə sədri özü oturub traktorda əkin sahələrimi şumlayır. Qaçdım qabağına dayandıram, mümkün olmadı. Dedi ki, buralar artıq sənin deyil. Daha sonra dedi ki, sən və qardaşın Yaşar Bağırsoy İctimai Palatanın toplantısında Naxçıvan hakimiyyətinə qarşı sərt fikirlər danışmısınız deyə, yuxarıdan belə deyiblər».

«İSTƏYİRLƏR Kİ, NAXÇIVANDAN ÇIXAQ»

Zeynal Bağırzadə deyir ki, müqavimət göstərsə də, mümkün olmayıb. Onun bildirməsinə görə, daha sonra kənd icra nümayəndəsi, Naxçıvan Ali Məclisinin bir deputatı, Babək rayon YAP sədri və bir neçə nəfər tanımadığı adamlar bələdiyyə sədrinə dəstək vermək üçün torpaq sahəsinə gəliblər:

«Yoncanın hamısını şumladılar. Deyirlər ki, alma bağını da sökəcəyik. Bütün bunlar bizim siyasi fəaliyyətimizə görədir. İstəyirlər ki, çıxaq Naxçıvandan».

«SİYASİ SİFARİŞ BOŞ SÖZLƏRDİR»

Məsələyə münasibət öyrənmək üçün Nehrəm kənd Bələdiyyəsinin sədri Tofiq Abutalıbovla əlaqə saxladıq. Bələdiyyə sədri əkin sahəsinin şumlandığını təsdiqləsə də, onun Bağırzadə ailəsinə məxsus olmadığını dedi:

- Onun 6 hektar yeri var, əlavə 2 hektar da bələdiyyənin yerinə girib. Mən həmin 2 hektarı şumlamışam. Siyasi sifariş məsələsi boş sözlərdir.

- Bəs, deyirlər Ali Məclisin deputatı, YAP rayon şöbəsinin sədri və icra hakimiyyətindən də gəlib prosesdə iştirak ediblər.

- Hamısı yalandır. Heç kim gəlməyib. Mən tək özüm bələdiyyəyə aid olan 2 hektarı şumlamışam.

Zeynal Bağırzadə bu il martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, saxta Çernobıl əlili sənədi düzəltməkdə ittiham olunurdu.

Mayın 14-də isə o, Muxtar Respublika Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Yaxınları saxlanıldığı təcridxanada ona işgəncə verildiyini bildirirdilər. Hələ o vaxt həm Muxtar Respublika Ədliyyə Nazirliyi, həm də Ombudsman Aparatı Zeynal Bağırzadəyə işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib etmişdilər.

Zeynal Bağırzadə Naxçıvan Apellyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verməyə hazırlaşır. Onun hüquqlarını vəkil Əshabəli Mustafayev müdafiə edir.

Əshabəli Mustafayev də Zeynal Bağırzadənin təzyiqlərə məruz qaldığını deyir:

«Naxçıvandakı vəziyyət hamıya məlumdur. Səsini çıxarmaq istəyənləri cəzalandırırlar. Zeynal Nehrəmdə baş verən özbaşınalıqlara qarşı çıxdığından siyasi sifarişlə həbs olunmuşdu. İndi də onun torpağını əlindən alıb, bu yolla ondan qisas almağa çalışırlar».
XS
SM
MD
LG