Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:36

Qohumları Zeynal Bağırzadənin həbsxanada iflic keçirdiyini bildirirlər


Yaşar Bağırsoy
Yaşar Bağırsoy
Həbsdə olan AXCP Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadənin səhhəti yenidən ağırlaşıb.

Bu haqda AzadlıqRadiosuna Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib. O deyir ki, Zeynal Bağırzadə fevralın 13-də saxlanıldığı təcridxanada iflic keçirib. Yaşar Bağırsoyun deməsinə görə, fevralın 15-də ailə üzvləri təcridxanada yataq şəraitində olan Zeynal Bağırzadə ilə də görüşüb bunun şahidi olublar:

«ZEYNALIN BIR QOLU İŞLƏMİR»

«5-6 gün öncə mən özüm də görüşmüşdüm. Səhhəti normal idi. Fevralın 15-də isə ailə üzvləri gedib təcridxanaya. Zeynalın bir qolu işləmir. Zeynal ailə üzvlərinə deyib ki, fevralın 13-də gecə saatlarında təzyiqi qalxıb, səhhəti ağırlaşıb, ölümcül vəziyyətə düşüb. Onu təcridxananın ambulatoriyasına aparıblar, orada müalicə yazıb, yenidən kameraya qaytarıblar. Zeynalın səhhəti indi də ağırdır. Təkid etsək də, xəstəxanaya göndərmirlər».

Yaşar Bağırsoy qardaşına təcridxanada mənəvi və fiziki təzyiqlərin olunduğunu da iddia edir:

«HƏR ŞEYİ KAMERADA ÖRT-BASDIR ELƏMƏK İSTƏYİRLƏR»

« Bizə təkbətək görüşməyə icazə vermirlər. Mən bilirəm ki, ona təzyiqlər olunur. Hər dəfə görüşə gedəndə, təcridxana işçilərindən biri yanımızda olur. Ona görə də Zeynal bizimlə açıq danışmaqdan çəkinir, üzləşdiyi təzyiqlər haqda danışa bilmir. Xəstəxanaya da ona görə göndərmirlər ki, əməlləri üzə çıxmasın. Hər şeyi kamerada ört-basdır eləmək istəyirlər».

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik Penitensiar Xidmət ilə əlaqə saxlamağı məsləhət bildi. Penitensiar Xidmətdə Nəcəfov soyadlı kapitan isə bildirdi ki, onlar bu haqda məlumat vermək səlahiyyətində deyillər.

Zeynal Bağırzadənin barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb. Ötən il dekabrın 26-da Naxçıvan şəhər Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı verib. Zeynal Bağırzadə Kəngərli rayonunda yerləşən Böyükdüz təcridxanasında saxlanır.

O, həbsindən iki gün sonra-dekabrın 28-də də səhhəti pisləşdiyindən Naxçıvan şəhər Diaqnostika Mərkəzinə aparılmışdı.
XS
SM
MD
LG