Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:35

Ağdam rayonunda yoldan, sudan, işıqdan şikayətlər...


Quzanlı qəsəbəsi
Quzanlı qəsəbəsi
-
Ağdam şəhəri Qarabağ savaşında işğal edildiyindən indi bu rayonun mərkəzi Quzanlı qəsəbəsidir. Burada son illərdə tikilən müasir yaşayış binaları qəsəbənin görkəmini xeyli gözəlləşdirib. Ancaq həm bu rayon mərkəzində, həm də ətraf kəndlərdə insanlar işsizlikdən şikayət edirlər.

ÜÇOĞLANDA...

Rayonun Üçoğlan ərazi vahidinə də baş çəkdik. Quzanlının 15 kilometrliyində yerləşən bu ərazi nümayəndəliyinə 7 kənd təhkimdir. Ümumilikdə də 7 minə yaxın əhalisi var. Söhbət Kiçikli, Səfərli, Alıbəyli, Yuxarı Böyükbəyli, Aşağı Böyükbəyli, Orta Qışlaq, Ballılar, Baharlı kəndlərindən gedir. Əhali əsasən maldarlıq və əkinçiliklə məşğul olur. Bu ərazilərdəki torpaqlar sualtı olduğu üçün əkin-biçinə əlverişlidir. Ancaq artezianların mütəmadi işləməsi üçün də davamlı elektrik enerjisi tələb olunur. Məhz elektrik enerjisinin vaxtlı-vaxtında verilməməsi insanların əlini işdən-gücdən soyudur. Üstəlik, sovetlər dövründə çəkilmiş və o vaxtlardan heç bir dəfə də təmir olunmamış yollar əhalinin yaşayışını bir xeyli çətinləşdirir. Kənd sakinləri deyirlər ki, mövcud problemlərlə bağlı rayon rəhbərliyinə şikayət edəndə isə təhqirlərə məruz qalırlar.

«MƏNZİL BAŞINA ÇATMAMIŞ MAŞIN BIR NEÇƏ DƏFƏ XARAB OLUR»

Ağdam rayon sakini, məcburi köçkün, 2-ci qrup Qarabağ əlili Tariyel Həsənlinin dedikləri:

«Üçoğlan ərazisindəki yollar çox bərbad vəziyyətdədir. Mənim övladlarım həmin ərazidə yaşayır. Gedib gəlmək qeyri-mümkündür. Dövlət əlilliyimə görə mənə «Oka» markalı minik avtomobili verib. Mən Üçoğlan kəndinə övladlarımı görmək üçün gedəndə, mənzil başına çatmamış maşın bir neçə dəfə xarab olur. İndi təsəvvür edin də ki, yollarımız nə gündədir? Dəfələrlə mövcud problemlə əlaqədar rayon rəhbərliyinə müraciət olunub. Bizə deyirlər ki, gedin öz işinizlə məşğul olun. Bütün aidiyyəti qurumlara, hətta prezidentə şikayət məktubları yazmışıq. Nə faydası, baxan tədbir görən yoxdur».

«İŞIQ XƏTLƏRİ KÖHNƏLİB, BAXAN YOXDUR»

Üçoğlan ərazi nümayəndəliyindəki Kiçikli kənd sakini, Ədalət Səfərov:

«Yollar o qədər bərbad gündədir ki, kəndə zərurət yarananda heç bir taksi getmir. Həmin yolun uzunluğu cəmisi 15 kilometrdir. Bəyəm dövlətimizin imkanı çatmır buranı təmir etməyə? Əhali ilə görüşdə şəxsən özüm icra başçısının diqqətinə problemi çatdırmışam.
Ağdam rayonu sakinləri
Ağdam rayonu sakinləri
Hər dəfə də söz veriblər ki, narahat olmayın, tezliklə düzələcək. Ancaq başçının dedikləri söz olaraq da qalıb. Cəmisi bir dəfə çökəklərə bir neçə maşın daş çınqıl doldurdular, sonradan yağış yağan kimi oralar daha da bərbad vəziyyətə düşdü. Problemimiz tək yol deyil. İşıq problemimiz də var. Külək, çovğun olmadığı halda tez-tez işıqlarımızı söndürürlər. Bu sahədə rayonda özbaşınalıq hökm sürür. İşıq xətləri köhnəlib, yararsız haldadır, baxan yoxdur».

«AĞDAMDA MƏMUR ÖZBAŞINALIĞI HÖKM SÜRÜR»

Rasim Rüstəmov:

«Əhali həm özü içmək, həm mal-qaraya vermək, həm də suvarma üçün artezianlardan istifadə edir. Heç bir külək, tufan, qəza olmadan Ağdam rayonunda kimin kefi nə vaxt istəyir işıqları söndürür. Artıq iki ay qalıb taxıl biçininə. Bu il keçən ildəkindən taxıl az olacaq. Çünki vaxtlı-vaxtında suvarmaq olmur. Ümumiyyətlə, Ağdamda məmur özbaşınalığı hökm sürür. Əhaliyə kölə, qul kimi baxırlar. Bu qədər dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan regionların sosial-iqtisadi inkişafı üçün pul ayrılır, ancaq həmin pullar Ağdama çatmır».

«170 KM UZUNLUĞUNDA XƏTLƏR DƏYİŞDİRİLİB»

Ağdam rayon Elektrik Şəbəkəsinin rəis əvəzi Zülfi Salahov isə iradları qəbul etmir:

«Rayonda elektrik enerjisində fasilələrin yaranması, hava şəraiti ilə bağlıdır. Bir də vaxtilə vətəndaşlar xətlər keçən ərazilərdə bağ salıblar. İndi həmin bağlar xeyli böyüyüb və bütün elektrik naqilləri ağaclara dolaşıb. Sərhədə yaxın və işğaldan azad olan ərazilərdə təmir-bərpa işləri həyata keçirilib. 170 km uzunluğunda xətlər dəyişdirilib. Rayonda qaçqın və məcburi köçkünlər üçün 17 qəsəbə salınıb və hazırda orada 20 min sakin məskunlaşıb. Köçkünlər yaşayan həmin qəsəbələrin hamısında son müasir smart-kart tipli sayğaclar quraşdırılıb və xətlər kabelləşdirilib. Artıq bu ərazidə tufan olsa belə, işıq sönməyəcək».

«MÜHARİBƏ VAXTI NİZAMSIZ XƏTLƏR ÇƏKİLİB»

Zülfi Salahov qeyd edir ki, müharibə vaxtı insanlar nizamsız şəkildə elektrik xətləri çəkiblər. İndi onların axtarılıb, tapılıb şəbəkəyə qoşulması istiqamətində işlər aparılır. Odur ki, bəzən təhlükəsizlik baxımından gündə bir müddət işıqları söndürməli olurlar:
Quzanlı qəsəbəsi
Quzanlı qəsəbəsi

«Kəndlərdə yeni xətlərin çəkilməsi işində qismən də olsa, qeyri-hökumət təşkilatları bizə kömək edib. Məsələn, Qərvənd ferması, Orta Qışlaq kəndlərində yeni xətlər çəkib və artıq həmin ərazilər kabelləşdirilib. Həmin ərazi ilə təmas xətti arasında 800 metrlik bir məsafə var. Hələ ki, cari təmir işləri həyata keçirilir. Əsaslı təmir işləri son illərdə həyata keçirilməyib. Son illərdə sərhəd zonasında Çəmənli, Əhmədağalı, Sarıcalı, Zəngişalı, Mahrızlı, Qaradağlı, Əfətli kəndləri fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Orada 16 meqavatlıq transformator 25 meqavatlıq transformatorla əvəz olunub. Bütün bunlar dövlət səviyyəsində həyata keçirilib. Son vaxtlar olan təbii fəlakətləri çıxsaq, demək olar ki, əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunub».

YOL PROBLEMİ HƏLL OLUNACAQ...

Ağdam rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, ictimai siyasi şöbənin müdiri Ağa Zeynalov isə deyir ki, yol problemi artıq dövlət proqramına salınıb:

«Yolun Xındırıstan, Üçoğlan tərəfdən tikintisinə başlanılması nəzərdə tutulub. Təbii ki, bütün bunlar rayonun daxili imkanları hesabına ediləcək. Bilirsiniz, həmin ərazilərdə olan bələdiyyələrin büdcəsi yox dərəcəsindədir. Onlar yalnız icarəyə verdikləri torpaqlardan icarə haqqı alırlar. Bu boyda layihə üçün bu çox cüzi məbləğdir. Yəni, belə götürsək, bələdiyyələr QHT funksiyasını həyata keçirir. Məsələn, yerli bələdiyyənin maddi dəstəyi ilə rayonun Orta Qışlaq kəndində tibb məntəqəsi açılıb istifadəyə verilib. Hazırda rayonumuzda icbari tibbi müayinə uğurla həyata keçirilir. Keçən il həm təhsil, həm də mədəniyyət sahəsində də xeyli uğurlarımız olub».
XS
SM
MD
LG