Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:05

Rusiya-Ukrayna münaqişəsinin iqtisadi reallıqları


Vüqar Bayramov
Vüqar Bayramov
-
Dr. Vüqar Bayramov
Avropa Birliyi Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunun həmsədri


Rusiya Krım daxil olmaqla Qərb ilə geosiyasi münasibətlərdə «va-bank» getməklə yanaşı, eyni zamanda regionda iqtisadi müstəvidə də yeni oyun qaydaları formalaşdırmağa çalışdı. Təbii ki, iqtisadi və eləcə də siyasi sanksiyalar ilə üz-üzə qalacağını öncədən proqnozlaşdırılan və əslində Qərb tərəfindən münaqişədən öncə dəfələrlə bu haqda eşitdirilən Moskvanın belə riskli oyuna başlamasının səbəbləri daha çox Kremlin iqtisadi hesablamaları üzərində qurulmuşdu. Doğrudur, Moskvanın iqtisadi baxımdan Ukraynanın itirilməsinə göz yuma bilməməsi başa düşülən idi: Kiyevin iştirak etmədiyi Kreml xeyir-dualı bütün layihələr formal xarakter daşıyacaq. Moskvanın Gömrük İttifaqı ətrafındakı hesablamalarının da mərkəzində məhz Ukraynanın iştirakı dururdu. Aydındır ki, nə Ermənistan, nə Belarus, nə də üzvlükdə maraqlı olan Qırğızıstan ilə Gömrük İttifaqını ciddi bir qurum kimi formalaşdırmaq mümkün deyil. 176.4 milyard dollar Ümumi Daxili Məhsulu ilə Ukrayna Ermənistan (9.9 milyard dollar), Belarus (63.3 milyard dollar), Qırğızıstanın (6.5 milyard dollar) birlikdə iqtisadiyyatından 2 dəfə böyük iqtisadiyyata malikdir. Moskva eyni zamanda anlayırdı ki, Ukrayna ərazisinə görə Avropada ən böyük ölkə statusu ilə də Rusiyanın layihələrinə rəng qata bilərdi. Başqa tərəfdən, Ukraynanın Rusiyanın nəzarətindən çıxması domino effekti ilə digər Şərqi Tərəfdaşlıq ölkələrinin də Moskvadan uzaqlaşmasına səbəb olacaqdı. Deməli, mərhələli olaraq uduzduğu və ya uduzacağı halda Moldova, Gürcüstan və Azərbaycan daha sonrakı mərhələdə isə Belarus və Ermənistan Qərbin təsir bölgəsində daxil olacaq. O baxımdan, o zaman Soçi olimpiadasına başı qarışan Moskva yenidən nokauta düşməmək üçün hərəkətə gəldi. Beynəlxalq Şəffaflıq Təşkilatının qiymətləndirmələrinə görə, 175 ölkə arasında 100 mümkün baldan cəmi 28 bal alaraq 127-ci olan Rusiya rəhbərliyi üçün sanksiyalar heç də az əhəmiyyətli məsələ deyil. Bəs, niyə Qərbin hədələrinə baxmayaraq Moskva Kremdə Rusiya bayrağını dalğalandırdı?

Əslində, Moskvanın «qəhrəmanlığı» siyasi səbəblərdən daha çox iqtisadi faktorlar ilə bağlıdır.

Məsələ ondadır ki, Moskva Avropa Birliyi ilə arasındakı iqtisadı əməkdaşlığa, yumşaq desək, arxayın olaraq Krıma daxil olmaq qərarını verdi. Nəzərə alaq ki, Rusiya ABŞ və Çindən sonra Avropa Birliyinin (AB) üçüncü ən böyük ticarət tərəfdaşıdır. Bu, sadəcə «Qazprom»un Avropada dominantlığı ilə deyil, eyni zamanda tərəflər arasında müxtəlif sahələrdə aparılan iqtisadi əməkdaşlıq ilə bağlıdır. Rusiya ilə Avropa Birliyi arasında 10 ildə ticarət dövriyyəsi 3 dəfə artıb. Rusiya ixracda ABŞ sonra Avropa Birliyinin ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Rusiya ilə Avropa Birliyi arasında ticarət dövriyyəsi 2003-cü ildə 108 milyard dollar idisə, son 10 ildə bu rəqəm 3 dəfədən çox artaraq 350 milyard dollara çatıb. Eyni zamanda, Avropa Birliyi də Rusiyaya ixracatını son 10 ildə 37 milyard dollardan 140 milyard dollaradək yüksəldə biliblər.

«Qazprom»un Avropa Birliyinin qaza olan tələbatının 42 faizini ödəməsi Rusiyanın Avropaya ildə 220 milyard dollardan artıq məhsul göndərməsinə imkan yaradır. Avropa Birliyi və Rusiya arasında çox ciddi investisiya münasibətləri formalaşdırılıb. Belə ki, Rusiyaya qoyulan birbaşa investisiyaların 75%-i Avropa Birliyi ölkələrinin payına düşür.

ÖNCƏ PUL, SONRA UKRAYNA

Rusiyadan Avropa Birliyinə investisiyaların həcmi ötən il 69.3 milyon dollar, Avropa Birliyindən Rusiyaya investisiyanın həcmi 86.2 milyard dollar təşkil edib. Rusiyadakı investisiya layihələrində Hollandiya və Kiprin liderliyi nəzərə çarpır. Hollandiya 21.1 milyard dollar, Kipr isə 16.5 milyard dollar investisiya yatırımları həyata keçirmişdir. Burda daha sonra Böyük Britaniyanın, Lüksemburqun, Almaniyanın fəallığı da qeyd oluna bilər. Maraqlı hal budur ki, Rusiyanın özünün investisiya sahəsində fəal olduğu Avropa ölkələri məhz Hollandiya və Kiprdir. Avropa Birliyinin tərkibindəki əsas ölkələrdən hesab olunan Fransa ilə Rusiya arasında da ciddi investisiya əməkdaşlığı vardır. Hollandiya və Kiprdən sonra Fransa Rusiya ərazisində investisiya layihələrini reallaşdıran 3-cü ölkədir.
AvtoVAZ
AvtoVAZ
Fransızların Rusiyada fəal olduğu investisiya sahələri nüvə, aviasiya və kosmik sənaye, aqrobiznes, əczaçılıq, təyyarə və avtomobil sənayesi hesab olunur. Fransanın məşhur «Renault-Nissan» avtomobil istehsalçısı kapitalını Rusiyanın «AvtoVAZ» şirkətinə daxil etmişdir, başqa Fransız avtomobil istehsalçısı «PSA Peugeot Citroen» şirkəti Rusiyanın Kaluqa vilayətində zavod inşa etdirmişdir. Həmçinin, qısa məsafəli uçuşları həyata keçirən təyyarələrin istehsalında Fransız şirkətləri «Thales» və «Snecma» iştirak edir. Fransanın məşhur «Danone» şirkəti isə 500 milyon avro həcmində Rusiya iqtisadiyyatına uzunmüddətli investisiya qoyuluşunu həyata keçirməyi planlaşdırır. Fransa həmçinin Rusiyada maliyyə sektorunda da ciddi investisiyalar yerləşdirir. Belə ki, Fransanın «Sosyete Jeneral» bankı, rus-fransız «Observo» analitik mərkəzinin məlumatlarına əsasən, 2010-cu ildən etibarən «Rosbank»ın 80%-dən çox səhmlərinə nəzarəti həyata keçirir.
Bütün bunları nəzərə aldıqda, Moskva düşünür ki, iki əsas səbəbdən Avropa Birliyi Krım məsələsində gözlənilən fəallığı göstərməyəcək:

Birincisi, Rusiya ilə birlik arasındakı xarici ticarət əlaqələri və xüsusən də Rusiyadakı Avropa kapitalı Brüsseli balanslaşdırılmış mövqe tutmağa sövq edəcək. Moskvadan bahalı layihələr alan Avropa şirkətləri öz hökumətlərinə təsir göstərə biləcək əsas qüvvələrdir. Moskva inanır ki, Avropadakı iqtisadi güclər problemə «rent seeking» aspektindən yanaşaraq Rusiya ilə ciddi konfliktə getməyəcəklər;

İkincisi, Avropa Birliyi hələ də və ən azı yaxın 4 ildə Rusiya qazından asılı olacaq. Xəzər və hətta Yaxın Şərq Rusiya qazına alternativ olsa da, bu layihələr qısamüddətli dövr üçün hesablanmayıb. ABŞ-dan idxalı gözlənilən şel qazı layihəsi də indiki mərhələdə inandırıcı görsənmir. Deməli, Avropa qışda soyuqda donmamaq üçün ən azı yaxın illərdə Rusiya ilə əməkdaşlığı kəsməkdə maraqlı görsənməyəcək.

MOSKVAYA «DUR» DEYƏCƏK YEGANƏ QÜVVƏ VAŞİNQTONDUR

Amma Rusiyanın ehtiyatlandığı digər qüvvə var və bu, ABŞ-dır. Vaşinqtonun Moskva ilə münasibətlərdə bir sıra üstünlükləri var. Əvvəla, ABŞ-ın Rusiyaya ixracatı cəmi 15 milyard dollardır. 1.6 trilyon dollar ixracata malik olan Birləşmiş Ştatlar üçün Rusiyaya mal göndərmək və eləcə də göndərməmək iqtisadi baxımdan ciddi əhəmiyyət daşımır;

İkincisi, Avropadan fərqli olaraq ABŞ Rusiyanın səhm bazarında və o cümlədən investisiya qoyuluşlarında aktiv deyil. Bu da ABŞ-a Rusiya ilə münasibətlərinin hətta kəsiləcəyi halda ciddi itkilər vəd etmir;

Üçüncüsü, 17.4 trilyon dollar Ümumi Daxili Məhsula malik olan ABŞ 2.1 trilyonluq ÜMD-ə malik olan Rusiyadan 8 dəfədən çox böyük iqtisadiyyata malik olmaqla bu qarşıdurma psixoloji üstünlük əldə edir.
Barack Obama
Barack Obama


Dördüncüsü, 493 milyard dollar valyuta rezervlərinə malik olan Rusiya ötən ayın 20-də ABŞ-da Federal Ehtiyatların hesabından 118 milyard dollarını götürüb. Federal Ehtiyatların sözügedən hesabda 3.02 trilyon vəsaitə sahib olduğunu nəzərə aldıqda rusların götürdüyü pulun ümumi məbləğin 3.5 faizi həcmində olduğu bəlli olur. Eyni zamanda, Rusiyanın malik olduğu ABŞ bondlarının dəyərində də azalma var. Belə ki, son 1 ildə bu rəqəm 20 faiz aşağı düşüb. Ötən ili fevralında bu rəqəm 164.9 milyard dollar idisə, bu ilin ikinci ayında rusların sahib olduğu bondların həcmi 131.8 milyard dollaradək azalıb.

Bu baxımdan, «regional genişlənmədə» Moskvanın qarşısını kəsəcək yeganə qüvvə məhz Vaşinqtondur. Əslində, Avropanın real addımlar atmayacağına arxayın olmağa çalışan Rusiya rəhbərlərinin elə məhz bu səbəbdən «şirin yuxu yatdığını» söyləmək mümkün deyil.

AVRO-İNTEQRASİYA TƏKCƏ BAKININ İŞİ DEYİL

Bəs, son münaqişə Rusiya Azərbaycan əlaqələrinə necə təsir göstərəcək?

Aydındır ki, Dağlıq Qarabağ münaqişəsini Krım ilə müqayisə edilməsi mümkün deyil. Hətta Yerevanda belə bu müqayisəyə üstünlük verənlərin sayı elə də çox deyil. Bu, sadəcə, Krımdan fərqli olaraq Dağlıq Qarabağda rusların yaşamaması və ya Rusiya ilə sərhədin olmaması ilə deyil, eyni zamanda Moskvanın Bakı ilə münasibətlərə önəm verməsi ilə əlaqədardır. Cənubi Qafqaz iqtisadiyyatının 74 faizinə malik olan Azərbaycan Moskva üçün əhəmiyyətli ölkədir. Moskvada hələ də ümid edirlər ki, Ümumdünya Ticarət Təşkilatının üzvü olmayan və eləcə də Avropa Birliyi ilə Azad Ticarət (DCFTA) danışıqlarına başlamayan Bakı Gömrük İttifaqına potensial namizəd ola bilər. Digər tərəfdən, Qafqazda yeni Krım ssenarisi Azərbaycanın Rusiyadan tamamilə uzaqlaşmasına səbəb ola bilər ki, Moskva da heç bir halda bunda maraqlı deyil. Rusiya Qarabağ münaqişəsini aktiv saxlamaqla tərəflərə təsir imkanlarını qoruyub saxlamağa çalışacaq. O baxımdan, Moskvanın Krım ssenarisini Qarabağa uyğunlaşdırmağa çalışacağı heç bir halda inandırıcı deyil və Rusiyada bu niyyətdə olanları siyahısı Jirinovskidən uzağa getməyəcək. Bununla yanaşı, Ukrayna münaqişəsi region ölkələri üçün bir sıra dərsləri gündəmə gətirdi. Əvvəla, Rusiya ilə ehtiyatlı siyasəti davam etdirilməsi olduqca vacibdir. İkincisi, avro-inteqrasiya prosesi sadəcə yeni müstəqil ölkələrin deyil, eyni zamanda və xüsusən də Brüsselin konkret öhdəlikləri çərçivəsində həyata keçirilməlidir. Üçüncüsü, Qərb regionda münaqişələrin həllində aktiv seyrçi mövqedən daha çox iştirakçı oyunçuya çevrilməlidir
XS
SM
MD
LG