Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

«Şahdəniz-2»: «Moskvanı incitmədən saziş imzalandı»


«Şahdəniz-2» üzrə yekun investisiya qərarının imzalanması mərasimi, Bakı, 17 dekabr 2013
«Şahdəniz-2» üzrə yekun investisiya qərarının imzalanması mərasimi, Bakı, 17 dekabr 2013
-
Prezident İlham Əliyev dekabrın 17-ni Azərbaycanın tarixi günü adlandıraraq, «Şahdəniz» layihəsinin dünyanın ən iri enerji layihələrindən biri olduğunu vurğulayıb.
«Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya hansı yolla çatdırılmasına dair müzakirə və mübahisələrə bu ilin ortasında – iyunun 28-də nöqtə qoyulmuşdu. Həmin gün qaz kəməri üçün TAP (Trans Adriatic Pipeline) marşrutunun seçiləcəyi açıqlanmışdı.

«Şahdəniz» konsorsiumu son iki il boyunca təbii qazın Avropaya axıdılmasının bir neçə seçim variantını nəzərdən keçirsə də, sonda TAP-ın üzərində dayanmağa qərar vermişdi. Uzunluğu 870 km olacaq bu kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya çatdıracaq. Kəmər təxminən 2 milyard 200 milyon ABŞ dollarına başa gələcək.

Şahdəniz-TAP-Nabucco

«ŞAHDƏNİZ» QAZI NECƏ DAŞINACAQ
AVROPA 6 İLDƏN SONRA 10 MİLYARD KUBMETR QAZ ALACAQ

Böyük Britaniya, Avropa Komissiyası «Şahdəniz-2» yatağından qaz çıxarılmasına dair yekun investisiya qərarını alqışlayıb. Axı Avropa 2019-cu ilin sonundan başlayaraq ildə 10 milyard kubmetr qaz alacaq. Komissiya bildirir ki, bugünədək qəbul edilən bütün qərarlar – TAP kəmərinin seçilməsi də daxil olmaqla, – yekun qərardan asılı idi.

Milli Məclisin sədri Oqtay Əsədov deputatları «Şahdəniz-2» layihəsinin investisiya qərarı münasibətilə təbrik edib.

İqtisadi siyasət komitəsinin sədri Əli Məsimli bu sənədi «Əsrin müvaqiləsi» ilə müqayisə edib.

Sabit Bağırov
Sabit Bağırov
İqtisadçı Oqtay Haqverdiyev ölkə infrastrukturunun qaz gəlirlərindən də yararlanacağını düşünür, amma bu gəlirlərin daha səmərəli xərclənməsini vacib sayır.

«AZƏRBAYCANIN MÜSTƏQİL QƏRAR VERMƏK BACARIĞI»

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov həm TANAP, həm də TAP-ın «Şahdəniz-2» layihəsinin reallaşmasını gözlədiyini deyir. Amma başqa bir məqama da diqqət çəkir: Azı 6 il sonra Avropaya çatacaq əlavə 10 milyard kubmetr qaz «qoca qitə»də tükədilən mavi yanacağın cəmi 3 faizidir:

«Rusiyadan çəkinmədən Azərbaycanın müstəqil qərar vermək bacarığı Avropa üçün 10 milyard kubmetr qazdan daha vacibdir».

İqtisadçı «Şahdəniz-2»dən əlavə gəlirlərin 2025-ci ildən sonra hiss ediləcəyini də sözlərinə artırır və onu da vurğulayır ki, Azərbaycan qazdan neft qədər qazanc götürməyəcək. Birincisi, qazın qiyməti neftdən təxminən 7-8 dəfə ucuzdur. Bundan başqa indi Amerikada şist qazı inqilabı gerçəkləşir və Avropaya da yayılır. Ukrayna şist qazıyla bağlı 2 saziş imzalayıb. 2020-ci ildə bu qazla öz-özünü təmin edə bilər. Fransada da zəngin şist qaz yataqları var:

«Ona görə Azərbaycan Avropa bazarında, 3 faiz də olsa, yerini tutmalıdır və həmin faizi artırmalıdır. Ancaq gəlirlər az olacaq. Bu səbəbdən neft amilindən asılılığı mümkün qədər tez aradan qaldırmalı, iqtisadiyyatın digər sektorlarını inkişaf etdirməliyik».

Vüqar Bayramov
Vüqar Bayramov
«MOSKVANIN XƏTRİNƏ DƏYMƏDƏN...»

««Şahdəniz-2» investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşlarından birinə yol açır» – iqtisadçı Vüqar Bayramov facebook səhifəsində belə yazıb. O, sərmayənin həcminin 40 milyard dollardan çox olduğunu və bu məbləğin yarıdan çoxunun Azərbaycana yatırılacağını yazır:

«Azərbaycan artıq öz qazını bazar qiymətləri ilə birbaşa Avropa bazarına çıxara biləcək. Bu, ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfi vurması anlamına gəlir. Bakı bu qərarla, Moskvanın xətrinə dəymədən, Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır».

«Şahdəniz» qaz yatağının ehtiyatları 1.2 trilyon kubmetr həcmində qiymətləndirilir. «Şahdəniz-2» layihəsi çərçivəsində ilk qazın 2018-ci ildə əldə ediləcəyi gözlənilir. «Şahdəniz» qaz-kondensat yatağının ikinci mərhələsindən gəlirlərin həcmi təqribən 200 milyard dollar olacaq. Azərbaycan qazı Türkiyəyə 2018-ci ildə, bütövlükdə Avropaya 2019-cu ildə çatdırılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG