Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:46

Pasternakın romanının çapına ABŞ kəşfiyyatı kömək edibmiş


Boris Pasternak
Boris Pasternak
-

"Washington Post" qəzeti yazır ki, böyük rus yazıçısı, dissident Boris Paternakın SSRİ-də qadağan edilmiş “Doctor Zhivago” romanının Amerikada çapı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) planı olub.

İdarənin məxfilik qrifi ləğv edilib ictimaiyyətə açıqlanan sənədlərində deyilir ki, ABŞ-a romanın fotosurətini Britaniya kəşfiyyatı 1958-ci ildə göndəribmiş.

Bundan sonra MKİ-nin "Sovet Rusiyası" şöbəsi onun çapa hazırlanmasında iştirak edib.

Amerika kəşfiyyatı hesab edirdi ki, roman çap edilsə, SSRİ-yə qarşı güclü təbliğat silahı ola bilər. Sovet vətəndaşları hökumətin xalqdan gizlətdiyi əsl gerçəkliyin nədən ibarət olduğunu bilərlər.

Kitabın çapında MKİ-nin əli olduğu məxfi saxlanmalı idi. Rusca çap ediləndən sonra kitabın nüsxələri müxtəlif yollarla "dəmir pərdə"nin o tayına keçirilmiş və əldən-ələ gəzərək məşhurlaşmışdı.

Kitabın ingiliscə çapı və 1965-ci ildə onun əsasında film çəkilməsi Soyuq Müharibədə ideoloji cəbhədə SSRİ-yə yetərincə təsirli zərbə oldu.

Romanın xaricdə çapı həm də Pasternakın 1958-ci ildə Nobel mükafatı almasına təkan verən amillərdən oldu.

40-cı illərin ikinci yarısından başlayaraq Pasternakın "Nobel"ə namizədliyi irəli sürülürdü. 1958-ci ildə onun namizədliyini əvvəlki ilin mükafatçısı, fransız yazıçısı Albert Camus irəli sürmüşdü.

Sovet ədəbiyyatında "Oktyabr inqilabı" yalnız müsbət hadisə kimi təsvir edilə bilərdi. Pasternak isə romanında həmin hadisələrin Rusiyanın, rus ziyalılarının taleyində dramatik rolundan bəhs edirdi.
XS
SM
MD
LG