Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Stalin və Pasternak arasında telefon söhbətinin sirri


İosif Stalin
İosif Stalin
-

"Bu məşhur telefon zəngiylə bağlı versiyaların da sayı-hesabı yoxdur, hərə onu bir cür danışır və yozur.

Bütün bu versiyaların mənbəyi şəxsən Pasternak özü olsa da, eyni olayla bağlı yozumlar nədənsə bir-birindən köklü şəkildə fərqlənir".



STALIN VƏ PASTERNAK

Araşdırmaçı İzzi Vişnevetskiy bu məqaləni yazıçı Benedikt Sarnovun "Stalin və yazarlar" kitabıyla bağlı hazırlayıb.

Azad Yaşarın tərcüməsi

Əfsanələşən söhbət

1934-cü ildə Stalinin Pasternaka şəxsən zəng etməsindən burada ətraflı söz açılacaq. Bu söhbət şair Osip Mandelştamın həbsi ilə bağlı idi.

Mandelştamın taleyindən ötrü narahatlıq keçirən Buxarin Stalinə yazdığı məktubu bu cümlə ilə bitirmişdi: "Pasternak da təlaşa qapılıb". Stalinin Pasternaka dərin rəğbət duyduğunu bilən Buxarin əslində həmin cümlə ilə demək istəyirdi ki, bu təlaş həm də ictimai xarakter daşıyır.

Buxarinin məktubuyla tanış olan Stalin Pasternaka zəng edir. B.Sarnov bu barədə yazır: "Həmin o telefon zəngi artıq əfsanələşib. Bu əfsanələşmə o zənglə bağlı şayiələrin, versiyaların və yozumların bolluğu ilə əsla bağlı deyil.

Bu, sözün gerçək, birbaşa mənasında belədir. Hər bir əfsanə kimi, o da xatirə ədəbiyyatı, tarixi və uydurma tipli tarixi əsərlərlə yanaşı, sırf bədii əks-sədalar və yozumlar üçün mənbə rolunu oynayıb".

1933-cü ilin noyabrında O. Mandelştam kiçik bir şeir yazmışdı (sətri tərcümədə təqdim edilir – A.Y.):

Yaşadığımız ölkədə ayağımızın altdan torpaq qaçır,
halbuki danışdıqlarımız on addım o yanda duyulmur.
Ən qısa söhbətdə belə,
mütləq Kremldə oturan o dağlı anılır.

Onun kor-kobud barmaqları soxulcanlar qədər yağlıdır,
sözləri isə, həqiqətən də gir (ağır idman daşı – A.Y.) qədər ağırdır.
Güləndə bığı tarakanınkını xatırladır,
bir də çəkmələrinin quncları işıldayır.

Başına yığılan rəhbər şəxslərin isə boynu qıldan nazikdir,
Bu yarımadamlar hər barədə ona yarınmağa can atırlar.
Biri miyoldayır, o biri ağlayır, digəri inləyir,
Aralarında təkcə o, yekəxanalıq edir və onu-bunu burunlayır.

Dəmirçi necə nal düzəldirsə, bu da eləcə fərmanları düzür ard-arda,
Zərbələri birinin qasığına, o birinin alnına, digərinin qaşqasına, ta o birinin isə gözünə tuş gəlir.
Onun kəsdiyi başa sorğu-sual yoxdur.
Odur ki, geniş sinəsini qabardıb gəzir bu osetin.

Boris Pasternak
Boris Pasternak

Bu şeiri Mandelştam dost-tanışlarına və az qala hər kəsə oxuyurmuş. Nadejda Mandelştam yazır ki, yazıçı İlya Erenburq "şeirciyəz" adlandırdığı bu mətni əsər saymırdı və onu O. Mandelştamın yaradıcılığı üçün təsadüfi bir şey hesab edirdi.
"Boris Pasternak isə şeir barədə daha sərt fikir bildirmişdi.

Müəllifin öz dilindən dinlədiyi bu şeirin üstün və mənfi cəhətlərini saf-çürük etməkdən o, ümumiyyətlə boyun qaçırmış və demişdi: "İndicə mənə oxuduğunuz mətnin ədəbiyyata və poeziyaya heç bir dəxli yoxdur.

Bu, ədəbiyyat faktı yox, intihar aksiyası, faktı olduğundan mən onu təqdir eləmir və bu aksiyaya əsla qatılmaq istəmirəm. Nə siz bunu mənə oxumusunuz, nə də mən onu dinləmişəm. Bunu başqa birisinə oxumağı da sizə məsləhət görməzdim".

1934-cü il mayın 13-dən 14-nə keçən gecə şair həbs olunmuşdu və bununla əlaqədar İ.V.Stalin B.L.Pasternakla telefon bağlantısı qurmuşdu.

"Bu məşhur telefon zəngiylə bağlı versiyaların da sayı-hesabı yoxdur, hərə onu bir cür danışır və yozur. Bütün bu versiyaların mənbəyi şəxsən Pasternak özü olsa da, eyni olayla bağlı yozumlar nədənsə bir-birindən köklü şəkildə fərqlənir".

"Ən ağlabatan varianta maksimum dərəcədə yanaşmaq, onu özünə xas şəkildə danışan rəvayətçilərin bütün gərəksiz təfərrüatlarından arıtlamaq məqsədiylə B.Sarnov kitabda 12 ayrı və məlum versiyanı birbəbir oxucularına təqdim edir".

Birinci versiya

Boris Pasternaka zəng edən Poskrebışev ona deyir:

- İndicə sizinlə yoldaş Stalin danışacaq.

Həqiqətən də az sonra Stalin dəstəyi qaldıraraq deyir:

- Bu yaxınlarda şair Mandelştam həbs olunub. Yoldaş Pasternak, onunla bağlı siz nə deyə bilərsiniz?

Boris, görünür, çox qorxmuşdu. Odur ki, deyir:

- Mən onu yaxından tanımıram. O, akmeist idi, mən isə tamamilə fərqli bir ədəbi cərəyanın təmsilçisiyəm. Elə buna görə də Mandelştam barədə heç nə deyə bilmərəm.

- Mən isə deməliyəm ki, siz çox pis yoldaşsınız, yoldaş Pasternak, - deyən Stalin dəstəyi asıbmış.

(Vitaliy Şentalinski "Azadlıq kölələri. DTK-nın (KQB-nin) ədəbi arxivlərindən" kitabından. Moskva, 1995. səh. 239).

İkinci versiya
Osip Mandelshtam
Osip Mandelshtam

Mandelştam sürgün olunmamışdan bir qədər əvvəl şairin üç-beş qələm dostu bir arada toplaşaraq, ona necə kömək edəcəklərini götür-qoy edirmiş. B.Pasternak bu görüşə gecikibmiş. Nəhayət, qapının zəngi çalındı. Yığışdığımız mənzilin sahibi Yevgeniy Xazin qapını açmaq üçün yerindən durdu və az sonra Pasternakla birgə geri döndü. Boris qüssəli, həyəcanlı və əsəbi görünürdü. O, dedi:

- Başıma dəhşətli bir iş gəldi! Dəhşətli! Və mən əsl ağciyər kimi davrandım!

Sonra Pasternak olub-bitənləri anlatdı. Bu səhər oturub işlədiyi vaxt telefonu zəng çalır və onunla danışmaq istəyirlər. Naməlum şəxs maraqlanır ki, dəstəyi qaldıran yoldaş Pasternakın özüdürmü? Boris bunu təsdiqləyəndən sonra xətdəki adam deyir:

- Gözləyin, indicə yoldaş Stalin sizinlə danışacaq!

Pasternak deyirdi: "Lap şok vəziyyətinə düşdüm!"

Bir qədər sonra Stalin ona xas gürcü şivəsiylə soruşub:

- Danışan yoldaş Pasternakdır?

- Bəli, yoldaş Stalin.

- Sizcə, bu Osip Mandelştamla biz necə davranmalıyıq? Ona necə əncam çəkək?..
Mandelştamın yerinə əfv diləmək əvəzinə Pasternak təxminən bu sözləri mızıldanıbmış: "Özünüz bilən məsləhətdir, yoldaş Stalin".

Bunun ardınca Stalinin söylədiyi sözlərdə kinayə hiss olunur:

- Deyə biləcəyiniz hər şey elə bu idi? Biz isə başı bəlaya girən yoldaşlarımızın müdafiəsinə necə qalxacağımızı daha yaxşı bilirdik!"

Bunu deyib, Stalin dəstəyi asmışdı.

(Qalina fon Mekk "Onları belə xatırlayıram" (Soxrani moyu reç", 3/2, Moskva, 2002, səh. 101-102).

Bu versiyada yeni və son dərəcə maraqlı bir motiv nəzərə çarpır. Sən demə, Stalin Pasternakın Mandelştam barədə rəyini öyrənməkdən ötrü zəng etməyibmiş. Stalinin məqsədi – bu təqsirkar şairlə necə davranacağı, ona nə edəcəyi barədə Pasternakla məsləhətləşmək imiş.

Üçüncü versiya

- Heç bilirsinizmi ki, Borya həm də Mandelştamı dəstəkləməkdən imtina edibmiş? Sizin bundan xəbəriniz var, yoxsa yox? Mən düz iki kərə bu barədə eşitmişəm. Ona görə də bunu sizin hansı şəkildə bildiyinizi öyrənmək istərdim.

- Çox bəsit şeylərdir bildiklərim. Bunu mənə Borya danışmışdı. Məsələ belə olub: bir gün Stalinin onun mənzilinə zəng etdiyi deyiləndə Borya əvvəlcə düşünür ki, yəqin kimsə onunla məzələnir. Ancaq xətdəki adam ona təpinəndən sonra o, xətdə gözləməyə başlayır.

Stalin ondan xəbər alır:

- Siz Mandelştam barədə nə düşünürsünüz?

Bu yerdə Borya təşvişə düşüb, deyir ki, ona çox da bələd deyil və sair, və ilaxır. Halbuki Mandelştamın həbsə atıldığından agah idi.

Stalin bundan möhkəm qəzəblənir və:

- Biz öz dostlarımızı əsla darda qoymazdıq, - deyərək, dəstəyi asır…

- Bəlkə siz düşünürsünüz ki, əgər Borya ciddi şəkildə dostunun müdafiəsinə qalxsaydı, onda…

- Bilirsiniz, onda durum fərqli imiş… Belə davranmaq riskli sayılırmış… Ancaq o, nəyini risk altında qoyacaqdı ki?!

- Yaxşısı budur, deyin: Pasternak barədə indicə mənə danışdıqlarınızı siz onun özündən öyrənmisiniz, yoxsa Şklovskidən?
Pasternakın şeirləri Azərbaycan dilində
Pasternakın şeirləri Azərbaycan dilində

- O, özü bunları Mariya Pavlovnaya nağıl edibmiş…

- Hə, qorxubmuş. Altına edibmiş qorxudan. Ancaq gərək belə etməyəydi. Düzdür, Stalin ağlasığmaz dərəcədə qəddar adam olsa belə, yenə də… bunu dəyərləndirərdi…
(S.P.Bobrov, Osip və Nadejda Mandelştamlar barədə V.D.Duvakin ilə söhbətin maqnitofon yazısından. Moskva, 2002, səh.201-202.

Bunları danışan adam öz keçmiş dostuna naxoş münasibət bəslədiyindən onun fikirləri təhrifə uğrayıb, odur ki, həqiqət kimi qəbul edilə bilməz. Ancaq bütün bunlara rəğmən, Sergey Pavloviç Bobrov əmin imiş ki, Stalinlə telefon söhbəti əsnasında Boris Leonidoviç özünü bir azca cəsarətli aparsaydı, çox yəqin Mandelştamın taleyi tamamilə fərqli olardı.

Dördüncü versiya

Adıçəkilən Duvakin ilə söhbət zamanı V.B.Şklovski özünə dərin inam hissiylə, həm də dolaysız şəkildə bir fikir söylədi:

- O, Stalinlə vaxtaşırı yazışmasına, Stalinlə zəngləşməsinə rəğmən, Mandelştamın müdafiəsinə qalxmamışdı. Bununla bağlı əhvalatı bilirsiniz?

- Yox. Deyirsiniz, müdafiə eləməyib ki?

- Eləməyib. Stalin Pasternaka zəng edərək soruşub: "Mandelştamın həbsi barədə nə danışırlar?"

Bunu mənə şəxsən Pasternak özü danışıb.

Şair bu sualdan karıxaraq, deyib:

- İosif Vissarionoviç, əgər siz mənə zəng eləmisinizsə, onda gəlin, tarixdən, ədəbiyyatdan danışaq.

- Mən isə soruşuram ki, Mandelştamın həbsiylə bağlı nələr danışırlar?

Şair nələrsə mızıldanıb. Onda Stalin sərt tərzdə ona çımxırıb:

- Şəxsən mənim yoldaşımı həbsə atsaydılar, onun uğrunda dəridən-qabıqdan çıxardım.

Pasternak deyib:

- İosif Vissarionoviç, əgər bununla bağlı şəxsən mənə zəng etmisinizsə, görünür, mən də dostum üçün vaxtilə dəridən-qabıqdan çıxmışam.

Stalinin cavabı belə olub:

- Mən sizi böyük şair sayırdım, siz isə böyük falsifikator (saxtakar – A.Y.) imişsiniz.
Və o, dəstəyi asıb.

Bunu mənə danışarkən Pasternak ağlamışdı.

- Belə çıxır ki, o, karıxıb qalıbmış.

- Əlbəttə ki, karıxıbmış. Halbuki: "O adamı mənim öhdəmə verin…" deyə xahiş edə bilərdi. Əgər belə etsəydi, Stalin də verərdi… O isə karıxıb qalıbmış. Görürsünüz də, necə işlər olub…

(Benedikt Sarnov öz kitabında bu versiyadan ortaya çıxan, Pasternakın Stalinlə yazışması və telefon əlaqəsi saxlaması kimi maraqlı və yeni faktları şərh eləməyə nədənsə gərək duymur – İ.V.)

Beşinci versiya

…Pasternakgildə nahar edirdim. Günortadan sonra saat dörddə mənzildəki telefon uzun-uzadı çaldı və dəstəyə "yoldaş Pasternakı" çağırdılar. Cavan bir kişi səsi salamsız-kəlamsız ona deyibmiş:

- Sizinlə yoldaş Stalin danışacaq.

- Əcəb zarafatdır! Ola bilməz! Mənimlə məzələnməyin!
Mandelştama açılmış cinayət işi
Mandelştama açılmış cinayət işi

Xətdəki cavan adam deyib:

- Təkrar edirəm: sizinlə yoldaş Stalin danışacaq.

- Mən də «Məzələnməyin» dedim sizə! Mənimlə məzələnməyin!

Cavan adam deyib:

- Elə isə sizə telefon nömrəsi verirəm, onu yığın.

Rəngi avazıyan Pasternak verilən nömrəni yığdı.

Dəstəkdən Stalinin səsi eşidildi:

- Danışan Stalindir. Siz dostunuz Mandelştama həyan çıxmaq istəyərdiniz?

- Düzünə qalsa, onunla aramızda heç vaxt dostluq bağı olmayıb. Bəlkə də, əksinə. Onunla söhbətlərdən adətən canım sıxılırdı. Ancaq şəxsən sizinlə danışmağı mən həmişə arzulamışam.

Stalin deyir:

- Biz, köhnə bolşeviklər, heç vaxt öz dostlarımızdan imtina etməmişik. Sizinlə başqa mövzularda danışmağa isə mən hər hansı gərək duymuram.
Bununla da söhbət bitdi. Əlbəttə, söhbət əsnasında mən yalnız Pasternakın dediklərini eşitmişdim, Stalinin səsi isə qulağıma qədər gəlmirdi. Ancaq onun söylədiklərini Boris Leonidoviç sonra mənə çatdırdı. Necə təlaşlandısa, bildiyi bütün məqamları da açıb-tökdü. Və ləngimədən bayaq ona verilən nömrəni yığdı ki, Stalinə Mandelştamla həqiqətən dost olmadığını, ondan imtina səbəbinin qorxaqlıqdan yox, məhz aralarında hər hansı dostluğun olmamasından qaynaqlandığını izah eləsin.
Ancaq qarşı tərəf susurdu.

(N.Vilmont "Boris Pasternak barədə xatirələr və düşüncələr", Moskva, 1989.)

B.Sarnov vurğulayır ki, N.N.Vilmont vaxtilə Pasternaka ən yaxın insanlardan biri sayılırdı. Onun bu sətirlərindən də məlum olur ki, qələmə aldığı bu söhbət zamanı Pasternakın Stalinə dediklərini, yəni ən azından söhbətin yarısını o, öz qulaqlarıyla eşidibmiş. Söhbətin geriyə qalan qismini isə isti-isti və Pasternakın öz dilindən öyrənib. Düşünürsən ki, bundan da artıq dəqiq bilgi axtarmağa dəyərmi?!

Altıncı versiya

Zinaida Nikolayevna Pasternak xatirələrində yazır: "Telefon ortaq dəhlizdə idi. Mənim ciyərlərim o ara iltihablamışdı. Qəfildən qonşu qadın qaçaraq, xəbər verdi ki, Boris Leonidoviçə Kremldən zəng ediblər. Ərimin bunu xeyli soyuqqanlı qarşıladığını sezdim: üzündən təlaş-zad oxunmurdu.

Elə ki o: "Salam, İosif Vissarionoviç" – dedi, bədənimə soyuq tər gəldi. Mən yalnız Boryanın nə dediyini eşidirdim və onun Stalinlə söhbətdə, eynilə mənimlə danışırmış kimi, sərbəstliyinə mat qaldım. İlk kəlmələrdən anladım ki, söhbət Mandelştamdan gedir. Onun həbsindən heyrətləndiyini deyən Borya dostluq əlaqələri olmasa da, onu istedadlı şair saydığını, onun sənətinə həmişə yüksək dəyər verdiyini etiraf elədi. Mandelştamın cəzasının imkan daxilində xəfiflədilməsini, hətta mümkün olarsa, onun sərbəst buraxılmasını da xahiş elədi. Borya Stalinlə sakit, ətrafına baxınmadan, hər hansı siyasət güdmədən və xeyli arxayın tərzdə danışırdı. Sonra mən Boryadan soruşdum ki, onun həyat və ölüm barədə fikir yürütmək tərklifinə Stalin nə cavab verib? Sən demə, Stalin bu barədə onunla danışmağa həvəsli olduğunu, ancaq bunu necə edəcəyini bilmədiyini deyib.

Bir neçə saat sonra bütün Moskva Stalinin Pasternakla bu söhbətindən xəbər tutdu. Yazıçılar İttifaqında hamı bir-birinə dəydi. Həmin günə qədər restorana gedəndə heç kəs üzümüzə qapıları açmaz, asılqandakı paltolarımızı bizə uzatmazdı, paltoları özümüz alıb, geyinərdik. O telefon zəngindən sonra həmin restorana getdiyimizdə şveytsar tez qapını üzümüzə açdı və qabağımıza düşüb qaçdı ki, paltolarımızı soyunmağa da kömək eləsin. Bizə xidmət göstərmək üçün hamı əldən-ayaqdan gedir, elə hey o üz, bu üzümüzə keçirdi. Hətta Borya ehtiyac içində yaşayan yazarları süfrəmizə dəvət edəndə də, onların yemək pulu Borya tərəfindən yox, Yazıçılar İttifaqı tərəfindən ödənirdi. Stalinin zəngindən sonra Yazıçılar İttifaqının bizə qarşı münasibətinin bu cür dəyişməsi hər ikimizi yamanca heyrətləndirmişdi.

(Z.N.Pasternak "Xatirələr", Moskva, 1983.)

B.Sarnov vurğulayır ki, Yazıçılar İttifaqında rəhbərin bu zəngi şairə duyulan yüksək iltifat kimi dəyərləndirilibmiş.

Yeddinci versiya
Anna Axmatova
Anna Axmatova

Nadyanın Mərkəzi Komitəyə göndərdiyi teleqramm sayəsində Stalin məsələyə yenidən baxmaq barədə göstəriş verdi… Sonra Pasternaka zəng elədi. Sonrakı təfərrüatlar isə hamıya yaxşı bəllidir… Stalin bildiribmiş ki, Mandelştama dəyib-dolaşmamaq barədə şəxsən özü təlimat verib. O, Pasternakdan soruşub ki, niyə dostuna arxa-həyan çıxmır: "Şair dostum dara düşsəydi, onun xilası üçün mən özüm dəridən-qabıqdan çıxardım" – deyibmiş.

Pasternak da cavab verib ki, əgər mən ondan ötrü dəridən-qabıqdan çıxmasaydım, Stalin bu məsələyə görə mənə zəng etməzdi.

"Bəyəm o, sizin dostunuz deyil ki?"

Bu yerdə Pasternak tərəddüdə qapılır və qısa pauzadan sonra Stalin növbəti sualını verir: "Ancaq o, usta şairdir, eləmi?"

Pasternakın cavabı: "İndi bunun elə bir əhəmiyyəti yoxdur" – olur.

Stalinin bu suallarla Boris Leonidoviçin həmin o şeirdən xəbəri olub-olmadığını öyrənmək istədiyini bildiyi üçün şair dolaylı cavablara üstünlük verir:

- Biz niyə sadəcə Mandelştamdan danışırıq ki? Axı, mən çoxdan bəri sizinlə danışmaq arzusundaydım…

- Nə barədə?

- Həyat və ölüm barədə.

Stalin dəstəyi asır.

(Anna Axmatova "Gündəlikdən səhifələr". 8 iyul 1963-cü il)

Səkkizinci versiya
Nadejda Mandelştam, Osip Mandelştamın xanımı, 1923
Nadejda Mandelştam, Osip Mandelştamın xanımı, 1923

Stalin Pasternakın diqqətinə çatdırır ki, hazırda Mandelştamın işinə baxılır və sonuc onun üçün elə də fəna olmayacaq. Sonra o, iradını bildirir ki, Pasternak Mandelştama arxa-həyan çıxmaq üçün niyə yazıçı təşkilatlarına və ya "şəxsən ona" müraciət eləməyib?..
(Nadejda Mandelştam "Xatirələr")

Nədənsə, Axmatovanın qısa anlatımında olduğu kimi, Nadejda Yakovlevanın hekayəti də Stalinin sözləriylə başlanır: "Mandelştamın axırı elə də fəna olmayacaq və bununla bağlı gərəkli göstərişlər artıq verilibdir".

Belə görünür ki, Stalin Pasternaka heç də həbsə atdığı şair barədə "edam, ya əfv" fərmanı çıxartmaq məsələsini müzakirə məqsədiylə zəng etməyibmiş.

ARDI BURDA
XS
SM
MD
LG