Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:44

Stalinlə Pasternak arasında telefon söhbətinin sirri (Davamı)


Boris Pasternak
Boris Pasternak
-

STALİN VƏ PASTERNAK (DAVAMI)

əvvəli burda

Doqquzuncu versiya

Bu mətn Sergey Bobrovun xanımı Mariya Pavlovna Boqoslovskayanın danışdıqlarıdır. Onu V.D.Duvakin qələmə alıbdır.

- O vaxt mən Sergey Pavloviçə müəyyən köməklik etsinlər deyə, sürgündən Moskvaya təzəcə dönmüşdüm…

- Kömək etsinlər?

- Hə. Ya da əsərlərini çap etsinlər deyə… Kəsəsi, mən Pasternakın yanına yollandım.
Söhbətə ondan başladım ki, Sergey Pavloviç nə edib və imkan varsa, ona hər nə cürsə kömək edilsin… Pasternak o dəqiqə qaş-qabağını tökərək bildirdi ki, əli heç hara yetmir və soruşdu: "Siz mənim Stalinlə danışmağımdan agahsınız da?"
"Yox, - dedim, - bu barədə nə bir şey eşitmişəm, nə də bilirəm".

O, həmin əhvalatı mənə danışandan sonra əlavə elədi: "Mən onunla… rahat danışa bilmirdim… çünki evdə qonaqlarım var idi…"

Stalin ondan soruşmuşdu ki, Mandelştama münasibəti necədir, onun barəsində nə deyə bilər? Pasternak mənə demişdi: "Duyub-düşünmədiyim bir şeyi dilimə gətirməyim bəlkə də mənim şair kimi səmimiyyətimdən və dürüstlüyümdən irəli gəlir. Başqa cür ola bilmirəm. Buna görə də Stalinə cavab vermişdim ki, Mandelştam barədə heçcə nə demək istəmirəm".

- Yəni Pasternak: "O, böyük şairdir" cümləsini heç dilinə gətirməyibmiş?

- Yox, o, heç nə deməyib. Ən azından mənə etirafına inansaq, heç nə deməyib.
Özünə də onunla haqq qazandırırdı ki, öz mənliyinin ziddinə getməyib. Bəs bu söhbət nədən sonra başlamışdı? Mən ona Sergey Pavloviçin bəzi şeirlərini göstərəndə o, demişdi ki, bunlar onun sevib-bəyəndiyi şeirlər deyil, başqalarıdır. Bundan başqa, o… boynuna aldı ki, ondan bir köməklik ummam mənasızdır: "Özünüz də razılaşarsınız ki, o söhbətdən sonra mənim nüfuzum çox da yüksək sayılmaz".
(Osip və Nadejda Mandelştamlar. Moskva, 2002, səh. 203-204)

Onuncu versiya

Bu əhvalatı Pasternak mənə 1945-ci ildə danışıb və mən də onu yaddaşımda necə qalıbsa, elə də sizə təqdim edəcəyəm. Onun dediyinə görə, Moskvadakı mənzilində telefon zəng çaldığı vaxt evdə arvadından və oğlundan başqa heç kəs yox imiş. Dəstəyi qaldırdığı vaxt ona deyiblər ki, zəng Kremldəndir və yoldaş Stalin onunla danışmaq istəyir. Pasternak bunu düşük bir zarafat hesab elədiyindən dəstəyi asıb. Ancaq təkrar zəng çalınıb və xəttin o biri ucundakı adam deyib ki, bu zəng zarafat-filan deyildir.

Sonra Stalin soruşub ki, Boris Leonidoviçlə danışır? Pasternak bunu təsdiqləyib. Daha sonra rəhbər maraqlanıb:
Mandelştama açılmış cinayət işi
Mandelştama açılmış cinayət işi

- Mandelştam öz mənzum həcvini oxuduğu zaman Pasternak da orada olubmu?

Pasternak bildirib ki, onun orada olub-olmaması elə bir əhəmiyyət daşımır və indi Stalinlə danışdığı üçün özünü hədsiz xoşbəxt sayır, çünki belə bir imkanın nə vaxtsa yaranacağına həmişə inanırmış, son dərəcə ciddi məsələlərlə bağlı onunla görüşüb, danışmağa dərin ehtiyac duyurmuş. Stalin soruşur ki, o, Mandelştamı ustad şair sayırmı? Pasternak bildirir ki, şair kimi son dərəcə fərqlənsələr də, o, Mandelştam poeziyasına yüksək dəyər verir. Buna baxmayaraq, aralarında mənəvi bağlılıq yoxdur və bir baxımdan bu, o qədər də əhəmiyyətli deyildir. Söhbətin bu yerində Pasternak tarixdə əhəmiyyətli dönüş nöqtələri barədə öz metafizik düşüncələrindən mənə uzun-uzadı söz açdı. Sən demə, o, Stalinə də bundan bəhs etməyi umur və inanırmış ki, həmin söhbət böyük tarixi əhəmiyyət daşıyacaqmış. Hər şeyə rəğmən, Stalin bir daha dəqiqləşdirir: «Mandelştamın öz şeirini oxuduğu məclisə Pasternak qatılıbmış, ya yox?»

Lakin Pasternak yenə də vurğulayır ki, önəmli məsələ – onun mütləq Stalinlə görüşməsidir, bu görüşü əsla sonraya saxlamaq, ertələmək olmaz, onlar ən başlıca məsələr sayılan həyat və ölümü müzakirə edəcəkləri üçün hər şey o söhbətdən birbaşa asılı olacaq.

Stalin isə: "Əgər Mandelştam mənim dostum olsaydı, şəxsən mən ona səndən daha yaxşı dəstək verərdim" – deyib, dəstəyi asır. Sonra Pasternak Stalinə zəng etməyə cəhd göstərir, ancaq aydın məsələdir ki, bundan heç nə çıxmır. Görünür, bu hadisə ona dərin iztirab verirmiş: indi, burada nağıl etdiyim əhvalatı o, mənə ən azı iki kərə danışmışdı.

(İsayya Berlin "Rus yazarlarla görüşlərim". İsayya Berlinin "Azadlığın tarixi. Rusiya" kitabından götürülüb. Moskva, 2001, səh. 456-457)

B.Sarnov da yazır ki, Boris Leonidoviç bu əhvalatı ən azı iki kərə ser İsayya Berlinə danışıbmış. Hər iki anlatımdan bəlli olur ki, Stalin Mandelştamın öz həcv xarakterli şeirini ona (və ya onun qatıldığı məclis əhlinə) oxuyub-oxumadığını soruşur. Ancaq hər iki halda şair bu sualı cavabsız qoyur.

Sonra Sarnov yazır: "Bundan əvvəl təqdim etdiyim versiyalardan agah olduğum üçün mən heç vaxt şübhə etməmişəm ki, Stalinlə söhbət zamanı Pasternaka narahatlıq verən yeganə fikir bu imiş: "Müəllifini ölümə sürükləyən o şeiri Mandelştamın mənə oxuduğunu görəsən Stalin bilir, ya yox? Doğrudanmı bilir? Bəlkə hər şeyə rəğmən, bilmir?" Budur, İsayya Berlinin hekayəti də sübuta yetirir ki, bu sual düz iki dəfə ona ünvanlanıbmış.

On birinci versiya

Kommunal mənzildəki telefona Kremldən zəng gəldi. Dəstəkdə: "Yoldaş Stalin sizinlə danışacaq" cümləsini eşidən Boris Leonidoviçin əl-ayağı qurudu. O, bu cür danışıqlara tamamilə hazırlıqsız biriydi.

Nəhayət, dəstəkdə "onun", yəni Stalinin səsi eşidildi. Rəhbər ona "sən" deyə müraciət edirdi, özünə xas kobud tərzdə danışırşdı: "Mənə de görüm, sizin o ədəbi cameədə Mandelştamın həbsiylə bağlı nələr danışırlar?"

Boris Leonidoviç isə həmişəki kimi konkret mövzuya birbaşa girməkdən çəkindi, əvvəlcə fəlsəfi məqamlardan söz elədi və dedi: "Heçcə nə danışmırlar, bizdə ədəbi cameənin olub-olmadığı heç bəlli deyil, kimsə bir şey barədə fikir bildirmir. Əslində hamı nə demək lazım olduğunu bilir, sadəcə deməyə qorxur".

Və sair, və ilaxır.
İosif Stalin
İosif Stalin

Xəttin o biri ucundakı sükut uzun sürdü. Sonra sual gəldi: "Yaxşı, elə isə de görüm, sən özün Mandelştam barədə nə fikirdəsən? Bir şair kimi ona münasibətin necədir?"
Bu yerdə Boris Leonidoviç adəti üzrə, ağzı köpüklənərək, deyibmiş ki, Mandelştam bir şair kimi ondan tamamilə fərqlənir, onlar ayrı-ayrı cərəyanları təmsil edirlər…

Boris Leonidoviç susanda Stalin istehza ilə: "Görürsən, sən dara düşən yoldaşına yardım əlini uzatmadın" - deyərək, dəstəyi asmışdı.

Pasternak mənə demişdi ki, həmin an onun qanı damarlarında donubmuş. Həm dəstəyin asılması təhqir kimi çıxmışdı, həm də söhbət arzuolunan şəkildə alınmamışdı.

(Olqa İvinskaya "Boris Pasternakla bağlı illər" ("Zamanın əsarətində" kitabından), Moskva, 1992, səh. 80-81.)

Sarnov yazır ki, olayın bu versiyasındakı xırda bir detal söhbətə fərqli bir çalar qazandırır. Sən demə, rəhbər Pasternaka SƏN deyə müraciət edirmiş! Bu detalın İvinskayanın xəyal məhsulu, uydurması olduğunu düşünmək ağlasığmazdır. Bununla yanaşı, bu detal dərin təəssürat doğurur. Məhz onun sayəsində ədəbi tənqidçi V.Solovyov bu əfsanəyə dönən söhbətin daha bir versiyasını yarada bilibdir.

On ikinci versiya

Görək bundan nə çıxacaq…

- Danışan Stalindir. Sən o dostun Mandelştama arxa çıxırsanmı barı?

- Onunla aramızda dostluq olmayıb. Tamamilə əksinə, onunla söhbətlər həmişə məni darıxdırırdı. Halbuki sizinlə danışmağı həmişə arzulamışam.

- Biz, köhnə bolşeviklər, heç vaxt dostlarımızı darda qoymamışıq. Səninlə başqa mövzularda danışmağa isə mənim vaxtım yoxdur, - deyən Stalin dəstəyi asmışdı.
(Vladimir Solovyov "Öz biləklərini gəmirən kabus", Moskva, 1992, səh.126)

Bu rekonstruksiyanın müəllifi son dərəcə soyuqqanlı atmacasından da qalmır: "Zalım hökmdar məzələnirdi - onsuz da hər şey onun düşündüyü kimi alınmışdı".

B.Sarnov yazır:

"V.Solovyovun bu vecsiz "rekonstruksiyasını" burada təqdim etməyə də bilərdim. Əvvəla, ümumi mənzərə tamamlansın deyə, onu da verdim. Digər tərəfdən isə bu mətn bütün əvvəlki versiyalara kölgə salmağa qadir olduğundan belə davrandım.

Cürbəcür şəxslərin danışdığı bu əhvalatlar son nəticədə bizdə belə bir qənaət yaradır ki, "zalım hökmdar şairlə məzələnirmiş". Ümumilikdə götürəndə, bu şəxslərin hamısı razılaşır ki, edilən zəngdən başlıca məram – "sözdinləməz" şairi aşağılamaq imiş. Üstəlik də, heç kəs (içi Nadejda Yakovlena və Anna Andreyevna da daxil) zavallı Boris Leonidoviçin davranışına qiymət verməyindən qalmır.

Vilmont ona "üç", Nadejda Yakovlevna və Anna Andreyevna "yağlı dörd", Bobrov "iki", Solovyov isə az qala "bir" verir.

Sonuncu, özümün toqquşdurduğum on üçüncü versiyanı da aşağıda sizə təqdim eləyirəm.

On üçüncü versiya

Onuncu versiyada, yəni İsayya Berlin 1945-ci ildə B.Pasternakla söhbətdə eşitliyi versiyanı danışarkən deyir ki, Stalin şairdən soruşub: "Mandelştam Stalinə həsr elədiyi mənzum həcvi oxuyanda Pasternak orada imiş?"

Bütün digər versiyalarda bununla bağlı fakt yoxdur. Şəxsən mən Pasternakın bu suala məhz İ.Berlinə dediyi şəkildə cavab verdiyinə dərin şübhələr bəsləyirəm. Ən çox da onun "Orada olub-olmamam elə bir əhəmiyyət daşımır" deməsinə.

Əvvəla, B.Pasternak həmin zəngdən möhkəm qorxuya düşübmüş. İkincisi, Stalin ona ən çox qorxub-çəkindiyi sualı veribmiş. Üçüncüsü, kimin həddi nə idi ki, Pasternakın dediyi kimi, Stalinlə şəstlə danışaydı.

Heç şübhəsiz Pasternak bilir və ya anlayırdı ki, o başabəla şeirin oxunduğu vaxt onun da orada olmasından Stalinin xəbəri var. Ən azından, bu faktın Stalinin qulağına çatdırıldığını sanırdı.

Onsuz da dindirilmə əsnasında Mandelştam özü bu şeiri kimlərə oxuduğunu birbəbir etiraf edibmiş.

Sarnov haqlı olaraq vurğulayır ki, Stalin bu sualı düz iki kərə veribmiş.

Burada onu da bir daha vurğulayaq ki, bu çox önəmli faktı Pasternak sadəcə İ.Berlin ilə söhbətində açıb-ağardıbmış. Görəsən niyə?

İ.Berlin xarici vətəndaş idi və görünür, ona əhvalatı "başqa cür" danışmaq lazım gəlmişdi.

Bütün qalan versiyalar isə "ölkədaxili" istifadə üçün nəzərdə tutulmuşdu. Öz həmvətənlərinin yanında bu barədə susmaq məsləhət idi, əks halda, rəhbər ilə söhbət tamamilə başqa çalar, təxminən dindirilmə çaları qazanardı.

Xarici vətəndaş İ.Berlinə danışanda isə şair ancaq tərifəlayiq qəhrəman kimi görünməliydi: başabəla şeir barədə heç yerə çuğulluq eləməyib, Stalinlə söhbət əsnasında da dostunu ələ verməyib, hələ, üstəlik, birbaşa cavab verməkdən də yayınıb.

"Özününkülər" üçün versiyalardan tamamilə aşkar şəkildə görünür ki, Pasternak Stalinin hüzurunda Mandelştamın müdafiəsinə yetərincə cəhd göstərməyib. Ya qorxub, ya da onu əl-ayaq basıb. Bu reaksiyaya hamı normal baxırdı. Axı, ona zəng edən şəxsən Stalinin özü imiş!..

Ancaq ümumiyyətlə götürəndə, Pasternak ona zərər də toxundurmamışdı. Yoxsa Mandelştam bir dəfə sərbəst buraxılmazdı…

Beləliklə, Stalin Pasternaka zəng edir və ona ən qorxunc sualı verir: Mandelştam onun, yəni Stalinin barəsində yazdığı mənzum həcvi oxuduğu vaxt Pasternak orada olubmu?

Həmin an Pasternakın ağlından hansı fikirlərin keçdiyini təxmin eləmək heç də çətin deyildir. O, adəti üzrə burnunun altında nələrsə mızıldanır, ancaq Stalin israrla öz sualını təkrarlayır. Şair həqiqəti açıb söyləməyə məcbur qalır və onu da əlavə edir ki, bu cür yanaşmalara yaxşı baxmır. Stalin ondan şair Mandelştam barədə nələr düşündüyünü soruşanda isə Pasternak adıçəkilən şairlə öz arasına böyük bir sədd qoruyur və deyir ki, belə şeylər ona yaddır (və əslində həqiqəti deyir!)

Mandelştamın özü barədə isə ümumiyyətlə susur (bax: Doqquzuncu versiya).

Bu yerdə dostları darda qoymamaq barədə nələrsə söyləyən Stalin əlüstü dəstəyi asır.

Gəlin, ondan başlayaq ki, Pasternakın Mandelştama və onun yaradıcılığına nə qiymət verməsinə Stalinin hər hansı maraq duyduğunu düşünmək, təbii ki, sadəlövhlük olardı. Odur ki, həbsdəki şairin taleyi də bu dəyərləndirmədən asılı ola bilməzdi.

Buna rəğmən, onuncu versiyanı çıxmaq şərtiylə, bütün qalan versiyalar bizə məhz bu fikri aşılayır. Mandelştamla (və ya istənilən birisiylə!) necə davranacağına Stalin kiminsə məsləhətinə və dəyərləndirməsinə görə qərar verməzdi.

Gəlin, bu zənglə bağlı hər iki tərəfin yanaşmasını, yozumunu gözdən keçirərək.

Stalin tərəfindən yozum

Zəng olunan şəxs – Pasternakdır. Stalin onu seçərkən əsla yanılmamışdı. Həm bu zəng, həm də Mandelştamın öz "başabəla" şeirini ona oxumasından Stalinin agah olması faktı Pasternakı möhkəm qorxudubmuş. Buna görə də o, rəhbərə anlatmağa çalışırdı ki, nə Mandelştamı təqdir edir, nə də onun şeirini. Bu yolla o, özünün sadiqliyini gözə soxmaq istəyirdi…

Stalin düşünmüşdü: "Bu pox heç də o birindən geri qalmaz…"

Bunun ardınca o, Pasternakı mənəvi cəhətdən əzib-ayaqlamaq, ona çəkmələrini silmək üçün "Dostlar belə davranmırlar" və ya buna bənzər nələrsə deyib. Sonra isə Pasternakın özünə haqq qazandırmasına imkan vermədən dəstəyi asıb.

Pasternak tərəfindən yozum

Edilən zəng sayəsində Mandelştamın öz şeirini ona oxuduğunu Stalinin öyrəndiyini anlayan Pasternak bir-iki saniyə vaxt qazanmaq məqsədiylə anlaşılmaz nələrsə mızıldanmağa məcbur olur. Adam dindirməkdə böyük təcrübəyə malik Stalin buna hər hansı imkan vermir və sualını təkrarlamaqla onu sualdan yayınmağa qoymur.

Həmin məqamda şair həqiqəti söyləyir və deyir ki, Mandelştam həmin şeiri ona da oxuyubmuş. O ara Stalin susur. (Rəhbər öz rolunu yaxşı bilir və ustalıqla oynayırmış!)
Nitq qabiliyyəti tamamilə tutulan Pasternak ondan növbəti və daha betər sual gözləyirmiş: "Bəs niyə görə o, bu barədə gərəkli instansiyalara xəbər verməyibmiş?"
Ancaq Stalin qəfildən söhbəti başqa məcraya salıb və Mandelştamın özüylə bağlı sualı səsləndirib.
Boris Pasternak
Boris Pasternak

Pasternak bütün varlığıyla hiss edirmiş ki, bu dəfə bəxti gətirdi…

O, bu sevinc hissindən daxili yüngüllüyə qapılıb və Stalinə nələrsə (mənasız sözlər) deməyə başlayıb. Çünki artıq özünü güvəndə hiss edirmiş!

Ancaq onun dedikləri Stalini zərrəcə maraqlandırmadığından və Pasternakla uzun-uzadı danışmaq istəmədiyindən rəhbər dəstəyi asır.

Söhbətin bu şəkildə bitməsi Pasternaka yamanca yer eləyir. Çünki özünü inandırıbmış ki, rəhbər onunla söhbətə həvəslidir… Ancaq bu - bir yanılğı imiş…

Bu zəng də Stalinin "məşhur zərbə"lərindən biri sayılır!

Ondan sonra xeyli acı bir tam qalır ağızda…

Pasternak yaxşı anlayırdı ki, əgər Stalin onunla bağlı hər hansı ölçü götürməyibsə, bunun özü yaxşı sonucdur və bu durum şairə daxilən təskinlik verir.
Sonralar o, bu əhvalatı ən müxtəlif insanlara nağıl edir. Hər dəfə müəyyən detalları dəyişdirib, əhvalata yeni təfərrüatlar artırsa da, onun mahiyyəti dəyişməz qalır.
Pasternak betərin betərinin geridə qaldığını yaxşı anlayırdı. Gərəkli biri olduğu üçün o, əfv edilmişdi…

Sonda mən Boris Pasternakın İsayya Berlinlə az əvvəl sözügedən söhbətindən bir parçanı oxuculara təqdim edirəm.

Nədənsə bu bölüm "Azadlıq tarixi" kitabının 2001-ci ildə ruscaya tərcüməsində ixtisara salınıb:

"Pasternak əsl rus vətənpərvəri idi: öz ölkəsinin tarixi keçmişinə onun duyduğu bağlılığın kökləri çox-çox dərinlərə gedib, çıxırdı. O, mənə dönə-dönə təkrarlayırdı ki, vaxtilə böyük slavyanofil Yuri Samarinə məxsus olan, indi isə "yazıçılar kəndi" kimi tanınan Peredelkinodakı malikanədə keçirdiyi yay mövsümü ona yamanca ləzzət edibmiş. Onun ənənələrə bağlılığı əfsanəvi Sadkodan Stroqanovlara, Koçubeylərə, Derjavinə, Jukovskiyə, Tyutçevə, Puşkinə, Baratınskiyə, Lermontova, Fetə, Annenskiyə, Aksakova, Tolstoya və Buninə qədər uzanırdı. Bu şəxsiyyətlər, Tolstoy demişkən, xalqın dərd-sərindən bixəbər liberal ziyalılar yox, məhz slavyanofillər idilər.
Özünün yəhudi əsilli olmasından o, aşkar şəkildə çiyrinirdi, bunun səbəbi – rus torpağına dərin köklərlə bağlı, əsl rus yazarı olmaq üçün içində qaynayan çılğın və vazkeçilməz istək idi. Bu barədə o, söhbət açmağa hər hansı həvəs duymurdu. Bu heç də onun çəkingənliyindən irəli gəlmirdi, yox, o, buna ikrah duyurdu və istəyirdi ki, yəhudilər bir xalq kimi Yer üzündən birdəfəlik silinib getsin".

(İsaiah Berlin "The Proper Study of Mankind", An Anthology of Essays, Farrar, Straus and Giroux, New York, 1998, page 532.)

Öz kitabının 287-ci səhifəsində Sarnov 1934-cü il iyunun 23-də Pasternakın valideynlərinə ünvanladığı məktubu təqdim edib:

"Mənə ürək-dirək verən tək şey odur ki, cəmiyyətin ən müxtəlif və bəzən bir-birinə tamamilə zidd təbəqələrində mənimlə xoş davranırlar. Ötən həftə (həyatımda ilk dəfə) mənə şəxsən Stalinin özü zəng eləmişdi. Siz heç bilirsiniz bu NƏ deməkdir?.."
("Nə" sözünü Pasternak özü məktubda belə yazıbmış).

Daha sonra Sarnov haqlı olaraq vurğulayır ki: "…ulu rəhbərin vaxtilə onu layiq gördüyü qoruma (mühafizə) etimadnaməsi hələ də qüvvəsini qoruyurdu…"

1953-cü ilin yanvarında Stalinin şəxsi göstərişinə əsasən hazırlanan kollektiv məktubun mətni "Pravda" qəzetində çap olunmalıydı.

"Ağxalatlı qatillər"ə ən ağır cəzanın verilməsini dəstəkləyən həmin müraciəti "yəhudi millətindən olan" tanınmış şəxslərin imzalaması nəzərdə tutulmuşdu və orada Kaqanoviçdən başlayaraq bütün məşhur Sovet yəhudilərinin soyadları vardı. Təkcə Pasternakın familiyasını çıxmaq şərtiylə.

Görünür, kimin yəhudi olduğu Stalinə yetərincə yaxşı bəlliydi!..


Azərbaycan dilinə çevirdi – Azad YAŞAR
XS
SM
MD
LG