Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:43

Günel Mövlud. İki fındıq


Günel Mövlud
Günel Mövlud
-

O iki fındıq hadisəsi həyatda rastlaşdığım ilk ədalətsizlik idi. Nə bilmək olar, bəlkə o gün, o qadın o iki fındığı mənə versəydi, mən heç yazıçı olmayacaqdım…


Günel Mövlud


IKI FINDIQ


Bilmirəm, bu hadisəni niyə məhz indi yazmaq qərarına gəldim.

Aradan düz 22 il keçib.

Hər ilin axır çərşənbəsində bu hadisə yadıma düşür, Novruz bayramı sovuşandan sonra isə növbəti ilə qədər unuduram bu əhvalatı.

Əslində, buna əhvalat demək də düz deyil. Axı ortada elə bir hadisə yoxdu, ciddi heç nə baş verməyib. Amma mənə indi belə gəlir.

22 il əvvəl isə mən bu hadisənin ağrısını, məyusluğunu olduqca faciəvi yaşamışdım.

Rusiyadan təzəcə qayıtmışdıq. Qarşıdan axır çərşənbə gəlirdi. Kənd uşaqları məni Novruz adətlərindən xəbərdar eləyirdilər.

İlk dəfə onlardan öyrəndim ki, sən demə ilin axır çərşənbəsində uşaqlar əllərinə torba alıb, kənd camaatının qapısını döyüb, bayrampayı istəyirlər.

Ev sahibləri də torbalara boyanmış yumurta, konfet-peçenye, qovrulmuş noxud, qovurğa, noğul və digər şirnilərdən yığırlar.

Axır çərşənbəyə bir neçə gün qalmış evimizin yaşı yetən qadınları biş-düş mərasiminə başladılar.

Həyətdə ocaqlar qalandı, saclar tərsinə çevrilib, noxudlar, qovurğalar qovruldu, şəkərçörəkləri bişirildi, toğlular, toyuqlar kəsilib, aşqarası üçün ət hazırlandı.

Bütün bu həngamənin içində vaxt tapıb, bayram sovqatı yığmaq üçün mənə və qardaşlarıma torba da tikdilər.

Gözlənilən çərşənbə axşamı gəlib çatdı. Evdəkilər bayram süfrəsinə hazırlıq gördüyü ərəfədə, yəni qaş qaralana yaxın, kənd uşaqlarına qoşulub, bayrampayı yığmağa getdik.

Dəhşətli dərəcədə sevinirdim. Bu, mənim ilk bayramım, ilk çərşənbə axşamım idi. O vaxta qədər Rusiyada yaşamışdıq. Orda çərşənbə axşamları azərbaycanlı ailələr bir yerə yığışıb, plov dəmləsələr də, belə adətlər yox idi.

Bir-bir qapıları döymək, qapını açan ev sahibəsinə hamılıqla torbanı uzadıb, bayrampayi istəmək, qadınlar içəridən içi dolu sini ilə çıxana qədər həvəslə, maraqla gözləmək… hər dəfə qadın içəri girib, əlidolu qayıdana qədər həsrətlə gözləyir, torbalarımza nə qoyulacağını düşünüb, hövsələdən olurduq.

Varlı evlərin arvadları adətən torbalarımıza boyanmış yumurta qoyurdular. Nisbətən kasıblar konfet-peçenye, ən kasbılar isə noğul və qovrulmuş noxud verirdilər.

Amma ən kasıb evin verdiyi pay belə bizi dəhşətli dərəcədə sevindirirdi. Hər qapıdan payımızı alıb, növbəti evə keçənə qədər torbalarımızı yoxlayır, nələr yığdığımıza həvəslə baxırdıq.

Acgöz uşaqlar vardı ki, bir evdən o birinə keçənə qədər torbadan nəsə götürüb, yeyirdilər. Bəzi çoxbilmiş uşaqlar torbalarındakı keyfiyyətsiz şeyləri yoldaşının torbasında gözü tutan nəyləsə dəyişməyə çalışırdılar.

Beləcə gülüşə-gülüşə, qapışa-qapışa, dalaşa-dalaşa o biri qapılara keçirdik. Kənd sovetinin sədrinin evi yolumuzun üstündə idi. İndi onun qapısını döyəcəkdik.

Sovet sədri də kasıb adam deyildi. Hətta demək olar ki, varlı adam idi. Hamımız düşünürdük ki, məntiqlə ən yaxşı payı bizə bu evdən verməlidirlər.

Həvəs və ümidlə qapını döydük. Sovet sədrinin arvadı qapını açdı. Elə qaşqabaqlı idi ki, elə bil kənddə yanan tonqalların, ucalan şənlik sədalarının, gözəl yemək qoxularının, yazın, bayramın ona heç bir dəxli yox idi.

Qadının üzündə elə bir əsəb, elə bil qəzəb, dünyaya elə bir küskünlük vardı ki, bu əsəbi, bu qəzəbi ancaq bir halda təsəvvür etmək mümükündür. Təsəvvür edin, çox qeyrətli, mərd, kişiliyi ilə bütün diyarda ad çıxarmış bir igidi tutub zorlayırlar. O zorlanmadan sonra igidin üzündə hansı ifadə ola bilərdisə, sovet sədrinin arvadının da üzündə o ifadə vardı.

Uzun sözün qısası, qadın torbalarımızı görüb, candərdi içəri keçdi. Əlində bir boşqabla qayıtdı. Boşqabın içi fındıqla dolu idi. Hərənin torbasına ikicə fındıq atdı. Növbə mənə çatanda arvad qəfildən üstümə qışqırdı:

- Torbanı çək o yana, az! Saa bayax vermədim?

Çox pis oldum. Doğrudan da, mən torbamı ilk dəfə uzadırdım. Mənə hələ fındıq verməmişdilər. Nə qədər desəm də, qadın mənə inanmadı. O biri uşaqların da torbalarına fındıq atıb, hirslə içəri keçdi və qapını çırpdı.

Dəhşətli dərəcədə sarsılmışdım. Bir neçə gündür hazırlaşdığım çərşənbə axşamı zəhərə dönmüşdü. Halbuki iki saat əvvəl necə xoşbəxt, necə sevincli idim. İndisə məni ağlamaq tutmuşdu. Hamımızın torbası qoz-fındıqla dolu idi. Uşaqlar ağlamayım, onlarla bayrampayı yığmağa davam edim deyə, hərəsi mənə bir ovuc fındıq verməyə hazır idi. Amma bu fındıqlar mənə lazım deyildi. Mən öz bayrampayımı, məhz o iki fındığı istəyirdim…

Bu mənim ilk və son çərşənbə axşamım oldu. Bir il sonra kəndimizdən köçkün düşdük. Uzun illər çadırlarda, qəsəbələrdə didərgin, səfil həyat keçirdik.

Yaşadığımız çadır düşərgələrində köçkünlərin nəinki qonşu uşağının torbasına atmağa, heç öz süfrəsinə qoymağa bir şeyi olmurdu. Torba atmaq, bayrampayı almaq uşaqların yadından çıxdı.

Bir neçə ildən sonra, bizdən sonra gələn uşaqlar isə artıq məskunlaşdığımız yerlərin adətlərinə uyğun olaraq, papaq atırdılar.

Aradan neçə il keçib. Hər ilin axır çərşənbə axşamı ərəfəsində o qadının mənə vermədiyi iki fındıq yadıma düşür. Elə bilirəm ki, Qarabağın bütün bərəkəti, adətləri, şuxluğu, bolluğu, Qarabağ qadınlarının zirəkliyi, kişilərinin əliaçıqlığı, hər şey o qadının mənə vermədiyi iki fındıqla bitdi, sovuşdu, qurudu…

O iki fındıq hadisəsi həyatda rastlaşdığım ilk ədalətsizlik idi. Nə bilmək olar, bəlkə o gün, o qadın o iki fındığı mənə versəydi, mən heç yazıçı olmayacaqdım…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG