Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

Səmimi söhbət zamanı bir çox erməni tanışlarım etiraf edir ki, Xocalı...


-

Səmimi söhbətlər zamanı bir çox erməni tanışlar etiraf edirlər bunu. Deyirlər ki, bizimkilər əllərindən gələni edər, çox şeyi qurban verərdilər ki, təki Xocalı faciəsi olmamış olaydı...


Günel Mövlud


QORXU...


1993-cü ilin oktyabrında bütün kənd əhli kimi bizim ailə də atəş səslərini eşidən kimi tərəddüd etmədən doğma kəndini qoyub qaçdı.

İnsanlar min bir zəhmətlə tikdikləri evləri, balalarına ruzi deyə saxladıqları mal-qaranı, boğazlarından kəsib aldıqları əşyaları, sevgi ilə əkdikləri ağacı, bağı-bostanı yiyəsiz buraxıb, canını qurtarmağa tələsdi.

O insanların bir qisminin İrana keçmək üçün tələm-tələsik Araz çayına tökülməyinin, bir qisminin bir az təhlükəsiz olan rayonlara tərəf qaçmağının, tərəddüd etməməyinin, kəndlərini, torpaqlarını belə asanlıqla buraxmağının əsas səbəbi bu idi: Xocalı qətliamı hamının gözünü qorxutmuşdu. Biz eyni aqibəti yaşacayacağımızdan dəhşətli dərəcədə qorxurduq…

Bəlkə də çoxlarının xəbəri yoxdur. Bəlkə də bəziləri bilgisizlikdən, bəziləri də qəsdən inanmaq istəmirlər. Amma bu, doğrudan da, belədir. Ağlı bir az başında olan erməni ziyalıları da, siyasətçiləri də «kaş Xocalı hadisələri olmayaydı» deyə düşünürlər.

Səmimi söhbətlər zamanı bir çox erməni tanışlar etiraf edirlər bunu. Deyirlər ki, bizimkilər əllərindən gələni edər, çox şeyi qurban verərdilər ki, təki Xocalı faciəsi olmamış olaydı.

Söhbət həmin faciənin qurbanlarına rəhm etməkdən, yazığı gəlməkdən getmir. Onlar ona görə peşmandırlar ki, Xocalı qətliamı ermənilərin utanc yerinə çevrildi. Erməni diasporası özlərini dünyaya mədəni, din, ruh xalqı, sənət xalqı, ən vacibi isə əzabkeş xalq kimi tanıtmaq üçün əlindən gələni edir. Amma ortada danılmaz Xocalı həqiqəti var. Və bu faciə onların boyunlarında qaldı…

Xocalı faciəsinin təsiri idi ki, bizimki kimi minlərlə ailə geriyə baxmadan torpağını, evini qoyub, qaçmağa məcbur oldu. Bəlkə də Xocalı hadisəsi olmasaydı, yerli sakinlərin bir balaca təşəbbüsləri olardı. Nə bilim, müdafiə dəstələri yaranardı, yerli camaat bir az daha çox dirənərdi. Amma yox, gözləri ovulan, döşləri kəsilən, meyitləri təhqir olunanlardan gözümüz necə qorxmuşdusa, biz tərəddüdsüz qaçdıq.

Qaçdığımız rayonlarda bizlərə yönələn ilk sualmı, qınaqmı, kinayəmi deyim, bilmirəm, bu olurdu: «Adam da torpağını, evini qoyub, qaçar?», «Qadınları başa düşdük, kişiləriniz niyə qaçdı?», «Kişiləriniz niyə vuruşmadı Qarabağda, onlar niyə qaçırdı? »…
Xocalı abidəsi - Bakı
Xocalı abidəsi - Bakı

Biz bu sualların qarşısında aciz və cavabsız idik. Çünki doğrudan da, kişlərimiz də qaçmışdı. Torpaqlarımızı, evimizi qoyub gəlmişdik. Verəcək cavabımız yox idi. Utanırdıq, susurduq, vəssalam…

İndi dövran dəyişib. İndi torpaqların qeyri-rəsmi işğala məruz qaldığını görürük. Naxçvanda nələr baş verir, nələr olur, hamıya məlumdur. Adamlara məişətlərində belə necə yaşayacaqlarını diqtə edirlər. Paltar asmaq, ot tayası qurmaq, müəyyən markalardan maşınlar sürmək, toplaşmaq, internet-klublar, çayxanalar qadağandır… bölgə camaatının isə səsi çıxmır.

Neçə illərdi Göy-Göl tikanlı məftillə hasarlanıb. Heç kim Göy-Gölə gedə bilmir. Gəncə camaatı yayda istirahət elədikləri yerlərin üzünə həsrət qalıblar. Mənəvi dəyərləri olan tikililər, qədim binalar, məhəllələr sökülür. Dükan sahiblərinə dükanın qarşısında nə əkməli, nə quraşdırmalı, hətta nələr satmalı olduğu diqtə olunur. Yerli camaatın səsi çıxmır.

Bakının Sovetski adlanan məhəlləsinin sovet zamanlarında belə öz adət-ənənələri, öz qanunları vardı. Hamı da bu qanunlara əməl etməyə məcbur idi. Məhəlləyə yad adam gələ bilməzdi. Gəlsə də, onu orada ürəkaçan münasibət gözləmirdi. Yazılmamış qanun vardı: məhəlləyə yad oğlan, yad kişi girə bilməz. Vəssalam. İndi Sovetskini sökürlər. Məhəlləyə buldozerlər salırlar. Adamın üstündə allah var. Sovetski camaatı yenə bir-iki aksiya elədi. Amma tarixi dəyəri olan məhəllələrinin məhv olunmamağını deyil, sadəcə daha çox pul tələb elədilər. Vəsssalam.

Bakı meri istədiyi binanı istədiyi vaxt sökdürür. Yerində də nə istəyir, onu quraşdırır. Nə istəyir onu əkir. Gah kaktuslar gətizdirir, gah baobablar, gah da dekorativ ağaclar əkdirir. Yaşıllıq demir, şəhərin harmonyası, tarixi dəyəri demir, bunların heç birinin onun üçün önəmi yoxdu. Bu günlərdə də, gücü hardan aldığını, istədiyi hər şeyi niyə belə arxayınlıqla elədiyinin səbəbini dilə gətirdi: Ölkədə bircə kişi var, o da prezidentdi… Xalq da bu sözü uddu, həzm elədi, səsini çıxarmadı. Hətta sorğular zamanı merin sözlərini təsdiqləyənlər də oldu.

İndi mən ölkədə baş verənlərə, hasarlanan meşələrə, qoruqlara, sökülən evlərə, dağıdılan məhəllələrə baxıram və sevinirəm. Sevinirəm ki, mənim atamın gəncliyini həsr eləyib, alnının təri ilə pul qazanıb, min bir məhrumiyyətlə tikdiyi ev Qarabağ müharibəsində, yadelli işğalçılar tərəfindən dağıdılıb. Buna birtəhər dözmək olur. Evimizi öz xalqımızdan olan adamlar gəlib buldozerlə dağıtsaydılar, buna necə dözəcəkdim?

Sevinirəm ki, doğma kəndimə gedə bilməməyimin səbəbi yadelli işğalçılardı. Əgər kəndimi öz xalqımdan olan biri hasarlayıb, məni doğma yerimə həsrət qoysaydı, buna necə dözəcəkdim?

Bu ağır, faciəli hadisənin ildönümündə öz yerlilərimə, mənim kimi qaçqın aqibəti yaşayan insanlara da ancaq bununla təskinlik verə bilərəm: siz də heç olmasa, buna sevinin. Sevinin ki, yadelli işğalçıya görə doğma yerlərinizə həsrətsiniz. Əgər o torpaqlar işğal olunmasaydı, nə bilirsiniz ki, hansısa nazir, oliqarx Cıdır düzünü, Topxana meşəsini, Laçın qayalarını və başqa gözəgəlimli, səfalı yerləri hasarlamayacaqdı?


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG