Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

Göydən yerə


Book by Yalchin İslamzade
Book by Yalchin İslamzade
-

Gənc intellektuallardan sayılan Yalçın İslamzadənin “Göydən yerə” adlı kitabı işıq üzü görüb.

İki hissədən ibarət olan kitabın birinci bölümündə müəllifin esseləri, ikinci bölümündə isə tərcümələr yer alır.

Kitabda Azərbaycan cəmiyyətinin problemləri elimi-fəlsəfi məqalələrlə analiz edilir.

Müəllif kitabdakı məqalələrdən birini "Oxu zalı"na göndərib.


Yalçın İslamzadə


Afina kitab bazarı, Qutenberq və internet


Bizim eradan təxminən 530 il əvvəl diktator Peysistratın göstərişi ilə Afina şəhərində dünyanın ilk kitab bazarı qurulur.

Papirus qalaqları formasında olan kitabların üzlərinin köçürülüb satışa qoyulduğu bu bazarda satılan ilk kitablar Homerin “İliada” və ”Odisseya” dastanları idi. Kitab üçün lazım olan papirusu Misirdən gətizdirən və üzünü köçürmələri üçün savadlı kölələr satın alan da diktator Peysistrat idi. Diktatorun digər bir xidməti Afinada teatrın qurulmasıdır.

Kitab bazarının yaradılmasından əvvəl Yunanıstanın digər şəhərlərində fəlsəfə, təbiətşünaslıq, politologiya, riyaziyyat, ədəbiyyat , şeir və incəsənətin digər formaları ilkin formada mövcud idi.

Ancaq bu ilk müəlliflərin çox azı Afinada anadan olmuşdu, bazarın qurulmasıyla Afina düşüncənin və sənətin mərkəzinə çevrildi. Oxuyub yaza bilənlərin sayı artdı və yaradıcı insanlar digər şəhərlərdən Afinaya köçməyə başladılar, burada kitablarını “çap etmək” və yaymaq imkanları var idi, həm mədəniyyəti formalaşdırır həm də ondan təsirlənirdilər. O dövr üçün qısa sayılacaq zamanda Afinada keçmişin və gələcəyin ən görkəmli mədəniyyəti yarandı, Platon və Aristotellə öz zirvəsinə çatdı.

Bu gün elm və elmi təmayül statusu almış istənilən məşğuliyyətin, sənətin bütün növlərinin, riyaziyyat və həndəsənin, məntiqin, ilk tibbi nəzəriyyələrin təməlləri qədim Yunanıstanda atıldı. Elə bir təmayül yoxdur ki, orada yunanca terminlər olmasın, hansısa təmüyülün tarixi qədim Yunanıstandan başlamasın.

Yunan düşüncəsinin üstünlüyü sırf bilmək üçün bilməyə çalışması idi, bilik öz- özlüyündə bir dəyər sayılırdı, hansısa maddi qazanc gətirməsi və ya hansısa inancı təsdiq etməsi gözlənilmirdi. Pul qarşılığında elm öyrədən sofistlərə o zaman da münasibət yaxşı deyildi, indi də bu termin mənfi assosiasiaya daşıyır.

Bu gün Yunan mədəniyyətinin “Hippokrat andı”, “Troya atı”, “Axilles dabanı”, “Demokl qılıncı”, “Edip kompleksi”, “Diana kompleksi”, “Elektra kompleksi”, “Kassandra lənəti”, “Sokratçı sorğulama”, atom, materiya, dialektika, simpozium, sintez, gigiyena, akademiya, litsey vs. kimi metaforları, prinsipləri və anlayışları gündəlik həyatın və ədəbiyyatın istifadəsindədir.

Yunan mədəniyyəti Roma İmperiyasının süqutundan elmin və sekulyarizmin yenidən yaranmağa başladığı 1000-ci ilə qədər əvvəl Platonla, sonra Aristotellə kilsə sxolastikasının belə hesablaşdığı bir düşüncə sistemi yaratmışdı. Təbiət haqqında yazan filosoflar heç bir fövqəlgücə istinad etmədən təbiəti təbii qanunlarla açıqlamağa çalışırdılar.

Sokratın düşüncənin obyektini təbiətdən insana çevirməsi ilə Yunan düşüncəsi insanı da bir dəyər olaraq tədqiq etməyə başladı. İnsan Yunan düşüncəsində xəlq edilmiş deyil, bioloji, sosioloji və psixoloji varlıq olaraq öyrənilməyə başlandı. Yunan düşüncəsinin təbiətə və insana bu münasibəti bu mədəniyyətin yüzillərlə canlı qalmasının səbəbidir. Uaythed, “Bütün Qərb fəlsəfəsi Platondan istinadlardan ibarətdir” deməklə Yunan düşüncəsinə lazımı qiymətini vermişdi.

Bu gün Avropa mədəniyyətinin dini hissəsi Orta Şərqlidirsə, elmi-sekulyar-siyasi düşüncəsi Yunanıstan mənşəlidir. Sonrakı əsrlərdə elə Yunan mədəniyyəti Avropada Orta Şərqdən gəlmə dini düşüncənin ağıl üzərində son “qələbəsinə” mane oldu.

Kilsə ideoloqu Akvinalı Fomanın, Aristotelin irsini göz ardı edə bilməməsi və onu da həqiqətin fərqli ifadəsi olaraq xristian sxolastikası ilə birləşdirməyə çalışması kilsə doktrininin çat verməsinə səbəb oldu. Aristotelin universal zəkası kilsəni onunla hesablaşmağa vadar etmişdi. Növbəti mərhələyə, bir neçə əsr sonra Kepler ve Qalileyin Aristotelin avtoritetini rədd edib elmi inqilabın əsasını qoymaları ilə keçildi.

Afinadakı kitab bazarının yaranması miqyasında ikinci bir hadisə Qutenberqin səyyar hərflərlə çapı mümkün edən mətbəəni icad etməsi oldu. Bu, tarixdəki ən böyük demokratikləşmə hadisələrindən biri idi, bilik daha uzaq məsafələrə daşınır, daha çox insan üçün əlçatan olurdu.

Kitablar və mövzular kilsənin nəzarətindən çıxır, müstəqil bir ədəbiyyat və düşüncə dünyası formalaşırdı. Biliyin qapalı və nəzarətdə olması hər zaman kiçik bir qrupun mənfəətinə xidmət etmişdi, insanın harada yaşaması və hansı qrupa aid olması nə bildiyini ya da ümumiyyətlə, bilib- bilmədiyini müəyyən edirdi.

Ancaq mətbəənin icadı ilə vəziyyət dəyişirdi. Marko Polonun XIII əsrdə yazdığı “Marko Polonun səyahəti” kitabı 180 il əlyazma olaraq qalsa da, mətbəənin icadından cəmi 21 il sonra kitab formasında nəşr olundu və məhz çap formasında Kolombun qarşısına çıxıb ona məşhur səyahəti üçün stimul verdi. Bu gün səyahətlər kitabının Kolumbun səhifə kənarlarına qeydlər etdiyi nüsxəsi Sevilya şəhərindəki bir muzeydə saxlanılır.

Bu icad şübhəsiz, İntibah və Reformasiyanın, Maarifçilik hərəkatının, Elmi inqilabın və kütlələrin savadlanmasının zəruri texniki əsası və stimullaşdırıcısı idi. Qutenberqin icadı nəticəsində Avropa, Yunan mədəniyyətini yenidən kəşf edib insana və təbiətə dönürdü, insanın düşüncə və dünyagörüşü mexanikiləşir (kənar güclərə istinad etmədən, təbiətin və cəmiyyətin qanunları əsasında düşünmə), insan və təbiət haqqında dini-mifik düşüncədən qurtulurdu.

Biliyin yayılması, genişlənməsi, yaradılması və sistemləşdirilməsi nəticəsində bu günkü formasıyla qəzetlər və jurnallar, universitetlər və dərs proqramları, eksiklopediyalar və açıq kitabxanalar ya yaranır, ya da son halını alırdı. Biliyin işlənməsi və dövriyyəsi yeni peşələr yaradırdı. Qutenberqin səbəb olduğu ən böyük yenilik isə ziyalıların bir sinif olaraq yaranması idi.

Onlar bilgini kəşf edir, yaradır və yayırdılar. Karl Manheymə görə ziyalılar, vəzifəsi hər cəmiyyətdə o cəmiyyət üçün dünyanı şərh etmək, açıqlamaq kimi xüsusi missiyaları olan ictimai qruplar idi.

Onlar boşluqda üzən intelligensiya, bir yerə lövbər salmamış, nisbətən sinifsiz bir təbəqə idilər. Aydınlar dəstəsinin babalarının Renessans humanistləri olduğu qəbul edilir. Biliyin əldə edilməsinin mümkünlüyü onu ticariləşdirir və aydınlar sinfinə az da olsa, maddi müstəqilləşmə imkanı da yaradırdı. Ziyalılar eyni zamanda müəyyən qurumlar ətrafında təşkilatlanır, periodik olaraq bir quruma bağlanıb ondan ayrılır, sərbəst fəaliyyət göstərə bilirdilər.

XV əsrdən etibarən ziyalılar özlərini “Yazı Respublikası”-nın vətəndaşları saydılar, özlərini ölkə sərhədini aşan bir qrupa aid edirdilər, bir- birlərinə kitablar və məktublar göndərir, imkan olduqca üz üzə görüşürdülər. Sərhədləri aşan bir düşüncə və dəyərlər sistemi ilə əlaqədə olduqlarından (F.Bekona görə doğrunu kəşf etməyə qarşısındakı əngəllərdən biri olan ) “qəbilə bütlərinin” təsirində deyildilər.

Buna ən bariz nümunə yaşadıqları cəmiyyətə tam inteqrasiya olmayan, öz mədəniyyətlərini də tam qəbul etməyən yəhudilərin arada qalmışlıq və bilginin demokratikləşməsi nəticəsində əldə etdikləri intellektual nailiyyət idi, yəhudi mənşəli müəlliflər bəşəriyyət düşüncəsinə orijinal və çoxşaxəli töhfələr verməyə başlamışdılar.

Avropadakı maariflənmə qonşuluğundakı Rusiyaya da təsir edirdi. Rus əsilzadə Menşikov 1714-cü ildə İnglis Kral Dərnəyinə üzv seçilir və o il Rusiyada ilk xalq kitabxanası açılır. Riyaziyyatçı Leybnits çar Pyotrla bir neçə dəfə görüşür və ona məsləhətçi kimi maaş ödənilir, 1724-cü ildə Peterburq Elmlər Akademiyası qurularkən Leybnitsin Berlin Elmlər Akademiyası üçün hazırladığı model tətbiq olunur.

Rusiyada coğrafiyaşünaslığın və xəritəçiliyin inkişafına Leybnitsin tövsiyəsi ilə diqqət ayrılır. Eyler kimi görkəmli alimlər Rusiyada elmin inkişafına çalışırlar, Lomonosov Avropada təhsil alır. Rus dilinə tərcümələr və Avropaya tələbə göndərilməsi dövlət siyasətinə çevrilir.

İslam aləmində isə mətbəə rədd edilmiş və 1800 illərə qədər sözə və əlyazmasına əsaslanan bir İslam dünyası mövcud olmuşdur, bu gün hələ də İslam ölkələri şifahi və mifik düşüncə mərhələsindədirlər. İslam dünyasının aydınlanma yaşayan iki ölkəsi, Azərbaycan və Türkiyəyə elmi və sekulyar düşüncə uzun və dolaylı yoldan gəlmişdir. Türkiyədə Avropa ilə təmasları olan, İspaniyadan qovulub Selanikə, sonra isə İzmir və İstanbula yerləşən yəhudilər türk maarflənməsinin aparıcıları idi.

Azərbaycan Avropa düşüncəsi ilə Rusiya vasitəsiylə tanış oldu. İslam ölkələrində azad düşüncə dinin hegemonluğunu yenə bilmədi. İslam hüquqçusu İbn Cemaanın kitabların təsnifatına dair tövsiyəsi İslam dünyasında bilginin yerini göstərir: “Aralarında Quran varsa, əvvələ o qoyulmalıdır, sonra hədis kitabları, sonra Quran təfsirləri, sonra hədis şərhləri, sonra ilahiyyat və hüquq. Əyər eyni bilgi sahəsinə aid kitab varsa, Quran və hədislərə daha çox istinad edəni daha əvvəldə olmalıdır”.

Tarixdə biliyin yayılması və maarifçilik marksist, faşist və şəriət sistemlərinin müdaxiləsiylə kəsintiyə uğradı, bəzi ölkələrdə hələ də uğramaqdadır. Bu sistemlər ən yaxşı halda sənətin və biliyin bütününə yox, seçilmiş bir hissəsinə icazə verirlər.

Bu gün Afinadakı kitab bazarının yaradılmasına və Qutenberqin icadına oxşar hadisə informasiya texnologiyalarının-əsasən İnternetin və komputerin icadıdır. Axtarış motorları, sosial şəbəkələr və internet bazasında mövcud olan kitablar, məqalələr, ensiklopediya və lüğətlər bilginin yaradılması, yayılması və paylaşılmasında üçüncü və çox vacib mərhələdir.

Bu yeniliklər artıq birbaşa və anında mütərrəqqi düşüncə ilə təmas imkanı verir, səyahətin asanlaşması və insanların üz -üzə təmaslarının artması da proses üzərində müsbət təsirə malikdir. Ancaq hələ ki, Avropanın qalib gəldiyi Orta Şərq mənşəli mistik düşüncə coğrafiyamızda söz sahibidir. Bu düşüncə texnoloji yeniliklərdən istifadə edərək insana və təbiətə dair obyektiv bilginin yayılmasına qarşı çıxır.
XS
SM
MD
LG