Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

İblis busəsi


-

Birdən hansısa qüvvə ağlımı hisslərimə ram eləyən çağrılmamış qonağın əlindən çıxmaq, qaçmaq, hələ ki, bir qələt, yungül təcavüz, bəlkə də cinayət eləməmiş özümü bu ehtiras məngənəsinə salmış iblisdən yaxa qurtarmağa çalışır...


Yaşar Bünyad


İBLİS BUSƏSİ


(Romandan bir parça )


...onun ürəyinin guppultusunu, damarlarımda axan qanın səsini eşidirdim.


...Arazın atası kədimizdə kolxoz sədri, rayonda da beş kişidən elə beşincisiydi.

Niyə beşincisi? Çünki, o beş nəfərin dördü lap yuxarılarda otururdu və daha çox hörmət sahibləriydi.

Yuxarıdkılar Karlovo-Varıda, “Qızıl-qum”da, bəd ayaqda Truskovetsdə dincələndə Arazın atasıkimilər Soçidə, Yesentukidə, Kislovodskda “müaliçə” alır, onlar köhnə “İnturist”də, “Novbahar”da, “Karvansaray”da gənc qızlarla eyş-işrət məclisi quranda, Arazın atası kasıbyana “Cənub”, “Xəzri”, “Muğan” mehmanxanalarında “baz”lıq edirdi...

Ona görə yox ki, sədrimizin pulu az idi, yoox, ona görə ki, sədrimiz öz yerin bilirdi, “yekələr”lə , özü də elə vəziyyətdə üz-üzə gəlmək az qala yatanda da pijamasının cibində gəzdirdiyi partbiletıni öz xoşuyla təhvil vermək kimi bir şey idi.

Partbileti təhvil vermək isə özxoşuna Əzrayılın əlindən tutub oppalara getmək demək idi.

Sədrimiz isə çox qabağı görən adam idi. Elə ona görə də “iyurmi beş il idi külüng vururdu kolxozda” - özü demişkən.

Bu sədrimiz hardan düşdü yadıma?

Həə, deyirəm axı... Mən Bədən tərbiyəsi institutuna qəbul olanda yataqxanada yer, otaq kirələməyə pul olmadığından ,sədrimizin oğlu Araz sağolmuş, komendanta “gör-bax” edib mənə öz otağında yer almışdı.

Elə o yerlərin adını da Arazdan eşitmişdim ilk dəfə.Danışardı ki, bir neçə dəfə anası şübhələnməsin deyə , nazirliyə hesabat aparanda , atası onu da özüylə götürübmüş.Şəhərdə qohumları olmadığından mehmanxanada gecələməliydilər.

”Muğan”in ikinci mərtəbəsində yer alıb uşağı yuxuya verəndən sonra qonşu otaqda bir-iki “xala”yla yeyib-içib sonra kef eləməsini , gecələr tez-tez ayılan Araz atasının yatağının heç açılmamasından yox, qonşu otaqda çırıldayan çarpayının və onun əcaib nəriltisindən bilirmiş...Səhər də ki, “hesabatla işləməkdən” yuxusuz qalan sədr rayona qayıdanbaşı bütün yolu xorultuyla yatarmış.Elə Araz da...

Tez-tez ərklə ,“gedək bazdığa” deyib məni də “yoldan çıxarmaq” istəyirdi. Razı olmayanda dil tökərdi ki, “pul-para mənlikdi haa... onun fikrin eləmə ” . Yəqin, Arazı o ucuz sovet mehmanxanalarına çəkib aparan, yaddaşına hopan elə o nərilti idi?!

Mən birinci kursun yay sessiyasını , Araz da dördüncü kursu bitirdi. Atası onu Kislovodska göndərdi ki, “qoy uşağın gözü-könlü açılsın”.(Yazıq uşaq, lap sınıxmışdı ha oxumaqdan !) İmtahanlar qurtardıqca yataqxanamız da boşalırdı. Üçüncü otaq yoldaşım Neftçalalı Rasim idi-cazmen Rasim. Yox əşi, onun cazdan-zaddan heç xəbəri də yox idi, sadəcə Vaqif Mustafazadəyə elə oxşayırdı , elə bil bir almanı iki bolübsən, xüsusilə də bığları... Ona cazmen deyəndə , deyəsən “caz”ı “baz” kimi başa düşdüyündən xoşallanırdı.

Hə, bu gün də cazmen Rasim rayona getdi, qaldım tək-tənha.

Bürküsü nəfəs kəsən bir yay günüydü.

Atamın ölümündən sonra çaya, dənizə nifrət edirdim, həm də qorxurdum sudan. Amma, həmişə həsəd apardığım normal insanlar indi, bu bürküdə, dənizin duzlu suyunda sərinləşən bir vaxtda mən sükuta qərq olmuş yataqxana divarları arasında qalmışdım. İki gündən sonra başlayacaq çempionata hazırlaşdığımdan günlərlə “Spartak” da məşqlər-də olar, qalan boş vaxtımı da Sabir bağında keçirərdim. Onsuz da komendantın bərk-bərk tapşırığına əməl edib yataqxanaya həmişə gec gəlirdim.


Bu gün isə bazar günüydü və mən boş-bekar idim. Yuxudan duran kimi yarım saat qantellərlə bədənimi açıb dəsmal, sabun götürərək balaqlarını kəsdiyim köhnə cins şalvarı əynimə keçirib düş otağına düşdüm. Tələbə “duşevoy”u birinci mərtəbədəydi və bizim tərəfdən ora getmək üçün mütləq növbətçinin foyeyə baxan pəncərəsinin qarşısından keçməliydim. Onsuz da yataqxananın boş olduğunu və bu gün ya Əsmər xalanın, ya da o..adını bilmədiyim erməni arvadın növbətçi olacağını bilirdim. Bazar günləri komendant axşamlar görükərdi.

“Ay bəri bax..” mahnısını zümzümə edə-edə dəsmalı gah sağ, gah da sol çiynimə döyəcləyərək postun qarşısından keçəndə dəmir dama-dama çərçivəyə salınmış bir lay iri şüşənin o üzündən ,sanki eşitməyim deyə əlləriylə ağzını qapamış bir qızın mənə baxıb güldüyünü gördüm.”Bu kimdi görəsən? Nəyə , niyə gülür ki ?..” fikirləşərək səsimi bir az boğdum, dəsmalla açıq sinəmi örtüb irişdim.Naməlum növbətçi yəqin təzədi, məni tanımadı və bu boş qalmış yataqxanada səsi başına düşən “başdan xarab”ı görmək üçün sifətini şüşəyə dayayıb gülümsünürdü. Bəlkə çırıq cinsimə rişğənd edirdi?... Birdən sifətim ciddi görkəm aldı və gözəlçə əliylə qaçan dodağını bir yerə yığdı ki, “bağışla”.

“Mən bunu indiyəcən niyə görməmişdim? Amma, yaman gözəldi aaa..Kimdi görəsən?”

Beynim dumanlı duş otağına girdim.İlk dəfəydi duş otağı belə yazıq, belə tənha gəldi mənə. Saatlarla növbə gözlədiyimiz , nəmişlikdən divarının künclərini gömgöy kif basmış “duşevoy” insan hənirinə həsrət qalmışdı.Su şırnağı sükutu pozdu.

“Baax, indi o gözəlçə də burda olsaydı...Bir yerdə, suyun altında...Off...nə olardı ?!” Nədənsə Arazın “bazdığ” təklifi yadıma düşdü...Tələbə yoldaşım Tünzalənin qaşaltı baxışlarını xatırladım...Göbəkkəsdim Aliyəni düşündüm...Kəndimizdəki iydə kollarının iyi dəydi burnuma...

Adətən duşun altında on-on beş dəqiqə yuyunardım. Yarım saatdan çox idi suyun altında min cür xəyallar qurur, axmaq fantaziyalarımla baş-başa qalmışdım...

Suya, sabuna sitəm eləyirdim...

Nəhayət , qurulanıb çırıq cinsimi əynimə keçirdib çıxdım. Otağa girən kimi dəsmalı çarpayının sürahisinə sərdim.Ağcaqanad, milçək doluşmasın deyə açıq pəncərənin taxta çərçivəsinə vurulmuş ikiqat tənzif onsuz da boğuq havanı bir az da ağırlaşdırırdı. Suyun bədənimə hopdurduğu nəmlik bürkünün təsirindən yox olurdu. Bir az dincəlmək üçün uzanırdım , qapı döyüldü. ”Kimdi?” ,-deyə soruşdum amma cavab gəlmədi. Cəld ayağa qalxıb paltar dolabının yarı açıq qapısının üstünə atdığım idman köynəyimi götürmək istəyirdim ki, ayağım bayaqdan otağın ortasında qalmış qantelə ilişdi. Havada yellənən əlimi paltar dolabının qapısına çatdırdımsa da, dolab şaraqqıltıyla yerə dəydi -yerindən qopmuş qapı əlimdə qalmışdı. Bu əcaib səsdən sonra açılan qapının ağzında bayaqkı naməlum qız dayanmışdı. Otaqdakı “zəlzələ”dən sonra düşdüyüm gülünc vəziyyətdə edə bilmədiyim təklifi heç gözləmədən içəri girib qapını örtdü.

Qız indi elə qaqqıltıyla güldü ki, dedim divarlar silkələnəcək.Onsuz da əsəbimdən zəncir çeynəyirdim, bu isə gülür?! Dişlərimlə dilimi sıxdım ki, bir qələt çıxarmayım.Özümü ələ almağı bacardım. O daha gülmürdü, baxırdı, daha doğrusu “yeyirdi” məni.

-Bu-yu-run,-deyib oturmaq üçün stulu göstərdim.-Kim lazımdır?

Nə axmaq sual oldu? Yəni bizdən başqa bu binada kimsə var idi? Lap olsa da bir-iki nəfər...

-Çay...içirsiz...içərsən...içirsən?

Dilim nədən topuq vurdu ,anlamadım.Qızın baxışlarındakı cazibə, iri gözlərindəki alov, dar köynəyindən az qala pırtlayıb adamın gözünə girən yupyumru döşləri ,ətli dodağının ucundakı qara xal ...”gəl, ye məni , ye məni...“ deyə tüğyan edirdi.

Mənim çaşqınlığım onu məmnun edirdi deyəsən; Heç oturmağı təklif etdiyim stul tərəfə də baxmadı. Dodaqlarımın suyu quruyurdu.

İncə barmaqlarını tüklü sinəmdə, dodağını dodağımda, döşlərini ovucumun içində hiss etdim...

Özümdən ixtiyarsız gözlərim xumarlanırdı.Qəribə bir istilik gəldi bədənimə-heç vaxt duymadığım, hiss etmədiyim bir istilik. Özümü karvandan ayrı düşüb sonsuz səhrada azmış yolçu kimi hiss etdim. Dodaqları susuzluqdan çatlamış , qızmar günəşin atəşində yanan bir yolçu.Nabələd səhrada nə axtardığımı da bilmədən, qovrula-qovrula harasa gedirəm , gedirəm... Budur...əl çatacaq qədər yaxınlıqda , uç yamyaşıl xurma ağaçının altında bir çeşmə qaynayır... Əlimlə , ayağımla qum təpəsini yara-yara o çeşməyə yaxınlaşıram...Bayaqdan ilğım sandığım çeşmədəki göz yaşı kimi axan su üzümə, sinəmə, dodaqlarıma toxunduqca ,özümü yepyenicə doğulmuş körpə qədər qayğısız və xoşbəxt hiss etdim...

Bu nə ilğım , nə də röya imiş ; çeşmə suyu kimi dadlı, şirin ,bir anda ürəyimə toxtaqlıq gətirən naməlum qızın nəm dodaqlarıydı. Məni əfsunlayan təkcə bu idimi ? Bəs dimdik dayanan döşlərini tüklü sinəmdə oynatdıqca bədənimdən keçən cərəyan şırnağında yanmağım ..?

Həyatım boyu, ilk dişim çıxana qədər acgözlüklə süd əmdiyim anamın, illərcə yastığımı əvəz edən nənəmin yumşaq döşlərindən bahəm qadın sinəsi görmədiyimdən bir toxunuşla vücudumun titrəməsini duyanda ürəyim yerindən çıxacaqdı. Çünki bu toxunuş o təmasdan deyildi, başqaydı, təzəydi...Ətri də təzəydi, süd tamı vermirdi, ürəyim də yerində qərarsızdı-çırpınırdı...

Birdən hansısa qüvvə ağlımı hisslərimə ram eləyən çağrılmamış qonağın əlindən çıxmaq, qaçmaq, hələ ki, bir qələt, yungül təcavüz,bəlkə də cinayət eləməmiş özümü bu ehtiras məngənəsinə salmış iblisdən yaxa qurtarmağa çalışır. Qollarının arasından sıyrılıb geri çəkilmək istəyirəm, bacarmıram.”Yoox...bu qəbahətdi...günahdı...rəzillikdi..!”

Nənəmin :“şeytan insana hakim olmaq istəyəndə gözünə ən şirin nemət kimi görünər” -deməsi də ildırım kimi çaxdı...və keçdi.

İçimdən gələn səsləri eşidirmiş kimi beynimi donduran qətiyyətsizlikdən ,ya ürəyimi sıxan qorxudanmı alnımı bürüyən soyuq tər dənələrini asta asta,həlim barmaqlarıyla silib qulağımın ucunda pıçıldadı:

-Heç ...qadınla olmamısan..? Qorx-maa..,mən...qız de-yi-ləm...Çoxdan...qız deyiləm...

Key olmuş barmaqlarımı ovcunun içində sıxaraq məni özünə sarı çəkdi.

“İlahi, bu nə cəzadır verirsən mənə ?!”

Qulağımın ucunda da asılıb qalan, cingildəyən bu sözlər sinirlənmiş, qıc olmuş əzələlərimin keyini açdı, damarlarımı yumşaltdı elə bil , beynimə mıxlanmış qəbahət zəncirini qırdı...

Daha qorxmurdum, sadəcə utanırdım, utanırdım ki, aşağıda, su şırnağının altında xəyal etdiklərim hara, öz ayağıyla otağına gəlmiş ehtiras mələyinin qarşısındakı fərsizliyim, acizliyim hara? “Hələ bir fikirləşirsən də..”.Bir vaxtlar Arazın bazlıq təkliflərinə naz eləyib razılaşmadığıma görə özümə nifrət eləməyə başladım.

Tüklü qollarımla belini qamarlayıb sinəmə sıxdım.”Ahh..” eləyəndə ilıq nəfəsini dodaqlarımda hiss etdim. Bir neçə saniyə keçmədi ki, onun ürəyinin guppultusunu, öz damarlarımda axan qanın səsini aydınca eşidirdim...

Ayaqları azca yerdən üzülmüş qızı qucağıma alıb dəmir çarpayıya uzatmağımla çırıq cins şalvarın pəncərədəki tənzifin üstünə yapışmağı bir oldu...

Bu gün bakirə oğlanlığımla vidalaşdım.

Mənim dəmir çarpayımın cırıltısı boş yataqxananın neçə ay hay-küydən bezikmiş və nəhayət ki, sükut içində təzəcə mürgüləməyə başlayan divarlarının yuxusunu dağıdırdı...

...Həmişə fikirləşərdim ki, görəsən, yataqxanadakı yerimdə səhərəcən o yan-bu yana çevrildikcə cır-cır cırıldayan köhnə dəmir çarpayı mənə nəyi xatırladırdı ? İndi öz hənirtimə qarışmış , iri saat kəfkirinin hökmlü çıqqıltısına oxşar səslər qulaqlarımda guruldadıqca yadıma düşdü, yadıma düşdü ki, uşaqkən ,alt mərtəbədə nənəmin sallanan , yumşaq döşləri arasında mürgüləyərkən ata-anamın yuxarıdakı yataq otağından eşitmişdim bu səsi. ..O gün ki, atamı Kürün dəli suları apardı, o cırıltı da “xırp” kəsilmişdi. Əvəzində , anamın yorğan altında sızıldayan hıçqırıqları qalmışdı ...


***

-Xoş gördük...Rüfət!

- Xoş gördük .-Handan-hana dilləndim.- Deməli... Məryəm?

-Hə,-pıçıldadı.-Sonra...sonra hər şeyi başa salaram...Sən sus...Yalvarıram...-Özünü bir az ələ alıb əlavə etdi.- Burda gözlə, indi gəlirəm....Bu dəqiqə...

Tələsik mağazaya qaçdı.

Daima özünə inamlı, qətiyyətli qız kimi tanıdığım Marqonu –Məryəmi bu qədər kövrək , ürkək görməmişdim. Məni yaxşı tanıyırdı. Bilirdi ki, dediyimdən ölsəm də dönən deyiləm.Onu da yaxşı bilirdi ki, əlimdə onu ifşa etmək şansı olsa da beş qoluzorluya cavab verəcək gücü olan azəri kişisi belə alçaq hərəkət etməyəcək!

Sarışın saçlı qadınla danışırdı: yəqin ki, “köhnə tanışımdı, ya da uşaqlıq dostumdu, uzaqdan gəlb...filan.”deyib icazə alır... Çantasından nəyisə çıxarıb iri masanın üstünə qoydu. Sonda onunla öpüşüb qayıtdı.

-Gedək,-dedi,-mənim evimə...Burdadı , yaxında...

“Deməli ev-eşiyi də varmış...Necə? Yəqin ki, ərə də gedib...” Suallar içində burulub qalmışdım. Nədən başlamalı, nəyi soruşmağı qərara gəlmək iqtidarında deyildim. Heç özüm də bilmirdim ki, məni belə narahat edən nədir- Marqonun Məryəm olmasımı, yoxsa, bir tərəfdə ölüm-dirim müharibəsi gedərkən, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadığı halda, Bakının düz mərkəzində, erməni qızının yaşamasımı?! Mənim bu şəhərdə tanıdığım təkcə Marqo idi. Bəs deyirdilər Azərbaycanda erməni qalmayıb? Deməli qalıb.(Sonradan öyrənmişdim ki, ancaq Bakıda üç-dörd min erməni yaşayır.)

Evə çatana kimi heç birimiz dinmədik. Sanki o qədər danışıb əldən düşmüşdük ki, söz tapa bilmirdik.

Üçmərtəbəli evin iknci mərtəbəsindəki soyuq mərmər pilləkənlə üzbəüz mənzilin qapısnı açdı. Yarıqaranlıq koridora daxil olduq. “Xoş gəlmisən!” deyib, işığı yandırdı, tələsik qapını qıfılladı.Guya çox ağırmış kimi gödəkçəmi əynimdən çıxarmağa kömək etdi. Asılqandan çantamı, gödəkçəmi asanda arxadan məni bərk-bərk qucaqladı.

-Gözləmirdin..?-Soruşdum.

-Bilsəydin bu anı necə arzulamışam, Rüfət-can! - birnəfəsə dedi. –Əgər bilsəydin...

Sinəmdə çarpazlanmış qollarının həlim vəhdətindən vücudum silkələndi. Beləcə, bax beləcə tərpənmədən, nəfəs almadan saatlarla durmağıma razıydım ,təki onun isti ovucunu sinəmdə hiss edim. Vaqon bələdçisinin samovar qaynatmaq üçün yandırdığı daş kömürün paltarlarıma hopmuş yüngül qoxusuna məhəl qoymadan zərif barmaqlarını köynəyimin düymələri arasından keçirib tüklü sinəmdə gəzdirdi, gəzdirdi...

Beləcə dayandıq.

Susduq...
XS
SM
MD
LG