Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:52

İranda valideynə ögey övladı ilə nikaha girməyə icazə verildi


-
İranın qadın məsələləri üzrə vitse-prezidenti Shahindokht Molaverdi deyir ki, bu yaxınlarda qəbul edilən və şəxslərin, övladlığa götürdükləri uşaqlarla, yaxud ögey övladları ilə evlənməsinə icazə verən qanuna qarşı tədbir görəcək.

İran parlamenti bu mübahisəli qanunu sentyabrın 22-də qəbul edib və çoxlu tənqidlərə baxmayaraq Mühafizlər Şurası sənədi oktyabr ayında təsdiqləyib. İranda qanunların qüvvəyə minməsi üçün onların Mühafizlər Şurasında təsdiqlənməsi tələb edilir.

Qanunun qəbulu uşaqların haqlarının qorunması arqumenti ilə əsaslandırılır. Mübahisə də elə bundan yaranır.

Qanunda deyilir ki, şəxslər qan qohumları olmayan ögey övladları və övladlığa götürdükləri uşaqlarla ailə qura bilərlər - əgər ölkənin Rifah Qurumu tələb edərsə və məhkəmə bunun uşağın rifahı üçün münasib olduğuna qərar verərsə.

Molaverdi deyir ki, onunla birlikdə bir neçə qadın millət vəkili də mübahisəli qanunun dəyişdirilməsi yönündə fəaliyyətə başlayıblar.

Vitse-prezident islahatçı “Şərq” qəzetinə müsahibəsində bildirib ki, onlar artıq bir neçə ali mənsəbli ruhani ilə görüşüblər və onların bəzilərinin qanuna tənqidi yanaşdığı bəlli olub. Molaverdi-nin sözlərinə görə, nə qədər ki, gec deyil, o, millət vəkillərinin köməyi ilə qanuna dəyişiklik layihəsi hazırlamağı qarşısına məqsəd qoyub.

Bundan əvvəl insan haqları müdafiəçiləri də qanunu “mənəviyyata zidd” adlandıraraq sərt tənqid ediblər. Onların fikrincə, bu, uşaqbazlığa və insestə aparıb çıxaracaq.

İran qanunlarına görə, qızlar 13, oğlanlar 15 yaşında ailə qura bilər.

İran parlamentinin üzvü Amir Hossein Ghazi qanunu dəstəkləyənlərdəndir. O deyir ki, bu, əksinə şəxslərin, övladlığa götürdükləri uşaqlarla şərtsiz, məhdudiyyətsiz nikaha girməsinin qarşısını alacaq. İndiyəcən bu məsələ qanunla tənzimlənmirdi. İndi isə buna məhkəmə icazə verməlidir.

Tənqidçilər isə deyirlər ki, parlament bu məsələyə məhdudiyyət qoymaq əvəzinə ümumiyyətlə bu ənənəni qadağan etməli idi.

Uşaqların haqlarını Müdafiə Cəmiyyətinin sədri Shiva Dolatabadi deyir ki, “əgər övladlığa götürülən qızın analığı bilirsə ki, həmin qız böyüyüb ona rəqib, günü ola bilər, onda o uşağa necə analıq edə bilər? Bundan başqa əgər analıq, övladlığa götürdüyü oğlanı potensial ər kimi görürsə, bu necə sağlam ailə ola bilər?”

İslam Qadınları Alyansının sədri Touran Valimorad deyib ki, bu qanun övladlığa götürənlərdə, övladlığa götürdükləri uşaqlarla bağlı seksual arzular yarada bilər və bu, onların günah işləməsinə yol aça bilər.
XS
SM
MD
LG