Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:03

Nüvə müharibəsinin qarşısını almış sovet zabiti


Stanislav Petrov
Stanislav Petrov
.
Dan Wisniewski


1983-cü il. Sentyabrın 26-da polkovnik-leytenant Stanislav Petrov Sovet İttifaqının “Oko” erkən xəbərdarlıq peyk sistemini idarə edən moskvaətrafı bunkerdə gecə növbəsində idi və gecəyarısından az keçmiş həyəcan siqnalları çalmağa başladı.

Peyk göstərirdi ki, Birləşmiş Ştatlar Sovet İttifaqına beş ballistik raket zərbəsi endirib. Petrov BBC-yə bildirib ki, “birdən birə qarşımdakı ekran qıpqırmızı oldu. Siqnal elə bərkdən çalırdı ki, ölünü məzardan qaldırardı”.

Bundan cəmi bir-neçə həftə əvvəl, sentyabrın 1-də sovetlər Cənubi Koreyanın sərnişin təyyarəsini hərbi təyyarə ilə səhv salaraq vurmuş və aralarında bir konqresmen də olan 269 sərnişinin həyatına son qoymuşdular.

Gərginlik son dərəcə yüksək idi və heç kim Petrovu həyəcan siqnalına inanmaqda qınaya bilməzdi.

Petrov peykə niyə inanmadı?

Onun vəzifəsi həyəcanı komanda zənciri ilə yuxarıya ötürmək idi və sonra isə yəqin ki, tammiqyaslı nüvə müharibəsinə gətirib çıxaracaq əks-zərbələr olacaqdı.

Lakin o siqnalı yuxarıya ötürmədi. Sonralar deyirdi ki, ABŞ-ın cəmi beş raketlə zərbə endirməsi inandırıcı görünmürdü. Üstəlik o, təzəcə quraşdırılmış hücumdan xəbərdarlıq sisteminə etibar etmirdi. Çünki yerüstü radarlar hücumları hətta bir neçə dəqiqədən sonra belə qeydə almırdı.

“İçimdə qəribə bir hiss vardı, - deyir Petrov, - səhv etmək istəmirdim. Odur ki, qərar qəbul etdim, vəssəlam”.

Sonradan qüsurun peykdə olduğu aşkara çıxdı. Peyk buludların uclarında əks olunan günəş şüalarını raket hücumuna bənzətmişdi. Belə bir informasiyanı dəqiqləşdirməli olan kompüter proqramı da işləməmişdi.

Rəhbərləri intensiv sorğu-sualdan sonra 44 yaşlı Petrovu təriflədilər və ona hətta mükafat da vəd edilmişdi. Lakin sonradan o, lazımi yazılı raportu vermədiyinə görə töhmət almışdı.

O deyir ki, yanlış həyəcan siqnalı və erkən xəbərdarlıq sistemində sonradan tapılmış viruslar yüksək rütbəli zabitləri və alimləri pərt etmişdi. Petrov istefaya erkən getmiş və hətta əsəb sarsıntısı keçirmişdi.

Bir nəfərin müharibəsi

2006-cı ildə Petrov “fəlakəti önləməkdə roluna görə” Dünya Vətəndaşları Assosiasiyasının mükafatını almaq üçün Nyu Yorka, Birləşmiş Millətlər Təşkilatına gəlmişdi. Rusiyanın BMT nümayəndəliyinin verdiyi bəyanatda isə deyilirdi ki, “tək bir şəxsin nüvə müharibəsinə başlaması və ya onu önləməsi mümkün deyildir”.

“Heç bir şəraitdə nə Sovet İttifaqında, nə də ABŞ-da yalnız bir mənbədən alınmış informsiyanın əsasında nüvə silahlarından istifadə edilə bilməzdi. Bunun baş verməsi üçün bir neçə sistemdən: yerüstü radarlardan, erkən xəbərdarlıq peyklərindən, kəşfiyyatdan alınmış informasiyalar olmalı idi”.

Lakin bir başqaları deyirlər ki, o zaman Yuri Andropovun hakimiyyəti altında olan Kremlə ABŞ-ın gözlənilməz nüvə zərbəsi ehtimalı rahatlıq vermirdi. DTK-nın keçmiş xarici əks-kəşfiyyat başçısı Oleq Kaluqin 2003-cü ildə “The Baltimore Sun” qəzetinə müsahibəsində demişdi: “ Sovet rəhbərliyinin düşüncə tərzi təhlükəli idi. Onlar düşürdülər ki, “amerikalılar hücum edə bilərlər, gəlin, əvvəlcə biz hücum edək”.


Zülfüqar Rüfətoğlu tərcümə etdi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG