Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:08

Analoqu olmayan ölkə vətəndaşlarının Macarıstan səfəri


Budapeşt
Budapeşt
-
«TƏRCÜMƏ BURADA»

Yəqin ki, çoxunuz «Sahil» metrosu tərəflərdən keçəndə kiminsə ona «Tərcümə burada»... dediyinin şahidi olubsunuz. Həmin ətraf yarımzirzəmidə yerləşən, üstünə «Tərcümə» yazılmış balaca ofislərlə doludur. Düzü, həmişə düşünürdüm ki, görəsən, bunlar nə tərcümə edir? Sonra da öz-özümə bu qənaətə gəlirdim ki, bu qədər tərcümə yeri varsa, yəqin, tərcümə üçün material da var. Bu yaxınlarda əmin oldum ki, yanılmamışam, onların kifayət qədər materialı olur. Söhbət, təbii ki, Mopassan və ya Markiz de Sadın əsərlərini çevirməkdən getmir...

79 AVROYA AVROPAYA SƏFƏR

...Adam düşünür ki, xarici ölkə səfirlikləri olmasaydı, tərcümə biznesi bir belə çiçəklənə bilərdimi? Məncə, bilməzdi... Buna bu günlərdə Macarıstana səfərim zamanı əmin oldum...

Hər şey ondan başladı ki, yayın əvvəllərində Macarıstanın bir aviaşirkəti Budapeştə inanılmaz aşağı qiymətlərlə uçuşlar təklif etməyə başladı. Bu kampaniya çoxlarını Macarıstana səfərə çıxmağa həvəsləndirdi. Düzü, elə bizi də. Oğlumu, qızımı götürüb bir həftəlik Budapeştə getməyə qərar verdim. Bundan ötrü bir turist şirkətinə də üz tutdum. Elə problemlər də bundan sonra başladı. Özü də nə başladı... Təsəvvür edin ki, hansı sənədlər toplayacağım barədə şirkətin mənə verdiyi siyahı bir A4 vərəqinə yerləşmirdi (!). Elə bilməyin ki, mən xaricdə olmamışam, hətta deyim, çoxlarından artıq olmuşam, hətta yaşamışam da. Amma çoxdandır heç yerə çıxmadığımdan, üstəlik, uşaqlarla çıxmadığımdan məni sürprizlər gözləyirmiş...

SƏNƏDLƏR NİYƏ TƏRCÜMƏ VƏ TƏSDİQ OLUNMALIDIR?

Əvvəlcə sənədlər barədə.
Budapeşt zooparkı
Budapeşt zooparkı
Onu deyim ki, Şengen vizası üçün bu qədər sənəd tələb olunması barədə irad təkcə Macarıstan səfirliyinə aid deyil, bildiyim qədər, bütün qalanları da eyni şeyləri tələb edir. Bunun üzərində çox dayanmayacağam, məsələ onda deyil ki, biz – analoqu olmayan Azərbaycan Respublikasının vətəndaşları, analoqu olan Avropa ölkəsinə səfərə çıxanda heç bir sənəd-filan təqdim etmək istəmirik. Məntiqlə səfirliklər turistlərin onların ölkəsinə gedib orada qalmayacaqlarına əmin olmalıdırlar. İndi bu çox aktualdır. Amma icazə verin, Şengen ölkələri səfirliklərinə bircə irad bildirək: Nə sənəd istəyirlər-istəsinlər, həmin sənədin ingiliscəyə tərcüməsini və notarius təsdiqini istəməsinlər. Yetər ki, bütün sənədlərin orijinalına Azərbaycan dilini bilən bir səfirlik əməkdaşı baxıb qaytarsın (bəzən elə belə də edirlər - R.M.). Çox gülünc və alçaldıcı haldır ki, uşağın hansı məktəbdə oxuduğu barədə arayış alasan, sonra onu 7 manata (!) tərcümə etdirəsən, sonra da notariusda 7 manata təsdiqlədəsən...

...Budapeştdə bir macardan soruşdum ki, sizdən Azərbaycan səfirliyi Bakıya gəlməniz üçün belə bir sənəd istəsə, nə edərdiniz? O, heç nə anlamadı (!). Görəsən, bu şengençilər bilirmi ki, Azərbaycanda 3 cümləlik arayışın tərcümə və təsdiqi neçəyə başa gəlir? Şəxsən mənim belə mənasız tərcümə və təsdiqlərə azı 100 manatım və 3-4 gün vaxtım getdi...

ANALOQU OLAN MACARISTAN SƏFİRLİYİ

Sənədləri toplamaq qalsın bir yana, sizə həmin sənədləri Macarıstan səfirliyinə təqdim etməkdən danışım. Düzü, bir-iki nəfər xəbərdar etmişdi ki, səni ağır və məşəqqətli bir proses gözləyir, hazır ol. Fikirləşmişdim ki, birtəhər dözərəm... Yazının bu yerində üç nöqtə qoymaqla bildirmək istəyirəm ki, bu barədə yazıb o xoşagəlməz günləri yada salmaq istəməzdim.
Budapeşt muzeyi
Budapeşt muzeyi
Həmin prosesi təsəvvür etmək üçün bircə faktı diqqətinizə çatdırım: öz ölkəsinin aviaşirkətinin dempinq qiymətləri saysız insanın həmin ölkəyə axışmasına yol açsa da (səfirlik özü də hər bir vizadan 60 avro rüsum qazanır), sözügedən səfirlik sonadək iş rejimini dəyişmir və həftədə yalnız 75 adam (!) qəbul edirdi. Gecə səfirlik qarşısında yatan, pulla növbə alan, öz növbəsini itirməmək üçün hər səhər oraya tələsən Azərbaycan vətəndaşlarının halını təsəvvür etdiniz yəqin...

HƏR ŞEYƏ RƏĞMƏN GÖZƏL MACARISTAN

Məqaləni nikbin ruhda qurtarmaq istəyirəm, çünki Macarıstan səfirliyinin «qəddarlıqları» elə o torpağa ayaq basan kimi yaddan çıxdı. Əvəzində heç vaxt unudulmayacaq xatirələr yaşanmağa başlandı. Bu əsrarəngiz ölkə, onun memarlığı, qədim yerləri, zooparkı, «New York» kafesi, mağazaları və ən əsas da adamları haqqında bəlkə də 20 belə məqalə yazmaqla qurtarmaz. Bircə onu qeyd edim ki, Ramil Səfərovdan sonra Azərbaycan Macarıstanda geniş tanınıb... Bir də onu demək istərdim ki, heç vaxt ölkələrin adına aldanmayın, gəzin, görün, öyrənin sonra fikir yürüdün.

Bakı – Budapeşt – Bakı

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG