Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:55

Problemlər qarşısında aciz qalan yergüclülər...


Davudoba kəndi
Davudoba kəndi
-

Qubanın Davudoba kəndinin bir vaxtlar rayonun Yergüc kəndinin sakini Davud adlı şəxsə məxsus qışlaq yeri olduğu deyilir. Bu kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt yergüclülərin bir hissəsi bu əraziyə köçərək daimi məskunlaşıblar. Nəticədə qışlaq kəndə çevrilib. Davudoba Qubanın Hacıhüseynli inzibati ərazi vahidliyində yerləşir. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

QAZ YOX, YOL YOX, SU YOX, İŞIQ YOX

Ancaq vaxtilə yergüclülər bu məkana köç edəndə ağıllarına belə gətirməyiblər ki, problemlər qarşısında aciz qalacaqlar. Özlərinin seçdikləri bələdiyyə sədrindən bolluca şikayətçi olacaqlar. Kənd sakinləri deyirlər ki, kənddə qaz, su, işıq, yol yoxdur:

Kənd sakini Süleyman Daşdəmirov:

- 20 ildən çoxdur - Sovetdən ayrılandan bu vəziyyətə düşmüşük. Qaz yox, yol yox, su yox, işıq yox. Bizimki yaşamaq deyil, sürünməkdi.

Başqa sakinlər:

- Qışda 400-500 manat verib bir maşın odun alırıq, yenə çatmır, qışı yola verə bilmirik. Qazandığımız dərmana, həkimə gedir. İş orasındadır ki, buralara təcili yardımı da yalvara-yalvara gətiririk. Bir az yağış yağsın, gəlin görək, bu yollardan necə keçirsiz. Həkim gəlmir.

«DƏRƏBƏYİLİKDİR. YİYƏ YOXDUR»

- Bağlarımızda qolumuzu çırmalayıb iş görə bilmirik. Ev tikə bilmirik. Deyirlər, bağlarınız aeroport ərazisinə düşəcək, tikməyin, o biri deyir, boş söhbətdir, get tik. Qalmışıq ortada. Dərəbəyilikdir. Yiyə yoxdur».

Hacıhüseynli bələdiyyəsi
Hacıhüseynli bələdiyyəsi
Davudobada kəndlilərin bəzisi torpaqlarının bələdiyyə sədri tərəfindən su qiymətinə alındığını, digərləri isə uzun illərdir bələdiyyədən torpaq ala bilmədiklərini deyir. Məsələn, Əhməd Vəlixanov 18 sot torpağını bələdiyyə sədrinə satmasından danışır:

«BURDA ÖZ TORPAQLARINI BƏLƏDİYYƏ SƏDRİNƏ 20 MANATA SATANLAR ÇOXDUR»

- Dedi, artezian quyusu qazılacaq. Bu torpaqları satmalısınız mənə. 18 sot idi, sotuna 20 manat verirdi. Deyirdi, qiyməti budur. Mən də satdım. Tək mən deyiləm ki... Burda öz torpaqlarını bələdiyyə sədrinə 20 manata satanlar çoxdur.

Əliyar Məmmədkərimov isə deyir ki, torpaq almaq istəyir. Ancaq bələdiyyə sədri ondan torpağın dəyərindən çox pul istəyir:

- 800 manat vermişəm, hələ sənəd verməyib. Çünki yenə pul verməliyəm. Pul da ki, yoxdur. Gözləyirəm, pul düzəldim verim, sənədi alım.

«VERDİYİM PUL HEÇ YERDƏ QEYDİYYATDA YOXDUR VƏ TƏQSİR ÖZÜMÜZDƏDİR»

- Torpaq üçün ödədiyiniz pulu banka köçürmüsüz? Qəbz almısız?

- Təəssüflər olsun ki, yox. Verdiyim pul heç yerdə qeydiyyatda yoxdur və təqsir özümüzdədir.

Xaləddin İsayev
Xaləddin İsayev
Xaləddin İsayev:

- 2006-cı ildə bələdiyyə sədri 8 sot torpaq sahəsinə görə məndən 300 manat alıb, torpaq satdı. İndiyə qədər də sənəd vermir. Özümə də 7 ildir deyir, sənədin yoxdur, tikmə. 7 ildir sənəd üçün bələdiyyə sədrinin arxasıyca sürünürəm. Səs-küy salandan sonra srağagün gətirib mənə 7 il əvvəl ödədiyim 300 manatın qəbzini verib, deyir, gətir 1700 manat da hərraca ödə, həyətyanı sahəyə sənəd verim. Halbuki mən o sahəni alanda qiyməti elə 300 manat idi. Vaxtında sənədimi versəydi, indi artıq pul ödəməzdim».

Kənd sakini Sadıq Daşdəmirovun ürəyi lap doludur. Öz yaxın qohumu olan bələdiyyə sədrinin illərdir ki, onu torpağa görə süründürməsindən danışır:

- Baxın, görürsünüz o özülü? Oranın yerini qardaşı 3 min manata satdı. O tərəfə baxın... Ordan da 24 sot torpağı keçirtdi qardaşının adına. Bax, o çinarlıqdan bu «setka»ya kimi onlarındır. Hissə-hissə satırlar. Bu «setka»nı da özləri çəkiblər. Oğlumun biri hərbi xidmətdədir, o biri də 2 ildən sonra gedəcək. Bələdiyyə sədrindən torpaq istədim, məni iki dəfə ələ saldı. Hər dəfə başqasının yerini mənə göstərib dedi ki, bura sənindir. Sonradan sahibləri çıxdı. Məni torpaq sahibləri ilə üz-üzə qoydu.

Sadıq Daşdəmirov
Sadıq Daşdəmirov
Ədliyyə naziri Fikrət Məmmədov Xaçmazda vətəndaşları qəbul edən vaxt Sadıq Daşdəmirov da bu görüşə gedib. Bələdiyyə sədrindən giley-güzarını bildirib. Dediyinə görə, nazir torpaq probleminin tezliklə həll olunması üçün tapşırıq verib:

«BƏLƏDİYYƏ SƏDRİ HEÇ NAZİRİ DƏ SAYMIR»

- Görüş bu ilin may ayında oldu. 14 gün ərzində mənim torpaq problemim həllini tapmalı idi. Ancaq belə görünür ki, bələdiyyə sədri heç naziri də saymır».

Hacıhüseynli bələdiyyəsinin sədri Xoşbəxt Daşdəmirov isə kəndlilərin ittihamları ilə razılaşmır:

- Deyirlər, kəndlilərdən torpaqları artezian quyularının qazılması adı ilə ucuz qiymətə alırsınız...

«KİMƏM Kİ, TORPAQ ALVERİ EDİM?»

- Mən heç kəsdən torpaq almıram, heç kəsə torpaq satmıram. Torpaq hərrac yolu ilə satılır. Kiməm ki, torpaq alveri edim?

- Qardaşınızla əlbir olub, torpaqları zəbt etməyinizdən də şikayət edirlər...

- Qardaşım 90-cı illərin əvvəlində qayda-qanunla ona düşən torpaq sahəsi alıb. Biz torpaq dəllalları deyilik. O ki qaldı Sadıq Daşdəmirova, bəli, o, nazirin qəbulunda olub, məndən şikayət edib. Nazir tapşırıq verib. Mən də çağırıb ona torpaq sahəsi göstərmişəm. Təklif etmişəm ki, gətir rüsumunu ödə, torpağı götür.
XS
SM
MD
LG