Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:03

Ədliyyə nazirindən «gözütox hakim» istəyirlər


-
Ədliyyə naziri Fikrət Məmmədov Xaçmazda görüş zamanı
Ədliyyə naziri Fikrət Məmmədov Xaçmazda görüş zamanı
​Ədliyyə naziri aprelin 25-də Xaçmazda gerçəkləşdirilən qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzəndən gəlmiş azı 150 şikayətçini dinlədi.
«Burda bir hakim var- Anar İbrahimov. Ədalətsiz bir qərar çıxarıb. Apellyasiya Məhkəməsinin hakimi də onun qərarını qüvvədə saxlayıb. Vətəndaş iddia qaldırır, hakim götürüb iddiaya xitam verir. İddiaçı mənim bacımdır. İndi Ali Məhkəməyə müraciət edib. Qorxuruq ki, birdən Ali Məhkəmə də ədalətsiz qərarı qüvvədə saxlayar. Ona görə, nazirin qəbul keçirdiyini eşidincə, gəldik, ona hakimlərdən şikayətimizi bildirdik. İndi gözləyək, görək nazir nə kömək göstərəcək».
Xaçmaz sakini Məmməd Qurbanov məhkəmə və ədliyyə orqanlarında işləyənlərdən narazı qalanlardandır. O, aprelin 25-də səhər saatlarında, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rayona gəldiyini eşidər-eşitməz, qəbulun keçirildiyi Heydər Əliyev adına Mədəniyyət Evinə üz tutub. Həm də o ümidlə üz tutub ki, bəlkə nazirə ağız açandan sonra məhkəmələrin qeyri-obyektiv qərarlarının ləğvinə, ədalətin qələbəsinə nail olar.
«ŞİKAYƏT... BOYDAN YUXARI»
Nazir ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından gələnlərin təklif, rəy və şikayətlərini dinləməyə gəlsə də, eşitdiyi yalnız şikayətlər oldu. Bu şikayətlərin böyük qismi məhkəmə hakimləri və icra məmurlarındandı.
Şikayətçi Rövşən İsayev:
Nazirin qəbuluna gələn şikayətçilər
Nazirin qəbuluna gələn şikayətçilər
«Qubadan gəlmişəm. Şikayətim də Quba məhkəməsinin hakimi Füzuli Pənahovdandır. Bizim məhkəmə prosesində məhkəmə protokolunu, sübutları saxtalaşdırıb, mənim xeyrimə olan sübutları gizlədib, ədalətsiz qətnamə çıxarıblar».
Müslimət Sultanəhmədova:
«Qusardan gəlmişəm. Bir uşağım var, ikisi Qarabağ əlilidir. Torpaq islahatları vaxtı onlara 4 hektardan çox pay torpağı düşüb. Ancaq hakim əlil övladlarımın payına düşən pay torpaqlarını saxta sənədlə başqasına verib».
«GÖZÜTOX HAKİM» MƏSƏLƏSİ
Xaçmazın Şıxlar kəndindən olan Sədətxan Mustafayevə də torpaq islahatları aparılarkən pay torpağı verilib. O, iddia edir ki, 2000-ci ildə rayonun torpaq və xəritəçəkmə şöbəsi kənd bələdiyyəsi ilə birgə 73 sot torpağı saxta sənədlərlə başqa kənd sakininə satıb:
«12 ildir torpağımızın özümüzə qaytarılmasına görə məhkəmələrdəyik. İş rayon məhkəməsindən tutmuş Ali Məhkəməyədək gedib çıxıb. Ancaq heç bir hakim qanuni sənədə, dövlət aktına gözünün ucu ilə də baxmır, rüşvət alıb saxta sənədlərə üstünlük verir, istədiyi qərarı çıxarır. Qanunun aliliyinə hörmətlə yanaşmaqdansa, əvəzində qardaşımı tutub həbsə atmışdılar. Onu bir zülmlə onu həbsdən çıxara bildik ki...».
Vətəndaşlar nazirə pay torpaqları və mülki mübahisələrlə bağlı məhkəmə işlərində hakimlərin tərəflərə rüşvət mənbəyi kimi baxmasından şikayətləndilər. Onlar belə hakimlərin cəzalandırılmasını, məhkəmələrə ədalətli, prinsipial, «gözütox hakimlərin təyin olunması»nı istədilər.
«İCRA MƏMURLARI... GÖZ YUMUR»
şikayətçilər
şikayətçilər
Məhkəmə qərarlarının icra olunmamasından da şikayətlər səsləndi. Şabrandan gəlmiş 75 yaşlı Sabir Mirzəyevin sözlərinə görə, məhkəmə onun torpaq sahəsininin özəlləşdirilib qaytarılmasını təmin etsə də, bələdiyyə sədri özəlləşməyə lazım sənədləri ona verməməklə məhkəmə qətnaməsinin icrasına əngəl törədir. İcra məmurları da icradan yayınan bələdiyyə sədri barədə qanuni tədbir görmür:
«Torpağın sənədi məndə, məhkəmənin çıxardığı qətnamə də mənim xeyirmədir. Ancaq illərlə icra olunmayacaqdısa, o qətnamə nəyimə gərək idi?».
Nazir:
- Qətnaməni kim icra etməlidir?
Şikayətçi:
- Kəndin bələdiyyə sədri.
Nazir:
- Neçə vaxtdır icra olunmur?
Şikayətçi:
- 3 ildir bələdiyyəyə gedib-gəlirəm. Bələdiyyə sədri qətnaməyə heç gözünün ucu ilə də baxmır.
Nazir:
- Mən bu işi nəzarətə götürürəm. Xanlar müəllimin (Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalov nəzərdə tutulur –C.M.) özü də yanımda oturub, ona da tapşırıram ki, sizin məsələniz tezliklə həllini tapsın.
Şikayətçi (əlində tutmuş məktubları nazirə uzadır):
- Mən Xanlar müəllimə çoxlu məktub yazmışam. Ondan da mənə iki cavab məktubu gəlib. Ancaq neyləmək olar ki, indiki zamanda düz söz deyənə yaxşı gözlə baxmırlar.
Nazir günboyu azı 150 şikayətçini dinlədi, qeydlər apardı, məmurlara tapşırıqlar verdi. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzəndən gəlmiş şikayətçilər problemlərinin həlli ümidi ilə nazirdən ayrıldılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG