Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:55

Aslan Quliyev. Qədim əşyalar


Aslan Quliyev
Aslan Quliyev
-

...- Vor zakondu?

- Şairdi, - dedim.

- Vor zakonların şairi olur?..



Aslan Quliyev


QƏDİM ƏŞYALAR

(Hekayə)

Qədim əşyalar görəndə qanım cuşə gəlir, özümü idarə eləyə bilmirəm, sözün əsl mənasında idarə olunmaz birisinə çevrilirəm.

Bu əşyaların təsiri altında olanda mənə nəsə demək, nəyisə anlatmağa cəhd eləmək, xüsusi ilə də hansısa dəyərli məsləhətləri vermək mənasız işdir.

Bir dəfə otaqda oturub romanın sonluğu haqda düşünürdüm. Qəhrəmanı necə öldürəcəyimi bilmirdim, daha doğrusu bilirdim, amma bu ölümün mənalı, romantik olmasını istəyirdim. Bilmirdim bıçaqla öldürüm, alnının ortasına iki güllə sıxım, ya onu intihara məcbur eləyim. Qəhrəman çıxılmaz vəziyyətdəydi, mənim əlimdən qurtara bilməyəcəyini başa düşürdü, amma di gəl, ölmək də istəmirdi.

Qapı açıldı və Rəcəb hay-küylə içəri girdi. Romanın, xüsusi ilə də sonluğun anasını ağlatmağı bir yana, hələ bir əcaib sual da verdi.

- 720 manatın var?

- Nə qədər? – ağzım açıla qaldı.

Romanın anasını ağlatmağı mənə bunca təsir eləməmişdi, amma sualı təsir elədi. Adam 720 manat nə olan şeydir, mən son dəfə bu qədər pulu nə vaxt bir yerdə gördüyümü xatırlamıram.

Rəcəbsə eşitmək belə istəmir. Sən bir tərpən, silkələn, axtar. Tərpəndim, silkələndim, axtardım. Stolun üstünə yığılan pulları saydıq, cəmisi 300 manat tapılmışdı. Rəcəb əsdi, coşdu, ürəyini tutub yerində fırlandı. Sonda 420 manatı özü tapdı. Mən dörd ədəd blank doldurdum, Rəcəbin məsləhəti ilə bu blankları dörd adama payladım.

Otur gözlə, sənə pul göndərəcəklər, Rəcəb dedi.

Oturub mənə nə vaxt pul göndərəcəklərini gözləməyə başladım.

Amma kiminsə mənə pul göndərəcəyinə inanmırdım, 300 manatdan sonsuz təəssüflə, Rəcəbin 420 manatından sonsuz sevinclə əlimi üzmüşdüm.

Di gəl, möcüzə baş verməyə başladı. Rabitə şöbəsindən zəng eləyib tanımadığım adamların mənə pul göndərdiklərini dedilər. Allah, Allah! Bu şöbədə işləyənlərin nə qədər məlahətli, şirin, musiqili səsləri vardı! Sənə zəng eləyirlər, dəstəyi qaldırırsan, musiqili bir səs sənə musiqisi sümüklərinə düşən xəbəri verir. Sənə pul göndəriblər! Az qala hər gün rabitə şöbəsinə gedir, müxtəlif adamların ünvanıma göndərdikləri pulları alırdım. Yeddi min manat gəldi və pulların arası kəsildi.

Daha mənə rabitə şöbəsindən zəng eləmirdilər. Özüm zəng eləyəsi oldum. Allah, Allah! Rabitə şöbəsində işləyənlərin nə qədər zəhlətökən səsləri var imiş! Sən zəng eləyirsən və cırıltılı səs də sənə heç kimin pul göndərmədiyini deyir. Hələ bir sırtıqlıqla soruşur da, nəyə görə də sənə pul göndərməlidilər?

Amma yeddi min manat az pul deyildi, alababat bir ev tikə bilərdim. Mənsə pulun hamısını verib üzərlərinə «zoloto», «serebro», «bronza» yazılmış 27 ədəd Tulada istehsal olunmuş rus samovarı aldım. Pul üçün zərrəcə də heyfislənmirdim, bu yazılar samovarların qızıl, gümüş olması anlamına gəlirdi və az qala özümü Azərbaycanın ən varlı adamı hesab eləyirdim.

Kirayədə qalırdıq, kitablara çətinliklə yer tapılırdı, bu tərəfdən də samovarlar. Evdə addım atmağa yer yox idi. Günü kitablar və samovarlar haqda mövzularla qarşılayır, bu mövzularla da yola salırdıq.

Samovarların üzərindəki yazıların bu samovarların hansısa müsabiqələrdə qızıl və gümüş medallara layiq görüldüyü anlamına gəldiyini öyrənəndə isə təpəmdən tüstü qalxdı. Dilimizin naqisliyi haqda deyilənlərlə əsla barışmıram, amma o andakı vəziyyətimi ifadə eləyə bilmək üçün də söz tapa bilmirəm. Bu günə qədər heç yadıma da düşməyən 7 min manat mənə əzab verməyə başlamışdı. Cızdağımı çıxardırdı.
Hirsləndim. Samovarları dost-tanışa payladım, qalan iyirmi ədədini isə İrana mal daşıyan alverçiyə verdim, o da mənim üçün bir kisə İran çayı gətirdi. Evdə razı qalmışdılar, mənsə bir müddət ümumiyyətlə çay içə bilmədim. Düşünəndə ki, dünyanın ən bahalı çayını içirəm, necə də içəsən?

Bir dəfə sonuncu pullarımı verib İçəri şəhərdəki dükandan bürünc bakal aldım. Hər dəfə bu bakala baxanda qəlbim şiddətlə çırpınırdı. Tərslikdən bakala baxanda qohumumun qəlbi daha şiddətlə çırpınmağa başladı. Bakalı ona bağışlamalı oldum, amma bu zaman qəlbim şiddətlə çırpınıb eləmirdi, sadəcə çırpınmırdı, qısası dayanmışdı.

Üzərində fars əlifbası ilə iki misra yazılmış, gözəl naxış və haşiyələrlə bəzədilmiş gözəl bir camı çox ucuz qiymətə alanda sevincimin sonu yox idi. Dağlardan gətirdiyim üstü mamırlı daşı və camı yazı stolumun üstünə qoymuşdum, yazıb yorulanda belimi kresloya söykəyir, daşa və cama bir xeyli baxırdım. Baxdıqca da əsəblərim dincəlir, yorğunluğum çıxırdı. Mamırlar solmasın deyə daşın üzərinə tez-tez su çiləyirdim, amma mamırlar soldu. Daşa gözəllik verən mamırlar imiş. Bozarıb əcaib görkəm aldı, daşı atmalı oldum.

Mən fars əlifbasını oxuya bilmirdim, İrandan gələn qohumum camın üzərindəki misraları oxudu və tərcümə elədi. Nizaminin iki misralıq beyti imiş. Mən qulaq asdıqca göz yaşlarımı saxlaya bilmirdim. Nə şairlər var imiş, bunca sirli, sehirli misralar yazırmışlar! Camı qohumuma bağışladım, onsuz da yazısını oxuya bilmirdim.
Çoxlu sərinclər, mis kasalar, camlar alası oldum. Alır, sonra kimə gəldi bağışlayır, satır, ya da bu evdən o evə köçəndə itirirdim.

Bir dəfə Bakıda köhnə və tozlu bağda gəzəndə əsasən yaşlı rusların səkilərin üzərinə ev əşyaları, kitablar düzüb satdıqlarını gördüm. Başına yun parça bağlamış, dəniz suyu kimi mavi gözlərini ağacların yarpaqlı budaqları arasından gözləri kimi mavi səmaya dikmiş rus qarısını gördüm. Taxta üzərində Novqorodun 850 illiyinə həsr olunmuş döymə rəsm əsəri satırdı.

- Neçəyə satırsan? – soruşdum.

- Bir manata, - üzümə baxmadan dedi, ona bir manat verəcəyimə ümidi yox idi.

Beş manat verib aldım. Qarı borclu qalmaq istəmir, iki ədəd fincan vermək istəyirdi.

Almadım. Fincanlar saralmışdı. Həm də qədim deyildilər, divarlarından ikonalar asılan, pəncərə taxtaları rütubətdən qaralmış rus evlərinin qoxusunu verirdilər.

Yenidən həmən bağa gəldim. Qarı şamdan satırdı. Üç şamlıq mis şamdan idi, ortasında hansısa filosofun rəsmi həkk olunmuşdu. Biz bayram süfrəsində həmişə şam yandırırq. Şamdan yerinə düşdü. Bu bayram şamları qədim şamdanda yandıracaqdıq.

- Neçəyədi? – qarıdan soruşdum.

- Üç manata, - mavi gözlərini mavi səmadan çəkmədən dedi.

Beş manat verdim, amma qarı artıq pul almaqdan qəti imtina elədi. Hələ keçən dəfə səndən xəcalətli qalmışam, dedi.

Evdə şamdana şübhə ilə baxdılar.

- Bu nədir? – yoldaşım sakitcə soruşdu.

- Bu şamdandır, - sakitcə cavab verdim.

- Şamdan sənin nəyinə lazımdır?

- Unutdun? – söhbət sakit məcrada davam eləyirdi. – Biz bayramda süfrədə şam yandırırıq.

- Unutmamışam, - yoldaşım başını yırğaladı, - amma sən deyəsən bizim beş nəfər olduğumuzu unudubsan.

Düz deyirdi. Süfrədə beş şam yandırırdıq. Şamın üçünü şamdanda, ikisini süfrədə yandırmaq alınası şey deyildi.

İndi necə olsun? Şamdan alınmışdı, amma istifadə olunmayacaqdı.

Sonra qarıdan gözəl bir külqabı aldım. Düşündüm, bir halda külqabı varsa, niyə siqaret çəkməyim? Bir qutu siqaret də aldım. Di gəl, cavanlıqdan siqaret çəkə bilməmişəm, tütünün iyinə dözümüm yoxdur. Bir dəfə uşaqlıqda kənd qızlarının tütünü saplardan asıb qurutduqları uzun saraya girdim. Saraydan çıxanda göyərmişdim, başım hərlənirdi. Özümə gəlmək üçün sarayın qabağındakı çəmənlikdə bir xeyli oturası oldum. Siqareti əlimə götürən kimi yenidən gözümün önünə o uzun saray, sarayın qabağındakı yaşıl çəmənlik gəldi. Qutunu açaramsa, yenə göyərəcəyimi başa düşdüm. Siqareti Yardımlı küçələrini söküb dağıdan fəhlələrə bağışladım.

İndi necə olsun? Külqabı alınmışdı, amma istifadə olunmurdu.

Tərslikdən bizə gələnlər, qonaqlarım siqaret çəkməyənlər olurdu. Qardaşlarımın da siqaret çəkəni yox idi, bircə Zakir çəkirdi, o da tərgitmişdi. Bizə gələndə mən hər halda ümidlə soruşdum:

- Sənin ciddi fikrindir?

- Nə? – məni heyrətlə süzdü.

- Siqareti tərgirtmək.

- Ciddidir, - dedi, - bəs səncə necə olsun, bəlkə tərgitməyim?

Cavab verə bilmədim, mənim külqabım nəhayət bir işə yarasın deyə ona yenidən siqaret çəkməyi təklif eləyə bilməzdim.

Zakir böyük qardaşımızdı, kənddə olanda böyük qardaşlıq vəzifəsini ləyaqətlə, vicdanla yerinə yetirirdi. Fikrətlə məni həftədə azından üç-dörd dəfə əzişdirirdi. Döyməyə başladımı, yoruluncaya qədər döyməliydi, yalnız əlini qaldırmağa taqəti olmayandan sonra əl çəkirdi. Mən yenə az-çox müqavimət göstərirdim, amma Fikrət elə ilk dəqiqələrdən təmiz nokauta düşürdü. Borcunu təkcə vicdanla yox, həm də məharətlə yerinə yetirirdi. Əllərini görmək olmurdu. Bizi döyməkdə elə təcrübə qazanmış, ustalaşmışdı, o vaxtlar qapalı ölkədə yaşadığımız üçün təəssüflənirəm. İndiki vaxt olsaydı, qaydasız döyüşlər üzrə yarışlara gedərdi, birinci yeri də tutmasaydı, medalla qayıdacağı şübhəsizdi. Ölkənin üzünü ağ eləyərdi. Çoxlarının ölkənin üzünün qaraltmaqla məşğul olduqları bir vaxtda birilərinin Yardımlı dağlarından gəlib ölkənin üzünü ağartmaq cəhdində bulunması təqdirə layiq iş olardı.

O illərin xofu hələ də qəlbimdəydi, dərinə getmədim, sən də siqareti tərgitməyə vaxt tapdın, deyə bilmədim.

İbrahim gələndə sevindim, buyur, bu da sənə lazımsız külqabı, nəhayət kara gəlmişdi. Amma tərs kimi İbrahim siqareti həyətdə çəkirdi. Sübhdən oyanıb bostana gedəndə onu yuxarıdakı qayalıqlarda, qaratikan kollarının arasında siqaret çəkən gördüm. Neyləmək olardı? Hər halda külqabını aparıb otların içndə qoya və külü bura çırp, deyə bilməzdim.

Doğrudur, evdə işləyən ustalar siqaret çəkirdilər, onları da özüm həyətə göndərirdim, elə siqaretlər çəkirdilər ki, onlar gedəndən bir müddət sonra da həyət-baca, ağaclar, daşlar, otlar belə kifləmiş tütün qoxusu verirdi.

Daha sonra qədim bir nal aldım, yoldaşımın sakitcə verdiyi: «bu nədi» sualına, sakitcə «naldı» deyə cavab verə bilsəm də, «nal sənin nəyinə lazımdı» sualına, nə sakit, nə də ucadan cavab verə bilmədim. Doğrudan hə, nal mənim nəyimə lazım idi?
Nal da istifadə olunmadan bir küncə atıldı.

Yeseninin taxta üzərindəki döymə rəsmini də aldım.

Rəsmi divardan asmaq üçün usta çağırdım. Usta elektrik burğusunu qoşdu, şəklə baxıb soruşdu.

- Vor zakondu?

- Şairdi, - dedim.

- Vor zakonların şairi olur?

- Sənə onun vor zakon olduğunu kim dedi?

- Mən oxşatdım.

- Mən də səni birilərinə oxşadıram! – hirslə dedim. – Amma kimə oxşadığını demədim. Sənsə oxşadan kimi dilini dinc saxlamırsan.

Usta divarı deşdi, mıx vurdu, şəkli asdıq. Rəhim Əliyev gələndə salondan palıd çərçivələrdə asılmış rəsm əsərlərinə, Yeseninin rəsminə baxıb, evdə rus ab-havası yaradıbsan, dedi. Düzü rəsm əsərlərinin ancaq rus rəssamlarının olduğunun fərqinə varmamışdım. Azmış, hələ bir Yesenin də qüssəli baxışları ilə divardan bizə baxırdı.
Qarının satdığı büllur, rəngli çex güldanını görəndə də özümü saxlaya bilmədim. Həm də qarı ilk dəfə idi ki, satdığı qədim əşya üçün baha qiymət tələb eləyirdi, on manat.
Güldanı alası oldum, Əlabbas baxıb, bundan bizdə bir maşın var idi, dedi, aparıb dərəyə atdıq. Mən düşündüm, bilet alıb Naxçıvana uçmağa dəyərmi? Amma güldanların hələ də Naxçıvan dərəsində qaldıqlarına şübhəm var idi. O cümlədən Əlabbasın bir maşın güldanı dərəyə atdığına da.

Evə gəldim. Elə kandardan məlum sual məni qarşıladı:

- Bu nədir?

- Bu güldandır, - cavab verməli oldum.

- Güldan sənin nəyinə lazımdır?

- Adından bəlli, - dedim. – Gül üçündür. Gül qoyacağıq. Beş gül də qoymaq olar, hələ çox da.

Tutarlı cavab idi, amma bizim evdə bu kimi tutarlı cavablara heç də bundan az tutarlı olmayan cavablar verməyi bacaranlar var idi. «Daha bu güldandan heç kimin evində yoxdur».

Bu dəfə isə cavab alınmadı, tam əksinə, mən buna sevindim. Hamıda olsaydı, nəyimə lazımmış? Heç kimdə yoxdusa, bizdə olmağı əlaydı. Bircə Əlabbasgildə varmış, onlar da dərəyə atmışdılar.

Sonra gümüş stəkan altlığı aldım. İndi mən çayı gümüş altlığı olan stəkandan içirdim. Amma qənd qabı ürəyimcə deyildi.

Yenə bağa getmişdim. Yenə qarı mavi gözlərini ağacların təzəcə yarpaqlayan budaqları arasından mavi səmaya dikmişdi. İlahi, bu baxışlarda nə qədər qüssə var idi. Bir vaxtlar rus səsləri, gülüşləri uçuşan bu bağda yəqin qarı özünü tənha və yad hiss eləyirdi. Gəncliyində çox gözəl olduğu şübhəsizdi, neçə oğlanın qəlbinə od saldığı da. Neçəsini sevmiş, ya da neçəsi onu sevmişdi. Bu tale. İndisə tüstülü və tozlu şəhərin tozlu bağında qədim əşyalar satırdı.

Həm də bu dəfə qənd qabı satırdı. İki manat verib qəndqabını da aldım.

Buyur, yazı stolunun arxasında oturmuşam, gümüş altlığı olan stəkanda çay buğlanır, gümüş qəndqabıdakı konfetlər rəngbərəngdir, pəncərədən düşən günəş şəfəqlərinin altında göy qurşağı kimi rəngdən–rəngə çalan büllur gülqabıda rayondan gətirdiyim yasəmənlər daha gözəl görünür. Çay buğlanır, mənsə oturub düşünürəm.

Dostum bizə gəldi, oturub çay içirik, mənim gümüş altlıqlı stəkanda, özününsə adi stəkanda çay içdiyini qüruruna yedizdirə bilmir. Ax, bu məğrur insanlar! Onu başa düşürəm, deyirəm, narahat olma, qarı nə vaxtsa gümüş stəkan altlığı satarsa, mən qonaqlarla eyni səviyyədə çay içmək haqda düşünərəm.

- Hansı qarı? – bu isə gözlərini bərəldir.

- Bağdakı, - deyirəm.

- Qarı?

- Hə, - deyirəm, - rus qarısı.

Mən bunu düşünürəm, bu isə inciyir.

Deyir:

- Sən bu köhnə əşyalar kimi köhnəlibsən.

Köhnəlməmişəm, amma ömür qüruba gedir.

Yaşadığım bu ömürdə də sevdiklərimi, sona qədər sevdim.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG