Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:58

Balıq və qoyun (Aslan Quliyevdən yeni hekayə)


Aslan Quliyev
Aslan Quliyev
-

Soğanı başının üstündən arxaya atır və gözlənilmədən qolaylanıb məni vurmaq istəyir, zərbədən yayınır, alnının ortasından var gücümlə bir yumruq vururam. Havaya sıçrayır, bir anlığa havadaca donub qalır...


Aslan Quliyev


BALIQ VƏ QOYUN

(hekayə)


Torpaq günəşin altındadır, daşların arasından yovşanlar və göy otlar boylanır. Mən ona deyirəm bütün torpaqlar günəşin altındadır, çoxunda da yovşanlar və göy otlar bitir.

Deyir, elədir, amma bütün torpaqlardan dəniz görünmür.

Şəhər də.

Mən günəşin altındakı yovşanlı torpağı axtarmağa gedirəm.

***

Bu torpağı tapıram. Dediyi kimidir, günəşin altındadır, yovşanla və göy otlarla örtülüb, ortasından heyvanların və insanların açdığı cığır uzanır. Burda küləklər əsir, otların və yovşanların üzərində günəş şüası oynaşır, daşlar yaşıl rəngə çalır.

Adam yovşanlıqda dayanıb, əlində soğan var, başa düşmürəm, soğan onun nəyinə lazımdır. Düşünürəm, yəqin qoxuyub, soğan qoxusuyla öz qoxularını ört-basdır eləmək istəyir.

Səni bağırdaram, başımın üzərindən harasa uzaqlara baxaraq deyir və mən dəqiqləşdirə bilmirəm, o məhz kimi və ya nəyi bağırtmaq istəyir, məni, ya soğanı?

Nə sualına cavab verən soğanın fiziki olaraq bağırmaq qabiliyyəti yoxdur, yoxdursa, bağırda bilməzsən, lap nə qədər istəsən də. Beləcə söhbətin məndən getdiyini aydınlaşdırıram.

- Bağırda bilərsən? – soruşuram.

- Bilərəm! – qətiyyətlə deyir.

- Əminsən?

- Əminəm! – eyni qətiyyətlə deyir.

Soğanı başının üstündən arxaya atır və gözlənilmədən qolaylanıb məni vurmaq istəyir, zərbədən yayınır, alnının ortasından var gücümlə bir yumruq vururam. Havaya sıçrayır, bir anlığa havadaca donub qalır, baxışlarında inamsızlıq ifadəsi var, amma havada qərar tuta bilmir, arxası üstə yerə dəyir. Əl atıb yovşanlardan yapışır, yovşanlar əlində qalır, yolunan yovşanların kəsif qoxusu günəşin qızdırdığı torpağın qoxusuna qarışır. Yumalanıb bir qədər gedir və nəhayət daşlara toxunub dayanır, amma hələ ayağa qalxmağa taqəti yoxdur. Üzündə-gözündə günəş şüasıyla kölgə bir-birini qovur, qollarını yana açıb.

Ona yaxınlaşıram. O, nəfəsini dərir, boğazını qıdıqlayan yovşanları kənara verib deyir, bu dəfə mütləq bağırdacağam, qoy bir az güc toplayım, özümə gəlim, ayağa qalxıb bağırdacağam. Şübhə ilə baxdığımı görüb qətiyyətlə əlavə eləyir.

- Bağırdacağam!

- Əminsən?

- Əminəm!

Dayanıb gözləyirəm, ayağa qalxır, üst-başının çör-çöpünü çırpır, dağılan saçlarını arxaya verir və yenidən məni vurmaq üçün qolaylanır, amma bu dəfə də bircə yumruq zərbəsi ilə onu yerə sərirəm. Başı yovşanlığın içinə elə girib, gözlərini güclə seçə bilirəm. Güclə seçə bildiyim gözlərində buludsuz, yorğun və mavi səma əks olunub. Deyir, tələsmə, qoy nəfəsimi dərim, güc toplayım, ayağa qalxıb səni mütləq bağırdacağam.

Onun yanında otururam. Nəfəsini dərəcək, güc toplayacaq, ayağa qalxacaqsan, ancaq bağırda bilməyəcəksən, deyirəm. Sənin əcdadların çöllərdə qoyun otarıblar, qoyunu geyiblər, qoyun yeyiblər və ölüblər. Ona görə də sən heç vaxt məni bağırda bilməzsən. Bir tərəfin qoyuna bağlıdır, genində qoyun geni olduğu üçün sən bunca adi həqiqəti başa düşə bilmirsən.

Bu isə gözlərini bərəldir, əcdadlarının qoyunu necə geymələri ona çatmayıb. Izah eləməli oluram. Əcdadların qoyun yunundan özləri üçün qalın yun corablar, qalın köynəklər toxuyurmuşlar, uzun tüklü qoyun dərilərini aşılayar, kürk, çoban papağı, çarıq tikərmişlər. Bu da oldu qoyunu geymək.

Razılaşmır, çarığı camış gönündən tikdiklərini deyir, amma qoyun dərisinin camış gönü ilə əvəz olunması kimi əhəmiyyətsiz detal onun əcdadları haqqındakı fikrimi dəyişmir. O cümlədən özü haqqındakı fikrimi də.

Bəs sənin əcdadların neyləyiblər, soruşur, olmaya dəvə otarıb, dəvə geyib, dəvələri yeyib ölüblər. Yox, deyirəm, mənim əcdadlarım dənizçi olublar, bizim kökümüz dənizə bağlıdır, biz nə dənizin, nə də balığın qayğısına qalmamışıq, əcdadlarım dənizlərdə balıq otarmayıblar, çünki istəsən də balıqları otara bilməzsən. Özləri dənizdə dolaşır, özləri yeyir, dənizdə yatırlar. Bəlkə də yatmırlar, orasını dəqiq bilmirəm. Qoyunlardan fərqli olaraq balıqları istəsən də qoruya, otara bilməzsən. Çünki onlara hücum eləyən yırtıcılar insandan güclüdülər və insan balıqları otarır deyə hansısa bir köpək balığı balıq sürüsünə hücum eləməməyi ağlına da gətirməz. Əksinə, insanı da balıq qarışıq yeyər. Bu səbəbdən də əcdadlarım dənizin onlara hədiyyə elədiyi balıqları yeyib ölüblər. O vaxtdan da bizim adamlarımız, evlərimiz, hətta ağaclarımız, otlarımız da dəniz və balıq qoxusu verir. Balıq yediyimizə görə gözümüz yaxşı görür, şüurumuz aydındır, qolumuz da güclü. Sənsə bütün bu sadaladığım atributlarınla birlikdə qoyun iyi verirsən.

Gör nəylə fəxr eləyir, deyir, balıq iyi verməyi ilə. Mənə qalarsa balıq iyi qoyun iyindən də iyrəncdir. Səninkilər nəinki balıq yeyərmişlər, hətta gecələr torpaq daxmalarını da balıq yağı tökdükləri çıraqlarla işıqlandırarmışlar. Belə çıraqlar yananda isə dənizlərdən dənizlərə qədər iyrənc balıq qoxusu yayılarmış. Əgər seçim qarşısında qalaramsa, heç fikirləşmədən qoyun qoxusuna üstünlük verərəm.

Balıq yağını hardan uydurdun, ona irad tuturam, o lap keçmişlərdə olub. Insanlar neftin nə olduğunu biləndən sonra çıraqlarında balıq yağı yandırmağa bir dəfəlik son qoyublar.

- Bəs nə geyiblər? – hirslə soruşur.

- Qoyunları.

- Demək, sənin əcdadların mənim əcdadlarımdan asılı olublar.

Etiraz eləyirəm, səninkilər daha çox asılı olublar, balıq almaq üçün babalarımın yanına gələrmişlər. Çünki balıq yeməyəndə onsuz da az olan ağılları lap azalar, gözlərininin nuru itər, beyinləri bürüşərmiş. Onlar balıq əldə eləmək üçün xüsusi əlamət gözləyərmişlər. Ümumiyyətlə, dənizlərdən kənarlarda səhralarda, düzənliklərdə, dağlarda qoyunlarını otaran tayfalar gözləri qıyılmağa, yumulmağa başladımı, ağılları çaşdımı, başa düşərmişlər, balıq yeməyin vaxtı çatıb. Özləriylə aşılanmış qoyun dəriləri, Iran şahlarının xəzinəsində basılan qızıllar, yolda içməyə şirin su və yeməyə lavaş götürər, arabalarla dənizlərə doğru yol başlayarmışlar. Bir qitədən digər qitəyə uçan köçəri quşlar kimi dənizlərə gedən yolu instiktlə, fəhmlə müəyyən elərmişlər. Bəzən balıq yeməyin vaxtını çox keçirdiklərindən beyinləri qaydasınca işləməz, dənizin yolunu itirərmişlər. Qarşılarına çıxan yolçulardan soruşarmışlar.

- Dəniz hardadır?

- Hər yerdə, - yolçular cavab verərmişlər, - şimalda da, cənubda da, şərqdə də. Bircə qərbə getməyin. Elə gedin günəş üzünüzü yalnız sağ tərəfdən işıqlandırsın. Onda tezliklə dənizə çatarsınız.

Belə də eləyərmişlər. Yollarına davam eləyərmişlər, günəş üzlərini yalnız sağ tərəfdən işıqlandırarmış və tezliklə dənizə, sahildəki balıqçı qəsəbəsinə çatarmışlar. Gətirdiklərini verər, duzlanmış, hisə verilmiş balıqlar alıb arabalara yükləyər, öz çöllərinə qayıdarmışlar. Təzə balıq almazlarmışlar, çünki balığı necə saxlamaq haqda anlayışları yox imiş, əvvəllər naşılıq eləyib aldıqları təzə balıqlar heç dənizdən aralanmamış qoxuyar, qoxusundan baş çatlayarmış.

- Demək, qoyun yaxşıymış, - yerindən dikəlib deyir.

- Nəyə görə?

- Hara aparırsan apar, qoxumayacaq.

- Balıq quruda yaşaya bilmir, qoyun da suda. Sən qoyunu da suyla aparsan, heç qurudan aralanmamış qoxuyacaq.

- Mən nəyə görə də qoyunu suyla aparmalıymışam?

Burda söhbəti dolaşdırıram, üstünlük onun tərəfindədir, desəm qoyunu da öldürüb aparsan qoxuyacaq, adam heç şübhəsiz soruşacaq, qoyunu nəyə görə öldürməliyəm? Sadəcə balıq özü sudan çölə atılan kimi ölürdü, onu heç kim öldürmürdü. Bir sözlə balıqla qoyunun digər məsafələrə nəql edilməsi məsələsində üstünlük qoyunların tərəfindəydi.

Demək, sənin babaların müftəxor olublar, təntənə ilə deyir, əllərini ağdan-qaraya vurmayıblar, dənizin hazır balığına sahib çıxıblar. Mənim babalarım isə qoyunları saxlamaq, otarmaq üçün it əziyyəti çəkiblər, öz əməklərinin bəhrəsini görüblər.

Qoyun olduğunu dərhal biruzə verdin, hirslə deyirəm, düzdü, mənim əcdadlarım dənizlərdə balıq otarmayıblar, sadəcə su keçirməyən ağacların taxtalarından yonub hazırladıqları qayıqlarla açıq dənizə çıxıb, tor atıb, balıq tutublar. Sən elə bilirsən balıq tutmaq asanmı olub? Olmaya elə zənn eləyirsən balıqlar öz xoşlarına gəlib giriblər onların atdığı torlara? Əsl it zülmü balıqçılıq olub, həm də təhlükəli olub, mənim əcdadlarımın quruda nə qədər qəbirləri varsa, sularda da o qədər qəbirləri var.

- O qəbirlərin harda olduğunu bilirsiniz? – heyrətlə soruşur.

- Biz bilmirik, amma dəniz bilir.

- Bəs sudakı qəbirlərinizin üzərində bayramda necə şam yandırırsız?

- Suda nə qədər qəbrimiz varsa, o qədər də şam yandırıb dənizə atırıq, dalğalar şamları aparırlar qəbirlərin üstünə.

- Boş sözdü. Yanan şamı dənizə atan kimi sönəcək.

- Orası bizi maraqlandırmaz, biz şamımızı yandırırıq. Dəniz və dalğalar şamları neynəyəcək, öz işləridi.

Günəş şüası yovşanların üzərindən hoppanıb cığırın kənarındakı daşların üzərinə düşür. Rütubətdən yaşıl rəngə çalan daşların sifəti işıqlanır, yovşanlar hamısı birdən günəş şüasına doğru əyilirlər. Adam dikəlib oturur, daşların üzərinə düşən şüanın qabağını kəsir.

Sən qarışdırdın, deyir, bir halda mənim əcdadlarım dənizlərə yol başlayıb sənin balıqçı əcdadlarından arabalarla balıq alıb öz torpaqlarına aparıblarsa, demək, onlar da balıq yeyiblər. Sən onlara şüursuz deyə bilməzsən.

Deyə bilərəm, sakitcə izah eləyirəm, çünki sənin əcdadların balıqdan şüurları qaydaya düşəcək qədər yeməyiblər. Balığı yalnız gözləri sona qədər yumulmasın, beyinləri bürüşüb qurumasın deyə yeyirmişlər. Çoxusuna uzaq dənizlərdən gətirlən balıqdan çatmazmış, o zavallıların da gözləri yumular, beyinləri quruyarmış. Yunlu qoyun dərilərinə bürünərək titr-tir əsərmişlər, amma qoyun dəriləri onları labüd ölümdən xilas eləyə bilməzmiş, ağrılar içində ölərmişlər. Bax, sənin də gözlərin yumulmaq üzrədir, tez özünü dənizə çatdır, gözlərinə nur gələnə qədər balıq ye. Yoxsa sən də ağrılar içində qıvrılıb öləcəksən.

Boş şeydir, etinasız halda deyir, gözlərimə heç nə olmayıb. Sadəcə günəşə görə gözlərimi qıymışam. Sonra da mənə tərəf dönür.

- Onda belə çıxır balıqla qoyun üz-üzədir?

- Elə çıxmır, - başımı yırğalayıram. - Balıq yeyənlə qoyun yeyən üz-üzədir.

- Qoyun yeyən də balıq yeyəni bağırtmalıdır, - özünə təsəlli vermək üçün dediyi sözlərdən sifəti işıqlanır.

Onu başa salmağa cəhd eləyirəm, deyirəm, bağırda bilməyəcək, çünki tarixən bağırda bilməyiblər, sənsə qoyun olduğun üçün tarixi bilmirsən. Yəni dənizdən gələnlər quruya çıxıb ordakıları bağırdıblar, daha qurudakılar dənizlərə hücum eləyib ordakıları bağırtmayıblar. Burda sən kimsəni bağırda bilməyəcəksən, özün bağıracaqsan. Çıx get öz əcdadlarının torpaqlarına, öz torpaqlarına sahib çıx.

- Gedə bilmərəm, - qüssə ilə deyir.

- Niyə?

- Yoxdular.

- Kim və ya nə? Əcdadların, ya torpaqların?

- Hər ikisi.

- Nec olublar?

- Əcdadlarım torpağın altındadır, torpağın üstünü isə sənin kimi güclülər alıblar.

Ayağa qalxır, daha mənim üstümə atılmaq fikri yoxdu, gözünün odunu almışam. Ona bu torpaqlardan pay çatmayacağını başa düşüb.

Əcdadlarını və torpaqlarını itirmiş adam yovşanlı çöllə başını aşağı salaraq çıxıb gedir.

***

Günəşin altındakı torpaqda yovşanlar titrəşir, günəş qalxdıqca yovşan qoxusu daha kəskin hiss olunur.

Burdan dəniz görünür.

Şəhər də.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG