Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:33

Boris Berezovsky vəfat edib - Yenilənib


Boris Berezovsky
Boris Berezovsky
-
Uzun müddətdir Londonda mühacirətdə yaşayan və Kremlin sərt tənqidçilərindən sayılan Boris Berezovsky vəfat edib. Martın 23-də 67 yaşlı rus oliqarxının meyidi London yaxınlığındakı evində aşkar edilib

MÜTƏXƏSSİSLƏR ARAŞDIRMA APARIR

Şənbə günü evinin hamamında ölü tapılan Boris Berezovskynin evinin ətrafı radiasiya üzrə mütəxəssislər tərəfindən tədqiq edilir.

France-Press Agentliyinin Temza vadisinin polisinə istinadən verdiyi məlumata görə, hazırda evdə kimyəvi, bioloji, radioaktiv və nüvə materialları ilə iş üzrə qrupun (CBRN) ekspertləri tətqiqat aparır.

Bu tədbir ölümün baş vermə səbəblərinin əsaslı istintaqının aparılması üçün lazımdır.

Rusiyalı iş adamı və siyasətçisi Boris Berezovskynin cəsədi hələdə Londondan 40 km qərbdə yerləşən Ascot kəndindəki evində qalmaqdadır.

MEYİDİ EVİNİN HAMAMINDA TAPILIB

Yerli media onun meyidinin evinin hamamında tapıldığını yazır.

Berezovsky Sovet ittifaqının dağılmasından sonra dövlət əmlakının özəlləşdirilməsi ilə varlanan və Rusiyada oliqarxlar adlandırılan zəngin iş adamlarından biri idi.

MAŞIN AL-VERİ EDİRDİ, MİLYARDER OLDU

1990-cı illərdə maşın al-veri edən Berezovsky əsas sərəvtini Sibneft şirkətini alaraq neft biznesinə keçəndən sonra qazanıb. Bundan sonra o, Rusiya siyasətinə fəal qoşularaq media imperiyası qurub. Bir neçə dəfə onun həyatına olan sui-qəsdlərdən cağ çıxıb.

1996-cı ilin prezident seçkilərində Boris Yeltsini müdafiə etdikdən sonra onun ən yaxın adamlarından birinə çevrilir, tezlikllə Rusiya Təhkükəsizlik Şurasının sədr müavini postuna təyin olunur.

Rusiya ilə Çeçenistan separatçılarının məşhur sülh müqaviləsinin müəllifi kimi tanınır. Onun 2000-ci ildə Yeltsinin Vladimir Putinlə əvəzləməsində yaxından iştirak etdiyi ehtimal olunur.

LONDONDA MÜHACİRƏT

Vladimir Putin oliqarxların əlini siyasi hakimiyytədən yığışdırmağa başlayanda, Berezovsky də ölkəni tərk etməli oldu. O, Britaniyadan siyasi sığınacaq alaraq Putinin ən kəskin tənqidçisinə çevrildi.

Məsəslən, müsahibələrinin birində Berezovsky Putinin əleyhinə sərt ifadələr işlədərək deyir:

“Putinin Rusiyası demokratiya üçün olduqca təhlükəlidir, həm də təkcə Rusiyanın özü üçün deyil, xarici üçün, Qərb üçün də təhlükədir. Məncə, tezliklə başa düşəcəklər ki, Rusiya artıq Qərbin nə müttəfiqi, nə də tərəfdaşıdır. Putinin Rusiyası tezliklə Qərbi vadar edəcək ki, özünü qorumağa yollar axtarsın”.

Boris Berezovsky Rusiyada axtarışda idi. Onun haqqında dövlət əmlakını mənimsəmə ittihamı ilə qiyabi də olsa azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı.

O, bir müddət Londonda məskunlaşan başqa bir rusiyalı oliqarx, Chelsea futbol klubunun sahibi Roman Abramovich-lə məhkəmə çəkişməsində olub. Keçən il, Berezovsky bu məhkəməni uduzmuşdu.

Son illər Berezovsky-nin sərvətinin ciddi şəkildə azaldığı deyilirdi.

MÜFLİŞLİK HƏDDİNDƏ TÖVBƏ

AzadliqRadiosu rus xidmətinin London müxbiri Natalia Qalitsina yazır ki, Abramovich-lə aparılan uğursuz məhkəmə çəkişməsi Berezovsky-ni çətin vəziyyətə salmışdı. 100 milyonlarla funt sterling məbləğində pul ödəməyə məhkum olunan Berezovsky-nin müflisləşməsi haqda şaiyələr yayılmağa başlamışdı.

Son aylar onun ən yaxın adamları belə Berezovsky ilə əlaqəyə çıxa bilmədiklərindən şikayətlənirdilər. O Londondakı ofisini bağlamış, bir sıra bahalı əmlakını hərraca çıxarmışdı.

Ötən ilin fevralında Berezovsky Facebookda bəyanat yayaraq sadə insanlar qarşısında töbvə edirdi. "Mən tövbə edib acgözlüyümə görə üzr istəyirəm. Mən varlanmaq ehtirasında düşünmürdüm ki, qazancım kiminsə ziyanı hesabınadır" - deyə Berezovky yazırdı.

PUTİNDƏN İMDAD

Kremlin sözçüsü Dmitry Peskov martın 23-də dövlət televiziyasına müsahibəsində deyib ki, Berezovsky bu yaxınlarda prezident Vladimir Putinə müraciət edərək “səhvlərinin bağışlanmasını xahiş edib” və Rusiyaya dönməsinə kömək istəyibmiş. Belə bir xahişlə prezidentə məktub yollayıbmış. Lakin Peskov Putinin bu məktuba necə cavab verdiyindən xəbərsiz olduğunu da deyir.
XS
SM
MD
LG