Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

«İlham Əliyevin siyasi iradəsi varmı...»


Boris Berezovski
Boris Berezovski
Hal – hazırda Londonda yaşayan, 1998-1999-cu illərdə MDB-nin icraçı katibi olmuş sahibkar Boris Berezovski AzadlıqRadiosuna eksklüziv müsahibə verib.

- Martın 10-da London Ali Məhkəməsi Sizin Rusiya Dövlət Teleradio Yayım Şirkətinə qarşı iddianızı təmin etmək barədə qərar çıxarıb. Siz bildirdiniz ki, telekanalın Avropada pulsuz yayımladığı süjeti Sizin işgüzar reputasiyanıza xətər yetirib. Sizi Böyük Britaniyada siyasi sığınacaq almaq üçün sübutları saxtalaşdırmaqda ittiham edirdilər. Bu qərar barədə nə düşünürsünüz?

- Mən bu qərardan tam razıyam. Həqiqətən də, hakimin qərarında bildirilir ki, Rusiya Dövlət Teleradio Yayım Şirkətindəki proqramda mənə qarşı olan bütün ittihamlar yalandır. Buna görə də hakim tələb etdi ki, mənə dəymiş 150 min funt həcmində ziyan ödənilsin və təxminən 2 milyon funt həcmində olan məhkəmə xərcləri qarşılansın.

Əlbəttə, bu məsələdə söhbət puldan getmir. Söhbət ondan gedir ki, mən öz reputasiyamı müdafiə edə bildim və göstərə bildim ki, bu, arxasında Kreml və Putinin durduğu düşünülmüş məsələdir. Bütün bunların əsas məqsədi o idi ki, Litvinenkonun ölümündə Putinin rolunun olması və bunun Rusiya hakimiyyəti tərəfindən təşkil olunması barədə şübhələr aradan qalxsın. Onlar göstərmək istəyirdilər ki, baxın, Berezovski çox qanlı qatildir, o, öz dostunu öldürdü, çünki şahid kimi onun mühüm məlumatı var idi. Bunlar hamısı cəfəngiyatdır, düşünülmüş hekayədir. Mən faktiki olaraq dövlətə qarşı olan prosesin qalibiyəm, çünki Rusiya Dövlət Teleradio Yayım Şirkəti Kremlin maraqlarını ifadə edirdi.

- Bəs Sizin elanınızdan sonra Kreml özünü necə aparacaq?

- Artıq Kremlin özünü necə apardığı görünür. RDTYŞ deyir ki, onlar Strasburq məhkəməsinə gedəcəklər, çünki məhkəmə ədalətsiz olub, onlara iştirak etməyə icazə verməyiblər. Bu, əvvəldən axıra qədər yalandır. RDTYŞ-ya iştirak üçün imkan yaradılmışdı. Amma onlar məhkəmənin çağırışına cavab vermədilər və defolt yarandı. Onlar məhkəmə işini uduzdular. O ki qaldı Strasburq məhkəməsinə, bu da yalandır. Çünki Avropa qaydalarına görə, gərək onlar əvvəlcə ölkədə işin baxıldığı bütün instansiyalardan keçsinlər. Bu, Avropa məhkəməsinə müraciət etmək istəyən Böyük Britaniyada, Rusiyada, Azərbaycanda və istənilən ölkədə belədir. Yenə də ikiüzlülük, yenə də yalan. Yəni, heç vaxt nəticə çıxarmayıblar. Bu, təəccüblü deyil. Çünki Kremldə təəssüflər olsun ki, savadsız insanlar oturublar. Onlar sadəcə neftdən «kefləniblər», qazı iyləyiblər və buna görə də reallıqdan kənar düşüblər.

- Gəlin, Rusiyanın Cənubi Qafqaz siyasətindən danışaq. Belə hiss yaranır ki, Rusiya son zamanlar geosiyasi çaxnaşmaları udur.

İlham Əliyevin bu arzusu var, mən şübhə etmirəm. Amma onun siyasi iradəsi kifayət qədərdirmi? Bax, bu suala cavab verə bilmirəm. Bu suala ancaq zaman cavab verəcək.
- Rusiyanın məqsədləri əsrlərlə dəyişməz qalıb - böl və idarə et, əsarət altına al, kölə et. Əlbəttə, bu, tam mənada Rusiyanın Azərbaycana qarşı münasibətinə də aiddir. Bu, mənim fikrimdir. Bu, yalnız abstrakt qərarlara əsaslanmır. Mən MDB-nin icraçı katibi olanda Azərbaycanda olmuşam və dəfələrlə mərhum prezident Heydər Əliyevlə görüşmüşəm. Ermənistan prezidenti ilə də görüşmüşəm. O zaman bacardığım hər şeyi etməyə çalışırdım ki, Qarabağ məsələsinin sülh yolu ilə həllini tapaq. Mən onda Rusiyanın hərbi strukturlarında məsələnin sülhlə və hər iki tərəfə xeyirli şəkildə həllinə qarşı böyük müqavimət görürdüm. Siz ki xatırlayırsınız, mən məhz Azərbaycanda olanda tutduğum vəzifədən azad edilmişəm. Mən məlumatı orada aldım. Yeltsin bu qərarında «Rus imperializminin müdafiəçisi» Yevqeni Primakovun rolu olmuşdu.

Buna görə də əgər Azərbaycan həll tapmaq istəyirsə, əgər Ermənistan həll tapmaq istəyirsə, kömək üçün Rusiyaya müraciət etməyi məsləhət görməzdim. Rusiya məsələnin həllini həmişə ləngidəcək və münaqişəni alovlandıracaq. Bu cür imperialist addımlar hər zaman səhv addımlardır. Kremldə oturan həmin adamların nə təhsilləri, nə də çətin problemlərin həllində siyasi təcrübələri var. Ona görə də ancaq onların özünə xeyirli ola biləcək sadə yollar axtarırlar. Məqsəd isə eynidir – özləri üçün indi daha çox pul qazanmaq.

- Boris Abramoviç, İlham Əliyevin Dubaydakı mülkləri ətrafında baş verənlər barədə Sizin fikrinizi bilmək maraqlıdır.

- Bilirsiniz, mən bu barədə heç bir şey bilmirəm. Ona görə də mənə elə gəlir ki, mənim şərhim yersizdir.

- Necə düşünürsünüz, Qərb postsovet ölkə liderlərinin xaricdəki varidatlarının tapılması faktından siyasi təzyiq vasitəsi kimi istifadə edəcək?

- Mən hesab edirəm ki, Qərb özünü qısamüddətli maraqları baxımından rasional aparır. Təəssüflər olsun ki, bu gün Qərbdə strateji düşünən siyasi fiqur yoxdur ki, dünyanın böyük dövlətlərinin qərarlarına təsir etsin. Məhz bu, hamı üçün böyük problemdir. Kommunist tövləsindən yaxa qurtaranlar inanırdılar ki, Qərb elan etdiyi demokratiya, azadlıq prinsiplərini əldə rəhbər tutacaq. Amma son nəticədə məlum oldu ki, bütün bunlar boş şeydir. Postsovet məkanında demokratik, müstəqil dövlətlərin yaranacağına inananlar məyus oldular. Qərb bu vəziyyətdən özünün hər saniyəlik maraqları üçün istifadə edir, strateji baxımdan öz vətəndaşlarının və bu böyük Avrasiya ərazisində məskunlaşmış vətəndaşların maraqlarına etinasız yanaşır. Buna görə də imperiya, Rusiya tövləsindən yaxa qurtarmaq istəyiriksə, yalnız öz gücümüzə arxalanmalı, eyni zamanda birlikdə hərəkət etməliyik. Hesab edirəm ki, postsovet ölkələrinin hamısının strateji maraqları Rusiyanın strateji maraqlarına ziddir. Burada rasional hərəkət lazımdır, heç olmasa prinsipial məsələlərin –müstəqil, demokratik, effektiv dövlətlərin qurulması üçün birləşmək lazımdır. Onlara özlərindən başqa heç kim kömək etməyəcək. Yəni, «batanların xilası onların öz əlindədir».

- Gəlin, tarixə qayıdaq. Mərhum Heydər Əliyev çalışırdı ki, öz ölkəsinin dekolonizasiyasını həyata keçirsin. Necə düşünürsünüz, İlham Əliyev nə qədər bu kursa sadiqdir?


- Mənim şübhəm yoxdur ki, İlham Əliyev Azərbaycanın maraqlarını atası başa düşdüyü kimi başa düşür. Məsələ başqadır. Məsələ ondadır ki, onun kifayət qədər siyasi iradəsi varmı. O iradə ki, öz anlayışını həyata keçirmək üçün onun atasında vardı. Çünki yalnız arzulamaq kifayət deyil. Bax, İlham Əliyevin bu arzusu var, mən şübhə etmirəm. Amma onun siyasi iradəsi kifayət qədərdirmi? Bax, bu suala cavab verə bilmirəm. Bu suala ancaq zaman cavab verəcək.

- Kremlin «Qarabağ modeli» nə vaxta qədər inkişaf edəcək?

O deyirsə ki, biz «özünümüdafiə haqqında qərar qəbul edirik» və «biz müharibə edəcəyik», bu, yalnız sözdə olmamalıdır. Bu özündə həm də silahlı hərəkatı ehtiva edən yaxşı düşünülmüş plan olmalıdır
- Kreml maksimum dərəcədə Azərbaycan və Ermənistan arasında ehtirasları qızışdıracaq, münaqişəni maksimum öz xeyrinə kapitallaşdıracaq. Sözsüz ki, onu qətiyyən nə Azərbaycanın, nə də Ermənistanın maraqları narahat edir. Daha sonra Kreml həm də vəziyyətin taktiki imkanları üzrə hərəkət edəcək, amma ancaq öz xeyrinə. Və bir qayda olaraq, bu xeyir bu millətlərin maraqlarına zidd olacaq.

- Sizcə Azərbaycandakı, Gürcüstandakı, Ermənistandakı demokratik qüvvələr özlərini necə aparacaqlar?

- Bilirsiniz, əslində obyektiv reallıq deyilən bir şey var. Azadlığı və demokratik cəmiyyət yaratmaq imkanını bütün postsovet ölkələri Boris Yeltsinin əlindən hazıra nazir aldılar. Amma Göte vaxtilə Faustun dili ilə dediyi kimi, «ancaq o adam xoşbəxtliyə və azadlığa layiqdir ki, hər gün onlar uğrunda döyüşə gedir». Belə aydın oldu ki, postsovet ölkələrinin heç birində insanlar özbaşına hər gün, yenə deyirəm hər gün, azadlıqları uğrunda döyüşməyə hazır deyillər. Çünki hətta burada, İngiltərədə, çoxəsrlik azadlıq və demokratiya ənənəsi olan ölkədə insanlar tez-tez hakimiyyətin qərarlarına qarşı çıxırlar. Yüz minlərlə adam küçələrə çıxır, ya İraqda müharibə əleyhinə etiraz edirlər, ya da vergi qaydalarına. Hətta tülkülərin itlər vasitəsilə ovlanmasını müdafiə etmək üçün 400 minə yaxın adam Londonun küçələrinə çıxdı ki, hüquqlarını qorusunlar. Bax, mən də demokratam ( mən özümü belə tanıyıram), lakin məlum oldu ki, bizim aramızdan çox az adam meydana çıxmağa hazırdır. Nə qədər istəyirsən danışırlar, amma çox az hərəkət edirlər. Beləcə biz nəyə layiqiksə, ona da malikik.

Meydana yüz minlər çıxmasa, biz heç nəyə nail olmayacağıq. Demokratların hamısının maraqları isə – təkcə postsovet ölkələrində deyil – adətən eynidir. Amma anlamaq lazımdır ki, heç kim elə-belə öz imtiyazlarını, hakimiyyətini vermir. Mənim fikrimcə, qarşıda ciddi mübarizə var. Mənim üçün bu mübarizədə ən əsası odur ki, heç olmasa, hər hansı ideologiyaya sahib insanlarla sıx birləşib, Rusiyanı idarə edən bu hədsiz quldur, cinayətkar əclafları hakimiyyətdən qovaq. (O cinayətkarları ki, onların postsovet ərazidə yaşayanlara və artıq orada yaşamayanlara da böyük təsiri var). Ancaq bundan sonra öz aramızda münasibətləri aydınlaşdıraq.

Mən 3-4 il bundan qabaq məqalə yazmışdım ki, «sağçılar»la «solçular»ın birliyi lazımdır. İndi bu, baş verir. Bax «şən» reallıq bundan ibarətdir.

- İlham Əliyev BMT nizamnaməsinə uyğun özünümüdafiə hüququna əsaslanaraq işğal olunmuş əraziləri qaytarmağa çalışsa, Rusiya Gürcüstan hadisələrində etdiklərini təkrarlayacaqmı?


- Mənim heç bir şübhəm yoxdur ki, Rusiya istənilən müdaxiləyə əl atacaq.

Amma başqa məsələ var. Siyasətdə hədələməmək çox vacibdir. Diplomatiyada bunu etmək olar, amma siyasətdə əsla. Ölkə başçısının qəbul etdiyi istənilən qərarda hədə-qorxu olmamalıdır. Yəni, o deyirsə ki, biz «özünümüdafiə haqqında qərar qəbul edirik» və «biz müharibə edəcəyik», bu, yalnız sözdə olmamalıdır. Bu özündə həm də silahlı hərəkatı ehtiva edən yaxşı düşünülmüş plan olmalıdır.

Mən yalnız bir məsləhət verə bilərəm. Nə qədər qəribə səslənsə də, vasitəçiləri cəlb etməməli, tərəflər bir-biri ilə birbaşa danışmalıdırlar. Məncə, bu, mürəkkəb vəziyyətin həlli üçün mühüm şərtdir
Baxın, mənсə, hazırda belə hərəkət etmək üçün heç bir əsas yoxdur. Baxmayaraq ki, Rusiyada tam cinayətkar hakimiyyət mövcuddur və o, hətta Londonun mərkəzində insanları öldürür, onları poloniumla zəhərləyir və bundan heç də utanmır.
Buna görə də mən sərt siyasətin tərəfdarıyam, amma ağılsız və düşünülməmiş siyasətin tərəfdarı deyiləm. Bir daha qeyd edirəm: siyasət söz deyil, siyasət hərəkətdir.

- Sizcə Kremlin İlham Əliyevin əhatəsinə təsirinin diapazonu nədən ibarətdir?


Məndən soruşsaydılar ki, Kremlin Ukraynaya təsiri necədir, mən cavab verərdim ki, hədsizdir. Çox sayda xüsusi xidmət orqanının adamları hər gün, hər saat Ukraynayla məşğuldurlar.

Bu yaxınlarda ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Toni Blerin hesabatı çap edildi. Bu, çox ciddi hesabatdır, orada Rusiya birmənalı olaraq dünya üçün təhlükəli ölkə adlanır. Putin də daxil olmaqla Rusiya rəhbərliyi cəmiyyətin cinayətkar hissəsi ilə əlaqəlidir. Korrupsiya, şantaj, qətllər – bütün bunlar bugünkü Rusiya hakimiyyətinin silahlarıdır. ABŞ ilk dəfə problemi bu qədər sərt ifadə edir və Rusiyanı birmənalı olaraq kriminal ölkə adlandırır, bu, çox mühümdür.

- Necə düşünürsünüz, day.az-a müsahibə verərkən Putin haqqında nə düşündüklərinizi deyəndə nə baş verdi?


- Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti Rusiya təzyiqinin altına düşüb. Çox qəribədir ki, bu iki hadisə - mənim müsahibəmlə portalın bağlanması bir vaxta düşüb.

- Sizin Qarabağ probleminin həllinə dair anlayışınızı, fikirlərinizi bilmək istərdim.

- Hesab edirəm ki, bu, həqiqətən çox çətin məsələdir. Bu suala cavab verəcək insan gərək problemin özünə yaxın olsun. Mən demirəm ki, ondan uzaq olmuşam. MDB-nin icraçı katibi kimi mən bu problemlə məşğul olmuşam və hiss edirdim ki, Heydər Əliyevin də, Koçaryanın da sülh həllini tapmaq üçün arzu və iradələri var. Həll isə sözsüz ki, güzəştlərdən ibarətdir.

Bu, təhlükəli tarixdir. O vaxtlar vəziyyət yaxşı tərəfə deyil, pis tərəfə yönəldi. Mən yalnız bir məsləhət verə bilərəm. Nə qədər qəribə səslənsə də, vasitəçiləri cəlb etməməli, tərəflər bir-biri ilə birbaşa danışmalıdırlar. Məncə, bu, mürəkkəb vəziyyətin həlli üçün mühüm şərtdir. Belə, daha bu mövzu barədə heç nə danışmaq istəməzdim.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG