Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:56

Moskva ilə London yaxınlaşır


Devid Miliband həmkarı Sergey Lavrovla, Moskva, 2 noyabr 2009
Devid Miliband həmkarı Sergey Lavrovla, Moskva, 2 noyabr 2009
Təqribən beş ildən sonra birinci dəfədir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Moskvaya gəlib. Britaniyalı nazir Devid Miliband həmkarı Sergey Lavrovla görüşüb. Təhlilçilər bu səfəri iki ölkə arasında çoxdandır ki, soyuq olan münasibətlərin ilıqlaşması kimi izah edirlər.

Görüşdən sonra Miliband nikbin bəyanat verib: «Məncə, danışıqlarımızın nəticəsi yalnız bu deyil ki, biz bir-birimizi daha yaxşı anlamağa nail olduq. Biz həmçinin birgə çalışmaq üçün yollar axtaracağıq».

RUSİYA QƏRBLƏ HARA QƏDƏR ƏMƏKDAŞLIQ EDƏCƏK

Diplomatlar daha çox İran, Yaxın Şərq, Əfqanıstan məsələlərini müzakirə ediblər. Məlumatlara görə, Britaniya rəsmisi aydınlaşdırmağa çalışıb ki, Rusiya - Əfqanıstanla müharibə və İranın nüvə proqramı ilə bağlı hansı dərəcəyə qədər əməkdaşlıq niyyətindədir.

Rusiya Əfqanıstana mülki tranzit təmin etməyə boyun olub, amma İrana sanksiyalar məsələsinə soyuq yanaşıb.

Lavrovla Miliband həm dünən, həm də bu gün görüşlər keçiriblər. Rusiyalı nazir də deyir ki, danışıqlar faydalı olub.

Təhlilçilər deyirlər ki, Rusiyayla Britaniya razılaşmamaq barədə razılığa gəlsələr belə, bu, son üç ildəki münasibətlərlə müqayisədə böyük irəliləyişdir. İki ölkənin münasibətləri Rusiyanın təhlükəsizlik orqanlarının keçmiş əməkdaşı Aleksandr Litvinenkonun Londonda zəhərlənmədən vəfatından sonra pisləşməyə başlamışdı.

MOSKVA LUQAVOYU HƏLƏ DƏ QORUYUR

Britaniya kəşfiyyat orqanları Litvinenkonun ölümündə Rusiya vətəndaşı Aleksandr Luqavoyu günahkar bilirlər. Londonun təkidlərinə baxmayaraq, Moskva Luqavoyu Britaniyaya ekstradisiya etmir. Moskva iddia edir ki, Rusiya Konstitusiyası öz vətəndaşını başqa ölkəyə təhvil verməyə imkan vermir.

Londonun təkidlərinə baxmayaraq, Moskva Luqavoyu Britaniyaya ekstradisiya etmir
Hələlik, məsələ həll olunmamış qalıb. Luqavoy isə Liberal Demokrat Partiyasından Dövlət Duması seçkilərinə namizədliyini verməyə hazırlaşır.

Britaniyalı nazir Devid Miliband Moskvada bir də bəyan edib ki, London Litvinenkonun qatilini axtarmaqda davam edəcək. Lavrov da öz mövqeyində qalır, rusiyalı nazir yenə də Konstitusiyanı pozmağın qeyri-mümkün olduğunu deyib:

«Mövqeyimiz hələ də dəyişməyib. Mən inanıram ki, britaniyalı həmkarlarımız başa düşürlər ki, ölkə Konstitusiyasını dəyişməyimiz barədə tələb real deyil».

Rusiyanın da Britaniyadan şikayəti var. London da öz növbəsində iki məşhur rus mühacirə siyasi sığınacaq verib. Bunlar, keçmiş oliqarxlar Boris Berezovski və çeçen mühacir Əhməd Zakayevdir. Rusiyanın tələblərinə baxmayaraq, Böyük Britaniya onları ekstradisiya eləmir.

LONDONU MOSKVAYA OBAMA YAXINLAŞDIRIR

Moskvadakı Avropa İnstitutundan Vladislav Belov deyir ki, Rusiya ilə Britaniyanın münasibətlərinin yaxınlaşması təbiidir, o baxımdan ki, Amerikanın yeni prezidenti Barak Obama da getdikcə Rusiyayla əlaqələri genişləndirir:

«Amerikanın yeni prezidenti «yeni imkan pəncərəsi» deməkdir. Məncə, Britaniya ilə Rusiyanın yaxınlaşması Vaşinqtonla Moskvanın münasibətlərinin inkişafının tərkib hissəsidir. Çünki Britaniya Amerikanın Avropadakı ən yaxın müttəfiqidir».

Təhlilçilər hesab edirlər ki, Londonla Moskvanın yaxınlaşmasının bir səbəbi də qlobal maliyyə böhranıdır. Böyük Britaniya Rusiyada ən böyük xarici investordur.

Moskvadakı «Panorama» Mərkəzinin təhlilçisi Vladimir Pribilovskinin proqnozuna görə isə, Qərblə Rusiyanın münasibətləri iki amildən asılıdır. Birincisi budur ki, Qərb Rusiyanın daxilindəki proseslərə nə dərəcədə göz yumacaq. İkinci amil isə iqtisadiyyatla bağlıdır. Neftin qiyməti qalxsa, Rusiya Qərbin fikri ilə daha az hesablaşacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG