Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:43

Xoşbəxtlik haqda anarxiya


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Xatirə Nurgül


UNUTMAQ HAQDA OPTİMİZM

Unutmağa kimsə olmayanda özünü unudur adam,
səsini,
sözünü unudur.
Güzgüdəki görüntünü,
baxışını,
yerişini,
əslində əzbər bildiyi
telefon nömrəsini,
köhnə sevgi,
yeni ayrılıq mesajlarını,
cibindəki sonuncu manatı,
səhərlər işə yollananda
yolda gördüyü üzü yanıq dilənçini,
lap elə keçdiyi küçəni,
işə gedən yolu,
sağı,
solu,
hamını,
hər şeyi,
hər yeri.

Sonra da “unutmaq gözəl hissdir” deyə düşünür
və zəhləsi gedir unutmaqdan…


XOŞBƏXTLİK HAQQINDA ANARXİYA

İtirdiklərinin ardından
mütləq kimisə düşünmək var-
gündə on dəfə,
yüz dəfə,
çox dəfə,
hər dəfə.

İnsan kəlmələrə sığmayacaq qədər xoşbəxt,
sükutun nəhəngliyi qədər bədbəxt ola bilər.
Ya da heç insan olmaya bilər,
quş olar,
daş olar,
ya da lap elə yağış olar.
Xoşbəxt yağışlar yuyar dünyanı...

Ayrılıq da çox dəfə bədbəxtlik deyil,
necə ki, sevgi xoşbəxtlik,
necə ki, uşaqlar həmişə uşaq deyil, böyükdür.
Necə ki, ağaclar sarı yarpaqları ilə
ölümə inandırır-aldadır bizi.

Həm də bütün xoşbəxtliklər bədbəxtliklərin içindən yaranır
və xoşbəxtliyin mütləq harasısa yaralıdır,
heç olmasa əlləri...


YANVAR OVQATI

O qədər,
o qədər kədərliyəm ki,
əlimə keçən daşla vura bilərəm quşları,
yemək üçün həyətimizə gələn ikicanlı pişiyi qova bilərəm.
Qonşu evin pəncərələri kimi
uşaqların da qəlbini qıra bilərəm məsələn...

Məsələn, kimisə birdəfəlik unuda bilərəm,
yadıma sala da bilmərəm bu adamı harda,
nə vaxt gördüyümü
və ya əslində görüb-görmədiyimi...

Hə, çox kədərliyəm
o qədər çox ki,
ağlamağa bəhanə də yox...
Zaman da keçmir,
quşlar da görünmür,
pişik də gəlmir,
qonşu evin pəncərələri taxtadandı...
uşaqlar günahsızdı...
Uşaqlar günahsızdı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG