Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:08

Öncə iş, sonra yol


Foto: Arxiv
Foto: Arxiv
-
«Bunların məqsədi yol tikintisi bəhanəsi ilə xalqın büdcədən ayrılan pulunu talamaqdır. Yerli məmurlar prezidentdən öz paylarını bu yolla alırlar».

Bu sözlərlə Naxçıvan sakini Sabir Vəliyev Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident Fondundan ayrılan vəsaitin necə xərclənməsindən narazılığını dilə gətirir.

Martın 5-də prezident İlham Əliyev özünün ehtiyat fondundan bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 6 milyon 300 min manat ayrılıb. Həmin vəsaitin Babək rayonundakı Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisinə xərclənməsi nəzərdə tutulub.

Babək rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna verilən məlumata görə, yaxın zamanlarda avtomobil yolunun tikintisinə start veriləcək.

2-3 İLDİR SALINIB O YOL…

Sıravi sakinlərin fikrincə, sözügedən vəsaitin rayonun sosial-inkişafına əhəmiyyətli təsiri olmayacaq. Onlar iddia edirlər ki, bu, büdcə pullarının mənimsənilməsi üçün atılan növbəti addımdır. Rayon sakini Sabir Vəliyev hesab edir ki, həmin vəsaiti yeni iş yerlərinin açılmasına xərcləmək daha çox səmərə verərdi:

«Pul yol tikintisinə ayrılıb. Bir vətəndaş kimi mən bunu bəyənmirəm. Tikintisi nəzərdə tutulan yol hazırda yaxşı vəziyyətdədir. 2-3 ildir salınıb o yol…
Foto: Arxiv
Foto: Arxiv
Oraya əsaslı yol salmağa ehtiyac yoxdur. Rayonun digər yollarından qat-qat yaxşıdır. Xalqı istəyirlərsə, bərbad vəziyyətdə olan yolları təmir etdirsinlər. Rayonun mərkəzindəki yollar da çox pis vəziyyətdədir. Bir az yağış yağınca yolları getmək olmur. Kənd yolları burdan yaxşıdır. Rayon mərkəzində nə bazar var, nə də ictimai iaşə mərkəzi. Camaat bir şey almaq, yaxud satmaq üçün şəhərə üz tutur. İş görmək istəyirlərsə, bu işləri görsünlər. Həmin pulu kənd təsərrüfatına ayırmaq daha yaxşı olardı. Fermerlerə kredit də vermək olardı».

Babək rayon İcra Hakimiyyəti başçısının müavini Əbdülhüseyn Əliyev yaxın zamanlarda yol tikintisinə başlanacağını bildirsə də, sakinlərin söylədiklərinə cavab vermək istəmədi:

«Yol tikintisinə bu yaxınlarda başlayacağıq. Artıq hazırlıq işləri görülür. Başqa heç nə deyə bilmərəm».

«YOL ÇƏKİLİŞİ PUL SİLMƏK ÜÇÜN ƏN ASAN YOLDUR»
Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, hər hansı rayona vəsait ayrılarkən, həmin rayonda monitorinqlər aparılmalıdır. Həmin monitorinqlərin nəticələrindən sonra hansı sahəyə vəsaitin ayrılmasına qərar verilməlidir:

«Bu praktika çoxdan mövcuddur ki, prezidentin ehtiyat fondundan rayonlara vəsait ayrılır. Bu vəsait çox vaxt ünvansız olur. Yol çəkilişi pul gizlətmək, silmək üçün ən asan yoldur. Ona görə də son dövrlər yol çəkilişinə xeyli pullar ayrılır. Bu vəsaitlərin necə xərclənməsi haqda sonradan məlumat verilmir. Rayonda hər hansı bir ciddi infrastruktur dəyişikliyinə ehtiyac varsa, bu rayonun öz qərarı ilə olmalıdır. İnsanlar öz rayon bələdiyyələrini seçə bilməlidir, həmin bələdiyyələrin öz büdcəsi olmalıdır, özləri proqram qəbul edib problemlərlə məşğul olmalıdır. Mərkəzləşdirilmiş qaydada idarəetmənin bu qaydası effekt vermir. Son dövrlər rayonlarda baş verən narazılıqlar da idarəçilikdəki böhrandan qaynaqlanır».

İqtisadçı-ekspertin də fikrincə, belə vəsaitlərin güzəştli kreditlər şəklində kənd təsərrüfatına ayrılması daha çox səmərə verərdi.
XS
SM
MD
LG