Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

Xaçmazlıların körpü ümidi...


Xaçmazlıların körpü ümidi...
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Xaçmazlıların körpü ümidi...

-
«54 yaşım var, ağlım kəsəndən bu körpünü belə vəziyyətdə görmüşəm. İldə bir dəfə camaat şikayət edir, gəlib bir-iki taxtasını dəyişirlər, hər yerdə də deyirlər ki, körpü təmir olundu. Ancaq gördüyünüz kimi, körpü bu vəziyyətdir. Dövlətin bu cür gəlirli vaxtında 5 min nəfərə yaxın sakinin istifadə etdiyi körpünün vəziyyəti budur».
Bu körpü elə Xaçmazın icra hakimiyyəti başçısının ifadəsi ilə desək, köhnə Xaçmazla təzə Xaçmazı birləşdirir. Köhnə Xaçmaz sakini Güləli Qəribov deyir ki, hər gün körpüdən şəhərin mərkəzinə gedib-gələnlərin sayı ən azı 600-700 nəfər olur. Sakinlər özləri də körpünün belə yükə necə davam gətirməsinə məəttəl qalıblar:
«GÖZÜMÜ AÇANDAN EŞİDİRƏM Kİ, TƏZƏ KÖRPÜ TİKİLƏCƏK»
«Gözümü açandan eşidirəm ki, təzə körpü tikiləcək», - Güləli Qəribov deyir.
Ağa Mahmudov:
«70 yaşım var. 70 ildə bu çayın üstündə körpü görməmişəm. Bir Həmdulla kişi vardı, öz vəsaiti hesabına trosdan körpü düzəltmişdi, burda. Bu, həmin körpüdür. 300 metr məsafəsi var. İnkişaf etmiş ölkə üçün təmiri heç nədir. Rayon icra hakimiyyətindən Şəmsəddin Xanbabayev başda olmaqla icra aparatının bütün işçiləri dəfələrlə gəlib baxıblar. Şəmsəddin müəllim rayon üçün çox işlər görüb, bunu danmaq olmaz. Ancaq deyir rayonun elə bir imkanı yoxdur ki, bu körpünü təmir etsinlər, ya da təzə körpü düzəltsinlər».
Əmirova Qələmnaz:
«Qış gəldi, bu körpüdən keçmək olmur. Bir çarə etsinlər, uşaqlar məktəbə gedib-gəlir».
Yararsız vəziyyətdə olan körpü
Yararsız vəziyyətdə olan körpü
Köhnə Xaçmazın başqa bir sakini isə deyir ki, təhsil mövsümü başlayanda ən böyük əziyyət məktəblilərin üzərinə düşür:
«Körpünün uçma təhlükəsi var. Dəfələrlə uşaq da yıxılıb burdan, qolu-qıçı sınan da olub. Valideynlər uşaqları tək məktəbə buraxa bilmirlər. uşaqlar özləri də bu körpüdən tək keçməyə qorxurlar».
Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə hələlik köhnə xaçmazlılara təzə körpü vəd etmir.
«5-10 MANATLIQ, BİR MİLYON MANATLIQ İŞ DEYİL»
İcra başçısı:
- O körpü çox vacibdir. Adamlar 6 kilometr o körpüyə görə fırlanıb uzun yol keçib gəlib Xaçmaza girirlər. Ora böyük bir investisiya ayrılmalıdır. 5-10 manatlıq, bir milyon manatlıq iş deyil. Böyük bir işdir. O körpü köhnə Xaçmazla təzə Xaçmazı birləşdirir.
- Sakinlər şikayət edirlər ki, körpü olduqca bərbad vəziyyətdədir, keçə bilmirlər.
- Doğrudur.
- Təqribən 300 metrlik körpüdür.
Xaçmazın mərkəzində piyada körpüsü
Xaçmazın mərkəzində piyada körpüsü
- 300 metr məsafədən başqa həmin körpüyə həm təzə Xaçmaz tərəfdən yol çəkilməlidir, həm də köhnə Xaçmaz tərəfdən. Hər iki yol təzə tikiləcək körpüyə birləşməlidir. Heç bir milyon manata da əmələ gəlməz. Smetası, layihəsi olmalıdır.
- Yaxın vaxtlarda köhnə xaçmazlıları sevindirə bilməyəcəksiniz?
- Bizim rayonun imkanları daxilində deyil. İş orasındadır ki mənim gücüm çatan bir iş deyil, vəsait lazımdır, ayrılmır.
- Pul ayrılması üçün müraciət etmisiniz?
- İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə məktub yazmışıq. Xaçmazdan olan deputatımız da müraciət edib.
- Xaçmazın mərkəzində bir körpü var. Altında piyadalar üçün keçid, üstü isə körpü. Sizcə piyada keçidi olan yerdə bir də körpü tikməyə ehtiyac var idimi?
- Dörd elə körpü tikmişəm. İkisi Nabran yolunun üstündədir, biri Nərimanov küçəsindədir, biri də 1 nömrəli məktəbin qabağındadır. 2011-ci ildə ikisini, keçən il birini, bu il də birini, həm də öz vəsaitimlə tikmişəm.
- Şəxsi vəsaitinizlə?
- Yox. İcra hakimiyyətinin daxili maliyyə imkanları hesabına. Hələ birini də tikməyə hazırlaşıram. O körpülər çox vəsait aparmır”.
Bir sözlə, köhnə Xaçmazlılar deyəsən sınıq-salxaq körpüdən hələ çox keçməli, məktəblilər isə təhlükə ilə çox üzləşməli olacaqlar. Çünki Xaçmazın icra başçısı onlara yaxın vaxtlarda təzə və möhkəm körpü vəd etmədi.
XS
SM
MD
LG