Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:22

İlyas İsmayılov: «Hakimiyyət həqiqətin ağzına daş basanda...»


İlyas İsmayılov
İlyas İsmayılov
-
Vəzifəli şəxslərin sahibkarlıqla məşğul olmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi son anda Milli Məclisin İnsan hüquqları komitəsinin müzakirəsindən çıxarılıb. Layihəni hazırlayan deputat İlyas İsmayılov AzadlıqRadiosuna müsahibəsində imtina səbəblərinin ona aydın olmadığını və yaxın günlərdə prezidentə müraciət edəcəyini bildirib.

- İlyas müəllim, «Bizneslə məşğul olan məmur və deputatların cinayət məsuliyyətinə cəlb olunması» ilə bağlı hazırladığınız layihə niyə geri qaytarıldı?

- Açığı, bununla bağlı mənim özümdə də şübhə doğuran məqamlar çoxdur. Prezident hər dəfə çıxışlarında qeyd edir ki, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq lazımdır, korrupsiya ölkəmiz üçün böyük ləkə və bəladır. Mən də bunu rəhbər tutaraq belə bir qanun layihəsi hazırladım ki, bizneslə məşğul deputat və məmurlar üçün cinayət məsuliyyəti nəzərdə tutulsun. Təxminən 2 ilədək bunu saxladılar. Düzü, Komitənin qərarına məəttəl qalmışam. Mən onların bu addımını korrupsionerlərə töhfə kimi qəbul etdim.

- İlyas müəllim, imtina qərarından bir gün əvvəl Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov layihə barədə müsbət danışıb, müzakirə olunacağını demişdi. Amma müzakirə günü durum dəyişdi. Bəlkə son anda hansısa oliqarx məmur bu məsələnin qarşısını alıb?

- Bu barədə dəqiq bir şey bilmirəm, hər halda Komitənin gəldiyi qərar korrupsiyanın çiçəklənməsinə kömək edən qərardır. İstədim korrupsiyanın qarşısına bir əngəl yaradaq, çox təəssüf edirəm ki, proseslər başqa yolla getdi.

- Məmurları biznesdən çəkindirmək üçün konkret nələri təklif edirsiniz?

- Konkret 6 ay azadlıqdan məhrumetmə, vəzifədəngetmə cəzası nəzərdə tutulur. Başqa növ cəzalar da var, amma layihə indi əlimin altında deyil deyə, hamısını sadalamağa çətinlik çəkirəm. Hər halda, cinayət məsuliyyəti nəzərdə tutulur.

- Layihəni hazırlayarkən hansı ölkələrin təcrübəsindən yararlanmısınız?

- Qonşu Gürcüstan, Rusiya və başqa ölkələrin. Korrupsiyaya qarşı ciddi mübarizə aparan elə ölkələr var ki, məmur nəinki sahibkarlıq fəaliyyəti ilə, hətta lobbiçiliklə belə məşğul ola bilməz. Bu, qadağandır.

- Seçki ilində belə bir layihənin qəbulu, Sizcə, nə qədər real görünürdü?

- Əlbəttə, belə bir sənədin qəbulu mümkün idi. Əvvəllər mən deyirdim Azərbaycanın 3 ciddi problemi var, indi birini də əlavə etmişəm. Birincisi – Qarabağ problemidir. İkincisi – korrupsiyadır. Üçüncüsü – yerlibazlıq, qohumbazlıqdır. Dördüncü problem ictimai fikrə önəm verməməkdir. Seçki ili oldu-olmadı, bu problemləri həll etmək lazımdır. Hakimiyyət problemləri həll etdikcə, insanlar da ona yaxınlaşar. Hakimiyyət həqiqətin ağzına daş basanda, insanlar, əlbəttə, narazı qalar.

- Necə düşünürsünüz, layihəni deputatların özü geri qaytarıb, yoxsa bu, yuxarıdan gələn göstəriş olub?

- Mənə elə gəlir, yəqin, məsləhətləşmələr olub.

- Komitə sədri Əli Hüseynli layihənin geri qaytarılmasını bu barədə ayrıca qanunun hazırlanması ilə əsaslandırıb və belə bir layihənin qəbuluna ehtiyac olmadığını deyib...

Milli Məclis
Milli Məclis
- Bilmirəm o, nəyi nəzərdə tutub, amma hazırladığım layihəyə böyük ehtiyac var. İctimai rəyi çaşdırmaq lazım deyil. Konkret layihə təqdim etmişəm ki, vəzifəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Başqa qanuna nə ehtiyac?

- İlyas müəllim, Azərbaycanda bizneslə məşğul olan məmur, deputat çoxdur?

- Əlbəttə...

- Konkret bir rəqəm səsləndirə bilərsiniz?

- Əlimin altında elə bir rəqəm olmadığı üçün bir şey deyə bilmərəm.

- Demək olarmı çoxsaylı biznesmen deputat və məmur qarşısında tək qalmısınız?

- Həmişə axına qarşı getmək qabiliyyətim var. Bir də öz şəxsi maraqlarımı güdmürəm ki, onların nifrət hədəfinə çevrilim. Nə edirlər etsinlər. Elə bir məsələ məni qəti narahat etmir.

- Layihəni dəstəkləyən həmkarınız var?

- Bu barədə heç kiminlə söhbət etməmişəm, amma Komitədə layihənin müzakirəsinə 4 nəfər qatılıb. Mənə verilən məlumata görə, qərar ciddi müzakirə aparmadan qəbul edilib. Fikrimcə, onların bu qərarı dövlət maraqlarına deyil, korrupsiyanın çiçəklənməsinə qulluq etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG