Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:11

Fuad Ələsgərov: «Azərbaycanın korrupsiya indeksindəki yeri layiqli deyil»


Fuad Ələsgərov
Fuad Ələsgərov
-

Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Fuad Ələsgərov AzərTAc-a müsahibə verib. O, dekabrın 6-da açıqlanan «Transparency İnternational» təşkilatının 2012-ci il üçün «Korrupsiyanı Qavrama İndeksi»nə münasibətini bildirib:

«Bu indeksə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyil və nisbi qəbul edilməlidir. Çünki nəticələr əsasən sorğular əsasında əldə edilir və subyektivdir». Fuad Ələsgərov təşkilatın bu üzdən tənqid edildiyini də bildirib. «Bu baxımdan bu indeks heç bir halda mövcud vəziyyət kimi qəbul edilə bilməz».

«AZƏRBAYCANIN İNDEKSDƏKİ YERİ LAYİQLİ DEYİL VƏ REALLIQDAN UZAQDIR»

Prezident Administrasiyasının rəsmisi təşkilatın Azərbaycanla bağlı builki indeksinə münasibətini də açıqlayıb:

«Transparency İnternational»
«Transparency İnternational»
«Baxmayaraq ki, Azərbaycan bu indeksdə 4 pillə irəliləyib, ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar fonunda Azərbaycanın indeksdəki yeri layiqli deyil və reallıqdan çox uzaqdır. İndeksin yeni metodologiya ilə hazırlanması ölkələrin əvvəlki illərin nəticələrinə əsasən müqayisə edilməsini qeyri-mümkün edir. Lakin ölkələrin yerlərinə əsasən müqayisə etsək, Azərbaycan keçən ilə nisbətdə bu il 4 pillə irəlidədir. Belə ki, keçən il Azərbaycan sıralamada 143-cü idi və 0-10 ballıq cədvəldə onun balı 2.4 müəyyən edilmişdi. Builki metodologiyaya əsasən 0-100 ballıq cədvəldə Azərbaycan üzrə 27 bal müəyyən edilib və sıralamada 139-cu yeri tutub. İndeksdə son illər Azərbaycanla bağlı dinamika müsbətdir. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir».

Fuad Ələsgərov deyib ki, builki indeksdə Azərbaycanla bağlı 6 mənbədən istifadə edilib.

«Mənbə təşkilatların Azərbaycan üzrə dəyərləndirmələri arasında da fərqlər müşahidə edilir. Dünya İqtisadi Forumu, Bertelsman Fondu, Economic İntelligence Unit təşkilatlarının dəyərləndirməsi ilə Freedom House və digər 2 təşkilatın müəyyən etdiyi ballar arasında əhəmiyyətli fərqlər mövcuddur. Bu da müxtəlif mənbələrin ortaq məxrəci hesab edilən Korrupsiyanı Qavrama İndeksinə öz mənfi təsirini göstərib».

Fuad Ələsgərovun qənaətincə, iqtisadi mənbələrdə Azərbaycanla bağlı göstəricilər obyektiv rəqəmlərə, siyasi təşkilatlar tərəfindən aparılan dəyərləndirmələr isə əsasən subyektiv yanaşmaya əsaslanır.

«AZƏRBAYCANDA KORRUPSİYA İLƏ DAVAMLI MÜBARİZƏ APARILIR»

Prezident Administrasiyasının rəsmisi Azərbaycanda korrupsiyaya qarşı davamlı və sistemli mübarizə aparıldığını bildirib. Fuad Ələsgərov deyib ki, Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarını təsdiqləməklə prezident korrupsiya ilə mübarizədə siyasi iradəsini açıq şəkildə bəyan edib. Bundan başqa, Azərbaycanın ötən il Açıq Hökumət Tərəfdaşlığına qoşulduğunu yada salıb.

Fuad Ələsgərov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirildiyini də vurğulayıb.

«Korrupsiyaya qarşı mübarizə İdarəsinə bu sahədə çox mühüm əhəmiyyət kəsb edən əməliyyat-axtarış səlahiyyətləri funksiyası verilib. Bu təcrübə MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq edilib və idarənin fəaliyyətində səmərəliliyi əhəmiyyətli dərəcədə artırıb».

Fuad Ələsgərov dövlət orqanlarının fəaliyyətində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsinə də toxunub. «Vətəndaş–məmur təmas nöqtələrinin minimuma endirilməsinə xidmət edən və bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN» xidmət mərkəzlərinin yaradılması dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoyub. «ASAN» mərkəzləri vətəndaşlara müxtəlif dövlət qurumları tərəfindən göstərilən 23 xidmətin daha keyfiyyətli və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsini nəzərdə tutur».
XS
SM
MD
LG