Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

İlham pərisinin vəhşicəsinə zorlanması faktı araşdırılacaq


Aşiyani-mürği-dil sülfi-pərişanındadır...
Aşiyani-mürği-dil sülfi-pərişanındadır...
-


Yuxarı baxırsan Füzulidir, aşağı baxırsan Nüsrət Kəsəmənli. Bu da sənə sübut! Bunu şübhəbaz dostuma deyirəm.


TÜKƏNMƏZ SEVGİLƏR

Məndən soruşur ki, sən redaktor adamsan, insan da 10 il dayanmadan sərasər, həftədə 3-4 sevgi şeiri yaza bilər?

Deyirəm, niyə olmur, lap ömrü boyu da yazar, öləndə sandığından heç yerdə çap olunmayan disident qəzəllər də çıxar. Yəqin sən "qəmi-eşqə can verməmisən" və bunu duymağın müşkül işdir.

Başa sala bilmirəm ki, şair bir növ yeriyən sevgi maşınıdır. Hətta 70 yaşında da avtobusda gözəl bir qızla yanaşı oturmaq, gözucu onun incə barmaqlarına, manikürünə, açıqda qalan dizlərinə baxmaq, lap elə işdəki kompüterdə xəlvətcə porno saytlara girmək (bunu kim eləmir ki?) ruhunu ehtizaza gətirə, poetik dünyasını silkələyə, yeni, orijinal sevgi assosiasiyaları yarada bilər. Aşıq Ələsgər yadında deyil? Çərşənbə günündə, çeşmə başında...

Razışamır, deyir yox ee, burda nəsə düz deyil.


NECƏDİ? ƏLA!

Dostum da yazardı. Amma alaqarğa kimi Facebook-un düşmənidi, 4500 dostluq profilini "uf" demədən silib. Deyir qulağım dincəlib, tanımadığım adamlarla uzun-uzun çatlaşmalar qurtarıb, ətrafımda yaratdığım saxta dünyanı darmadağın edib kəndimə qayıtmışam, kompüterin qabağında "zamri" pozasında dayanmaqdan "astraxandroz" tutmuşdum, indi idmana gedirəm, ingilis dili öyrənirəm, kitab oxuyuram. İnan ki işə, ailəyə ayrılan zamandan əlavə yalnız bunlara vaxt tapmaq olur.

Beyninə batmır, mən ona sosial şəbəkələrin faydasını anlada bilmirəm.

Deyirəm, sovet dövründə bir yazıçılar ittifaqı vardı, düzdü? Bir də onun 3-4 də jurnalı. Bütün ədəbi proses bağlıydı bu jurnalların başında duranların insafına, bığının altındakı "qapının" genişliyinə. Yazıq gənc yazar aylarla o redaksiyalara ayaq döyməli idi ki, ikicə şeiri çıxsın. İndisə dövr elə dəyişib ki, Rəsul Rza demişkən, dimdiyinin sarısı getməmiş birisi səhər sayta yazı göndərib, axşam redaktora yazır ki, nooldu? Çap eləmirsizsə, başqa yerə verim.

Necədi? Əla!

Özüm sual verib, özüm də cavab verirəm.

İndi nə bir yazar birliyinin, nə də bir dərginin ədəbiyyatda monopoliyası var. Heç yazarın kitabını yenə də hökumətdən asılı hansısa nəşriyyatın "planı"na saldırmaq problemi də yoxdur. Özəl nəşriyyatlar "ağzını açıb" əsər istəyir, pulun var, gətir, bu saat "vuraq". Facebook-dakı profilini "şəxsi nəşriyyatı"na çevirənlər də. Əgər sənin şeir-postlarını 500 nəfər oxuyursa, təzədən 500 nüsxə kitab buraxıb onu dükana verməyə nə hacət?

Bir sözlə, Azərbaycan ədəbiyyatı İnternetin, sosial şəbəkələrin hesabına əsl intibah dövrünü yaşayır.

Bu məqamda dostum qəribə sual verir. Deyir ki, sovet dövrünün son illəri yadına düşür? Xırda pula heç nə almaq olmurdu? Deyirəm bunun məsələyə nə dəxli?


NƏNƏ SEVGİ ŞEİRİ YAZA BİLMƏZ?

Çox romantik təbiəti var dostumun. Bir az dindardı, bir az da feministlərin, qadın yazarların bostanına daş atmağı var.

Bu cür kişi şovinizmi indi yaman "dəbdədir", adətən də uğursuz eşq macərasından sonra yaranır.

Deyir, yaxşı, lap tutalım ki, kişiləri anladım, bəs 60 yaşında gündə bir sevgi şeiri yazan nənələrə nə sözün? Bunların sən demiş, ruhunu ehtizaza gətirən nədir? Bəlkə onlar da pornoya baxırlar?

Bəh-bəh, baxırsan ki, yarlı-yaraşıqlı cavan qızdı, Facebook-da hər gün bir sevgi şeirini paylaşır, maşallah hərəsinə də 200 like gəlir.

(Dostum qımışır: nə çox "yanıq" oxucular!)

Bu da həvəslənib "məhsuldarlığı" artırır. Yaşamadığı duyğulardan yazır, əllaməçilik edir, özü də hiss etmədən şeirdən söz oyununa keçir, kimlərisə yamsılayır, beləcə yaradıcılığı tamam saxtalaşır, gündən-günə özünü daha çox xırdalayır.

Ona elə gəlir ki, hamı onun şeirlərindən danışır, yarına-yaraşığına görə, dost saytlarda onu "tanınmış şairə" kimi təqdim edirlər. Hər həftə 3 sayta şeir göndərməsə və onlar dərhal "pabliş" olunmasa dinclik tapmır. Bir-iki maraqlı poetik obraz yaradıbsa da, əvvəl-axır özünü hörmətdən salır, camaat artıq onun şeirlərini yox, bircə elə şəklini saytda görəndə qıcıqlanır.

Saxla! Saxla! - deyirəm.

Sən ki lap zır vəhabisən. Qaqaş, 21-ci əsrdə belə gerizəkalılıqla, dar düşüncə ilə uzağa gedə bilməzsən.

İndi demokratiyadır. Xoşun gəlmir, girmə sayta, girmisən. kimdən zəhlən gedir, oxuma! Səni məcbur edən var?

Sevgi isə şəxsi həyat kimi toxunulmazdır, kiminsə qəlbinə girməmisən ki, onun məhəbbətinin saxta, ya da həqiqi olduğunu biləsən...

Bu cür mübahisələrimizin bəzən gecənin gec saatlarınadək davam edir....
XS
SM
MD
LG