Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

İranın 25 kiloluq atom bombası


Arxiv foto: İranın prezidenti Mahmud Ahmadinejad (Mahmud Əhmədinejad) İranda nüvə alimləri qarşısında çıxış edir. 8 aprel 2012
Arxiv foto: İranın prezidenti Mahmud Ahmadinejad (Mahmud Əhmədinejad) İranda nüvə alimləri qarşısında çıxış edir. 8 aprel 2012
Əgər İran istəsə, 2-4 ay ərzində azı bir 25 kiloluq atom bombası düzəldə bilər. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (İSİS) hazırladığı son hesabatda deyilir ki, İranın bundan ötrü lazım olan texnologiyası və xammalı var.

Hesabat İranın əlindəki nüvə texnologiyaları və müəyyən qədər zənginləşdirilmiş uran ehtiyatlarını gözdən keçirir və Tehranın ən qısa zamanda və necə atom bombası əldə edə bilər sualını ssenarilərlə cavablayır.

İRAN ATOM BOMBASINI HARADA DÜZƏLDƏ BİLƏR?

Hesabata görə hazırda İranın nüvə silahı əldə edə biləcəyi iki zavodu var. Natanz və Fordo-dakı uran zənginləşdirmə zavodları.

Natanzdakı zavodda daha çox sentrifuqalar quraşdırılıb, istehsal gücü yüksəkdir. Amma bu zavod açıq ərazidə yerləşdiyindən hərbi zərbələr nəticəsində vurulması asandır.

Fordo-dakı zavod isə dağların içində qurulub. Hava hücumu nəticəsində dağıdılması bir az çətin olsa da, zavodun istehsal gücü də azdır, hələ yeni qurulub. Buradakı sentrifuqaların quraşdırılması da tam başa çatmayıb.

İran hazırda bu zavodlarda uranı 3.5 və 3.5-dən 20 faizə qədər zənginləşdirməklə məşğuldur.

ATOM BOMBASI ÜÇÜN XAMMAL

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesablamalarına görə, İranın nüvə materialları 3 qrupa bölünür: Xammal – zənginləşdirilməmiş uran, 3.5 faizə qədər zənginləşdirilən uran və 20 faizə qədər zənginləşdirilən uran.

İran uranı xammal olaraq özü çıxarır. Onu 3.5 faizə qədər zənginləşdirmək üçün bir, 20 faizə qədər zənginləşdirmək üçün isə başqa bir texnoloji prosesdən istifadə edir.

Ancaq atom bombası əldə etmək üçün İran uranı 90 faizə qədər zənginləşdirməyi bacarmalıdır.

Hesabata görə, İranın əlində hazırda yetərincə 20 faizə qədər zənginləşdirilmiş uran var ki, bütün gücünü səfərbər edib onu 90 faizə qədər zənginləşdirsin. Amma necə?

İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏK VARİANTLARI

Hesabatda deyilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidələri və kəşfiyyat məlumatlarına görə, İran Natanz zavodunda sentrifuqaların iş rejimini dəyişib, onların hamısını 20 faizlik uranı 90 faizə qədər zənginləşdirməyə yönəltsə, ən tezi 2 aya bir bomba üçün yetərli xammal – 25 kilo U-235 əldə edə bilər.

Ancaq İran bir yox, iki bomba düzəltmək istəsə bundan ötrü ona daha çox vaxt – 4.6 aydan 8.3 aya qədər vaxt tələb olunacaq.

Ancaq beynəlxalq ekspertlər fikirləşirlər ki, İran müəyyən texnoloji dəyişikliklər aparmaqla bu vaxtı 3.9 aya qədər azalda bilər. Natanz zavodundakı texnoloji dəyişiklər İrana imkan verər ki, 4 ədəd bombanı 8.9 aydan 12.8 aya qədər müddətdə əldə etsin.

Dağların altında yerləşən Fordo zavodunda isə İranın 1 atom bombasının hazırlanması üçün İrana 21 ay vaxt lazımdır.

İRAN ATOM BOMBASINI NECƏ PARTLADA BİLƏR?

Ekspertlər hesab edirlər ki, İran 25 kiloluq zənginləşdirilmiş U-235 əldə eləsə də, onu bomba halına salıb, yer altında sınağını keçirməsi və sonra hansısa raket və ya bomba üçün nüvə başlığı halına salması da vaxt aparacaq. Buna da İranın əlində hələ ki, yetərli texnologiya və təcrübə yoxdur.

İRAN BOMBA HAZIRLAYIRMI?

Hesabata görə, hələ ki, İranın nüvə silahı əldə etməyə çalışmasını sübut edəcək fakt yoxdur. Ancaq İranın bir sıra fəaliyyətləri bu ehtimalları gücləndirir.

Belə ki, İran Natanzda istehsal gücü az olan İR-1 sentrifuqalarını daha güclüləri ilə əvəz etmək üçün sınaqlar aparır. İstehsal gücünü artırmaq üçün hər iki zavodda müəyyən yenidənqurma işləri görülür.

Amma İran hazırda sentrifuqaların hazırlanmasında lazım olan xammal qıtlığı çəkir deyə, proses ləng gedir.

İRANIN BOMBA HAZIRLADIĞINI NECƏ BİLMƏLİ?

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu bildirir ki, əldə olan məlumatlara əsasən bəzi dəyişikliklərin baş verməsi halında İranın nüvə silahı əldə etməsi ehtimallarının artacağını deməyə əsas verir.

Bu baş verməsin deyə, beynəlxalq ictimaiyyət gərək İranın Fordo zavodunda sentrifuqaların sayını artırmasının və Natanzda 6000 ədəd də yeni sentrifuqa düzəltməsinin qarşısını alsın, uranı ancaq 5 faizə qədər zənginləşdirməyə razı salsın və 20 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarının artırılmasına mane olsun.

Bunlar baş vermədiyi halda İranın nüvə zavodlarına hava zərbələri qaçılmaz ola bilər.

İRANIN ZAVODLARI VURULSA TƏHLÜKƏ QALXACAQMI?

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabatında bildirilir ki, əgər Natanz zavoduna havadan zərbələr endirilsə, zavod tam dağılacaq. Ancaq Fordo zavodu dağın altında yerləşdiyindən, bura endirilən hava zərbələri ən pis halda birbaşa zavoda zərər vurmasa da, tunelləri, havalandırma və elektrik sistemlərini sıradan çıxara bilər və bu da prosesi ən azından ləngidər.

Sonda qeyd edək ki, Tehran ümumiyyətlə onun nüvə proqramının silah yaradılmasına yönəlməsinə dair Qərbin narahatlıqlarını əsassız adlandırır. İran bu proqramının yalnız dinc məqsədli olduğunda israr edir, amma həmin müəssisələrinə beynəlxalq ekspertlərin baxış keçirmələrinə də hələlik razılaşmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG