Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:23

"Ədəbiyyat qəzeti"nin canındakı 80 illik qorxunu kim çıxaracaq?


İradə Musayeva
İradə Musayeva
-

“Repressiyaların hazırlanmasında, həyata keçirilməsində” silaha çevrilmiş “Ədəbiyyat qəzeti”nin canından o eybəcər xisləti çıxara biləcək gücə inanaqmı?

Hansısa təyin olunan yox, tələb olunan baş redaktor gələcək və qəzetin canındakı 80 illik qorxunu çıxarıb, ədəbiyyat sevgisi ilə isə başlayacaq? Sadəcə ədəbiyyat sevgisi...



"Oxu zalı"nda Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları ilə bağlı polemika davam edir.


İradə Musayeva


“ƏDƏBİYYAT QƏZETİ” HAQQINDA ...

1934-cü ildən çıxan “Ədəbiyyat qəzeti” ölüm hökmü altında yaddan çıxıb qalmış ədəbi orqanlardan biridir.

Vaxtilə ədəbi-mədəni aləmdə ədəbiyyatımızın həyatına daxil olmuş və nüfuzlu söz sahibi olan bu qəzet müstəqillik illərində (“A. Vəfalı epoxası”ından etibarən) nəinki lider oldu, ən azından saysız-hesabsız qəzet-jurnalların ədəbiyyat səhifələrinin dediyini belə deyə bilmədi...

Qəzetin redaktorlarını xatırladaq. Adların yaratdığı assosiasiyadan “azad söz”ün qalxma, enmə dalğasını müəyyənləşdirəcəyik: Hacıbaba Nəzərli, Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Məmməd Səid Ordubadi, Osman Sarıvəllli, Məmməd Cəfər Cəfərov, Ənvər Əlibəyli, Əhməd Cəmil, Süleyman Rüstəm, Qasım Qasımzadə, Yüsif Əzimzadə, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə, Cabir Novruz, Sabir Əhmədli və nəhayət Ayaz Vəfalı...

Bu ədəbi orqanın canlandığı və hətta tirajının 100 minə çatdığı (indi 2 mindir) dövrlər məhz onun yaradıcıları, redaktorları ilə bağlı olub. Məsələn N. Cəfərov “Ədəbiyyat qəzeti” haqqındakı xatirələrində yazır ki, ədəbi prosesi və üslub cərəyanlarını müəyyənləşdirməyə çalışan, müxtəlif maraqları əks etdirən ( bəli, müxtəlif! Bu gün qəzet bir adamın – baş redaktorun dirijor çubuğu altında oxuyur – İ.M) materiallar, yeni rubrikalar uğrunda cəhdlər edirdik, hətta qəzetdən kənarda qalan tənqidçi və ədəbiyyatşünaslara zəng edib onları əməkdaşlığa çağırırdıq.

Son üç ilin saylarını vərəqlədim. İlk səhifələr vəzifəli şəxslər və AYB xəbərlərinə həsr olunub.

Sonrakı səhifələrdə ədəbi-mədəni həyat rubrikasında “seçilmiş” xəbərlər və adlar, daha sonra yubileylər, təbriklər, daha sonra elə bu aspektdə yazılmış “kitablar, rəylər”, “yeni nəşrlər”, “illər sətirlər”, “ əlaqələr, soraqlar”, bildirişlər, elanlar, “Allah rəhmət eləsin” lər və s.

Məsələn “Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin nitqi” (19.12.2009), “Baş nazirin müavini Elçin Əfəndiyev rusiyalı alimə “dostluq “ ordeni təqdim etmişdir” (10.07.2009), “ Şeyxül- İslam Allahşükür Paşazadə qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib” (27.11.2009), “Türkmənistan prezidentinin Azərbaycanla dostluq, qardaşlıq münasibətləri” (06.12.2009) və s.

Ədəbi-estetik zövq aclığını təmin etmək məqsədi ilə qəzetə əlini atan oxucu üçün titulların və vəzifələrin, bu tipli yüzlərlə məlumatların nə faydası var?

Vəzifəyə pərəstiş bu qəzetdə elə həddə çatıb ki, müəyyənləşmiş adların haqqında ağlabatmaz müqayisələr, mübaliğələrlə dolu yazılara da yaşıl işığı həmişə açıq qoyublar. (Məsələn “Con Steynbek və Elçin yaradıcılığı müqayisəli kontekstdə” – Müşfiq Babayev. 14.08.2009)

Şəxsiyyətlərə, şəxslərə, qurumlara, ideoloji siqnallara işləyən “Ədəbiyyat qəzeti” nin ənənəvi “klassiklər”, “folklor”, “cənub həsrəti”, “bölgələr” və s. mövzu dairəsi də illərdir ki, yenilənmir.

Folklordan eyni imzalar yazır, cənub mövzusu B. Azəroğlu, M. Gülgün, S. Tahir, Ə.Tudə yaşını keçə bilmir.

Ən pisi isə ədəbiyyat adına çıxan qəzetin toyxana-vayxana xəbərləri ilə dolu olmasıdır. Bir hissədə təbriklər, yubileylər, açılışlar, təqdimlər, digər hissədə anımlar, xatirələr, nekroloqlar, “aramızdan getdi”lər, “ədəbiyyata ağır itki üz verdi”lər...

Qəzetin üçdə iki hissəsi bu xəbərlərə həsr olunur. Konkret fakta diqqət edin: 15 oktyabr 2010-cu il sayı əlimizdədir. H. Cavidin okytabrın 24-də anadan olması ilə bağlı materiallar , “Üzeyir Hacıbəyov – 125”, “Şəkər Aslan – 75”, “ Altay Məmmədov – 80”, “Əhməd İsayev – 70”, “ Akaki Sereteli – 170”.

Növbəti səhifələrə keçirik: “1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bəxtiyar Ərşad vəfat etmişdir”, “Amansız ölüm 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nəcimə Babayevanı aramızdan apardı”, “Amansız ölüm istedadlı şair və publisist Eldar Nəsibli Sibireli aramızdan apardı”, “Ə. Hacızadənin anım günü Natavan klubunda keçirildi” – cümlələri ilə başlayan səhifə-səhifə materiallar...

Təbii ki, biz bu adların hamısına hörmətlə yanaşırıq (H. Caviddən tutmuş Bəxtiyar Ərşada, Nəcimə Babayevaya qədər hər kəsə) və ədəbiyyata aid olan hər kəsin hətta şəxsi həyatının belə mövzu olmasına etiraz etmirik. Söhbət sadəcə ədəbiyyatla, canlı ədəbi proseslə nəfəs ala bilməyən ədəbi orqanın mənzərəsindən gedir.

Gəncliyin səsi isə heç gəlmir. Polemika doğuran, axtarışa çıxan, emosional, cəsarətli müəlliflərə açılan qapıya yekə bir qıfıl vurulub.

Halbuki ən ağır illərdə də bu qapının bir qarış da olsa açıq olduğunu bilirik.

Qəzetin baş redaktorlarından biri - Məmməd Cəfərin “Ədəbiyyat qəzeti” nin 03.09.2010 – cu il sayındakı “Qəzet də bir məktəbdir” məqaləsində oxuyuruq : “... gəncliyin səsinə də böyük ehtiyac hiss olunurdu. Mübaliğəsiz deyə bilərəm ki, o illərdə qəzetin ən yaxşı iş təcrübələrindən biri gənclərə bel bağlaması, onlara iş tapşırmaq, qəzetin səhifələrində ən yaxşı əsərlərinə (ancaq yaxşı əsərlərə) yer ayırması idi. Bu gün adlı-sanlı yazıçılar kimi tanınan və müasir ədəbiyyatımızın ikinci nəsli sayılanların əksəriyyətini oxucular ilk dəfə “Ədəbiyyat qəzeti” vasitəsilə tanımışlar”.

Bu gün isə “Ədəbiyyat qəzeti” tanıtmır. Tanınmışları çap edir. Burda gəncliyin səsi, ruhu, gəlişi, intonasiyası yox dərəcəsindədir.

“Ədəbiyyat qəzeti” yaradıcı, axtarıcı funksiyasından imtina edib. Ən yaxşı halda dissertasiyalardan, monoqrafiyalardan hissələr nəşr olunur ki, bu da Azərbaycan Milli Elmlər Akademiyasının , universitetlərin fəaliyyətinin elementi kimi əks olunur.

Qəzet özünə xas əməkdaşlar və ədəbi proseslə canlı bağlantı yarada bilmir. Halbuki ona verilən geniş imkanlardan istifadə edib ədəbi aləmdə xüsusi, fərqli və daha dinamik bir mühit yarada bilər. 80 ilə yaxın təcrübə, 30-40 illik oxucu auditoriyası (onların çoxu “oxu zalı”nı tərk edib)...

Qəzetin son 3-4 illik saylarındakı adlar və başlıqlar oxucuda açıq-aydın qıcıq yaradır - daşlaşmış, şablonlaşmış, məzmunu kimi bayağı başlıqlar: “Unudulmaz müəllim”, “Necə unudasan?”, “Ədəbiyyatımıza dəyərli töhfələr”, “Mənalı ömrün anları”, “Xalq ruhu”, “Xalq həyatı”, “Yaddaşda qalan xatirələr”, “Düşündürən sənətkar”, “Ömrün üfüqləri”, “Ömrün zirvəsində”, “Xeyirxah əməl sahibi”, “Deyilən söz yadigarıdır”, “O həmşə bizimlədir”, “Əsl vətəndaş cəasrəti”, “Şərəfli peşə”, “Ədəbiyyata həsr edilən ömür”, “Şərəfli ömrün səhifələri”, “Sevgi dolu bir dünya”, “Bədii sözün gücüylə”, “Torpağa bağlı şair”, “Ədəbiyyat yolçusu”, “Unudulmaz gələn dostumuz” və.s

Professor N.Cəfərov “Ədəbiyyat qəzeti” nin 24.07.2009-cu il sayında qəzetin 75 illiyi ilə əlaqədar yazdığı “Ədəbiyyatımız, Birliyimiz və “Ədəbiyyat qəzeti”miz adlı məqaləsində yazır: “Azərbaycan Yazıçılar Birliyindən də , “Ədəbiyyat qəzeti”indən də həm 30-cu illərin repressiyalarının hazırlanmasında, həyat keçirilməsində istifadə olunub, həm də repressiyalara məruz qoyulub. 50-60-cı illərdə bədii-ictimai həyatın yumşalmasının, 70-ci illərdə isə canlanmasının şahidi, 80-90-ci illərdə isə milli azadlıq hərəkatının, müstəqilliyin carçısı olub. Qəzetin tirajı yüz minə çatırdı”.

“Repressiyaların hazırlanmasında, həyata keçirilməsində” silaha çevrilmiş “Ədəbiyyat qəzeti”nin canından o eybəcər xisləti çıxara biləcək gücə inanaqmı?

Hansısa təyin olunan yox, tələb olunan baş redaktor gələcək və qəzetin canındakı 80 illik qorxunu çıxarıb, ədəbiyyat sevgisi ilə isə başlayacaq? Sadəcə ədəbiyyat sevgisi...

"Ədəbiyyat qəzeti"nin saytına girəndə...
XS
SM
MD
LG