Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 15:25

Şahvələd Çobanoğlu. Hugo-nun məzarı başında...


Şahvələd Çobanoğlu Parisdə Hügo-nun məzarını ziyarət edir.
Şahvələd Çobanoğlu Parisdə Hügo-nun məzarını ziyarət edir.
-

Çünki mən Parisə küçələrin abadlaşması ilə öyünən, kitabın isə qiyməti olmayan bir ölkədən getmişdim. Mən ora daş heykəlləri sürətlə çoxalan, amma kitablar haqda danışılmayan bir ölkədən gəlmişdim...


Şahvələd Çobanoğlu


22 İL ÖNCƏKİ ARZUMA ÇATDIM...

18 sentyabr 2012-ci il. Parisdə Notre Dame Kilsəsinin önündə dayanmışıq. Elə bil möcüzə görürdüm.

Doğrudan da inanılası deyildi bu. Mən elə o anlarda dərk etdim ki, niyə bu binanı Parisin ürəyi hesab edirlər.

Gözümü çəkə bilmirdim, susub qalmışdım.

Yanımda isə Azərbaycanın çox istedadlı bir adamı vardı, o da mənim sakitcə dayanmağımı görüb soruşur: “Necədir?”

Cavab almadıqda isə sözünə davam edir: “Təəccüblü heç nə yoxdur, daşdır...”

Bu, mənə yönələn bir atmacadır. Bir neçə gündür Parisi gəzdikcə, oradakı qeyri-adi, gözəl memarlıq nümunələrini gördükcə, yanımdakı soydaşlarıma deyirdim: “Daşdır. Təəccüblü nə var ki?!”

İndi özüm eşidirdim bu sözləri. Xeyli susdum. Tikintisinə 12-ci əsrdə başlanan bu məbədin gözəlliyi ilk dəfə məni daşın qarşısında lal etmişdi.

Amma bir azdan içimdə bütün daşlara meydan oxuyan bir fikir oyandı və dostuma dedim: “Notre Dame de Paris adlı iki abidə var. Biri gözəlliyi doğrudan da möcüzə sayılacaq bu daş məbəddir.

Digəri isə Victor Hugonun eyni adlı romanı.

Məncə, ikinci üstündür. Onun rolu, dəyəri daha çoxdur.

Bir-biri ilə bağlılığı da yox deyil: daş abidələr olmadan da Fransa bugünkü azadlığına çata bilərdi, amma məhz kağız abidələr olmadan Fransa azadlığın beşiyi olmayacaqdı.

Notre Dame De Paris gecə vaxtı
Notre Dame De Paris gecə vaxtı
Məhz kitab abidələrin köməyi ilə Fransız xalqı azadlığını qazandı, hətta bunun üçün o daş abidələri ucaltdıran kralların başını da kəsdi...”

Həm də mənə elə gəldi ki, Notre Dame de Paris məbədi ilə “Notre Dame de Paris” romanını müqayisə etmək yalnız mənim və mənim gəldiyim ölkənin insanlarının ağlına gələ bilərdi.

Çünki mən Parisə küçələrin abadlaşması ilə öyünən, kitabın isə qiyməti olmayan bir ölkədən getmişdim. Mən ora daş heykəlləri sürətlə çoxalan, amma kitablar haqda danışılmayan bir ölkədən gəlmişdim. Mən daş, asfalt, qum, körpü, hasar ölkəsindən gəlmişdim...

Ağrılı idi. Amma mən həmin gün bütün ağrılara üstün gələn bir şövq yaşamışdım. Çünki o gün 22 il öncəki bir arzuma çatmışdım. Victor Hugonun qəbrini ziyarət etmişdim. Hələ 22 il öncə bu yazıçının “Səfillər” romanını ikinci dəfə oxuyarkən bu arzum yaranmışdı...

Maraqlı və dahiyanə ədəbi əsərlər çoxdur. Onların arasında bəzilərini hətta ixtira saymaq olar. Mən “Səfillər”i məhz ixtira sayıram, üstəlik, onu bəşəriyyətin tarixində oynadığı rola görə çox yüksək qiymətləndirirəm. 2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Mario Vargas Llosa bu əsər haqqında deyir: “Hugo-nun “Səfillər”i millətlərin həyatını dəyişdi. Xalqlarda yeni arzular oyatdı... ”

“Səfillər”in mənim həyatımda və ürəyimdə də böyük yeri var. Parisi, onun ürəyi sayılan, Böyük Fransa inqilabı dövründə hətta Ağıllar sarayı adlanan Notre Dame məbədini görmək deyə bir arzum olmayıb. Amma azadlıq üçün ölən şən səfillərin atası olan Victor Hügonun, o böyük və işıqlı insanın qəbrini ziyarət etmək adlı bir arzum vardı. Mən həmin gün bu arzuma da çatmışdım.

Paris Panteonunda Hugonun, eyni zamanda Volterin qəbrini ziyarət etmişdim.
Hugo-nun "Notre Dame de Paris" romanına illüstrasiya
Hugo-nun "Notre Dame de Paris" romanına illüstrasiya
XS
SM
MD
LG