Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:03

Ağakişi Kazımov: “Qoy Elçin Əfəndiyev də, Anar da incisin. Vecimə deyil”


-

"Teatrın evini yıxdılar. Teatrın hörmətini bir qəpiyə saldılar..."

"Nazirlikdə bir julik var, otağa girəndə adamın əlinə baxır ki, görüm nə gətirib".


Rejissor Ağakişi Kazımovun AzNews.az-a müsahibəsi

- Teatr canlı sənətdir. Amma burada istedad əvəzinə “day-dayı” qaydası işləyir...

- Teatr sənətində tapşırıq ola bilməz. Bu teatrdır. Əgər kimsə aktyorluğu bacarmırsa, “mən ölümlə” o, nə edəcək? 4 il oxuyacaq, sonra onu göndərəcəklər teatrlardan birinə. Görəcəklər ki, onun aktyorluq bacarığı yoxdur, daha onu neyləyəcəklər? Deməli, o, 4 il havayı oxuyub. İndi aktyorluğa gələnlərin çoxu bu sənəti bacarmır. Ona görə də qovulur. İl başında sinifimdə 10 nəfər olubsa, məzuniyyətə gedəndə bu rəqəm 5-ə enib. Hamısını qovmuşam. Müəllimlərin əksəriyyəti ciddidir.

Sovet hökumətinin ilk illərində kino təzə yaranmışdı. Hər bir adam adicə traktorun yer şumlamasına 50 dəfə baxırdı. Sonra kino rəngləşdi. Bundan sonra səsləşdi. Maraq daha da artdı. İndi kino böyük formatdan olub. Bütün bunların belini televiziya qırdı. OSKAR alanlara kimi hamısı televiziyadadır. Heç çoxusu kinoya da getmir. Teatrların hamısı bom-boşdur. Yalandan tamaşaçı var deyə özlərinə əl qatırlar. Hanı o tamaşaçı? Mən getmirəm, bilirəm də ki, orada tamaşaçı yoxdur. Bir aktyor səsini çıxarmır. Nə dillənəcəklər? Dilləri qalıb? Daha nə desinlər? Azərbaycan teatrının evini yıxdılar. Yazdılar, kampaniya təşkil etdilər, Nazirlər Kabinetinə getdilər, axırı nə oldu? Teatrın evini yıxdılar. Teatrın hörmətini bir qəpiyə saldılar. Nə deyəcəklər? Dilləri qalıb ki, danışsınlar da.

- Yazmağın, kampaniya aparmağın arxasında kreslo söhbəti dayanırdı?

- Yox. Çünki İsrafil İsrafilov bilmirdi ki, onu “Azdrama”ya direktor qoyacaqlar. Amma yazanların biri direktor, biri də baş rejissor olmaq istəyirdi.

- Bəs necə oldu?

- Baş tutmadı. Arzuları ürəyində qaldı.

- Xalq şairi Sabir Rüstəmxanlı müsahibələrinin birində deyib ki, “nə qədər ki, teatrla bağlı gərəkli islahatlar aparılmayıb o zamana kimi inkişafdan danışmağa dəyməz”...

- Gərəkli islahat nədir? Bu mütləq açılmalıdı. Gərəkli islahat budur ki, akademik səviyyəsində 10 mütəxəsis yığılmalıdır. İki akademik, iki riyaziyatçı, iki tənqidçi və s. İlk öncə Akademik Milli Dram Teatrından başlayırıq. Bütün tamaşalara baxırıq və yazılı şəkildə rəy veririk. Rəy veririk ki, teatr yoxdur. Və onu sonra prezidentə göndəririk. Yoxdur sözünü demək asan olmayacaq, uzun çəkəcək. Moskva, Kazanda bilet tapmaq olmur. Niyə? Çünki ora tamaşaçı çox gəlir. Bizdə gəlmirlər, teatrı istəmirlər. Oturmuşam evimdə divar boyda ekranım var. Baxıram. 1500 manata alımışam. Nöqtəni basıram dünyaya baxıram. Bu da işimə yaramayanda internetə girirəm. Nəyimə lazımdır teatr?

- Deyirsiniz ki, teatr yoxdur. Amma “Bu şəhərdə”nin tamaşalarına bilet qalmayıb?

- O teatrdır bəyəm? Bu adamlar çox aydın və ucuz şəkildə qarşılarına güldürmək məqsədi qoyublar. Bizim camaat bu gülüşə də hərisdir. İstəyir ki, gülsün. Amma nəyə gülsün? Düşüklük nə qədər olar? Kiçik səhnəciklərdən demirəm, bu dəqiqə “Otello” qoy, teatra heç kəs gəlməyəcək. Eləcə də “Vaqif”i qoyaq, yenə də gələn olmayacaq. Niyə? Çünki “Vaqif” kimə lazımdır? Orada şit gülüşlər yoxdur axı. Hamı da bunu cəmiyyətlə bağlayır. Cəmiyyət niyə gülünc gündədir? Teatrı cəmiyyətə kim təbliğ edir? Cəmiyyətə teatrı kim sevdirib? Teatra görə kimin başını sığallayıblar? Heç kim. Gedirsən get, getmirsənsə özün bil. Birincisi, dramaturgiyamız yoxdur. Bax bundan başlamaq lazımdır. Qoy elə Elçin də, Anar da incisin. Vecimə də deyil. İndi gərək, bunlar şah olardı. İclas oldu. Mən orada dedim. Vaxt vardı ki, biz Yazıçılar İttifaqının qarşısından keçəndə titrəyirdik. Deyirdik ki, birdən pilləkənlərdən Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov düşər. Yaxşı düşməz. Özümüzü yığışdırıb keçirdik. Amma
Elçin Əfəndiyev
Elçin Əfəndiyev
indi biz Yazıçılar İttifaqının qarşısından keçəndə fit çalırıq. Çünki bizim orada hörmət etdiyimiz yazıçı yoxdur.

- Anarı, Elçini yazmamaqda ittiham edirsiz?

- Anarın 70-dən çox yaşı var, gücdən düşüb. Ayda 1000 manat Prezident təqaüdü, 750 deputatlığına görə alır. Özü də oturub kresloda, sədrdir. Sədrliyə görə də 3 min pul alır. Eləcə də Elçin. Nəyinə lazımdır. Niyə özünü incidir?

- Onda kreslolarını təhvil versinlər?

- Niyə versin ki? Verməzlər. Kreslosuz onlar kimə lazımdır?

- Belə çıxır ki, sizdə razılaşırsız ki, Anardan sonra gələnlər ortaya sanballı əsər qoya bilmirlər?

- Onlar Anardan 10 dəfə aşağıdır. Heç yazmaq istəmirlər. Biri nəsə yazır, onu ərsəyə gətirənə kimi 10 min manat xərci çıxır. Amma bu əsərdən onun 10 qəpik də xeyri çıxmır. Neynirəm onu? Həm yazacam, həm də ziyana düşəcəm?

- Dramaturqlar da üsyana qalxır. Deyirlər ki, teatra əsər təqdim edirik, amma direktorlar onu yaxına buraxmır?

- Azərbaycanda narkomaniya baş alıb getməsilə bağlı Firuz Mustafa “Tufandan sonra” əsərini yazdı. Bu tamaşanı qurmaq üçün bir il fikirləşmişəm. Yaxşı bir quruluş tapdım .

- Teatrın direktoru İsrafil İsrafilov nə deyir?

Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı
- Nə deyəcək? “Mən belə əsərləri bəyənmirəm”- deyir. “Mən hansı əsəri bəyənirəmsə onu da qoyacam. Heç kəs də mənə heç nə deyə bilməz. Mənə Prezident belə tapşırıb”. Amma mən buna inanmıram. Mən rüşvət vermirəm, almıram, rüşvət alıb-verənlərlə durub oturmuram. Bütün fəxri adlarımı da pulsuz almışam. Bir adama buna görə bir qəpik də pul verməmişəm.

- Rüşvətlə qoyulan əsər cəmiyyətə nə verəcək?

- Heç nə. Bəlkə də nəsə verəcək. Sadəcə, biz bilmirik.

- Sabir Rüstəmxanı deyir ki, teatrda tamaşaçılar tum çırtlayır...

- Keyfiyyətli tamaşa, aktyor, rejissor yoxdur. Keyfiyyətli təşkilatçı olmadığı kimi keyfiyyətli də tamaşaçı yoxdur. Ermənilər bizi çaşdırandan sonra Azərbaycan xalqının teatra olan marağını tərgitdik. Nə teatr? 10 manata bilet alacam. Sonra 10 manat taksiyə verib Əhmədlidən bura gələcəm? İstəmirəm. Belə teatr olmur. Teatrları düzəltmək olar. Yalnız bir şərtlə.

- O hansı şərtdir?

- Teatrlara normal rəhbərlik təyin edilsə, normal aktyor seçilsə. Təsəvvür edin ki, işi bilməyənlərə vəzifə verdilər. O da inkişaf adı ilə teatrı yeyir. Məsələn, direktor eşidir ki, filan şəhərdə bir rejissor var. O, Azərbaycanda tamaşa qura bilər. Danışıq zamanı rejissor Azərbaycanda 50 minə tamaşa qoyacağını deyir. Əcnəbi rejissor əsərlə tanış olanda direktor ona “al bu 20 mini, 10 günə tamaşanı hazırla və çıx get”. Belə olar? 10 günlük tamaşa nə olacaq?

- Olmaz ki, həmin 20 mini elə Azərbaycan rejissorlarına versinlər?

- Yox.

- Nəyə görə?

- Çünki öz rejissorlarımıza versələr, yeyintinin üstü açılacaq. Mən bu sənətə gələndən Mədəniyyət və Turizm Nazirliyində bir iki nəfər yaxşı adam işləyib. Yerdə qalanların hamısı julikdir. Səmimi deyirəm, onlar təmiz adamlar deyil. Amma mən bunu Əbülfəz Qarayev və Vaqif Ödər Bayatılıya şamil edə bilmərəm, onlar çox yaxşı adamdır. Nazirlikdə bir julik var, otağa girəndə adamın əlinə baxır ki, görüm nə gətirib. Bu ələ baxan juliklər Azərbaycan mədəniyyətinin evini yıxdılar.

Bahar RÜSTƏMLİ
AzNews.az
XS
SM
MD
LG