Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

Elmar Məmmədyarov: «Gəlib gülməli təkliflər verirlər»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-
«ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində insidentlərin baş verməsindən narahatdır. Buna görə də, bir tərəfdən atəşkəsin gücləndirilməsi, digər tərəfdən də danışıqlardan bəhrələnib onların uğurlu başa çatması üzərində çalışılmalıdır».

Bunu iyulun 9-da ATƏT-in Baş katibi Lamberto Zannier Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar yolu ilə tapılacaq həllə heç bir alternativ ola bilməz:
«Biz ATƏT-in monitorinq rolunun gücləndirilməsini təklif edirik. Bu baxımdan snayperlərin təmas xəttindən çıxarılmasını, eləcə də etimadın artırılması üçün bir neçə tədbir təklif etmişik. Prezidentlərin görüşündə bu təkliflər razılaşdırılıb və onların icrasına başlanılmalıdır. Eləcə də təmas xəttində insidentlərin araşdırılması mexanizmi işə salınmalıdır».

GÜLMƏLİ TƏKLİFLƏR

Lamberto Zannier'in fikrincə, cəbhə xəttində insidentlərin araşdırılması mexanizmi olmalıdır ki, baş verənlərdən ictimaiyyət xəbər tuta bilsin. Tərəflər buna razılaşarsa, artıq ondan sonra bunun sırf proseduraları və hansı şərtlərlə icra olunacağı qərarlaşdırılacaq.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə bunun əksini deyir. O bildirir ki, doğrudan da bu məsələ bir neçə dəfə müzakirə olunub. Ancaq problem mexanizmlərdə deyil:
«Gəlib Azərbaycana gah təmas xəttindən snayperlərin çıxarılmasını, gah da hansısa mexanizmlər təklif etmək gülməli görünür. Problem mexanizmlərdə yox, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarında olmasındadır. O qoşunlar ordan çıxsa, həm insident, həm də mexanizm problemləri həll olunacaq. Bu, Azərbaycanın mövqeyidir və biz onun üzərində dayanacağıq».
Lamberto Zannier
Lamberto Zannier

DAĞLIQ QARABAĞ ƏTRAFINDA SİYASİ OYUNLAR

Elmar Məmmədyarov deyir ki, ATƏT çox mühüm beynəlxalq təşkilatdır. 20 ildir münaqişənin həlli istiqamətində müzakirələr aparır. Amma bununla belə hələ də nizamlama prosesində irəliləyişə nail olunmayıb.

Konfliktoloq Arif Yunus isə deyir ki, cəbhə zonasının monitorinqi üçün müxtəlif mexanizmlərin təklif olunması məsələsi uzun illərdir dartışılır. Nizamlama prosesi isə elə aparılır ki, tərəflərin bağlı qapılar arxasında danışdığı ilə jurnalistlər qarşısında dediklərinin nə dərəcədə üst-üstə düşdüyünü anlamaq çətindir. Yəni, kimin harada səmimi olduğu artıq anlaşılan deyil. Eyni bəyanatların verilməsi və eyni cavabların alınması da, Arif Yunusun fikrincə, ondan irəli gəlir ki, Azərbaycan və Ermənistan rəhbərləri bu münaqişənin həllində maraqlı deyillər. Onlar Dağlıq Qarabağ məsələsindən öz siyasi oyunlarından istifadə edirlər. ATƏT isə heç olmasa müharibənin baş verməsini əngəlləmək üçün illərdir münaqişə zonasına siyasi turistlər
Arif Yunus
Arif Yunus
göndərir:
«ATƏT İran ətrafında olan gərginlik, eləcə də Suriya hadisələri və digər məsələlərin fonunda Qarabağda nəyinsə baş verməsindən və müharibənin başlanmasından qorxur. Onlar bunu istəmirlər. Ona görə də, gəlib heç olmasa nələrə yol verməməyi izah edirlər. Əlbəttə ki, onlar məsələnin həll olunmasını istəyirlər. Amma olunmursa, onda barı müharibə olmasın, onlar buna çalışırlar».

ATƏT BAŞ KATİBİNİN DANIŞDIĞI DİGƏR MƏSƏLƏLƏR

ATƏT-in Baş katibi Lamberto Zannier Azərbaycana səfəri çərçivəsində vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşüb. «Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, müzakirələr zamanı onlar ATƏT rəsmisinə Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər. Lamberto Zannier isə rəsmi görüşlərdə bu məsələdən də danışacağını bildirib.

XİN rəhbəri Elmar Məmmədyarov mətbuat konfransında deyib ki, ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsindən başqa seçkilər məsələsindən də danışıblar. Baş katib tərəfindən bəzi təkliflər də olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG