Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 10:39

Zeynep Aliye “Marqaritanın qanadları” (Müasir türk yazıçısından hekayə)


Arxiv foto
Arxiv foto
( “Oxu zalı”nda başladığımız  yeni tərcümə layihəsində sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış etməkdə davam edirik. Hekayəni türkcədən Aytən Təhmasib çevirib. “Oxu zalı”  hekayəsinin tərcümə edilib çap olunması üçün müəllifdən icazə alıb) 


Zeynep Aliye


MARQARİTANIN   QANADLARI


-Bax, əriyir.

Gülsər bu sözü dodaqları kişinin dodaqlarıyla birləşəcəyi anda dedi. Üzü üzünə toxunacaq, gözləri gözlərinə qarışacaq, ürəyi ürəyi ilə birləşəcək anda… Baxışları buxarının üstündə yanan şamın işığında, ruhunun acı-acı qıvrıldığını nişan verən bir inilti ağız boşluğunda:
-Əriyir, -dedi.
 
   Söyləməkdən savayı yolu yoxuydu.  Saniyələr  uçur, zaman qısalır və   getdikcə taqəti çəkilirdi.  Göz-gözə qaldığı heçliyə, tükənişə laqeyd ola bilməzdi.  Ən çox da,    intihar  səbəbi olmayan bir heçlik qarşısındakı sükutun  gətirdiyi günahkarlıq hissiylə bacara bilməzdi. Çünki partlayış nöqtəsində  yox, ərimə nöqtəsindəydi. Qarşısını almasa, özü  də  əriyib  yox  olacaq alovsuz yanğının sahilində…  

Cəhənnəmdi... Cəhənnəm zəbaniləri buxarıda öləziyən odu yenidən  alovlandırmaq   üçün  əmrə müntəzirdilər.   Bir azdan qızğın-qıvraq alovlar coşub daşacaq və yan-yörəsində nə varsa,  qovurmağa başlayacaqdı. Rəngli, nəfis bir dərgidə gördüyü cəlbedici  iki fotodan  birində odun yığınının  üstünə atılmış xərəyəbənzər sal üzərində bir Hind qadını uyuyur. İkinci  fotoda isə odunlar alovlanıb yanır, qadınsa hələ  yuxudadır.
Gülsərin üzündəki kədərin səbəbini bilmək istəyən, bunun üçün narahat  olmuş kimi yox, qürurlu bir əzəmətlə:

  -Nə?

Kişi  geri çəkilib silkinərək uzaqlaşdı.

Sehr pozulmuşdu. Gülsər  dönüşü olmayan yola sovrula biləcəyini hiss etdi. Sürüşkən yolda yerimək çətin gəlirdi.

- İstəyirsən, lampanı yandır,  - Narahatlıq və səbirsizliklə, ancaq səsini  yumşaldaraq söylədi bunu. Bütün bunların mənasının izahını gözləyən kişiyə cavab olaraq çarəsizlik yağan kədərli  baxışla, yazıq-yazıq  çiyinini tərpətdi.

- Noldu ki, indi? -dedi Semih. Üz-gözünü bürüşdürüb, hikkəsini cilovlamaq üçün dəridən-qabıqdan çıxdığı aşkar bilinirdi. Burnunu dik tutub, uzaqdan naz satan  bir duruşla gövdəsini arxaya söykədi. Ayağını ayağının üstündə…  qolu divanın başında…  alt dodağını gəmirir, qıyıq gözlərində şübhə qığılcımları sayrışırdı.

  Xeyir, Gülsər o qədərini oxuya bilmirdi. Kişinin reaksiyasının səbəbini çözə bilməməsiylə yanaşı, o an fikrindən nələr keçirdiyini də anlaya bilmirdi. Dəyərli  adam  olduğunu  göstərməkçün kürəyini yüngülcə dikəldib bədənini qaldırdı, ora-burasını bir yerə yığaraq özünü ələ alıb divanın küncündə yeni bir vəziyyət aldı:

- Belə istəmirəm!!! Sadəcə, danışaq!!!

Gərilən üz cizgilərində, kişiyə dik-dik baxmağında, boğuq səsində sözlərini qüvvətləndirən bir qərarlılıq, geri addım atmağın mümkünsüzlüyünü göstərən  qətilik ifadəsi vardı. Buxarının üstündəki  şama yenidən ötəri nəzər saldı.
Semih geri çəkilərək  Gülsərdən bir az da uzaqlaşdı. Nəfəslərinin, bədən enerjilərinin bir-birinə qarışmadığı və ikisinin də əvvələ nisbətən bir  qədər qaranlığa  gömülüb yadlaşdıqları o nöqtədə, qızın ciddiliyindən arxayın olmaq istəyərcəsinə qaşlarını çatıb, sual dolu baxışlarla getdikcə  dəyişilən üzə baxdı. Bir neçə saniyə kirpik qırpmadan, ara bir başını az-maz  aşağı-yuxarı tərpədərək qarşısındakının  nə oyun qurduğunu, necə hesab apardığını çözməyə çalışdı. Sonra fürsəti qaçırmamaq üçün qəfil  sıçrayışla divandan qalxdı. Əlləri yan cibində iki iri addım ataraq, ayaqlarını aralı qoyub   üzü   buxarıya  sarı  dayandı.

   Bir anlıq kişinin gövdəsini  buxarıdan  düşən  qırmızı  işığın sehr nöqtəsi hesab edərək, qaranlığın alova güc gəldiyini hiss etdi. Nə qədər güclü, təsiredici olduğunu, coşub-daşan bir sevgi sarmaşığına  çevrilib ayaqlarından yuxarı sarmaşmağı keçirdi ağlından.

- Yaxşı, elə isə get artıq, - dedi,  Semih. Bunu söyləyəndə üzündəki cizgiləri dərinləşmişdi, başını  yüngülcə çevirib bir  anlıq  Gülə baxdı.

Etinasızlığı gördü Gülsər. Peşmanlıq hissiylə, istəmədən yaratdığı mübarizə mühitində olduğunun  fərqinə  vardı. Bəli, bəli bir oyunun içinə  düşmüşdü. İkicə addım sonranın nə olacağından xəbərsiz kimi sarsıdıcı bir  mərhələdə müdafiəsiz qalmışdı. Amma bu qədər ağrısız kəsilib  atıldığını,  belə bir rəftara  layiq olmadığını dəhşətli hüznlə hiss etmişdi. Nə bilmək olar,  bəlkə, rol oynayırdı Semih?! Sadəcə, rol! İndi oyu növbəsi onun idi.  Bir çıxış yolu, bir  cığır  tapmalı  idi. Nə yenidən   səhv etmək şansı, nə də ki, geriyə qayıtmaq  söhbət  ola bilməzdi.
 
  Semih dartınıb elektrik düyməsini basdı. Lampanın üstlüyünə vurub geri qayıdan işıq otaqda bir az əvvəl yaşanan ehtiraslı anlardan qalan  son izləri də yox etdi. Otaqda nə vardısa yadlaşma duyğusuna büründü. İndi hər şey bir-birinə yad idi: Ortadakı dairəvi şüşə masa, ətrafındakı hündür dəri söykənəcəkli stullar, küncdəki bahalı musiqi mərkəzi, son model televizor, yerdəki kiçik ipək xalılar…  Əlləri hələ də  cibində olan Semih buxarının yan divarına söykəndi. Paltarının seyrək ilməli  parçası omba  sümüyünün  üstündə boşalıb sallandı. Ensiz, sallaq çiyinlərini bir-birinə qovuşduraraq nazik  boynunu köynəyin  yaxasından içəri saldı. Bej rəngli , düymələri  açıq  olan köynəyindən tüksüz sinəsi görünürdü.

Düz  arxasındakı divarda biraz öncə hardasa bir saata yaxın haqqında danışdığı Rafaelin məşhur tablosu asılmışdı. Başı tablodakı qızın əlini örtürdü. Bu  tablonu işləyəndə rəssamın hardasa otuz yeddi, modelin isə on yeddi  yaşında olduğunu demişdi Semih. O an hərəsi divanın bir başında bir–birinə müdhiş yaxınlaşma istəyi duyaraq oturmuşdular. Semih Gülsərin gözlərinin dərinliyində üzürdü. Gül özünü onun tələbələrindən biri kimi  hiss edirdi. Sanki sinifdə ən birinci  oturmuş, yalnız ona  baxaraq danışan kişini böyük bir heyranlıqla, ölümsüz bir eşqlə dinləyirdi.

-Orjinalın üzərində X şüasıyla aparılan araşdırma, tablodakı modelin  Rafaelin gizli saxladığı sevgilisi olduğunu ortaya çıxarıb. Hətta Rafaeli   ehtirasa sürükləyərək ölümünə səbəb olan qadın bu imiş. Marqarita adlı bir  fahişə.
  
   O an Gülsərə elə gəldi ki, dalğanın üstündə üzür. Ən çox da “fahişə“ sözünün vurğulandığı an. Kişinin üz-gözünü büzüb  və diksinmiş  kimi  çıxan səs tonu üzdü, incitdi Gülsəri. Hətta yaraladı. İçindəki alovlu duyğular buza döndü sanki. Hərçənd, bir az sonra: “Aralarında bir dövr  böyük bir sevgi yaşanıb,” - deyə dəyişdirmişdi cümləsini. Amma...
  “Fahişə”.

  Çox  dəymədüşər  idi görəsən?...

Kişinin baxışlarındakı fikirli ifadə o an sıçrayaraq qaşlarının arasında  qıvrılan dik bir cizgiyə çevrildi. Alnındakı üfüqi qırışlar daha da  dərinləşdi. Açıq qalmış pəncərədən soxulub pərdəni dalğalandıran, Gülsərin sıx, dalğalı qısa saçlarını dağıdan sonra da incə  üzünə  dəyən küləyi daha yaxşı hiss etmək istərmiş kimi boynunu yana əyib,  gözlərini yumdu. Bir təbəssümlə sanki ağzının kənarında sıxılıb  qalmış  dərin cizgi boşaldı. Daha doğrusu, bir anlıq Gülə elə gəldi. Amma yox. Ardınca dəhşətli bir narahatlıqla alt dodağını büzdü çünki. Bu, Güldə kişinin ertəsi günkü konfrans, ya da dərslə bağlı çətinlikdən qayğılandığı şübhəsini yaratdı. Və əlbəttə, otaqda artıq adam olduğunu ...

  Qayğılı baxışları yenidən buxarının üstündəki şama dəydi. Mavi bir  mələk. Əynində uzun, bədən cizgilərini gizlədən bir geyim. Bir vaxtlar “Xalq Bank”ın qarşısında duran heykəli xatırlatdı. Dalğalı saçları belinə  çatırdı. Əvəllər dalğalı saçı olan bir mələk görmədiyini düşündü. Dalğalı saçlar daha çox  özbaşınalığınmı simvoludur, yoxsa? Əlini qeyri-ixtiyari həmişə dalğalanan saçlarına apardı. İçində bir çəkilmə, suya tamarzı çay yatağı... Havalanıb dağılmağa hazır  saçlarını aşağı yatırdı.

  Mələyin qanadlarındakı  zərlər   par-par yanırdı. Bəlkə kəpənəklərlə eyni anda yaradılıb mələklər? Belində güman ki, bəkarətinin simvolu olan qalın qızıl kəmər. (Yunanıstana tətil məqsədilə  gedən qadına ərinin taxdığı bəkarət kəmərini hava limanı detektoru tutub) Mələyin başından başlayıb ərimə. Yavaş-yavaş öncə tacı əriyib  axacaq kirli maye kimi.

  Saçları, sonra çiyinləri qara kirli maye kimi... Ərimə eyni  anda qanadlarına sıçrayacaq. Qanadları əriyəcək kirli maye kimi. Qanadları ərimiş mələk artıq bir mələk sayılmır ki!.. Oradan  döşlərinə. Görəsən, mələklərin döşləri var? Oxşanmaq, öpülmək üçün döşləri varmı mələklərin? Böyükdürmü mələklərin döşləri? Çox süd  versinlər  deyə... Moldoviya inəkləri. Dişlənib göyərdilmiş, ucları əmilib  yara edilmiş döşləri... Fahişəylə mələk arasında nə cür oxşarlıq ola bilər   ki?  Qeyri-ixtiyari qollarını sinəsinin üzərində çarpazlayır. Şam mələyin  tacında yavaş-yavaş ərimə...

  Ərimə yavaş-yavaş aşağıya doğru, kirli bir maye kimi....

-Niyə? - dedi birdən, baxışları tərliklərinin ucundan çıxmış, corabsız kimi  görünən, evdən tələm-tələsik “laklayıb” çıxdığı barmaqlarında qaldı. Eyni anda gözləri doldu. Əllərini üst-üstə qoyub bir-birinə sarılmış barmaqlarını sıxdı. Heç bir sözün anlamı yoxmuş, hər şeyi boşluğa danışırmış kimi gəldi bir an. Udqunub dərin bir nəfəs çəkdi ciyərlərinə, amma nəfəsin ən önəmli qismini zəif bədənində gizləmək istəyirmiş  kimi çölə qırıq-qırıq buraxdı. 

-Getməyini  istəyirəm, vəssəlam!

Kişinin gur, əmredici səsi otağın divarlarına çırpılaraq əks-səda verir, sarı  uçuq  plastik boyada oyuqlar açırdı. Gül düşünmədən yerindən qalxıb  qapıya doğru bir neçə addım atdı. Sonra başını döndərib kişiyə baxdı. Özünə olduğu  kimi onun da sözünə söz çatdıra bilməyəcəyini düşündü bir an. Göz  yaşlarını  saxlamaq  üçün dodaqlarını çeynəyirdi. Onsuz da “Getmə,“  deyəcək.  Birdən rol oynamaz, səmimi deyərsə? Yerimək məcburiyyətində  olduğunu bilib, bunu etmək istəməyən birinin düyündə ilişib qalması  kimiydi.

Halbuki, iynə vursan qanı çıxmaz! Qorxur ki, müvazinətini itirə bilər. Səsi, dodaqları titrəyir, bədənindəki bütün güc ”niyə” sualında  toplanıb. Bütün sualları “niyə” yə cəmlənib. Dünya bir atomdan  yaranıb. Bu an buna inanır. Bu an bütün dünyanın boşluğunu içində  gəzdirir. İçində bir oyuq açılıb. Gedim-getməyim, vur-tut beş-on addım  aralıda açılmağı gözləyən qapıdan çıxım-çıxmayım, sağ qalmasını təmin  edən son güc qırıntılarını da sözlərə töküm-tökməyim arasında çabalayır. Hansı doğrudur, nə etsə yanlış olar? Hansı addım onu illərlə  gözlədikdən sonra nəhayət yaxınlaşdığı kişidən uzaqlaşdırar?! Hansı?.. Nə  etsə aralarındakı  bir saat öncəki o gözəl, ipisti duyğuya təzədən qayıda bilər. Deyəcəklərinə acıqlansa? Bir davranışına, əlinin  hansısa bir hərəkətinə, baxışlarındakı bir çırpıntıya ilişib yenə üzülərsə, onda? Yaxşı, bəs onu rədd edən birinə  qarşı bu təkidi üzsüzlük deyilmi? Qürursuzluq deyilmi  istənmədiyi  yerdə durmaq? Demək ki, bir–birlərinə yanaşmaları fərqlidir. Fərqli istəkləri var bir-birlərindən, demək. Çox xarakterizə etdi kişini,  deyəsən. Yoxsa, başqaları kimi qadının qılçalarının arasına girməyi  düşünənlərdən heç bir fərqi yoxdu bunun da? Tək istədiyi o iş, sonrası  Allah Kərim. Mələyin qanadlarından başlamır ki, ərimə. Tacının gəmirilməsi də mələyin şəxsiyyətinin pozulması deyilmi? Kişilərin  mələklərdən xoşu gəlir, ya şeytanlardan?

- Sənə ya  bu  gecə mənimlə qal, ya da get, dedim. Sən getməyi  seçdin. Niyəsi budur. Mən də sənin istəyinə hörmətlə yanaşıram. Bu qədər.

  Gülsərə  “otaqda artıqsan” xəbərdarlığıydımı bu? Qapıya doğru  utancaq bir addım da… Halbuki, aylar boyu nə xəyallar qurmuşdu. Amma fərqli şeylər xəyal ediblər, demək ki. Məsələn: onunla yataram  deməyib heç. Deməliydi?

Amma Gülsəri ən çox təəccübləndirən  Semihin  Rafaelin tablosuyla bağlı danışdıqlarıydı. Çox yaxşı bildiyi bu  tragedik hekayəni bir dəfə də sevgilisinin dilindən eşitməyə  başlayanda böyük bir xəyal qırıqlığı yaşadı. Gözləyirdi ki, bərpa  mütəxəsisləri Rafaelin ölümünə görə yarımçıq qalmış La Fornarinada  can alıcı bir detal kəşf etdi. 1520-ci il tarixli bu  portret Rafael ilə Luti  arasında ortada rəssam-model münasibətindən daha  irəli bir bağlılığın sübutuydu. Əvvəllər də şübhələnilən bu münasibətdə evlilik sözü verilmiş ola biləcəyi ehtimalını, gənc qadının qolundakı, üzərində rəssamın adı yazılan lent də artırır. Rafael La Fornarinaya duyduğu sevgini gizli  saxlamaq məcburiyyətindəydi. Sənətçi müdiri olan varlı və güclü bir  kardinal üçün işləyirdi və onun bacısı qızı Maria Bibbiena ilə nişanlıydı. Üzüyün kəşfi ilə birlikdə Rafaelin nişanlı olmasına rəğmən cütlüyün bir-birinə evlilik sözü verdiyi başa düşülür. Üzük hardasa 500 ildir rəsmdə  gizlənmiş vəziyyətdəydi. Rafael, ya da başqa bir ehtimalla rəssamın  ölümündən sonra tablonu satan dostu və şagirdi Giulio Romano üzüyün   üzərini rənglədi. Bu müdaxilənin rəssamın qüruruna zərər verəcək bir  mübahisənin qarşısını almaq niyyətiylə edildiyi düşünülür. Rafael   mütəxəsisləri üzüyün kəşfinin sənətçinin “playboy” kimi ad çıxarmasını  yenidən gündəmə gətirdiyini söyləyir. Bəziləri isə gənc sənətçinin imicini ləkələmək məqsədilə belə yazıldığını, “Rafaelin La Fornarinaya dəli kimi aşiq olduğunu iddia edir” kimi bir şeylər söyləyir.

  Amma  Semih qızı fahişə damğası vurdu. Rafaelin ən böyük sevgisinə, özünün Rafaelə bir qurban kimi təqdim edən qadına, La  Fornarinaya fahişə dedi. Yaxşı, həyata qarşı axmaq, geri düşüncəylə, hörümçək baxışıyla baxan kim oldu indi?

- Görünür, xəstəsən. Səni  müalicə etməyə  vaxtım yoxdu və   getməyini istəyirəm, başa düşdünmü?

Şamın alovu mələyin tacını əridərək getdikcə aşağı enir. Semihin başı La  Fornarinanın əlini örtür. Üzük halbuki, düz orda Semihin qulağının arxasındadı. Semihin qulağı əməlli-başlı böyük imiş. Əvvəllər fikir verməyib. Balaca vaxtı məhəllə uşaqları “çömçəqulaq”  deyə məzələniblər yəqin. Ona görə belə yuxarıdan baxır, Gülsərə? Xor görür  Gülsəri? Yoxsa haqlıdı söylədiklərində? Gülsər gerçəkdənmi zamandan  geri qalıb? Dünyadan xəbəri yoxdumu? Kişinin istədiyi kimi davam edir  bütün münasibətlər? Elə isə qorxularında haqlıymış Gülsər. Bütün bunları, beynini qurcalayan hər şeyi deyə bilsə, rahatlayardı. Sualları  cavabsızdı. Burdan bu cür çıxıb gedə bilməz. Dodaqlarını gəmirir. Bu qədər asan bitə bilməz. Bu qədər asan başlamışdı ki, asan  bitsin? Hər şey belə yarımçıq qalacaq? Tutulub qaldı. Halbuki, duyğularını açıqlasa, özünü ifadə edə bilsə...

-Səninçün dəli oluram. Tapınıram sənə. Amma gücündən qorxuram. Mənə nələr edə biləcəyini bilirəm. Mənə necə acı verə biləcəyini bilirəm. Çünki sənə  qul  olmağıma heç nə mane ola  bilməz.

- İstəyirsən, taksi çağırım.

Axı  niyə, nə oldu ki? Düyünü çözə bilmir. İş bu nöqtəyə gəlib-çıxmamalıydı. Semih özünü qanmazlığamı vurub? Bu qədər fərqli ola bilərlərmi? Kişidəki bu fərqlilikmi  özünə çəkir qadını? Çəkimin mərkəzindəki yalnız o fərqlilikdimi? Yoxsa  qarşısındakı öz içində ört-basdır etməyə  çalışdığı kimliyidi, onunla qarşılaşdığı üçün şok  yaşayır, bunun üçün  xoş rəftar görə bilmir? Sanki tünd rəngli gözlərini gərərək fərqli bir şey deyəcəkdi, “-taksi çağırım?”

Gülsər silkindi. Kişinin kobudlaşmaqdan özünü güclə saxladığını, aralarındakı ölçünü qorumağa diqqət etdiyini, düşündü. Beş ulduzlu  otel  ofisiantı olmasa da, onun üçün yad idi hazırda. Bundan  artıq qalmaq anlamsız idi. Qaldıqca kişinin gözündə kiçilir. Buna tablaşa bilməz. Telefonun dəstəyini qaldırıb  zəif səslə mızıldanmağını   eşitməsə  də,  seyr etdi. Taksi gözləmək yersiz idi. Çətini  ilk  addımı  atana  kimidi. Bir  addım atsa, yapışdığı yerdən bircə addım ata  bilsə, artıq dayanmaz, qapıdan çıxıb gedərdi. İş o bircə addımın başındaydı. Sanki bu an kişiylə  arasında dünyanın ən dəhşətli anı yaşanır, onu parçalamağa izn verə  bilmirdi.

  Semih üzündə sıxıntılı, bezgin ifadə, gözucu saatına baxdı. Bəli, yatmaq  vaxtıdı. Planları qarış-quruşdu. Baş tutan iş deyil! . Yəqin, heç bir şey üzündən belə tərəddüd yaşamayıb. Çünki yol ayrıcında qalmağa da nifrət edir, yol ayrıcında qalanlara da. Zaman  azdı, qərarlar tez qəbul edilməlidir. Yoxsa çox  gecikər. Çünki həyat  axıcı və həmişə özü kimi dəli-dolu bir insanın hücuma keçməyini gözləyir. Tez qərar verməyi öyrənib. Arada belə yanılmalar da ola bilir. Amma  tez-tez yox. Bu qadının barəsində yanılıb, məsələn. Uzatmağın mənası  yoxdu. İndi yatmalıdı, sabaha iş-gücü var. Sabahkı günün bazar olmasının fərqi yoxdu. Planlarını axsatmaqdan söz belə gedə bilməz. İntizamlı, planlı, səliqəli işləmək   - əsas  olan bunlardır. Uğurun, yəni  xoşbəxtliyin yeganə açarı budur.

Sanki başqa biriylə danışırmış kimi gözlərini divarda bir nöqtəyə zilləyib, çiyinlərini çəkdi.

-Niyə  deyilən bir şey yoxdu. Belə istədin. Bundan sonra on beş yaşındakı yeniyetmələr kimi səninlə kafe künclərində görüşəsi deyiləm. Ya bu  gecə qal, mənimlə yat, ya da get və yerli-dibli bitsin, - dedim. -Sən  getməyi seçdin. İndi artıq qalmaq istəsən də yeri yoxdu. Bitdi.

“Bitdi.”

Üç nöqtəsi, sualı olmayan söz! Əvvəli, sonu olmayan bir söz. Qadın üçün ölüm fərmanı. Bitdi. Hər şey bitdi. Aylardı, hətta illərdi   gəlməsini  gözlədiyi bir gecəydi bu. Həyatında yepyeni bir dövr idi.Ümidləri, gələcək xəyalları kişinin açıb qarşısında dayandığı bu qapıdan çıxdığı an bitməlidir, eləmi? Necə ola  bilər? Belə asandı bitirmək? Bəs  yatsaydılar bitməyəcəkdimi, bəlkə bunu soruşsun? Amma kişinin baxışlarında müdhiş bir təhqir... Bəlkə o belə deyil. Hər  şeyə  bağlıdı. Artıq danışmaq istəmir. Fikri qətidi. Dərhal geriyə qayıdıb, “sənin müridin olmağı seçirəm”, desəydi... “Bütün insanların məqsədi güclü olmaqdı, amma mən bütün gücümü  sənə təslim edirəm. Hər şeyimlə özümü sənə təslim edirəm, götür məni, necə istəyirsən, nə istəyirsən et. Özümü qurban verirəm sənə! Sən mənim ulduzumsan. Mən sənin milyon illər  öncə qırılıb yer üzünə düşmüş bir parçanam çünki”,  desəydi.

  Geri dönməsi mümkünsüz idi. Buna imkan  verməz. Fürsəti əldən verməməliydi, amma verdi. Elə isə, bu ona dərs olsun. Amma nədən? Bu sual içində ucu açıq  bir sinir kimi  qala bilməz. Bəli, nədən? Nə oldu? Niyə? Bu haqsızlıqdı. Böyük xəyal   qırıqlığıdı. Bununla necə kəllələşmək olar ki? Acı təkcə ürəyində deyil, - kaş ki o qədər olardı, -üzünə də əsla çıxmayacaq maska kimi yapışıb qaldı. Bundan belə özünü bəsit, aşağı bir qadın kimi hiss edəcək. Rədd  edilmiş, məsxərəyə qoyulmuş... Kişinin indiki  baxışı, duruşuyla o ilk tanış olduqları günkü vəziyyəti arasında necə də dərin, inanılmaz bir  uçurum vardı. Dişlərini qıcayır, vücudu gərilmış bir yay kimiydi. Qışqırıb, qışqırıb  içindəkiləri çölə tökə bilsə... Yaxşı, bitsin. Çox bəsit, son dərəcə adi bir münasibət kimi bitirək.

Siqnal  səsi. Kişi bir anlığa başını pərdəsi hələ dalğalanan pəncərədən yana  çevirib baxır, sonra gözlərini Gülsərə zilləyir. Qaşlarını yay  kimi  çəkib, gözünü süzərək qapını işarə edir:

- Taksi gəldi.

Qapıya daha iki addım. Beyninin içi bomboş  vanna kimidi bu an. Çevrilib kişinin gözlərinə baxır. Hələ “getmə, madam ki, elə istəyirsən... sadəcə danışaq” deyə bilir. Son addım. Bu son andı. Ona dəli kimi aşiq olan bir qadını qaçırdığının fərqində deyilmi, bu axmaq adam? Bəlkə sınayır?Getməsinə icazə verməyəcək?! İcazə verməməlidi! Onu  dəlicəsinə sevən başqa qadın varmı? Qarşısında pilləkən;  pillələr sıra-sıra aşağıya doğru düzülüb. Çıxarkən belə dik və yüksək olduğunun heç fərqinə  də varmayıb . O boyda pilləkənlərin üstündən qanadlanıb, uçub sanki. Bir pillə də enir. İndi, elə indicə çiynində onun əlinin   toxunuşu... istiliyi... Pilləkəndə əks olunan “tak“ səsi eşidib arxaya  çevrilir. Qapı bağlanıb.

Arxasında sıra-sıra yuxarı qalxan pillələr, Zigguratın təpəsinə yüksəliş. Amma Zigguratın təpəsi qaranlıqdı. Qapılarını bağlayıb Tanrı. İndi hansı səbəb olur olsun, onunla görüşə icazə vermir. Dərhal arxasındakı pillədə oturub bəlkə bir səs, bir  işarə gələ bilər, deyə bir neçə saniyə gözləyir. Avtomat sönüb. Beton sərindi. Əgər qapını açsa, görsün ki, necə yazıq vəziyyətdədi, necə acı çəkir. Amma heç bir cavab çıxmır. Küçədə üstündəki sarı işığı yanılı gözləyən avtomobil çıxıb getməlidir.
Böyük ehtimalla şamı söndürdü. Bəlkə tacı tamamilə əriyib axdı, amma  çoxu  yerindədi.

  Əlləriylə divardan tutaraq qalan üç-dörd pilləni də enir, dəmir qapını açıb çıxır. Qarşısından maşınlar sağa, sola şütüyürlər. Saatdan xəbərsizdir. Göyün üzü ulduzlarla  doludur. İşıl-işıl parlayan bədirlənmiş ay necə də yaxındı. Elə bil, bir az qalxsa toxunacaq Küçənin  qarşı tərəfinə keçib başını yuxarı qaldırır. Budur, onun balkonudu, pərdələri çəkilib. Öləziyən  işıq… Sanki şam işıqlandırır otağı. Elə isə mələyin qanadları indiyə ərimiş  olar. Ərimə ordan sinəsinə, qarnına, sarğısına... Bakirəlik qanı axır indi qılçalarından aşağı. İndi otaqda bir o  başa, bir bu başa var-gəl edir sevgilisi. Gülsərə olduğu qədər, onun getməyinə icazə verdiyinə görə özünə də acıqlıdır. Qarşılıqlı qürur məsələsinə çevirdilər sadəcə. Gülsər indi geri gələydi. Pilləkənləri qaça- qaça çıxıb, qapını döyəydi. “Sənə qayıtdım,“ deyəydi... Amma eyni anda da mütləq balkona çıxmalı olduğunu düşünür. Gülsəri görsə yuxarı  çıxması  üçün  işarə edib çağıracaq, bəlkə də düşüb üzr istəyəcək. Yüz faiz şam işığıdı. Yoxsa belə sönük, cansız... Yoxsa işıq yataq otağından düşür? Yatmağa hazırlaşmaz hələ, yox. Aralarında heç bir şey olmamış kimi başını atıb yata bilər ki, bu gecə? Hiss edir ki, üşüyür. Qəribə titrətmədi. Qoluna atdığı nazik pencəyi kürəyinə keçirir. Kaş ağlayaydı, hıçqıra-hıçqıra ağlaya biləydi. Amma donub qalıb. Özünə acıqlıdı.. Deyə bilmədi, danışa bilmədi özünü. Qorxularını bildirmədi sevgilisinə. “O mələyin əriməyini görmək, La Fornarinaya fahişə damğası vurmağın, nə bilim,  küyə düşdüm,“ deyə bilmədi. “Səndən öncə heç sevgilim olmadı, sən ilk olacaqdın,“ deyə  bilmədi. Əslində, heç sevgili belə ola bilmədilər. Heç bir şey olmadılar. Nə yoldaş, nə sevgili, nə dost deyildilər. Bəlkə sadəcə tanış idilər. “Bir tanış,“ vəssalam!

  Qəfildən qarşısında bir maşın əyləci basıb dayanır. Sürücü sükan  arxasından yarıya qədər açılmış  pəncərədən başını uzadaraq  soruşur:

-Sən də tənhasan, deyəsən.

Yenidən yuxarıdakı balkona baxır. İşıq tamamilə sönüb. Gözləri dolur. Göz yaşı yanaqlarından navalçadan süzülən yağış damcıları kimi aşağı axa-axa:

Çox  tənhayam, - deyir.
XS
SM
MD
LG