Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:59

ANAR: "Katibəm də Yazıçılar Birliyinin üzvüdür"


...Qurultayı payızda edəcəyik. Bilirsiniz, Yazıçılar Birliyinin 1500 üzvü var...

...Mən bu sahəni rəhmətlik Heydər Əliyevdən almışam. İndi də elədiyim yaxşılıq öz başımda çatlayır...

...Əgər əl çəksələr, bəlkə də çıxıb getdim...



Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Yeni Müsavat" qəzetinə müsahibəsi

Azərbaycan Yazıçılar Birliyi 36 yazıçıya 9 mənzil verəcək. Dörd şəxsə bir mənzil veriləcək və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünəcək.

Yazıçılar Birliyi rəhbərliyinin “Abidə” Tikinti-Mənzil Kooperativi ilə bağladığı müqaviləyə əsasən, ayrılacaq 9 mənzilin qruplar üzrə bölünməsi məqsədəuyğun hesab edilir və birliyin mənzil komissiyasının qərarı dəstəklənir.

Qurum tərəfindən yayılan bəyanatda isə bu bölgü ədalətli adlandırılıb və narazıların iddiaları da əsassız sayılıb.

Amma mübahisə doğuran məqam həmin 36 nəfərin kimliyi ilə bağlıdır. Narazı yazarlar qəzetimizə açıqlamalarında bildiriblər ki, həmin siyahıda AYB Həmkarlar Təşkilatının rəhbəri, kadr şöbəsinin müdiri, operator, məsləhətçi, baş mühasib, hətta Anarın katibəsi statusunda olanların düşməsini doğru saymır.

Bu iddialara birliyin gənclər üzrə katibi Rəşad Məcidin cavabını daha öncə qəzetimizdə dərc etmişdik.

Amma AYB sədri Anar ilk gündən bu məsələ ilə bağlı susqunluğunu qoruyurdu. Dünən bizim israrlarımızdan sonra o da mövzuya aid bəzi sualları cavablandırdı.

- Anar müəllim, yazarların ev məsələsində niyə bu qədər narazılıq yaranıb?

- Əvvəlcədən onu deyim ki, o evi çox çətinliklə aldım. İndi də aldığıma peşman olmuşam. İlk gündən istəyirdim ki, həmin evləri evsiz yazıçılara, şairlərə verim. İndi də görürəm, başımda çatlayır. Ortada 49 adamın ərizəsi vardı, amma ümumi məsləhətləşmələr nəticəsində ev 36 nəfərə verildi. Ev istəyənlərin hamısını evlə təmin eləmək mümkün deyil. İndi də qəribə mənzərə yaranıb: razılar susurlar, narazılar danışır. Düzü, evlərin bölünməsi məsələsinə qarışmamışam. Qərarı komissiya verib, katiblikdə də təsdiqləmişik. Nə cür bölünübsə, narazılıq yaranıb. Amma hamı bundan razı qalsaydı, bu barədə də heç kim yazmayacaqdı.

- Rəşad Məcid deyir, evlərin ancaq yazar-şair kateqoriyasında olan insanlara verilməsi kimi bir qayda yoxdur. Narazılar isə siyahıda müsahib, məsləhətçi, operatorların olmasından gileylənir.

- Elə bir qayda yoxdur ki, evlər ancaq yazıçılara, şairlərə veriləcək. Mən bu sahəni rəhmətlik Heydər Əliyevdən almışam. İndi də elədiyim yaxşılıq öz başımda çatlayır. İndi sovet sistemi deyil. Yazıçılar Birliyinin də öz işçiləri var. Onlar evsizdilər, başqa haradan ala bilərlər ki? Digər tərəfdən, həmin işçilər həm də Yazıçılar Birliyinin üzvləridir.

- Katibənizin də adı hallandı. Dedilər ki, katibənin adı tərcüməçi kimi siyahıya salınıb.

- Xeyr, katibəm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda da tərcüməçidir. Növbəyə dayanıb, onun da adı siyahıya düşüb.

- Bu arada Yazıçılar Birliyinin növbəti qurultayından bir xəbər varmı? Nə vaxt keçirəcəksiniz?

- Qurultayı payızda edəcəyik. Bilirsiniz, Yazıçılar Birliyinin 1500 üzvü var. Bəlkə daha artıqdı, ya da daha az. Bu qədər adamla qurultay keçirmək olmaz. Qurultayı nümayəndələrlə keçirmək lazımdır. 6 ay öncədən “Ədəbiyyat” qəzetində elan veririk ki, üzvlər gəlsinlər və qeydiyyata dayansınlar. Üzvlük haqqı 10 manatdır. Onu vermirlər. Amma “təqaüd versinlər”, “ev versinlər”, “ad versinlər” deyib dava çəkirlər. Onu deyirəm ki, nə qədər üzvümüz olduğunu biləndən sonra qurultaya nümayəndələr seçə biləcəyik. Biz buna nail ola bilmirik. 1500 nəfərə eyni vaxtda necə zəng edə bilmərəm ki, gəlin, qeydiyyatdan keçin. Noyabrdan elan vermişik, amma əksəriyyət gəlmir. Çünki belə etməyəndə də sonra deyirlər, hamı gəlmədi, seçki demokratik olmadı. Qurultayda ayrıca nəsr, şeir, tənqid seksiyaları var. Yerlərdə bölmələrimiz var. İki ildir, bununla bağlı müzakirələr etdirik. Qurultayqabağı hazırlıq olmalıdır. Yəqin ki, payıza qədər bu hazırlığı yekunlaşdırıb, qərar verəcəyik.

- Hər zamankı maraq doğuran sual: bu dəfə də namizədliyinizi verəcəksiniz?

- Mən həmişə qurultaydan əvvəl bu barədə açıqlamamı vermişəm. Bu dəfə də qurultaydan əvvəl verəcəm qərarımı. Qərarımın verilməsində mənə qarşı hücumlar, eləcə də səhhətim rol oynayacaq.

- Hücumların sizin qərarınızla nə əlaqəsi var, anlamadım.

- Bilirsiniz, hücumlar çox olanda deyirəm ki, qoy cəhənnəm olsun hər şey, qoy bunlar boğuşsunlar. Amma sonra da düşünürəm ki, getsəm elə çıxacaq ki, bunlardan qorxdum, boyun əydim. Mən bunlara boyun əyməmişəm və boyun əymək də istəmirəm.

- Son qərarınız nədir? Hücumlar çox olsa, qalacaqsınız?

- Əgər əl çəksələr, bəlkə də çıxıb getdim.


Yeni Müsavat
XS
SM
MD
LG