Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:12

Özünü öldürən əsgər hərbi hissədə incidildiyini deyirmiş


Foto: Arxiv
Foto: Arxiv
«Bunu qaldırıblar posta, 4 nəfər olublar, biri təzə gəlib bunların yanına posta. Həmin əsgərlə bunun arasında mübahisə olub, o biri əsgərlər də o əsgərin dostları olublar. 3-ü də düşüblər bunun üstünə, döyüb incidiblər. Başlarının üstündə komandir olmayıb, elə başlı-başına buraxıblar. Postda yalnız birində silah olub, gedib onun silahını götürüb gəlib, bunları vurub. Sonra da silahı boğazına dirəyib, özünü vurub».

QONAQLIQ SÜFRƏSİNİ ƏVƏZ EDƏN YAS ÇADIRI

Bakının Nəsimi rayonunda yaşayan Abbasovlar ailəsi övladlarının əsgərlikdən dönməsi şərəfinə quracaqları süfrəni yas çadırı ilə əvəz ediblər. Hərbi xidmətini başa vurmasına iki gün qalmış Məmməd Abbasov əsgər yoldaşlarından birini qətlə yetirib, 2-sini yaralayıb, sonra da özünü güllələyərək həyatına son qoyub. Əmisi Əhməd Abbasov deyir ki, qardaşı oğlu hər dəfə ailə üzvləri ilə telefon əlaqəsi saxlayanda, hərbi hissədəki özbaşınalıqlardan, zabitlərin ondan pul tələb etmələrindən, incidilməsindən gileylənirmiş. Ailə üzvləri isə «3-5 günün qalıb, birtəhər əsgərliyini başa vur, gəl» deyiblər.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, martın 29-da Tərtər rayonundakı hərbi hissələrdən birində qulluq edən əsgər Məmməd Abbasovun hansı səbəbdən hərbi hissə yoldaşlarını və özünü güllələməsi istintaqın nəticəsində məlum olacaq.

HƏRBİ PROKURORLUQ DA İNSİDENT BAŞ VERDİYİNİ DANMIR

Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti isə bildirir ki, hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edən əsgər Emil Həsənovun ərazidə aparılan təmizlik işləri zamanı hərbi hissənin digər əsgəri Məmməd Abbasova etdiyi iradlar onlar arasında mübahisəyə səbəb olub. Məmməd Abbasov Emil Həsənovdan qisas almaq məqsədilə martın 29-u axşam saat 7 radələrində avtomat silahdan çoxsaylı atəşlər açaraq onu qəsdən öldürüb. Atəşlər nəticəsində həmin vaxt Emil Həsənovun yanında olmuş əsgərlər Teymur TeymurovBabək İbişov da yaralanıblar. Bundan sonra əsgər Abbasov avtomat silahını çənəsinin altına dirəyərək özünü də öldürüb.

«DEYİRDİ MƏNİ BURDA ÇOX İNCİDİRLƏR»

Ancaq Məmməd Abbasovun ailəsi Respublika Hərbi Prokurorluğunun dedikləri ilə razılaşmır. Əmisi Əhməd Abbasov deyir ki, mübahisəyə səbəb əsgərdən pul tələb edilməsi olub. Deyir, Məmməd tez-tez evə zəng edərək ailə üzvlərindən pul göndərmələrini xahiş edirmiş.

- Pulu kim istəyirmiş, araşdırmısınız?

Foto: Arxiv
Foto: Arxiv
- Bilmirəm nə puldur, onu bilirəm ki, 100 manat pul istəyiblər. Kim deyər ki, mən istəmişəm. Onu möhkəm incidiblər. Məmməd hadisədən bir neçə gün qabaq zəng vurmuşdu ki, məni burda çox incidirlər. Biz 50 manat bir yollamışdıq, axırıncı dəfə də 30 manat yollamışdıq. İmkansız ailədir, imkanları olmayıb pul göndərməyə.

Əsgər yoldaşı tərəfindən öldürülmüş Emil Həsənovun atası Qılman Həsənov isə deyir ki, qohum-əqrəba aprelin 2-də onların həyətinə yığışmalı idi. Oğlunun sağ salamat əsgərlikdən qayıtması şərəfinə ziyafət təşkil edəcəkdi. Hər şey gözlənilməz oldu.

«Ayın 29-u saat 13:19-da mənimlə telefonda söhbət etdi. 18.20-də zəng elədim, telefonu cavab vermədi. Səhərə kimi zənglərimə cavab vermədi. Elə bildim postdan düşüb, istirahət edir. Qohumlar televizorda eşidib yığışdı həyətimizə. Onda bildim ki, uşağımı öldürüblər».

Ata deyir oğlunun hansı səbəbdən öldürülməsi ona məlum deyil.

Faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qurumun mətbuat xidmətindən deyiblər ki, həbs olunan yoxdur:

«Vurub o birini öldürüb, özünü də öldürüb. İlkin istintaqda kimisə həbs etmək mümkün deyil».

Mətbuat xidməti bildirir ki, hadisənin baş verdiyi hərbi hissənin əsgərləri Tərtər Hərbi Prokurorluğunda dindirilir. Həmin əsgərlər hərbi xidmət müddətini başa vurmalarına baxmayaraq , hələ də hərbi hissədə saxlanılırlar.

Cəsur Sümərinli
Cəsur Sümərinli
Abbasovlar ailəsi isə hadisənin hərtərəfli və obyektiv araşdırılmasını tələb edir.

3 AYDA 19 ƏSGƏR ÖLÜMÜ?

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli orduda zabitlərin əsgərlərə qarşı nizamnamədən kənar davranmasını onların sosial vəziyyətlərinin acınacaqlı olması ilə əlaqələndirir:

«Məvaciblərin artırılması vacibdir. Zabit aylıq 49 manat kirayə pulu alırsa, bu, normal göstərici deyil. Əlbəttə, zabit çalışacaq ki, digər yollarla vəsait əldə etsin və əsgərlərlə münasibətlərdə problemlər ortaya çıxacaq».

Ekspert həmçinin hesab edir ki, bir çox hallarda orduda baş verən cinayətlərə görə müəyyən maraqlar çərçivəsində məhkəmələr tərəfindən yüngül cəzaların verilməsi də bu ordudakı özbaşınalıqların artmasına stimul verir. Ekspert orduya ictimai nəzarətin gücləndirilməsini də vacib sayır.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmasına görə, 2012-ci ildə orduda 19 əsgər ölümü baş verib. 4 əsgər qeyri-nizamnamə hadisələri, 4 əsgər avtomobil qəzası, 1 əsgər bədbəxt hadisə, 2 əsgər xəstəlik, 2 əsgər atəşkəsin pozulması, 5 əsgər isə intihar nəticəsində ölüb. Onlardan 14-ü Müdafiə Nazirliyinin, qalanı isə Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri olub.
XS
SM
MD
LG