Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 15:19

Öldürülən əfqanlara 50 min dollar təzminat verilib


Robert Bales - Kaliforniya, Milli Təlim Mərkəzi
Robert Bales - Kaliforniya, Milli Təlim Mərkəzi
ÖDƏNİLƏN KOMPENSASİYALAR ARTIB

Əfqanıstanın Qəndəhar əyalətində ABŞ hərbçisinin güllələyib öldürdüyü 17 dinc əfqan ailələrinə hər biri üçün 50 min dollar ödənilib. Bu haqda Qəndəhar vilayət rəhbərliyi məlumat verib. Yaralananlarınsa hər birinə 11 min dollar ödənilib. Pulu da ailələrə elə Qəndəharın hökumət binasında veriblər. Kabildəki ABŞ rəsmisi şənbə günü ödəniş xəbərini təsdiqləyib.

Martın 11-də ABŞ hərbçisi Robert Bales Qəndəhar əyalətindəki kəndlərin birinə girib 17 nəfəri güllələmişdi. Onlardan 9-u uşaq, 4-ü qadın idi.

Əfqanıstanda qan pulu ödəmək hərbi əməliyyatlar zamanı mülki şəxslərin öldürülməsi ilə bağlı yaranmış problemlərin yayılmış həll yoludur. Lakin indi ödənilən məbləğ ABŞ ordusunun təcrübəsində əvvəlki ödənişlərlə müqayisədə həddən artıq çoxdur. 2009-cu ildə ABŞ öldürülən dinc əfqanların hər biri üçün 2500, yaralılar üçün isə 500 dollar ödəmişdi.

MƏBLƏĞ İNSİDENTİN SARSIDICI XARAKTERİNƏ UYĞUNDUR

Bu ödəniş dinc sakinlərin güllələndiyi 11 martdan sonra Əfqanıstanda ABŞ-a qarşı artan narazılığı səngidə bilər. Məbləğin insidentin sarsıdıcı xarakterinə uyğun olduğu bildirilir. Ancaq qurbanların ailələri bildiriblər ki, onların bu pulu qəbul etməsi qatili bağışladıqları demək deyil. Ailələr bu ödənişlərlə bağlı ətraflı danışmasalar da bəziləri deyib ki, onlar üçün puldan daha çox cinayətkarın cəzalandırılması vacibdir.

Çavuş Robert Bales ABŞ hərbi bazasından gizli çıxaraq yaxınlıqdakı iki kənddəki evlərə girərək yatmış adamları güllələmişdi.

Son iki ildə Əfqanıstanda mülki şəxslərin ölümü artıb. UNAMA təşkilatının araşdırması - 4 fevral 2012
Son iki ildə Əfqanıstanda mülki şəxslərin ölümü artıb. UNAMA təşkilatının araşdırması - 4 fevral 2012
QURANIN YANDIRILMASI İLƏ EYNİ VAXTDA

Bu qətl fevralda Əfqanıstandakı ABŞ bazasında Quranın yandırılması ilə bağlı iki ölkə arasında gərginliyin artdığı bir vaxtda baş verib. ABŞ rəsmiləri Quranın yandırılmasını səhv olduğunu etiraf etsələr də bu hərəkət ölkə ərazisində qiyamlara və güc strukturlarına hücumlara rəvac vermişdi. Həmin hadisələr zamanı 30 nəfər ölmüşdü. Onlardan altısı ABŞ əsgəri idi.

Çavuş Robert Bales təqsirli bilinsə, ona minimum əfv üçün müraciət etmək hüququ saxlanmaqla ömürlük cəza verilə bilər. Robert Balesə ölüm cəzası da verilə bilər.

Hadisənin baş verdiyi Qəndəhar Talibanın ana vətəni sayılır. Burada hərbi əməliyyatların keçirilməsinə baxmayaraq, ərazi terrorçuluqla mübarizədə hələ də ən təhlükə yer sayılır. Burada əfqanların çoxu iddia edir ki, Çavuş Robert Bales dinc əfqanları öldürəndə tək olmayıbmış. Onların fikrincə, ABŞ hökuməti ondan qurbanlıq qoyun kimi istifadə edir.

ABŞ HƏRBÇİNİN HƏRƏKƏTİ ARAŞDIRILIR

ABŞ-ın ordu rəsmiləri isə qurbanların qohumlarını əmin ediblər ki, istintaq hərtərəfli aparılacaq. Ola bilsin bir neçə əfqan ifadə verilməsi üçün Amerikaya aparılsın.

İstintaq düşünür ki, çavuş Robert Bales martın 11-də bir evə hücum edəndən sonra hərbi bazaya qayıdıb. İkinci dəfə isə yenidən kəndə gedib. Bu ABŞ hökumətinin çavuşun təkbaşına hərəkət etməsi barədə rəyini təsdiqləyir. Çünki vaxt baxımından qətllər xeyli çəkib. Ancaq bu həm də ortaya başqa sual çıxarır – necə olub ki, Robert Bales bu hadisələri törətdiyi gün hərbi bazada heç kimin diqqətini cəlb etməyib?

Robert Bales 17 dinc sakini planlı şəkildə qətlə yetirməkdə təqsirli bilinir. Onun həyat yoldaşı isə ərinin bu qətlləri törətdiyinə inanmadığını bildirib. Deyib ki, «böyük uşaq» adlandırdığı həyat yoldaşı qadınları və uşaqları öldürə bilməzdi.

Robert Bales hadisədən sonra ABŞ-a gətirilib. O hazırda Kanzasdakı hərbi həbsxanada saxlanılır.
XS
SM
MD
LG