Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:59

Yaralanan əsgər imkansız atasının ümidinə qalıb…


Elnur Ələkbərov
Elnur Ələkbərov
Naxçıvan sakini Hüseyn Ələkbərov AzadlıqRadiosuna bildirir ki, hərbi xidmətdə yaralanmış oğlu Elnur Ələkbərova dövlət hesabına tibbi xidmət göstərilmir. Hüseyn Ələkbərov deyir ki, 2010-cu ildə Babək rayon hərbi komissarlığının çağırışı ilə oğlu Naxçıvandakı N saylı hərbi hissəyə göndərilib. Döyüş bölgəsində xidmətini davam etdirərkən Ermənistan tərəfdən snayperdən atılan atəşlə başından ağır yaralanıb. Hüseyn Ələkbərov bildirir ki, oğlu bir müddət Naxçıvan Hərbi Hospitalında müalicə aldıqdan sonra vəziyyəti ağır olduğundan Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasına göndərilib:

«BU İLİN MAYINDA ANKARAYA MÜALİCƏYƏ QAYITMALI İDİ»

«Orada müalicə aldıqdan sonra oğlumu evə göndərdilər. Dedilər 6 ay ev şəraitində müalicə almalıdır. 6 ay sonra təkrar qayıtmalıdır Gülhanəyə. Bu ilin may ayında Ankaraya müalicəyə qayıtmalı idik. Naxçıvandan göndərmədilər».

Hüseyn Ələkbərov deyir ki, ordudan tərxis olunan oğlu hazırda iflic vəziyyətdədir və ayaqları işləmir. Oğlunun Ankaraya təkrar müalicəyə göndərilməsi üçün dəfələrlə hərbi hissə və Muxtar Respublika Ali Məclisinin rəhbərliyinə müraciətlər etsə də, bunun heç bir nəticəsi olmayıb:

«TƏKRAR GÜLHANƏYƏ GÖNDƏRİLSƏ, OĞLUMUN YERİMƏ ŞANSI VAR»

«Mənə dedilər ki, artıq sənin oğlun hərbidən tərxis olunduğundan heç nə edə bilmərik. Mənim başımı aldatdılar, Bakıya göndərdilər. Azərbaycanda belə xəstələri müalicə edə bilmirlər. Mənim uşağım sətəlcəm olmayıb, soyuqdəymədən xəstələnməyib. Döyüş bölgəsində xidmət keçərkən başından snayper yarası alıb. Dövlətin borcudur ki, onu müalicə elətdirsin. Ankaradan indi də zəng eləyirlər ki, xəstəni niyə göndərmirsiniz? Təkrar Gülhanəyə göndərilsə, oğlumun yerimə şansı var. Maddi imkanım olsaydı, bunlara ağız açmaram. Elnurun komandirlərinə müraciət edirəm. Bu sizin orduda yaralanmış bir əsgərdir. Siz bu əsgərin qayğısına qalmalısınız. Mən sizə belə övlad verməmişəm?».

Hüseyn Ələkbərov
Hüseyn Ələkbərov
​Məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Birləşməsi ilə əlaqə saxladıq. Birləşmənin Hərbi Mülki İşlər Üzrə əlaqələndiricisi Mirqiyas Rüstəmov AzadlıqRadiosuna bildirdi ki, xidmət dövrü yaralanan hərbi qulluqçu ordudan tərxis olunursa, sonradan həmin hərbçi ilə maraqlanmaq onların işinə aid deyil:

«ONUN KİMİ YÜZLƏRLƏ ƏSGƏR VAR»

«Hərbi xidmət dövründə yaralanıbsa, həmin dövrdə də müalicə etdirilib. Onun kimi yüzlərlə əsgərlər var. Bir hərbi hissə onların hamısı ilə məşğul ola bilməz. Artıq ehtiyata buraxılandan sonra bu işlə müvafiq orqanlar məşğul olur. Getsinlər, müraciət etsinlər.»

Müdafiə Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə bildirdi ki, şikayətçilər onlara yazılı müraciət etsələr, məsələni araşdıracaqlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisindən isə suallarımıza cavab vermək istəmədilər.

Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, xidmət etdiyi hərbi birləşmə yaralanmış əsgərin müalicəsini qanunla sonadək həyata keçirməlidir:

«ÇALIŞIRLAR Kİ, ÖZ ÜZƏRİLƏRİNDƏN YÜKÜ ATSINLAR»

«Çalışırlar ki, öz üzərilərindən bu yükü atsınlar. Yaralanan əsgərə hərtərəfli diqqət və qayğı göstərilməlidir. Qanunla hərbi hissənin komandanlığı sənədləri hazırlayıb Müdafiə Nazirliyinə təqdim etməlidir. Onun müalicəsi də Silahlı Qüvvələrin Baş Tibb İdarəsi tərəfindən həyata keçirilməlidir. Burada hərbi birləşmənin komandiri öz yaxasını kənara çəkə bilməz. Belə yanaşma qanunla qadağandır. Onların borcudur ki, əsgərə və onun yaxınlarına hüquqi və maddi yardım göstərsinlər. Onu Bakıda müalicə eləməyiblər. O, mütləq Gülhanə Hərbi Hospitalına göndərilməlidir. Onun müayinəsi onu müalicə etmiş həkimlər tərəfindən davam etdirilməlidir».
XS
SM
MD
LG