Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:47

"Qiraətçi" romanını niyə sevdim?


Bernhard Şlinkin eyni adlı romanı əsasında çəkilmiş və baş rolda Keyt Uinsletin oynadığı "Qiraətçi" filmindən kadr
Bernhard Şlinkin eyni adlı romanı əsasında çəkilmiş və baş rolda Keyt Uinsletin oynadığı "Qiraətçi" filmindən kadr
HANNA İLƏ İLK GÖRÜŞ

Hanna 15 yaşlı məktəblini yoldan çıxarıb öz yatağına salandan sonra hər görüşdə ondan bir kitabdan parça oxumağı xahiş edərdi. Mixael bunun səbəbini heç cür anlamaz, əslində anlamağa çalışmazdı da. Sadəcə, qiraəti tez bitirib hamama keçmək, yuyunandan sonra 36 yaşlı Hannanın böyük bir ağ divanı xatırladan əndamına yayxanmaq istəyərdi.

Bir dəfə isə Mixael ona valideynlərindən gizli yazdığı gündəliklərini oxumaq qərarına gəlir.

Gündəliklərdən məlum olur ki...

Balaca Mixael qara kürü üçün sino gedirmiş. Elə buna görə də atasının hər dəfə Bavariyadan ezamiyyətdən qayıtması onun üçün əsl bayrama çevrilərdi. İki, bəzən də üç banka qara kürü... Mayn çayından tutulmuş nərə balığının kürüsü yüksək keyfiyyətli sayılmasa da, ləzzətli idi və Mixael onu yağ-çörəyin üstünə az qala barmaq qalınlığında çəkərək gözünə təpər, anası da yanağından qan daman, buğa kimi sağlam oğluna həmişəki kimi kənardan heyrətlə tamaşa edərdi.

Onun atası tanınmış şair və "Sterne" (Ulduz) ədəbiyyat jurnalının baş redaktoru idi. Müharibə vaxtı cənab Berqi Berlindən Münxenə - partiya iclaslarında şeir deməyə tez-tez ezam edərdilər. O, alovlu natiq və bəlaqətlə şeir deməyin ustası idi. Fürer hətta onu "Reyx qarşısında xidmətlərinə görə" ordeni ilə də təltif etmişdi.

Balıqları isə Münxen yaxınlığındakı Daxau düşərgəsində cəza çəkən əsirlər tuturdular. Daxau Almaniyanın ilk belə düşərgələrindən idi. Burada əsasən 1933-cü ildə Hitlerin Nasional Sosialist Partiyasının hakimiyyətə gəlməsindən sonra tutulan, Vətənə xəyanətdə ittiham edilən kommunistlər və yəhudilər saxlanırdı. 37-38-ci illərdə onlar üzərində tibbi eksperimentlər başlanmışdı və əsirlərin çoxu özləri də səbəbini bilmədən kütləvi şəkildə qırılmaqda idi. Müharibə vaxtı düşərgə əsirlərin hesabına daha da böyüdü. Bir az bəxti gətirənlər çay üzərində qurulmuş balıq zavodunda işləyən dustaq və əsirlər idi. Kəsəsi, Münxenə gələn hörmətli qonaqlar həmişə boxçası dolu yola salınardı. Gözütox böyüdüyü üçün Mixael heç vaxt məclislərdə qara kürüyə əl uzatmazdı...

HANNA İLƏ 2-Cİ GÖRÜŞ

Bir neçə aylıq əlaqə Hannanın qəfil yoxa çıxması ilə başa çatır. Mixael onu bir də 7 ildən sonra görür. O, hüquq fakültəsindəki tələbə yoldaşları ilə məhkəməyə təcrübə toplamağa göndərilir və Daxau düşərgəsində gözətçi işləyən, əsir və dustaqları ölümə yollayanların mühakiməsi zamanı müttəhimlər kürsüsündə əyləşənlər arasında Hannanı da görəndə dəhşətə gəlir.

Hannanın günahkar olub-olmadığını aydınlaşdırmaq üçün dövlət arxivlərinin daha bir qismi açılmalıdır. Amma o bunu istəmir. Çünki bu, Hannanın dünyada hər şeydən çox utandığı bir eybinin aləmə faş olması demək olardı: Hanna yazıb-oxumağı bacarmırdı,
savadsız idi. Buna görə də bütün günahları könüllü şəkildə öz boynuna götürür.

Arxivlərin açılması ideyası Mixaelin də ürəyincə deyil. Axı onun mərhum atası da nasist idi və ictimaiyyətə açıq elan edilən sənədlər cənab Berq haqqında da allah bilir hansı faktları ortaya çıxara bilərdi. Bu isə Mixaelin hüquqşünas karyerasının sonu ola bilərdi.

Əsərin bu yerində Bernhard Şlink oxucunu yenidən Mixaelin gənclik illərində də yazmağa davam etdiyi gündəliklərinə qaytarır.

...Məhkəmə iclaslarından sonra Berlin küçələrini məqsədsiz dolaşan Mixael ilk dəfə olaraq öz keçmişi haqda dərindən düşünməyə başlayır. Onun atası öz qələm yoldaşları haqqında donos yazıbmı? Kiminsə güllələnməsinə bais olubmu? Onun öz siyirməsində çap olunması qadağan edilmiş yazıçıların qara siyahısını saxlaması haqda deyilənlər doğrudurmu? Mixaelin atası çıxışlarında nə qədər çılğın olsa da, ailədə bir o qədər sakit, həlim xasiyyətli insan idi. Odur ki, Mixael onun belə aıçaqlıqlara qadir olmasına heç cür inanmaq istəmirdi. Bəs atasının Gestapodan olan dostları? Onları ki Mixael öz gözüylə görmüşdü. Tərəddüdlər bir an da olsa gəncə rahatlıq vermir...

HANNA İLƏ SON GÖRÜŞ

Bu görüş planlaşdırılsa da, baş tutmur. 18 il həbsxanada yatmış Hanna cəza müddətinin başa çatmasına az qalmış intihar edir. O, həbsxanada işləyərək topladığı pulları Holokost qurbanlarına çatdırmağı vəsiyyət edir. Amma onun bu yardımından imtina edilir.

Əsərin sonunda Mixael yenə tərəddüd içindədir. Bəli, nasizmin mahiyyətini anlamamış Hanna kimi "savadsız" almanlar nəinki öz ölkələlərinə, bütün dünyaya fəlakət gətirib. Amma tövbə etmiş, cəzasını çəkmiş, "savadlanmış" hannalar bu cür davranışa, rədd olunmağa layiqdirlərmi?

Mixaelin gündəliklərinin son bölümü də bu mövzudadır.

...Ata, məni qınayırlar ki, sənin portretini kabinetimdən asmışam. Sənin şeir kitablarını yenidən çap edirəm, sənin haqqında dostlarının xatirələrini toplayıb nəşr etdirirəm. Sənə heykəl qoyulması üçün şəhər bələdiyyəsinə müraciət etmişəm. Mən səndən imtina etməliyəmmi? Axı səndən həm də gözəl şeirlər qalıb. Sənin mənim üçün etdiklərin isə təkcə Daxau düşərgəsindən lənətlənmiş qara kürü gətirmək olmayıb. Mən üzümü hamıya tuturam: Məgər keçmişin üstündən çalın-çarpaz xətt çəkmək olarmı?..

"Qiraətçi" indiyəcən dünyanın 40-a yaxın dilinə tərcümə edilib, milyonlarla nüsxəsi satılıb. 17 il qabaq oxuduğum romandan yadımda qalanlar bunlardır. Bəlkə də nəyisə qarışdırdım, üstündən görün neçə il keçib, ümid edirəm günahımdan keçərsiz...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG