Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

MTN-nin 4 ildən sonra səsi çıxan əməliyyatı


Foto: Arxiv
Foto: Arxiv
Fevralın 21-də AzTV 4 il əvvəl İranın xüsusi xidmət orqanı olan «Sepah»ın və «Hizbullah»ın Azərbaycandakı dəstəsinin zərərsizləşdirilməsi barədə film yaydı. Diqqəti çəkən filmdən çox, bu xəbərin indiyədək ölkə ictimaiyyətinə açıqlanmaması idi.

Milli Təhlükəsizlik Nazirliyi AzadlıqRadiosunun «niyə məhz 4 ildən sonra» sualını cavabsız buraxdılar. Bəs 4 il əvvəl zərərsizləşdirilən dəstə ilə bu günlərdə Bakının Nardaran kəndinin bir qrup sakininin həbsi arasında bir əlaqə varmı? Nazirliyin mətbuat xidmətindən bu sualı da şərh edə bilməyəcəklərini söylədilər.

Bəzi ekspertlər isə 4 ilin xəbərinin indi açıqlanmasında siyasi çalar axtarır, bəziləri burda «saxla samanı, gələr zamanı» misalının yerini görürlər.

«GÖRÜNÜR, AZƏRBAYCANIN ƏLİNDƏ TUTARLI FAKT BUDUR»

Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər deyir ki, son vaxtlar rəsmi Bakı ilə Tehran arasında psixoloji gərginlik yaşanır:

«Bu, Azərbaycanla İran arasında psixoloji savaşla bağlıdır. Görünür, Azərbaycanın əlində ən tutarlı fakt budur, ictimai rəyi bununla formalaşdırmaq istəyir».

Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Sülhəddin Əkbər bu günlərdə saxlanan nardaranlıların həbsini də iki ölkə arasındakı münasibətlərin gərginləşməsi ilə izah edir:

«Azərbaycan hakimiyyəti, xüsusi xidmət orqanları hesab edirlər ki, İran yaxın perspektivdə Azərbaycan ərazisində hansısa əməliyyatlar keçirə bilər. Ona görə də İranın ölkədəki mövqelərinin aşkarlanması, onların fəaliyyətinin məhdudlaşdırılması, bəzi fəalların neytrallaşdırılması əməliyyatı aparılıb».

«AZƏRBAYCAN İRANA JEST EDİB…»

«Orta Doğu» Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan isə hesab edir ki, İrana bağlı dəstənin zərərsizləşdirilməsi xəbərinin 4 il açıqlanmaması Azərbaycanın indiyə kimi qonşu ölkəyə etdiyini jestin nəticəsidir:

«Bunu Azərbaycanın İranın davamlı notasına cavab kimi də qiymətləndirmək olar. Yəni, 4 il öncə də belə hadisə baş vermişdi, amma biz qonşuluğu, dostluğu nəzərə alaraq, ictimaiyyətə çatdırmadıq.
Sədrəddin Soltan
Sədrəddin Soltan
Azərbaycan göstərmək istəyir ki, İranın ölkədə şəbəkəsi var, davamlı şəkildə fəaliyyət göstərir, onlar da bununla mübarizə aparırlar».

Sədrəddin Soltan deyir ki, İran-Azərbaycan münasibətlərinin pisləşməsinin əsas səbəblərindən biri də Tehranın nüvə proqramı ilə əlaqədar üzləşdiyi beynəlxalq iqtisadi təzyiqlərdir. Baxmayaraq ki, Azərbaycan bu beynəlxalq sanksiyalara qoşulmayıb, İranla ticarət əlaqələrini davam etdirir, qonşu ölkə qonşuluğunda düşməninin müttəfiqinə dözmək istəmir:

«Azərbaycan da Qərbə göstərmək istəyir ki, İrandan ölkənin təhlükəsizliyinə təhdidlər var və Tehrana qarşı sanksiyalara qoşularsa, ölkənin təhlükəsizliyinə təminat verilməlidir».

SON GÜNLƏRİN İRAN-AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezidentlər
Prezidentlər
Azərbaycan Dövlət Televiziyasının yaydığı məlumata görə, aralarında Livan vətəndaşı da olan dəstə üzvləri 2008-ci ildə İsrail dövlətinin 60 illiyi münasibətilə keçirilən tədbirlər zamanı terror törətməyə cəhd ediblər. Onlar məhkəmənin hökmü ilə artıq 12 ildən 15 ilə qədər azadlıqdan məhrum olunublar.

Son bir neçə gündə isə Azərbaycanda bir qrup şəxs saxlanılıb. Onlar ölkədə silahlı birləşmə yaratmaqda, qanunsuz silah saxlamaqda, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunurlar.

O cümlədən, İranın «Səhər» telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı da saxlanıb. İran bununla bağlı Azərbaycana nota verib.

Fevralın 21-də isə Astara sakinləri Mərkəzi rayon Xəstəxanasının üzərində İran helikopterinin dövrə vurduğunu görüblər. Hərçənd, rəsmilər vertolyotların İran ərazisində uçduğunu bildirirlər.
XS
SM
MD
LG