Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:32

İLK DƏFƏ: Vaqif İbrahimoğlunun gündəlikləri “Oxu zalı”nda


Vaqif İbrahimoğlu Azadlıq Radiosunun Bakı bürosunda, 2009
Vaqif İbrahimoğlu Azadlıq Radiosunun Bakı bürosunda, 2009
"İz" proqramı


Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


Vaqif İbrahimoğlu ötən ilin (2011) mayından bu dünyanı tərk edib. 23 il öncə məndən bir söz almışdı – 1984-cü ildə Ankarada rusca qələmə aldığı “Gündəlik” onun bayılıncayaqədər sevdiyi Azərbaycan türkcəsinə çevrilməliydi və bu işi mən görməliydim (bir şərtlə ki, ölümündən sonra).

“Əvvəla, nə bilirsən ki, kim tez öləcək və sonra niyə özün çevirmirsən ki?” – sualımı “Sənə bu məktubumda hər şey yazılıb” sözləriylə cavablandırmışdı”.

O məktubu artıq nöqtəsinə-vergülünə toxunmadan diqqətinizə yetirə bilərəm:


Zeynəlciyim!

Həyat və sənət yollarım çətin olduğu qədər dumanlıdır, bilinməz-dərkedilməzdir, çünki bizi yaradan o böyük Tanrımızın yapdığı dış və iç dünyamız(ın) özü bir yol, özü bir dağ, özü bir dəniz, özü bir göy, özü bir Günəşdir ki, gözümü qamaşdıra bilər!..

Qardaşım!

Bu əlyazmanı tapşırıram sana, səni də uluların ulusu Dədəm Qorqud eşqinə -- bu dünyada ondan müqəddəs məndən ötrü heç zad yoxdur. Əcnəbi dilində yazıldığı üçün qüsura baxma, onun da öz səbəbi var ki, məncə, demək artıqdır.
Sağlığa qalın, Tanrı sizə yar olsun, yolunuz Uğurlu, dünyamız işıqlı olsun. Mən gedər oldum...

Ən içdən sayqı və istəklərimlə: Vağif İbrahimoğlu

Boz ayın 8-i 1989-cu il

Bu məktubu Vağifin (ara-sıra “q”ni “ğ”yə çevirməyi xoşlayırdı -- əslində “Vağıf” deyərdi) adi şıltağı-zarafatı kimi qarşılamış, amma xahişinə əməl etmişdim: O “Gündəlik” yalnız onun ölümündən sonra işıq üzünə çıxarılacaqdı...

Beləliklə, 20-ci yüzil Azərbaycanının say-seçmə insanlarından görkəmli sənətçi, kulturoloq, publisist və sevimli düşüncə adamı Vaqif İbrahimoğlunun 40 yaşında (1989-cu ildə) mənə verdiyi tapşırığı yerinə yetirir və 35 yaşında (1984-cü ildə) Türkiyədə rusca qələmə aldığı gündəliyini Azərbaycan türkcəsində AzadlıqRadiosu oxucularına çatdırıram. Bilməyənlərə bildirim ki, Vaqif Türkiyəyə “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu.

Vaqifə sevgilər və ruhuna sonsuz sayqılarla: Zeynal Məmmədli


Ankara. 20 dekabr 1984-cü il, cümə axşamı

Demək, uzunmüddətli get-gəl və macəralar bitdi. Artıq Türkiyədəyəm, Ankaranın “Güleyrüs” otelində. Sol yanımda bir çaydan çay və “Prima” siqareti var. Sandıqçaya quraşdırılmış radiodan türk musiqisi yayılır və mən bu qeydləri yazıram...

Əvvəldən başlayım

Moskvaya dekabrın 16-da gəldim və düz 2 gün bu idarədən o birinə yürüdüm (çarəni analiz-intuisiya-analiz sistemində gördüm). Dekabrın 19-da saat 9.55-də 501 saylı reyslə uçdum. İstanbula uçuş qaydasında keçdi: yuxumu aldım, yedim, çay içdim və 1 saat İstanbulda gözləyəndən sonra yerli vaxtla saat 3-də, axır ki, Ankaraya çatdım.

Get-gəl və macəraların bədəli burada ödəndi: heç kim məni gözləmirdi, Mədəniyyət Nazirliyinin referenti nümayəndə heyətiylə getmişdi. Təsadüfən hava limanına gələn və adını sonralar öyrəndiyim mədəniyyət attaşesi Vladimir Solotınski olmasaydı, kim bilir hələ daha nələr yaşayacaqdım... O, məni öz maşınında teatradək apardı və tələm-tələsik baş direktor (bizlərdə direktor müavinliyinə uyğun bir vəzifə) Hüsaməddin bəyin kabinetinə salaraq çıxıb-getdi. Bu bəy də, əsl işgüzar adam kimi, qısa bir salam-əleykdən sonra o dəqiqə “boğazımdan yapışdı”:

- Hasanof bəy, tamaşa yanvarın 19-da təhvil verilməlidir!

“Qısa qapanma”dan sonra özümə gəldim və öyrəndim ki, onlar noyabrın 23-dən bəri
Zeynal Məmmədli
Zeynal Məmmədli
(pasportumdakı qeyddə də belə yazılmışdı) mənim yolumu gözləyirlər və artıq “Hasanof geliyor...” sözləri dillərini qabar eləyib və hətta tamaşanı ləğv etmək də istəyiblər və s. və i.a.

Elə bu arada Nazim Rzayevlə Əhəd içəri girdilər. Söhbət qızışdı və mən o dəqiqə 150 min türk lirəsi məbləğində müqaviləyə imza atdım. Sonra çay gətirdilər. Elə təzəcə nəfəsimi dərmək istəyirdim ki, bir başqa əfəndi – dekor müdiri (bizlərdə quruluş sexinin müdiri) Babər bəy eskizləri verməyimi rica etdi. Başım zindan daşı kimi asılsa və ayaqlarımı güclə sürükləsəm də xahişə əməl etdiyim andan işə başladıq. Nə isə...

Dünyanın bütün dekor müdirləri kimi, Babər bəy də dərhal bildirdi ki, bu, mümkün deyil, zaman yoxdur və s. və i.a. Səhnəyə göz gəzdirdim: bizim səhnələrdən kiçik idi (dəqiq ölçüləri sonra yazaram). Söhbət əsnasında öyrəndim ki, həmin səhnədə düz 3 teatr tamaşa qoyur – opera, balet və dram teatrları. Bu uca göylərin altında, gerçəkdən, heç nə təzə deyilmiş!..

Bəylər və əfəndilər yaxamı buraxmırdılar, amma onları birtəhər insafa gətirdim ki, bəs, yoldan gəlmişəm, bir az dincəlməliyəm və daha nə bilim nə... Razılaşıb buraxdılar.

Artıq yazdığım kimi, məni “Güleyrüs” otelində yerləşdirmişdilər. Teatrdan 3 dəqiqəlik yol idi: sağa dönüb, Gənclik parkının yanında küçəni keçincə otelə yetişirdin. İlk yaşadığım nömrə (507-ci otaq) həm soyuq idi, həm də rahat deyildi. Amma həmən uzanıb dincimi aldım. Yanıma Savaş adlı rəssam gəldi. Üç il Bonnda (AFR-də) staj toplamışdı və Solmazın işini də (rəssam Solmaz Haqverdiyevanın) o, başa çatdırmalıydı (Yeri gəlmişkən, rəssam çağırmalarını tələb edəndə onların hamısı acı-acı gülümsəmişdilər...).

Teatra yollandıq. Orada “Aida”ya baxdım. Bütün opera qəlibləriylə bərabər, tam 20-ci illərdən qalmaydı. Ancaq orkestr abırlı səslənirdi. Özəlliklə 2-ci səhnədəki “Dua” xorunu xoşladım (türklər demiş, “koro”nu). Operaların hamısı türkcə gedir və dinləmək çox xoşdur. Kaş, bizdə də belə ola...

Sonra Əhədlə danışdıq. O, mənə hansı işlərin görüldüyünü bildirdi, səndviç və ayran aldı. Bir-iki dişləm alıb, ağrıdan partlayan başımı ataraq, ölü kimi yatdım. Türkiyədəki ilk günüm belə keçdi...

Dekabrın 20-də, yəni bu gün erkən durdum və mənə hələ türk lirəsi verilmədiyindən xərclərimi qarşılayan Əhədə şükr edə-edə səndviçin qalanını yeyib üstündən ayran içdim...

Saat 9.00-da Savaşla anlamsız bir görüşüm oldu və saat 10.00-da, türklər demiş, “prova”ya, yəni məşqə qatıldım (Yeri gəlmişkən, mənə “Hasanof bəy”, “Hasan bəy” kimi qəribə üztutmalar qanımı qaraltdığı üçün dünən bunun səbəbini soruşdum. Məlum oldu ki, sənədlərin heç birində nə öz adım, nə də atamın adı var, hətta dekabr ayının məşqlər siyahısında da yazılıb ki, tamaşanı sovet rejissoru Hasanof səhnəyə qoyacaq). Qərəz, söz çəkdi deyə bunları yazıram.

...Aktyorlarla tanış oldum, Azərbaycan xalqının salamını yetirdim və musiqi fonunda oxu məşqlərinə başladım. Artıq yazdığım kimi, onlarla məndən öncə yerli rejissor (Semik bey adlı biri) çalışdığından, mətni, demək olar, bilirdilər, öz partiyalarını da öyrənmişdilər. Bu, bir yandan yaxşıydı, amma o biri yandan... “O biri yan” məsələsi gündüz məşqlərində üzə çıxdı...

Haşiyə: elə məşq başlayınca öz ölkəmizdən xaricdə -- Türkiyədə olduğumu unutdum. Alışdığım işləri gördüm: söz və hərəkət artırmalarını yığışdırdım, aktyorların qarşılıqlı atmacalarına imkan vermədim. Təəccüblənsələr də, tabe
Ankara Dövlət Opera və Ballet Teatrı
Ankara Dövlət Opera və Ballet Teatrı
oldular. “Arşın mal alan” Türkiyə türkcəsində çox qulağa xoş səslənir. Elə də irəli getmək istəmirəm, ancaq bir çox məqamlar Azərbaycan türkcəsindən qulağa daha olğun- dolğun gəlir. Hər şeyi anlayır, olur ki, kövrəlir, olur ki, cinlənirəm, amma bütövlükdə, hələ ki, hər şey qaydasındadır.

Bütün pyesi dinləyib (xor parçasından başqa) əsərin nəyi hədəflədiyini danışdım. Diqqətlə qulaq assalar da, indiki düşüncəmə görə, Süleyman rolunun ifaçısını çıxmaqla (adını unutmuşam...), əsl vokalçı kimi davrandılar, yəni, məsələnin mahiyyətinə varmadılar. “Arşın mal alan”ın hədəfindən, gərəkçələrindən yenə “döşədim” və bu zaman Soltan bəyin ifaçısı dözməyib qalın bas-bariton səsiylə soruşdu:

- Vaqif bəy, siz seks amilini nəzərdə tutursunuz?

- Elədir ki var, ancaq o sözü mən yox, siz dilinizə aldınız!!!

Gülüşdük. Sonrası daha asan keçdi. Danışıb-söhbətləşib saat 2-dək məşqə ara verdik.

...Babər bəyin yanına endim. Orada məni kostyumları tamamlayıb-bitirəcək bir xanım (adı yadımdan çıxıb) gözləyirdi. Öncə dekor müdiriylə qısaca sənətşünaslıq disputu keçirdik. Babər bəy eskizləri bəyənmədiyini, vahid üslubun çatışmadığını və bənzər dekorların 25 il əvvələ uyğun gəldiyini söylədi. Neokonservatizmlə bağlı qısa mühazirə oxusam da, onu inandıra bilmədim. Dünyanın bütün quruluş sexi müdirləri kimi (Georgi Xaçaturoviçi tez-tez xatırlayıram!!!) o da dekorları bəsitləşdirmək istədi, ancaq mən imkan vermədim. Sonra həmin xanımla çalışmalara başladım. O öz vəzifəsini tezcə anladığından məhsuldar bir işbirliyimiz yarandı.

Bufetdə ağzıma bir şeylər atıb (yenə səndviç!..), 2-ci məşqi başlatdım.

İşlər indən belə düyünə düşdü. Birincisi, bütün vokalçılar kimi, onlar da hərəkət əngəlini aşa bilmirdilər. İkincisi, rejissor onları bəlli bir baxışa kökləmişdi.

Üçüncüsü, opera qəlibləri göz dağlayırdı (qəlibə nə məkan?).

Məşq boyu təkcə 1-ci parçanı – Əskərin ariyasını və “Evlenmek istiyorum, evlenmek!” sözlərinədək Cahanla dialoqu işləyib-cizgiləyə bildim. Sonra aktyorlarla oturub, baş-başa verərək bacardığım dərəcədə tamaşada olub-bitənləri, hərəkət, mübarizə, ünsiyyət prinsiplərini və s. açıqladım. Başlarını eynən bizim aktyorlar kimi tərpətsələr də, deyəsən, anlayırdılar.

Hələlik 2 problem diqqət çəkir: Əskər rolunun ifaçısı lirik qəhrəman obrazına uyğun gəlir, çəkingəndir, dinləməyi bacarmır; 2-ci problem Vəlidir – adam onun bizim hır-zırla güldürmək istəyən aktyorlarımıza necə bənzədiyinə mat qalır. Söhbətdən sonra hər 2 aktyor problemi anladığını və ertəsi gün özünü sınayacağını bildirdi. Baxarıq-görərik.

Bu yeri yazmağa başlayanda Əhəd gəldi, məni yedirdi və sonra uzun-uzun danışdıq. Məncə, çox uzun da demək olar (Nədənsə Anarın “Səhra yuxuları”nın 4-cü səhnəsi yada düşür)... Söz verirəm ki, Bakıya qayıdandan sonra Əhədin işlərini təbliğ edəcək, onun haqqında yazacağam da. Təbii ki, məni yedirdiyinə görə deyil...

İlk gündə görülən işin yaratdığı ümumi təəssürat: dünyanın bütün teatrları bir-birinə bənzəyir, qarşılıqlı münasibətlər, ümumi ab-hava və s. də həmçinin. Məşqlərdə sıxılmıram, coşduğumun da fərqindəyəm. Kiminin gözündə maraq görürəm, kiminin biganəliyini duyuram, kiminin də yalançı coşqusunu sezirəm. Özümü çimdikləyib, elə özümə də xatırlatmaq lazım gəlir ki, bəs, mən Ankaradayam, axı.

Dil əngəl törətmir. Artıq “tamam”, “təbii” deyirəm. Şəhəri dolaşıram. Xarici xatırladan latın şriftləri, reklamlar və s. atributlar olmasaydı, Bakıyla qarışıq salardım. Eynən bizə bənzərlərdən tutmuş, sırf avropalılaradək müxtəlif etnik tiplər gözə dəyir. Sabah da 2 məşqim var. Biri saat 10-dan 13-dək, digəri 2-dən 5-dək.

(Davam edəcək)
XS
SM
MD
LG