Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:02

Rasim Qaraca: “Ləyaqətli adamlar fəxri adlardan imtina etməlidir”


Rasim Qaraca
Rasim Qaraca
Rasim Qaraca:

Xalq yazıçısı varsa, deməli xalq düşməni olan yazıçı da var. Bu, 37-dəki repressiayalarda hakimiyyətin əlində bir silah idi...

Əkrəm Əylisli:

Rasim sovet dövrünü elə şəklə salır ki, guya o dövrdə nələrsə yaşayıblar. Bunlar bir ara deyirdilər ki, sanki sovet dövründəkilər yazıçı deyil. Axı sovet dövrünün məsələyə nə dəxli var?

İlyas Tapdıq:

Həqiqətən, alası adamlar qıraqda qalır. Fəxri ad alanlar daha çox qabağa çəkilir, bir yerə səfər olanda onları göndərirlər, dövlət əhəmiyyətli məclislərə onlar çağrılır.

Aqil Abbas:

Bilirsiniz, məncə, Rasim Qaraca, Əli Əkbər, Aqşin Yenisey, Seymur Baycan, Günel Mövlud, elə sən özün, İlqar Rəsul, bu cür istedadlı insanlar otursunlar yazılarını yazsınlar. Neynirsiz kimə ad verilir, kimə yox.



Fəxri adlar lazımdırmı? “Pen klub” verilişində bu mövzuda keçirilmiş debatda “Alatoran” yurnalının baş redaktoru, şair Rasim Qaraca, xalq yazıçısı Əkrəm Əylisli, şair İlyas Tapdıq, yazıçı-publisist, deputat Aqil Abbas iştirak ediblər.


Rasim Q:

Təbiri-caizsə, mən bizim milləti sinifdə qalmış uşağa bənzədərəm. Yəni vaxtı keçmiş mövzuları çox gec ayılıb müzakirə edirik. Yaxşı ki bunu Azadlıq Radiosu edir, görünür, elə haqqın-ədalətin dilə gətiriləcəyi yer olaraq təkcə sizin tribuna qalıb. Gecikmiş məsələdi, vaxtında həll olunub daşının atılması gərək idi xalq yazıçısı, xalq şairi, əməkdar artist mövzularının. Azərbaycan müstəqillik qazandıqdan həmən sonra elan olunmuşdu ki, biz demokratiya yolu tuturuq və artıq əski “kökə və qamçı” prinsiplərindən əl çəkəcəyik. Bildiyiniz kimi, bu, birini həvəsləndirib, o birini qamçılamaqdlır. Yəni hakimiyyət bəyəndiyi adamlara qoğal verir – “xalq artisi”, “əməkdar artist” adları verir, fəxri xiyanbanda dəfn edir... Bu kimi imtiyazlar Sovet dövründə daha çox idi, yazıçılara hətta maşın verilirdi.

Təbii ki, bu adlar özünün əks qütbünü ehtiva edir. Xalq yazıçısı varsa, deməli xalq düşməni olan yazıçı da var. Bu, 37-dəki repressiayalarda hakimiyyətin əlində bir silah idi ki, bir qrupu təltif edib öz tərəflərinə çəkir, digərlərinisə cəzalandırırdılar.

Məsələ burasındadır ki, xalqa mənsub olanlar xalqın ürəyindədir. Xalq deyəndə ümumi anlaşılmaz kütlə gəlməsin nəzərinizə. Xalq ayrı- ayrı fərdlərdir və bu fərdlər çoxluq olaraq kiminsə adını nəsildən nəslə ötürür. Xalq bu gün Sara Qədimova, Şövkət Ələkbərovanın mahnılarını Facebookda paylaşır. Bax xalq bu şəkildə dəyər verdiklərini ötürür. Şairlər də belə ələnir, yaxşı şeirlər də belə ötürülür Facebookda.
Əkrəm Əylisli
Əkrəm Əylisli
Facebook çağdaş zamanın yetirməsidir. Əvvəllər də belə paylaşmalar baş verirdi. Kimsə dərgilərdə şeiri dərc edib gələcək nəsillərə ötürürdü. Məsələn, şair Əli Kərim 69-ci ildə 39 yaşında vəfat edib - gənc yaşında. Onun fəxri adı yox idi. Təbliğatı ilə də məşğul olanı yox idi. Amma şairə dəyər verən insanlar – jurnal, qəzet redaktorları, ayrı-ayrı şeir sevən insanlar onu təbliğ edirlər. Çünki dəyərli şairdir, insanın qəlbinə xitab eliyən şeirlər yazıb. Fəqət bir çox xalq şairləri var ki, adına küçə var, fəxri xiyabanda dəfn edilib, şəhərin mərkəzində heykəlləri ucalıb, amma xalq onları xatırlamır.

Əkrəm Ə:

Azərbaycanda yazıçılara, şairlərə fəxri ad vermək məsələləri 1956-cı ildə başlayıb. Rəhmətlik Səməd Vurğun bir az nakam öldüyünə görə, eyni zamanda hakim dairələrdəki avtoriteti xalqın içindəki ilə səsləşdiyinə görə, “xalq şairi” adını təsis elədirlər və ona verdilər. Rasim bəyin dediyi kimi 1937-ci ildə xalq şairi yox idi. Amma bu adın özü də absurddur.

Mən bunu əvvəlcədən də absurd qəbul eləmişəm. Hətta mən bundan imtina etməyə də təşəbbüs etmişəm. Absurddur ona görə ki, birinə xalq şairi deyirdənsə, o biri qeyri-xalq şairi kimi çıxır. Bu doğrudur. Rasimin də dediyi kimi istedadı, sənətində səriştəsi olan hər kəs bu xalqın şairi və yazıçısıdır, başqa söhbət ola bilməz. İkinci də ona görə absurddur ki, bunu xaricdə başa düşmürlər. Sən get Avropa ölkəsinə denən bunu, onlar qəti şəkildə başa düşmürlər, folklor kimi anlayırlar. Əgər 1956-cı ildə bu adı verəndə bu adın üstündə dayansaydılar və sonra da Səməd Vurğun məktəbinə - Bəxtiyar Vahabzadəyə, Məmməd Araza versəydilər, burda məntiq olardı. Düzdü, xalq şairi verdiklərinin çoxu Səməd Vurğun məktəbidir, Zəlimxan Yaquba yaxşı eləyib veriblər.

Amma məsələn, Musa Yaquba, Ramiz Rövşənə niyə verməyiblər, bunu başa düşmək olmur. Absurd burdadı. Amma xaricdə də buna oxşar adlar var. Avropanın bir sıra ölkəsində məsələn, Belçikada ədəbiyyat akademiyası yazan adamların istedadını müəyyən edir. Məsələn, 5 hekayəsi, 15 şeiri çıxan adam bu akademiyanın nəzərində perspektivi olana adam kimi qəbul olunursa, ona müəllim maaşı qədərində pensiya kəsilir. Yəni bu adama heç bir əzab çəkmədən yaradıcılığı ilə məşğul olmağa imkan yaradılır. Amerikada müxtəlif dərnəklər, ədəbiyyat klubları var ki, ictimai rəyi öyrənirlər, mükafatlar verirlər.

Ən məzəli budur ki, 1956-cı ilə bu ad veriləndən sonra müsəlman ölkələri Dağıstan, Türkmənistan və digərləri də keçdilər bu adlar uğrunda yürüşə.

İlyas T:

Mən Əkrəmin söhbətini eşitdim. Əkrəm özü ona şöhrət ordeni verəndə istəmədi, amma o biri ordeni məmnuniyyətlə aldı. Nəsə var da insanlarda şöhrət hissi. Heç kəs istəməz ki, ona nəsə verməsinlər. Amma indi bunlar daha çox təşkil edilir. İnsanlar can atır ki, onu alsın, bu hiss pisdir.

Qoy bunu dövlət versin, millət desin ki, kimə düşür. Belə maraqlıdır. Amma bir dəstə yığışır fəxri adlar alırlar və bunu sonrakı mənfəətlərinə görə edirlər. Həqiqətən, alası adamlar qıraqda qalır. Fəxri ad alanlar müəyyən yerlərdə daha çox qabağa çəkilir, bir yerə səfər olanda onları göndərirlər, dövlət əhəmiyyətli məclislərə onlar çağrılır. Niyə? Fəxri adları var deyə. Biri də var xalq şairləri bu adı halallıqla alırlar. Dövlət görür, xalq sevir, ona o adı verir. O ki təşkil olunur, o ad deyil. Xalq hamını tanıyır. Hamı bilir ki, kim kimdir. Görünən hər şey meydandadır. İsi Məlikzadə, Fərman Kərimzadə o adı almayıb. Onlar bəyəm pis yazıçıdılar? Onlarla belə ad saymaq olar. Adamlar var ki, can atır dəridən-qabıqdan çıxırlar ad üçün. Eləsi var halaldı, eləsi var haramdır. Haram adlar çoxalır.

İlqar R:

Bunun günahı kimdədi, alanda, yoxsa verəndə?

İlyas T:

Elə xalqın düşüncəsindədir. Bizdə İslam ölkəsidir. Gərək tamahkarlıq,
İlyas Tapdıq
İlyas Tapdıq
şöhrətpərəstlik olmasın. Amma bizdə şöhrət üçün dəridən-qabıqdan çıxırlar. Mən özüm minə yaxın kitabın redaktoruyam, uşaqlar üçün də yazmışam, heç bir adım yoxdur. Bir dənə komsomol mükafatım vardı. Onun da heç yerdə adı çəkilmir. Mən heç kəsə müraciət etməmişəm, ətəyindən asılmamışam. Adamlar var ki, xalq qarşısında əziyyəti böyükdür. Onlardan biri Əkrəmdir. Əkrəmin aldığı adların hamısı ona halaldır.

Əkrəm əvvəl düşünürdü ki, adlar ona lazım deyil. Onsuz da o harasa gedəndə xalq ayağa durub alqışlayır. Yəni ki xalqı üçün böyük əhəmiyyətli işlərə görə verilməlidir adlar. Görürsən, uşaqlar var ki, tərcümeyi-halı doludur adlarla, mükafatlarla. Halbuki, bunlara layiq deyil. Yaxşı çalışmaq lazımdır, sonra fəxri adlar özləri gəlir. Özü gələn fəxri adlar fəxridir, özü gəlməyən, yolunda cəfa çəkilən adlar qeyri-fəxridir.

Rasim Q:

Sovet dövründə bir az nəzarət vardı. Doğrudan da Səməd Vurğun kimi nəhəng insanlara verilirdi belə adlar. Fəxri adları elə adamlara verirdilər ki, xalqda bu adlar heç bir şübhə və sual doğurmurdu. Indi isə eybəcər bir vəziyyət yaranıb. Günahkarı da bu institutu qoruyub saxlayan qurumlar, rəsmi dairələr, hakimiyyətin özü, ideologiyadan, incəsənətdən sorumlu olan insanlardır. Amma təkcə fəxri adlardan getmir söhbət.

Bir sıra imtiyazlar da var. Məsələn, yazıçılar birliyində 50 yaşlı və 30 gənc yazıçıya hər il müəyyən məbləğ pul ödənilir təqaüd olaraq. Bu elə xalq yazıçısının, şirnikləndirmənin bir az kiçildilmiş formasıdır. Müəyyən kateqoriya insanları öz tərəfinə çəkmək, səsini almaqdır. Bu addımı atanlara cəmiyyətin özünün münasibəti olmalıdır. Mən bunu eybəcər hal hesab edirəm. Bu adı daşıyan öz ləyaqətinə hörmət edən insanlar bir an öncə bu addan imtina etməlidirlər. Bu günlərdə qətlə yetirilən bizim yaxın dostumuz Rafiq Tağı, eləcə də Ziya Bünyadov, Sabir Əhmədli, Elmar Hüseynov - bu cür insanlar bir etalon təşkil edir. Bu cür insanların varlığı millətə, topluma bir səviyyə qazandırır. Bizim kimə gəldi ad verməklə bu səviyyəni aşağı salmağa haqqımız yoxdur. Rafiq Tağı qiymətli bir yazıçı idi, heç bir təltifdə gözü yox idi, versəydilər də, götürməzdi, adına da küçə olmayacaq. Amma könüllərdə yaşayacaq və onun əsərləri nəsildən-nəsilə ötürüləcək. O bizim qarşımızda bir yazıçı etalonu qoydu, artıq o etalon bizim üçün bir səviyyə qazandırır. Bilavasitə bu hadisədən sonra xalq yazıçılığı, təltif, təqaüd almaq - bütün bunlar mənim nəzərimdə çox eybəcər bir mənzərə yaradır.

Aqil A:

Rasim Qaraca deyir 50 yaşlı, 30 gənc yazara təqaüd verilir, burda heç bir pis şey yoxdur. Bu dəqiqə yazıçıların, şairlərin necə yaşadığını Rasim Qaraca yaxşı bilir. Dünyanın hər yerində fəxri adlar, mükafatlar var. Amerikalılar film çəkirlər və bu filmlərə görə müəllifə “Oskar” verirlər, Parisdə, Kannda, Rusiyada da müxtəlif mükafatlar verilir. Bütün dünyada var mükafatlar. Bir az seçilmiş insanlar var. Yazıları ilə seçilən insanlara yaşadığı dövlətin diqqəti var. Burda qorxulu, pis bir şey yoxdur. Xalq yazıçısı adı ilə əqidəli adamı satın almaq olmaz. Əqidəsini dəyişənə xalq şairi adını verməsən də, satılacaq. Dövlətin insanları qiymətləndirməsində mən pis şey görmürəm.

Əkrəm Ə:

Söhbət ondan getməlidir ki, kim bu adlara layiqdir, kim layiq deyil. Tutalım Zəlimxan Yaqub, halalı olsun, layiqdirsə, Musa Yaqub, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bayatlı Odər niyə layiq deyil? O başqa məsələdir ki, kim nə dərəcədə layiqdir. Ölülər elə bilir ki, dirilər hər gün halva yeyir. Bu xalq yazıçısına görə 50 manat pul verirlər. Başqa hansı imtiyazları var ki? Əslində burada təxminən hamı eyni şeyi
Aqil Abbas
Aqil Abbas
deyir. Bir az radikal gedən Rasimdir. Onun da mövqeyi, funksiyası radikal getməkdir. Rasim sovet dövrünü elə şəklə salır ki, guya o dövrdə nələrsə yaşayıblar. Bunlar bir ara deyirdilər ki, sanki sovet dövründəkilər yazıçı deyil. Axı sovet dövrünün məsələyə nə dəxli var? Yazıçı hər dövrdə yazıçıdır. Yazıçı olmayana min dəfə azadlıq ver, yazıçı olmaz. Bu elementar, sadə şeyləri qəlizləşdirib mənasızlaşdırsan, burda nə obyektivlik axtarmaq olar? Sovet dövrü Azərbaycana ədəbi dil verib, filarmoniya, akademiyalar verib. Sovet dövrü Azərbaycana Qara Qarayev verib, Üzeyir bəyi yetişdirib, Rəsul Rzanı, Səməd Vurğunu verib. Azərbaycan ədəbiyyatına bədbəxtliklər verməyib. Getsinlər Cənubi Azərbaycanda Qara Qarayev tapsınlar, görüm necə tapırlar.

Rasim Q:

Sövet dövrü, doğrudur, Qara Qarayevlər, Əkrəm Əylislilər verib. Amma sovet dövrü Mikayıl Müşfiqləri, Hüseyn Cavidləri, Bəkir Çobanzadələri qətlə yetirib. Bu siyahını çox, Əkrəm müəllimin saydıqlarından da çox uzatmaq olar. Sovet hökuməti ütülənmiş sənəd anlayışı yaradırdı. Bu təzyiqi həmin o istedadlı insanların yaradıcılığında hiss etmək olurdu. Musiqi bir az xilas yolu olub, çünki orda özünü musiqi ilə ifadə edirsən. Amma digər yaradıcılıq sahələrində bu, mümkün idimi? Hanı bizim dissident ədəbiyyatımız? Bizim dissident ədəbiyyatımız ütülənmiş təsiri bağışlayırdı. Əkrəm Əylislinin də ən gözəl əsərləri müstəqillik dövründə olub.

Aqil A:

Əkrəm Əylislinin ən gözəl romanı “Kür qırağının meşələri” nə vaxt yazılıb? Bu əsər sovet dövründə yazılıb, müstəqillik dövrünün bura nə dəxli var? Fəxri adların verilməsinə pis baxmıram, burda qeyri-adi heç nə görmürəm, qorxulu bir şey yoxdur. Fəxri ad heç kimə imtiyaz vermir. Xalq yazçısına artıq ev, maşın vermirlər, heykəl qoymurlar. Qara Qarayevə, əlbəttə, heykəl qoyulmalıdır. Səməd Vurğuna qoyulmaldır. Amma bütün xalq yazıçılarına, şairlərinə heykəl qoyulmur ki. Xalq yazıçısı, xalq şairi, xalq rəssamı adına belə qarşı çıxmaqla razı deyiləm. İndi mənə əməkdar jurnalist adı verilib, deyim istəmirəm? Axı mən fərqlənməliyəm də. Əməyi olan jurnalist fərqləndirilirsə, bunun nəyi pisdir?

İlqar.R:

Aqil bəy, mən jurnalist tanıyıram ki, ona “Tərəqqi” medalı veriblər, amma yazanda sözləri, şəkilçiləri məndən soruşurdu...

Aqil A:

Mən bayaq dedim ki, ədalətsizliklər olur. O siyahını tərtib edən, təqdim edən adamlarda günah var. Yəni günah medalı təqdim edəndə yox, siyahını verəndədir.

İ.Rəsul:

Bəs o siyahını təqdim edənlər niyə məhz başı çıxmayan adamlardı?

Aqil A:

Cəmiyyətin də, hökumətin də günahı var bu işdə. Amma mən bir söz deyim, Anara Heydər Əliyev mükafatı verildi. O təqdim edilməmişdi ki. Prezident birbaşa özü vermişdi. Bəlkə də başqaları da təqdim edilmişdi, amma prezident Anara verdi. Təqdim edən adamlar yerində oturmayanda adi bir adam Arif Babayev, Arif Məlikov,
İlqar Rəsul
İlqar Rəsul
Qədir Rüstəmovla bərabər mükafat alır.

İlqar R:

Aqil bəy, fəxri adlar qalsınmı?

Aqil A:

Məncə, qalsın. Burda qorxulu bir şey yoxdu. Özü də bu bizim arzumuzla deyil. Rasimin dediyi də həqiqətdir ki, burada ideologiya da var. Bu dünyada da belədir. Elə filmə “Oskar” verilir ki, sırf siyasi, işğalçı filmdir. Amma verilir ki, yayılsın. Bilirsiniz, məncə, Rasim Qaraca, Əli Əkbər, Aqşin Yenisey, Seymur Baycan, Günel Mövlud, elə sən özün, İlqar Rəsul, bu cür istedadlı insanlar otursunlar yazılarını yazsınlar. Neynirsiz kimə ad verilir, kimə yox.

Əkrəm Ə:

Biz çalışaq ki, belə söhbətlərdə nəyisə araşdıraq. Rasim, o vaxt 50 yaşı olmayana ad vermirdilər. Əli Kərim o yaşa qədər yaşasa, o ad ona veriləcəkdi və o həmin addan imtina etməyəcəkdi. Mən onu yaxşı tanıyırdım. Bütün bunlar öz yerində, mən demək istəyirəm ki, bunlar hamısı absurdur. Gəlin görək bu adı kim verir? Əgər o adı dövlət verirsə, aydındır ki, dövlətçilik mənafeyinə qulluq edənə verəcək. Burda siyasi məqam, çalar ortaya çıxır. Bu artıq bizim arzuladığımız kimi olmur. Söhbət burdadır ki, yazıçı, şair, istedadı olan insan, bəstəkar - bu nə iqtidarındı, nə müxalifətindi. Bu əxlaqdan uzaqlaşmaq lazımdır ki, kim ad alırsa mövcüd dövrdə dövlətə və hakimiyyətə sədaqətlidir.

Biz ümumi bir fikrə gələ bilməliyik ki, cəmiyyət üçün, ədəbiyyatı oxuyanlar üçün, hər hansı qələm sahibinin, yaradıcı insanın hansısa siyasi mənsəbinin olmasının məsələyə dəxli yoxdur. Dövlət öz mənafeyini ən çox o zaman qoruyur ki, dəyərləndirməsində təkcə siyasi yox, ümümxalq, ümumbəşəri məqsədləri olur. Fəxri adı birinə hakimiyyətə daha yaxın olduğuna görə tez, digərinə yaxın olmadığına görə gec vermək qeyri-obyektivlikdir. Bu cür düşüncələri sıxışdırıb cəmiyyətin əxlaqından çıxarmaq lazımdır. Bu absurddur.

Xalq yazıçısı adını Yazıçılar İttifaqının təqdimatı olmadan heç kimə vermək olmaz. Bu başqa məsələdir ki, prezidentin kiməsə öz şəxsi münasibəti ola bilər. Əgər beş nəfərin adını aparıb qoysaydılar, Heydər Əliyevin masasını üstünə, o mənim adımı görməsə, özü yazacaydı. Mən istərdim ki, aydın şeyləri qəlizləşdirmək əvəzinə, qəliz şeyləri aydınlaşdıraq.

Rasim Q:

Qısaca demək istərdim ki, demokratiyanın olmadığı ölkələrdə fəxri adları yalnız dövlət verir və digər qurumlara bu imkan yaradılmır. Əkrəm müəllim doğru söylədi ki, bu adları kimlər verir, bu adamlar seçilmişdirmi, bu adları kimlər təyin edir? Əgər təqdimatçı Yazıçılar Birliyidirsə, orda seçki bilirik necə keçir.

Bu adamlar həmişə təyin olunublar. Təyin olunmuş adamlar da təyin olunmuşların namizədliyini irəli sürürlər. Burda biz ədalətin izini görə bilmirik. Buna görə də indiki halda fəxri adlar sadəcə ləyaqətsizlik simvolu ola bilər. Ləyaqətli adamlar bunu öz üstündən atmalıdır. Sadəcə qəzetə, radioya çıxıb bundan imtina etdiyini deməldir. Bu imtina da sadəcə 50 manatdan imtina etmək demək olacaq.


PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG