Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Sabit Rəhman "Darvaza dram cəmiyyəti" (Hekayə)


Bizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi.

Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi.

Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:

- Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.

«Almaz»da Hacı Əhmədi oynayırdı. Axsaq qatırdan söhbət düşəndə və Ocaqqulu hirslənəndə o da yerindən çığırardı: «Ey, ey, mənə sataşma!» Hətta bir kərə tamaşaçılar onun axsaqlığına güləndə səhnənin qabağına gəlib dedi:

- Camaat, mənim axsaqlığım barədə xahiş eləyirəm heç kəsə bir söz deməyin, sonra gedib arvadın qulağına çatar. Onun xəbəri yoxdur.
Mürşüd, ümumiyyətlə, tamaşaqabağı yaxud tamaşa zamanı salondakılara müraciət etməyi çox sevirdi. Bir gün hansı əsəri qoymaq istəyirdiksə, həvəskar çatmırdı. Mürşüd tamaşadan qabaq çıxış eləyib dedi:

- Camaat! Bizim dram cəmiyyətimiz üçün həvəskar aktyorlar lazımdır. Kim istəyir gəlib yazıla bilər. Cəmiyyətimizin darvazası hamının üzünə açıqdır.
Bu çıxışdan sonra xalq arasında bizim kollektivimizə «darvaza-dram cəmiyyəti» adı verdilər. Tamaşalarımız həqiqətən açıq darvazaya oxşayırdı. Kim nə vaxt istədi səhnəyə çıxırdı, nə istədi deyirdi.

Mən suflyor idim, hafizəm yaxşı olduğu üçün bütün oynadığımız əsərləri əzbər bilirdim. Kollektivdə əsas rolu də mən oynayırdım. Çünki heç kəs rolunu bilmirdi. Mən budkadan söz verməsəydim, heç kəs bir kəlmə danışa bilməzdi.
Yaxınlıqda bir kənd var. İndi bu saat o kəndin gözəl bir mədəniyyət sarayı var və bu sarayın mahnı rəqs ansamblı keçən il respublika müsabiqəsində birinciliyi qazandı. O zaman isə bu kənddə teatr tamaşası nə deyə sözdür – bilmirdilər. Bir gün mədəniyyət şöbəsindən Mürşüdü çağırıb tapşırdılar ki, gərək o kənddə tamaşa verək. Biz məsləhətləşib «Qaçaq Kərəm» tamaşasını verməyi qərara aldıq. Ancaq bir məsələ açıq qaldı. Harda oynayaq? Kənddə tamaşa vermək üçün bina yox idi. Açıq havada oynamalı deyildi, soyuq idi.

Odur ki, kəndin ayağında olan böyük bir tövləni düzəldib teatr «salonuna» çevirməli olduq. O gün səhər tezdən bir böyük maşanı tutub dekorasiyalarla bərabər kəndə varid olduq. Tövlə boş idi. Qapı-pəncərələri də sınıqdı. İlk növbədə buranı təmizlədik. Şəhərdən bizimlə gəlmiş dülgər qapıları, pəncərələri qaydasına saldı. Sonra bir tərəfi bir az qaldırıb səhnəyə bənzər bir şey düzəltdik. Kənddən həsir, keçə və palaz yığıb yerə saldıq və hamıya elan elədik ki, kim stulsuz gəlsə, içəri buraxılmayacaq.

Mən «biz belə elədik, elə elədik» - deyə yazanda bir az həqiqəti təhrif eləmiş oluram. Çünki işin doxsan doqquz faizin Mürşüd görürdü. Onda nə qədər enerji vardı. Yorulmaq bilmirdi. Kəndin başından vurub ayağından çıxırdı. Elə bu da bizim səhnədə müvəffəiyyətsizliyimizə səbəb oldu. Elə ki, pərdə açıldı, həyatlarında birinci dəfə teatr görən kəndlilər Qaçaq Kərəm rolunda Mürşüdü tanıdılar və bu da onların nədənsə xoşlarına gəlmədi. Aralarında nə barədə isə danışmağa başladılar. Salonda bir söz-söhbət vardı ki, səhnədəki replikaları heç kəs eşitmirdi. Mən suflyorluq edirdim, səhnədə nə danışıldığını eşidə bilmirdim. Tamaşaçılar isə yəqin heç bir şey başa düşə bilmirdilər. Nəhayət, Mürşüd hirsləndi. Səhnənin qabağına gəlib çığırdı.

- Ay camaat, ya siz danışın, ya biz! Belə olmaz axı!

Kar eləmədi, səs-küyün qabağı bir az alındısa da, gurultu davam eləyirdi.

Artistlərin sözünə qulaq asan yox idi. Mürşüd ikinci dəfə səhnə qabağına gəldi:

- Camaat! – deyə tragik səslə çığırdı, - bir az səbirli olun, görün ikinci pərdədə nə qədər adam öldürəcəyəm.

Kim isə yerdən çığırdı:

- Elə isə başlayın ikinci pərdəni!

Bir ayrısı dedi:

- Bəs gündüz bizdən palaz aparanda sənin bığın yox idi.

- Adə, görmürsən tük yapışdırıb?

- Ondan adam öldürən olar?

Şuluqluq düşürdü ki, pərdəni çəkdik. Tənəffüs vermədən ikinci pərdəni başladıq. İki-üç dəqiqə salonda sakitlik oldu, sonra təzədən gurultu başlandı. Yəqin onlar həqiqətən adam öldürüləcəyini gözləyirdilər. O da olmurdu. Mürşüd, Abbas Mirzə Şərifzadəni təqlid edərək bir monoloq deyirdi ki, səhnəyə bir oğlan çıxdı. Qaçaq Kərəmin sözünü kəsərək dedi:

- Əmi, çöldə səni kənd Sovetinin sədri çağırır.

Mürşüd çaşdı, bilmədi nə cavab versin. Mən budkadan çığırdım.

- Pərdəni salın!

Pərdəni saldılar. Müşüd çıxdı, bir azdan dedilər məni də çağırdılar. Getdim, gördüm həyətdə Mürşüd kiminləsə bərk mübahisə eləyir. Yəqin bu kişi kənd Sovetinin sədri idi. Çox bərkdən və rəsmi danışırdı. Qəti olaraq deyirdi ki, biz bu kənddə, camaatın gözü qabağında adam öldürməyə qoymarıq. Mürşüd and içib, aman eləyirdi ki, yalandandır. Sovet sədri razı olmurdu. Deyirdi ki, yalan-doğru, fərqi yoxdur, adam öldürməyə biz qol çəkə bilmərik, bu saat gərək ayrı teatr çıxardasınız, sənin oynadığın axsaq qaçaqdan bizim xoşumuz gəlmir...

Sovet sədrindən xahiş elədik ki, camaatı sakit eləsin, biz ayrı tamaşa göstərərik. O gedəndən sonra qısa bir müşavirə çağırdıq. Neyləyək? Vaxtilə «Bizim kirayənişin özünü öldürdü» adında bir pərdəli komediya oynamışdıq. Yalnız bir dəfə oynamışdıq, onu təkrar etməyi qərara aldıq. Bu əsərin süjeti təxminən belədir: bir kirayənişin ev sahibinə borcludur, pulu olmadığı üçün borcunu qaytara bilmir. Ev sahibi onu çox incitdikdə yalandan özünü öldürür.

Ev sahibi «meyitin» üstündə ağlayıb borclu olduğu bütün pulları ona bağışlayır, bu zaman kirayənişin «dirilib» qalxır. Əsərin mətnini özümüzlə götürməmişdik, rollar yaddan çıxmışdı. Mənim də bir kəlmə yadımda yox idi.

Belə qət elədik ki, mən özümdən tekst uydurum və bu süjet əsasında suflyor budkasından deyim, onlar da mənim dediklərimi səhnədə eləsinlər, görək nə çıxır. Böyük risk idi. Camaat bizi dəyənəklə kənddən qova bilərdi. Belə məlum olurdu ki, ilk dəfə teatr tamaşası gördüklərinə baxmayaraq, yaxşını-pisi seçməyi bacarırdılar.

Səhnədəki ağac-uğacı yığışdırıb bir ev düzəltdik. Uşaqlar tələsik qrim elədilər. Mürşüd kirayənişini oynayırdı. Mənə tapşırdı ki, tekstdən çox gülməli hərəkətə fikir verim.

Tamaşa başlandı. Mən nə deyirdim onlar eləyirdilər. Bircə dəqiqəyə qədər əvvəlki səs-küy salondan eşidildi. Sonra səhnədəki hadisələrlə maraqlanmağa başladılar. Suflyor budkasından onlara mən nə deyirdim, nə göstəriş verirdim, indi yadımda deyil. Bircə orasını xatırlayıram ki, salonda arası kəsilməyən qəhqəhə vardı. Mən süjeti təxminən belə qurmuşdum, kirayənişin ev sahibindən qaçır. O da onu axtarır, rastlaşanda isə əlbəyaxa vuruşurdular. İş o dərəcəyə çatmışdı ki, mən suflyor budkasından ev sahibinə deyirdim, səhnədən çıx, o mənə işarə eləyirdi ki, hələ vaxtı deyil, qoy bir az da vuruşaq.

Qərəz ki, müvəffəqiyyət çox böyük oldu. Pərdə düşənə qədər qəh-qəhənin arası kəsilmədi. Bizi kənd camaatı hörmətlə yola saldı. Dönə-dönə tapşırdılar ki, bir də gələk, bu gülməli teatrı bir də göstərək.

Ancaq bu tamaşanı təkrar eləmək mümkün olmadı. Şəhərdə Mürşüd ha mənə yalvardı ki, dediyim sözləri və göstərdiyim hərəkətləri qeyd eləyim, o tamaşanı bir də şəhərdə göstərək, yadıma sala bilmədik.

Bir az sonra Mürşüd ayrı rayona işə təyin olundu. Bu rayondan tamam köçüb getdi. Bizim cəmiyyətimizin də darvazası bağlandı.

1963

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG