Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:27

Richard Morningstar: «ABŞ transxəzər layihəsini dəstəkləyir»


Richard Morningstarın mətbuat konfransı
Richard Morningstarın mətbuat konfransı
«ABŞ ilə Azərbaycan bütün enerji məsələlərində zəruri razılıq əldə ediblər. Hesab edirəm ki, hər iki ölkə Cənub dəhlizinin zaman keçdikcə hansı yöndə, necə inkişaf edəcəyi ilə bağlı ortaq fikirlərə malikdirlər».

ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar Azərbaycana səfərinin yekunlarına aid mətbuat konfransında belə deyib.

O prezident İlham Əliyevlə görüşdə Azərbaycanla Türkiyə arasında qaz satışı və nəqli yönündə əldə olunmuş anlaşmanı da müzakirə etdiklərini də dedi:

«Hər ikimiz də bu fikirdəyik ki, həmin anlaşma Cənub dəhlizi layihəsinin davam etdirilməsinə böyük təkan verə bilər».

Rusiya və İranın Transxəzər qaz kəmərinin çəkilişinə etirazları ilə bağlı isə Richard Morningstarın münasibəti belə oldu:

«Heç kəsə sirr deyil ki, Birləşmiş Ştatlar uzun müddətdir Transxəzər qaz kəmər layihəsini dəstəkləyir. Əgər Avropa Birliyi, Azərbaycan və Türkmənistan qazın nəqliylə bağlı şərtləri razılaşdıra bilsələr ABŞ buna öz tərəfindən dəstək verəcək. Hal-hazırda bununla bağlı danışıqlar gedir».

«NABUCCO SİYASİ VƏ STRATEJİ BAXIMDAN MÜHÜM LAYİHƏ OLARDI»

Richard Morningstar ölkəsinin Nabucco layihəsinə siyasi dəstək verdiyini də bir daha vurğuladı:

«Biz hesab edirik ki, Nabucco siyasi və strateji baxımdan mühüm layihə olardı. Əgər bu layihə reallaşarsa və ABŞ-ın şirkətləri onun inşasına cəlb olunarsa, bizim İdxal və İxrac Bankı bura maliyyə vəsaiti yönəltməyə hazırdır. Bununla yanaşı qeyd etməliyik ki, biz Cənub dəhlizindən keçəcək istənilən kəməri dəstəkləməyə hazırıq. Bir şərtlə ki, həmin kəmər Nabuccoya nisbətən balaca olsun. Həmçinin belə bir layihə olarsa, aydın şəkildə zəmanət verilməlidir ki, daha geniş həcmdə qaz nəqli imkanı yaranarsa, sözügedən kəməri genişləndirmək imkanı olsun».

«BUNA CAVAB VERMƏK ÜÇÜN VAXT LAZIMDIR»

ABŞ rəsmisi AzadlıqRadiosunun «Bəzi ekspertlər Nabucconun gələcəyinə şübhəylə yanaşırlar, siz onun reallaşmasına inanırsızmı» sualına belə cavab verdi:

«Buna cavab vermək üçün vaxt lazımdır. Bir daha deyirəm ki, biz cənub dəhlizini dəstəkləyirik. Şübhə etmirəm ki, cənub dəhlizindən keçməklə böyük həcmdə qaz nəql olunacaq. Yeganə məsələ onun nə zaman baş verməsidir. Ona görə də önəmlidir ki, «Şahdəniz» və ARDNŞ ilkin layihə kimi nisbətən kiçik kəmərin inşasını planlaşdırsınlar. Bununla da gələcəkdə kəməri genişləndirmək imkanları nəzərə alınsın. Bir daha vurğulamaq istərdim ki, indi nəzərdən keçirilən müxtəlif mümkün variantlardan heç biri ilə bağlı qəti qərar qəbul edilməyib».
XS
SM
MD
LG