Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Kürd vətəndaş qrupları da PKK-nı müdafiə etmirlər?


Arxiv fotosu, Türkiyə ordusu İraqla sərhəd bölgələrdə əməliyyat keçirir.
Arxiv fotosu, Türkiyə ordusu İraqla sərhəd bölgələrdə əməliyyat keçirir.


Türkiyə ordusu havadan bombaladı, quru əməliyyatına hazırlaşır

Türkiyə Silahlı Qüvvələri avqustun 23-də Şimali İraqa endirdiyi 80-dən artıq hava zərbələri nəticəsində 100-dən artıq PKK-çının (ABŞ və əksər beynəlxalq təşkilatların terror təşkilatı kimi tanıdığı Kürd İşçi Partiyası üzvləri) öldürüldüyünü bildirib. Həmin gün İraqla sərhədə 2000 nəfərlik xüsusi təyinatlı göndərməklə hələ hava zərbələri ilə də kifayətlənmədiyini göstərdi.

Hökumətin bu sərt mövqeyi əslində PKK-nın son həftələr 20-dən artıq Türkiyə əsgərinin öldürülməsinə cavabdır.

"Kürd açılımı" qapandımı?

Baş nazir Rəcəb Tayyib Ərdoğanın “kürd açılımı” elan etməsindən 3 ildən az vaxt keçir. Bu açılım türk dövlətinin kürd vətəndaşları ilə mürəkkəb münasibətlərində dönüş nəzərdə tuturdu.

Ərdoğanın fikrincə, 1984-cü ildən bu yana 40 minə yaxın adamın ölümü ilə nəticələnən qanlı münaqişə öz yerini yeni türk-kürd harmoniyasına verməli idi. Bu harmoniyada kürdlərin mədəni özünəməxsusluğu onlara kürd dilində televiziya açmaq və ictimai yerlərdə kürd dilində danışmaq hüququ verməklə tanınmalı idi.
Mühafizəkar və keçmiş islamçı olan Ərdoğan ölkəsində kürd problemi olduğunu etiraf edən ilk milli liderdir.

Niyə məsələ məsələ bu nöqtəyə gəlib çatdı?

Bəs necə oldu ki, Ədalət və İnkişaf Partiyasının (AKP) seçkidə üçüncü ardıcıl qələbəsindən bir neçə həftə sonra məsələ bu nöqtəyə gəlib çatdı?

İyunda keçirilmiş parlament seçkilərində kürdlərin əsas partiyası olan Sülh və Demokratiya Partiyası (BDP) tarixdə rekord səviyyədə 36 millət vəkili yeri qazandı. Lakin deputat seçilmiş 6 üzvünün terrorla bağlı həbsdən buraxılmamasına görə onlar parlamentə getmədilər.

İstanbul Bağçaşəhər Universitetinin Avropa Birliyi tədqiqatları üzrə professoru Cengiz Aktar deyir ki, yaranmış vəziyyət bu cür sərt siyasət tələb etmir:

“Kürdlər təkcə parlamenti yox, hər şeyi boykot edirdilər. Hökumət də onları boykot etməyi qərara aldı. Amma bu gülməlidir. Türkiyə hökuməti kürdləri təmsil edən əsas siyasi partiyadan necə imtina edə bilər?”

PKK-nın terror kampaniyasını niyə canlandırdı

Ancaq Cengiz Aktar etiraf edir ki, siyasi vəziyyətin pisləşməsində PKK-nın terror kampaniyasını canlandırmasının böyük rolu olub.

İndi bəziləri belə düşünür ki, Türkiyə kürdləri Suriya, Misir və Liviya kimi ölkələrdə başlanmış ərəb baharından ilhamlana bilərlər.

İyulun 14-də Türkiyə kürdlərinin əsas hərəkatı olan Demokratik Cəmiyyət Konqresi Diyarbakırda demokratik muxtariyyət elan edib. İstanbuldakı Bilgi Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Soli Ozel bu planı absurd adlandırır. Deyir ki, indi Ərdoğan güc mövqeyindən çıxış edir:

“O ya BDP-ni öz iradəsinə tabe etmək, ya da onları kürd məsələsinin həllindən kənarlaşdırmaq istəyir”.

Baş nazirin mövqeyini gücləndirən amillərdən biri də odur ki, kürd vətəndaş qrupları PKK-nın əməllərini artıq əvvəlki kimi dəstəkləmirlər. Bu yaxınlarda onların bir qrupu zorakılığa son qoymaq çağırışı ilə çıxış ediblər.
XS
SM
MD
LG