Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Bir zamandan bəri özümü feminist sayıram


əvvəli burda

Rəhman Bədəlov

Qadınım. Xanımım. Xatunum
6-cı bölüm:

Beş-altı söz də özüm haqqında...

Bu mətn nə memuardır, nə də adi xatirə, amma deyim ki, bir çox baxımdan özəldir.

O üzdən bu son bölümdə tövbə həddinə yaxınlaşıb (ancaq üstündən adlamayıb), şəxsi səciyyəli bir neçə addımı özümə rəva görürəm.

Bu yaxınlarda Yunqun təhlilçisi və San-Fransiskodakı Kaliforniya universitetinin psixiatriya professoru Cin Şinod Bolenin iki ilginc kitabşası ilə tanış oldum.

Söhbət “Hər qadında tanrıça” və “Hər kişidə tanrıça” əsərlərindən gedir.

İdeya budur ki, qadın və kişilərin yaşamını idarə edən -- yönəldən arxetiplər var.

Bu arxetiplər qədim yunan tanrıçalarına daha dolğun yansıyıb, çünki həmin tanrıçaların arxetiplərini anladıqca doğuluşdan bəri kimə oxşadığımızı, kim olmaq istədiyimizi, şəxsən nəyə yol vermədiyimizi, hansı sonucun alındığını və s.-i az-çox dərəcədə aydın görmək olur.


Bu yazını daha çox içərisində yaşadığımız məişət gerçəklərini nəzərdə tutmaqla ontologiyaya aid etmək olar.

Hələ ki, bu ontologiya zəif işarır, oğrun-oğrun yetişir, amma gün gələcək özünü göstərəcək.
Söz yox, Cin Şinod Bolenin əsərlərini, elə bütövlükdə Karl Yunqun analitik psixologiyasını da “həqiqətin son həddi” saymaq lazım deyil, ancaq heç şübhəsiz, o əsərlərin böyük kreativ potensialı var və bu anlamda onlar bizlərin özümüz haqqında, ümumən insan və ayrıca da kişi və qadın haqqında təsəvvürlərimizi dərinləşdirir (və “incələşdirir”).

Qısası, o kitabçaların işığında yenə düşündüm ki, görəsən, qədim yunan tanrıçalarından kimə az-çox bənzəyirəm (bu “bənzəyiş”də heç bir seçkinlik duyğusu yoxdur, sadəcə, adi psixoloji təcnifatdan söhbət gedir), hansı özəllikdən məhrumam, yaşam boyunca nəyi yolverilməz saymışam və sonunda nə alınıb.

Öncə Apollonla bağlı arxetipə taxıldım. Alışdığımız düşüncəyə görə, Apollon ən əvvəl gözəllik tanrıçasıdır, amma mən prinsipial olaraq bundan danışmıram və bənzər kompleksləri də özümə yad sayıram.

Apollondan günəş, incəsənət (özəlliklə musiqi), peyğəmbərlik, ox atışı tanrıçası, sevimli oğul, qanunverici və cəzalandırıcı, təbabət hamisi, çobanların qoruyucusu və s. kimi də söz açmıram.

“Parlaq”, “qamaşıqlı”, “pak” bənzətmələri ilə də işim yoxdur. “Nə qaldı?” – deyə soruşacaqsınız. Məncə, ən başlıca özəllik – Apollon obrazından daha çox, uyarlılıq, dinclik, ağır-batmanlıq, yaxşıniyyətlilik, eləcə də qayda-qanun və insanın bütün istək və əməllərinin öncədən maksimum bilinərliyi anlamında “apollonsayağılıq”.

Qədim yunanların bilincində “dionisisayağı” hər şeyin -- ekstatikliyin (ləzzətdən bayğınlığın), ipə-sapa yatmazlığın, dəlicəsinə şənlənməyin antipodu olan “apollonsayağılıq”.

Güc və həvəs qıtlığı məni Dionisiyə xas özəlliklərdən -- həmin arxetiplə bağlı olan tufan, basqı, vecsizlik (umursuzluq), eyş-işrətdən xoflandırır.

Belə düşünüəm ki, məndə olan “apollonsayağılığa” Hefest arxetipini də artırmaq lazımdır. Dəmirçi və ixtiraçı, öz eybəcərliyini də məzəli səhnəyə çevirən hiyləgər təlxək anlamında deyil, ən əvvəl tərki-dünya və iş düşkünü anlamında Hefesti nəzərdə tuturam.

Bəlkə də, dolğun görüntü üçün, başqa tanrıçaların da arxetipindən nələrisə artırmağa dəyər (məsələn, az-maz Hades arxetipindən), ancaq nəyə yol vermədiyimi və nə qədər can atsam da nəyə nail ola bilmədiyimi söyləmək qat-qat asandır.

Bu, hər şeydən öncə özündə iradə və hakimiyyət səltənətini birləşdirən Zevs, döyüşçü, rəqqas və məşuq kimi Ares arxetipləridir.

Kim nə deyir-desin, bir incəliyə də diqqət yetirməyə dəyər ki, qədim yunanlarda “apollonsayağılıq” və “dionisisayağılıq” təkcə bir-birinin antipodu deyil, həm də eyni medalın tərs üzləridir.

Qədim yunanların apollonsayağı soyuqqanlı heykəllərinə toxununca, dionisisayağı bayğınlıq və eyş-işrət üzə çıxır.


Başqa deyimlə, “apollonsayağılıq” varlığını öz-özünə sürdürmür.

O, içiboş qabın çərçivəsi, boş bir zahiri yaxşıniyyətlilik, daxili enerjidən məhrum qayda-qanun, dissonansı olmayan musiqi kimi deyil, “dionisisayağılığın” hansısa həddi, uyarlığı, şəkillənməsidir.
Demək belə, “apollonsayağılıq” mövqeyində qalsam da, onun tərs üzünü – “dionisisayağılığı” – sonsuzluğu, ölçüsüz ehtirasları və s.-i qavramağa hazıram.

Ancaq məhz anlamağa və ya yalnız seyrinə dalmağa hazıram.

Gerçəkdə dözümüm çatmasa, sınsam, təslim olsam da.

Bax bu üzdən, bir zamandan bəri özümü feminist sayıram. Qadın hüquqları kimi bəsit anlamda deyil, arxetipik qadında “dionisisayalığın” üstün gəldiyini anladığım üçün. Və necə yanaşmaqdan asılı olaraq, bu, adamı qorxuda bilər.

Özəlliklə qadına öz malın-mülkiyyətin kimi baxırsansa. Amma həmişə heyrətlənməkdən, həmişə gözlənilməz və bilinməzliklə üzləşməkdən kefin də kökələ bilər.

Alicənab kişinin qadına “səni bağışlamağa hazıram” söyləməsində təəccüblü nə var ki? Mən daha irəli getməyə hazıram -- qadını anlamaq istəyirəm.

Başqa bir insanı qadın və bəlli anlamda bilmədiyim bir güc kimi anlamaq, onun dərinliyini, daxili ekspressiyasını öyrənmək elə mənim tövbəmin sərhədləridir.

Bu əbədi canatımda gedə biləcəyim qədər gedəcəyəm.

Elə həmin səbəblərə görə bu oçerk (düşünüb başqa janrla da adlandırmaq olar) qadına həsr olunub və ömür yoldaşı anlamında qadın nəzərdə tutulub.

Beləcə, bu yazının niyə və kimin adına yazıldığını da öyrəndiniz.

Son açıqlamalar

Bu yazının umacaqlarını dəqiqləşdirmək və başqa cür anlaşılmasını önləmək üçün bəzi açıqlamalara gərək duyuram.

Bir də xatırladıram ki, bu yazıya elmi mətn kimi – psixologiyaya (sosial psixologiyaya), psixiatriyaya, psixoanalizə aid əsər kimi yanaşmayın.

Bildirirəm ki, bu yazı öyüd-nəsihət yönümlü deyil və adətən, “mentallıq” adlandırdığımız nəsnənin açıq və ya gizli inkarı da deyil.

Bu yazını daha çox içərisində yaşadığımız məişət gerçəklərini nəzərdə tutmaqla ontologiyaya aid etmək olar.

Hələ ki, bu ontologiya zəif işarır, oğrun-oğrun yetişir, amma gün gələcək özünü göstərəcək.

Axı, biz sadəcə urbanistik məkanda deyil, qloballaşma, kütləvi kommunikasiya və İnternet çağının urbanistik məkanında yaşayırıq.

O baxımdan, bu mətnin məntiqinə görə, rəsmi nigahla vətəndaş nigahı arasında fərq qalmasın gərək.

Düşünürəm ki, lap yaxın zamanlarda bu sərhəd daha çox silinib-itəcək və rəsmi nigahın üstünlükləri asanlıqla vətəndaş nigahına da şamil ediləcək. Və beləcə, milli ənənə adı ilə əhalimizi zombiləşdirməkdə davam edən toy industriyası canını həmişəlik tapşıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG