Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Evin xanımı kişi üçün sınaq kimi


əvvəli burda

Rəhman Bədəlov

Qadınım. Xanımım. Xatunum
5-ci bölüm:

EVIN XANIMI KİŞİ ÜÇÜN SINAQ KİMİ

Daha öncə gələcək tamdəyərli sevgiyə yeganə təminat kimi, anadan qopmaq məsələsinə toxunduq.

Fizioloq Ənvər Məlikov bir dəfə söhbətlərimizdən birində mənə demişdi ki, bizim kişilər analarının dölyatağını tərk etməkdən qorxurlar.

“Dölyatağı”nı bənzətmə kimi götürsək, himayə və paternalizmin hər hansı formasını, hətta bizim arayıb-bulduğumuz “dayı”nı da ona aid edəcəyik.

Bənzər “dölyatağı” ənənənin hökm sürdüyü ənənəvi çoxnəsilli ailədə də özünü qoruyub-saxlayır.

Həmişə nəyəsə və ya kiməsə arxalanmaq, kiminsə arxasında gizlənmək, çətinə düşəndə kiməsə şikayət etmək imkanı qalır. Bütün hallarda ən əsası odur ki, tam məsuliyyəti öz üstünə götürməyəsən.


Məncə, bəxtəvər, yaxud bədbəxt olsun – heç də bütün ailələr bir-birinə bənzəmirlər, ancaq bizim Azərbaycan variantında bir-birinə bənzəməyən, unikal və gözlənilməz olan məhz bəxtəvər ailələrdir), amma bütün hallarda “bəxtəvərlik” və ya “bədbəxtlik” məhz həyatın mikroqırpımlarında üzə çıxır.
Bu, təknüvəli ailədə mümkün deyil. Özü də ənənənin itməsindən daha çox şəhərləşmə, urbanlaşma baş verdiyinə görə mümkün deyil.

Axı ailə təkcə daralmır, təkcə ayrıca ev tələb etmir, eyni zamanda tədricən atavistik (ikinci dərəcəli, diqqət yayındırıcı, aşındırıcı) buxovlardan qurtulur. Ailənin cəmiyyətdəki sosial funksiyası dəyişir, kişi və qadın, ər və arvad arasındakı özəl ilişgilər dəyişir.

Onlar keçmiş ənənəvi ailələrin anadangəlmə “ləkələr”indən arınıb-arıtlanmasalar da, özlərində hər şeyi sıfırdan başlamaq cəsarəti tapmalı (kişi “olmalı”), bu keçmişi yalnız sayqı-sevgi, hörmət-izzət və ehtiram səviyyəsində saxlamalı və həmin keşmişin həyatlarına ciddi müdaxilə etməsinə yol verməməlidilər.

Qərbli bilincində yetişdirilən və az qala imperativ “düşüncəndə atanı öldür” davranışı qətiyyən ata ilə oğul arasında açıq düşmənçilik anlamına gəlmir.

Söhbət yalnız ondan gedir ki, öz bağımsız yaşamını qurmaq üçün atanın hakimiyyətindən qurtulmalısan. Nəsildən-nəsilə dəyişən həyat şərtləri bunu qaçılmaz edir.

...Qərbin intellektual düşüncəsindən və bədii ədəbiyyatından bənzər bilinci oluşduran çoxlu örnək vermək olar. Yaddaşa hopan ən ilginc örnəklərdən biri Frans Kafkanın atasına məktubuna yansıyıb. O, həmin məktubunda atasından daim qorxduğunu və bu qorxu ucbatından başına gələnləri boynuna alır.

İstər bədii, istərsə intellektual-nəzəri digər əsərlərlə yanaşı, F. Kafkanın məktubu həm cəmiyyətdə, həm də ailədə insanlararası qarşılıqlı münasibətləri qorxu təməlində qurmağın qorxunc nəticələrini anlamaq baxımından çox böyük rol oynayıb.

Düşünürəm ki, həmin məktubun işığında təkcə bizim ata və oğulların qarşılıqı münasibətlərini deyil, bütövlükdə əldəqayırma əxlaqımızı da xeyli dərəcədə anlamaq olar.

Məsələn, adamlarımız arasında geniş yayılan “biz qılınc müsəlmanıyıq” deyimini götürək (anlamaq olmur ki, bütün müsəlmanlar belədir, yoxsa yalnız bizlər – çağdaş azərbaycanlılar).

Heç kim soruşmur ki, axı, mədəni ölkələrin normal insanlarından bizim prinsipial fərqimiz nədir? Axı, normal insan həmişə qorxu içində və qorxu boyunduruğu ilə necə yaşaya bilər? Axı, normal insan nədən soruşmaz ki, “qılınc” kimin əlində qalacaq?

Və lap qorxulusu, ilk baxışda normallığı şübhə doğurmayan nə qədər desən adam da sanki “biz qılınc müsəlmanıyıq” və “bizim başımıza-gözümüzə döymək lazımdır” fikri ilə barışır və belə iyrənc yarlıqlara qarşı səsini çıxarmır.

Kişi və qadının sərbəst rol oynadığı gerçək təknüvəli ailə onların öz “erkənyaşdalığını” (yararlandığım bu bənzətməni Kant işlədib və söyləyib ki, maarifçiliyə keçid öncəliklə avtoritetə -- nüfuza arxalanmaqdan vaz keçmək, yəni yetkinləşmək deməkdir) aradan qaldırdığı zaman ortaya çıxır.

Bu isə həm də o deməkdir ki, istər kişi, istərsə qadın ənənələrin daimi basqısına qarşı dayanmağa, çağa uyğun gəlməyən gələnəklərdən boyun qaçırmağa hazırdır.

Ənənənin yerini yalnız, sözün geniş anlamında, şəxsi ilişgilərin rol oynamadığı sosial qurumlar tutandan sonra kişi ilə qadının yeni rolları tam ölçüdə qol-qanad aça bilər. Vətəndaş Cəmiyyəti – Yurddaş Toplumu bu yeni “rollar”ın önəmli tərkib hissələrindən biri olacaq.

Həmin toplumun atomar özəlliyi və böyük potensialı imkan verir ki, bu “atomarlıq”dan hər an cürbəcür və çevik ictimai qurumlar oluşsun.

Heç söz yox, bu “keçid” təkcə kişiyə deyil, qadına da çətin başa gəlir.

Vərdişlər, stereotiplər (qəlibləşmiş təsəvvür və davranışlar -- onları “düşüncə tələsi” də adlandıra bilərik) ağır yükdür.

Ancaq, elə düşünürəm ki, sözügedən “keçid” Azərbaycan kişisi üçün daha çətin və daha dramatikdir, çünki keçmişin anadangəlmə “ləkə”lərini daha çox daşıyan və o doğma “xallar”la üzülüşməyə daha az hazır olan məhz odur.

Müdrik M.Haydegerin “özsüz insanlar” (das Man) haqqında sözləri daha çox belə kişilərə aiddir.

Həmin insanlar “bizim vasitəmizlə bizim əvəzimizə bizdə yuva salırlar” və “cılızlıq və zəhlətökənliklə qarışdırılmış ənənədən yapışaraq, özlüyündə götürəndə, tarixi an qarşısında dəvəquşu korluğunu çıxsaq, yaşadıqları dövrü anlamağa qadir deyillər” (az qala hər birimizə qarşı ittiham hökmü kimi səslənir).

Amma bu, sınaqdır. Təkcə ümumi vəzifənin, təkcə müxtəlif hesabların, təkcə baxışların, təkcə fəlsəfənin və s.-in və s.-in deyil, günlük yaşam dəyərlərini anlamağın sınağıdır.

Bu sınaq ümumi vəzifəni, qərarları, nəzəriyyəni, fəlsəfəni gündəlik yaşamın “enerjisi” ilə təmin etməyə inam və qətiyyət deməkdir.

Plotin deyirdi ki, “Düşünmək gücünü tükədən insanlar düşüncənin kölgəsinə -- təcrübəyə girişirlər”.


Bizim durumda da kişilərin-ərlərin təknüvəli ailədə “varlıq sürdürməyə” gücü və qətiyyəti çatmadığından, onlar “yaşamın kölgəsi”nə, yeyib-içmək məclislərinə, kişi yığnaqlarına və ya bənzər “daldalanma yerləri”nə qaçıb-çəkilirlər.

“Qaçıb-çəkinilən” bir nəsnəni də mən yaşamın mikroqırpımları adlandırardım. Təknüvəli ailədə varlıq sürdürmənin bütün dolğunluğu məhz həyatın bu mikroqırpımlarında üzə çıxır.

İndi mən yenə söyləyə bilərəm ki, xatun -- evin xanımı, sözün geniş anlamında, təkcə kişinin “ikinci yarısı” deyil, həm də ritorik yox, gününə-saatına-saniyəsinədək gerçək həyatı yaşamanın sənədli təsdiqidir.

Gününə-saatınadək-saniyəsinədək gerçək həyat yaşanan mikroqırpımlardan oluşmurmu?

Minlərcə variantdan söhbət gedir (Lev Tolstoyla razılaşmamaq cəsarətində bulunmaq istəyirəm.

Məncə, bəxtəvər, yaxud bədbəxt olsun – heç də bütün ailələr bir-birinə bənzəmirlər, ancaq bizim Azərbaycan variantında bir-birinə bənzəməyən, unikal və gözlənilməz olan məhz bəxtəvər ailələrdir), amma bütün hallarda “bəxtəvərlik” və ya “bədbəxtlik” məhz həyatın mikroqırpımlarında üzə çıxır.

“Enerji”dən məhrum olan və ya elə öncədən məhrum qalmış bu qırpımlar o qədər bezdirir, o qədər usandırır ki, baş götürüb kişi məclisinə, məşuqəyə, lap iblisə, şeytana sığınmaq istəyirsən.

Di gəl, yaşamın bu təkrarlanan mikroqırpımlarında “enerji” qalırsa (və ya tapılırsa), o zaman heç ummadığın bir yerdən nəsə qəfil bir “varlıq işıltısı” görünür (“görünə bilər”) …

Boynuma alıram ki, özgün mütəfəkkir olmadığımdan daha güclü zəkaların təsirinə qapılıram. Bu üzdən, təsadüfi, yaxud qeyri-təsadüfi, diqqətə yetirdiyim yazıda yenə və yenə M.Haydegerə üz tuturam.

Beləcə, özüm də bilmədən, Haydegerin izinə düşür və onun qədim yunan “a-leteyya”sının interpretasiyasına üz tuturam –indiyədək gizlədilə bilinməyənlər qəfildən varlığın hansısa işıltısında, varlıq işığının işartılarında açılır.

Başqa cür də söyləmək olar (yenə M. Haydegerə görə). Fərqinə vardıq-varmadıq, yaşamın təkrarlanan mikroqırpımları arasında birdən “zamanın ürək döyüntüləri anlaşıla” və “fəlsəfə, zamanda varlığın anlamını arayıb tapa-tapa, zamanın ürək döyüntülərini – qırpımları qavrama dərəcəmizi artıra bilər”.

Toyuğun, yoxsa yumurtanın, həyatdan bir anın, mikroqırpımın, yoxsa varlığın tapılan anlamının daha öncə olması, ilkin konseptual təsbitin olub-olmaması, yoxsa bunun post, yəni sonradan bilinməsi, bundan həyatın mikroqırpımlarını yaşayandan, o qırpımlara təpkilərimizdən sonra xəbər tutmağımız barədə mübahisə açmayaq.

Məhz toyuğun, yoxsa yumurtanın daha öncə olub-olmadığını bilmədiyimiz üçün, məncə, məişət, mətbəx mikroqırpımlarını məişətdənkənar, yüksək, “qonaq otağı”ndakı mikroqırpımlardan ayırmaq lazım deyil.

Və tərsinə, bir anın -- bir qırpımın dolğunluğu ən adi, ən gündəlik, mətbəx və mətbəxəqədərki yaşantılarda üzə çıxmalıdır (elə daim təkrarlanan “sənə çay süzüm?”, “sənə bir zəhmət – o televizoru yandır!” və s. və i.a. kimi saysız-hesabsız yaşantılarda).

Həmin yaşantı və sözlərdə sanki gözəgörünməz sayğac işə düşür (və ya işə düşmür) və qədim yunan “a-leteyya”sına bənzər gündəlik məişət işıltısı yaranır.

Söhbət yüksək bəxtiyarlıq anından getmir (“dayan an, sən nə gözəlsən!” deyimi gündəlik yaşama deyil, daha çox sevgiyə yaraşır). .

Yaşantı qırpımları, prinsipial olaraq, dayandırıla bilməz, əks halda öz sehrini, öz hərgünlüyünü itirər. Ancaq ola bilər ki, altdan-altdan, bilincsiz şəkildə biz bu anı durdururuq.

O anın “gözəlliyindən” çox, onun tam dincliyini, buddaçıların nirvanasına yaxın qopuqluğunu əks etdirmək üçün durdururuq.

Lap açıq desək, öz qabarma və çəkilməsi, öz coşub-daşma və susub-donması və özünün ola biləsi yüksək anı ilə yaşam elə budur. Bəxt gətirsə (“bəxt gətirsə”də ilkin hesab da gizlənir, potensial qərarlılıq da.

Ancaq söhbət yuxarıdan gələn və “iradə azadlığını” istisna edən min cür hesablardan gedə bilməz), həmin mikroqırpımlar bizi bu müvazinətsiz-dəngəsiz, uyumsuz Böyük Dünyaya sakitcə çıxmağa həvəsləndirə bilər.

Bəxt gətirsə, həmin mikroqırpımlar insanın əsas daldalanacağına, Ürəyin və Ruhun güvənli qalasına çevrilər və beləcə, yaradıcılığa yeni həvəs oyadar.

Bəxt gətirsə, elə bu mikroqırpımlar sonuc baxımından insan taleyi adlanan nəsnəni gerçəkləşdirməyə imkan verər. İnsan taleyi deyərkən, alınyazısını, “olacağa çarə yoxdur” sayaq təclimçi düşüncələri deyil, öz taleyimizi özümüzün yaratmasını nəzərdə tuturam.

Gözə gündəlik, yerində sayan və üzücü dərəcədə birrəngli görünən bu mikroqırpımlar, sonuc baxımından, kişilər üçün sınağa çevrilir.

Hərgünlük, sanki yerində sayan və birrrəngli yaşama cavabdeh olmağa hazırlıq sınağına.

Bəlkə də kişilər sınaqların başda gələni sayılan Qadınla sınağı həyatın ən böyük lütfü bilməlidirlər. Buna ağıl və qətiyyətləri çatarsa, əlbəttə.

(ardı var)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG