Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 19:49

İranla Azərbaycan arasında «soyuq müharibə», Rusiyanın Səfər Əbiyevə təklifi...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzeti: «İRAN AZƏRBAYCANDA HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR»:

Sabiq dövlət müşaviri Vəfa Quluzadə qəzetə müsahibə verib:

- İrandan Azərbaycana gələn təhdidin arxasında hansı məqsəd dayanır? Burada Qərbin maraqlarına qarşı İran və Rusiyanın razılaşdırılmış addımlarının olduğunu güman edirsinizmi?

- İranın öz maraqları var. İran Azərbaycanda İslam inqilabı etmək və Azərbaycanı tam nəzarət altına almaq, yaxud da özünə birləşdirmək istəyir. Həmin mövqelər də Rusiyadadır. Rusiya da Azərbaycanın Qərb, Amerika, İsrail, Avropa ilə əlaqələrinin əleyhinədir, İran da. Ona görə də biz daim iki tərəfin təzyiqləri ilə üz-üzə qalırıq. Özü də bu, ilk belə basqılar deyil. Yadınıza salın, Heydər Əliyevin vaxtında - 1995-ci ildə Rusiya Azərbaycana embarqo tətbiq etdi. O zaman Həştərxandan, Dağıstandan gələn yolları bağladı, Azərbaycan blokadada qaldı. Amma Azərbaycan dözdü və başqa yollar tapıb blokadadan əzab çəkmədi. Dubay, Yaxın Şərq, Tiflis yolu ilə Türkiyə vasitəsilə xaricə çıxış imkanı əldə etdi. Ondan sonra Rusiya peşman oldu və bütün yolları açdı. İran da iki dəqiqədən bir bizi hədələyir ki, Naxçıvanla quru yolunu bağlayacağam. Bir balaca nəsə olan kimi həm Rusiya, həm də İran yolları bağlayır və bizim tacirlər, vətəndaşlar günlərlə gömrükdə günün, yağışın altında qalır, malları xarab olur. Onlar bizə bu cür vasitələrlə təzyiq edir. Ona görə də nə Rusiya, nə də İrandan yaxşı heç nə gözləmək lazım deyil. Əksinə, onların pis əməllərinə hazır olmaq lazımdır.

«Azadlıq» qəzeti: «İRANLA AZƏRBAYCAN DİPLOMATİK MÜHARİBƏ ASTANASINDA?»

«İslamçılar Abgül Süleymanov, Ramin Bayramov və Arif Qəniyevin həbsi ilə bağlı MTN-in yaydığı məlumatda İran Mədəniyyət Mərkəzinin adının çəkilməsi iki ölkə arasında diplomatik qalmaqalın əsasını qoya bilər. Həmin məlumatda bildirilirdi ki, A.Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan «Cəfəri» adlı «radikal dini qrup» yaradaraq ona rəhbərlik edib. Qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə www.islam-azeri.az internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub.

Göründüyü kimi, Azərbaycan tərəfi rəsmi bəyanatla İranı açıq şəkildə ittiham edib. Bundan sonra İran Mədəniyyət Mərkəzinin gələcək taleyi və iki ölkə arasında münasibətlərin hansı müstəviyə keçəcəyi böyük sual altında qalır.

Mahmud Əhmədinejad və İlham Əliyev, 17 noyabr 2010
Politoloq Zərdüşt Əlizadə deyir ki, bir dövlət başqa bir dövlətdən asılı deyilsə, onun mədəniyyət mərkəzi, hətta səfirliyi ilə bağlı qərar qəbul edə bilər:

«Məsələn, Rusiya ingilis dili və mədəniyyətini təbliğ edən «British Council»u bağlayıb, ondan əvvəl «Soros» Fondunu bağlatdırmışdı. İranın Mədəniyyət Mərkəzinə gəlincə, ittihama görə, bu qurumun dəstəyi ilə «Cəfəri» təriqəti təbliğ olunur. Məgər bu, BMT tərəfindən rəsmən tanınmış cinayətkar qurum, terrorçu təşkilatdır? İslam dinində, xristianlıqda müxtəlif məzhəblər var. «Cəfəri» də belə məzhəblərdən biridir. Bunu ittiham kimi səsləndirmək olmaz. Məsələn, ABŞ Mədəniyyət Mərkəzi, Rusiya Mədəniyyət Mərkəzi, Fransa Mədəniyyət Mərkəzi - bunların hər biri bir şey təbliğ edir. Açıq, demokratik cəmiyyətdə istənilən qurum radikal, ekstremist, qeyri-insani olmamaq şərtilə istənilən yolu təbliğ edə bilər. İran Mədəniyyət Mərkəzi də «Cəfəri» məzhəbini təbliğ edir. Azərbaycan hakimiyyəti hər hansı addımı atmaq istəyirsə, bunun üçün ona heç bir hüquqi, məntiqi əsas lazım deyil. İstədiyini edə bilir. Bağlaya da bilər, aça da. Amma sözlə deyib heç nə etməyə də bilər. O qədər belə şeylər olub ki».

Z.Əlizadə deyir ki, Azərbaycanın İrana edə biləcəyi çox az şey var: «İranın isə Azərbaycana edə biləcəkləri təəssüf ki çoxdur. Fərz edək ki, Azərbaycan İran Mədəniyyət Mərkəzini bağladı, sonra? İranın telekanalı, radiosu, gizli kanalları var. İrandan Azərbaycana və ya əksinə minlərlə adam gedib gəlir. Yəni, Azərbaycan bu mərkəzi bağlasa da, İranın bizə təsir imkanları en qədərdir. Azərbaycanda İslam dini güclənir. İslama rəğbət bəsləyənlərin, onu öyrənmək istəyənlərin sayı artır. Bunların da baxış istiqaməti bizə məzhəb baxımından ən yaxın olan İranadır. Belə olan halda, Azərbaycan hökuməti nə edəcək? O zaman gərək bolşeviklər kimi dinsizlik təbliğatına başlasın, allahsızlar cəmiyyəti yaratsın, məscidləri bağlatsın, partlatsın, mollaları həbs etsin və s. İndi o dövr deyil, bunları edə bilməyəcək».

«Azadlıq» qəzeti: «SERDYUKOVUN KADR CANFƏŞANLIĞI NƏYƏ XİDMƏT EDİR?»

Moskvada Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev arasında keçirilən görüş zamanı Rusiya tərəfi diqqət çəkən təkliflə çıxış edib. Serdyukov Azərbaycana Silahlı Qüvvələr üçün kadr hazırlanması kvotasını artırmağı təklif edib. Qeyd edək ki, bu, Rusiyanın ilk belə təklifi deyil. Bəs Moskvanın bu təklifi hansı maraqlardan irəli gəlir?

Rusiyada hərbi parad, 5 may 2009
«Doktrina» İctimai Birliyinin rəhbəri Cəsur Sümərənli son illər Azərbaycanın silahlı qüvvələrində kadrların yerli və xarici imkanlar hesabına hazırlandığını deyir. Rusiyanın bu prosesdə rolu isə minimum endirilib. Bu səbəbdən Moskvanın narahatçılığını anlamaq olar.

Ekspertin fikrincə, Rusiyada hazırlanan kadrlar Azərbaycanın silahlı qüvvələrində çalışanda, Moskvanın maraqları naminə istifadə edilə bilər. Çünki Rusiyada hazırlanan kadrların xüsusi xidmət orqanları üçün yararlı olması ehtimalı yüksəkdir. Ekspert Rusiyanın eyni zamanda Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına keçidinin qarşısını almağa çalışdığını da qeyd etdi. Rusiya Azərbaycan silahlı qüvvələrini bəyan edilmiş prioritetlərdən geri çəkmək, yaxud prosesi ləngitmək istəyir.

C.Sümərənlinin fikrincə, Moskva digər tərəfdən ordu daxilindəki proseslərə nüfuz etmək, müəyyən hərbi sirləri öyrənmək istəyir. Rusiyanın kadr hazırlığı istiqamətində fəallıq nümayiş etdirməsinin əsas səbəbi məhz budur.

«Azərbaycan» qəzeti: «PAKISTAN OBSERVER» QƏZETİNDƏ MEHRİBAN ƏLİYEVANIN FƏALİYYƏTİNDƏN BƏHS EDƏN YAZI DƏRC OLUNUB

«Jurnalist Ehasanullah Xan Mehriban xanımın uşaqlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evlərindən söz açır. Talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı göstərildiyini oxucuların diqqətinə çatdırır.

Pakistanlı jurnalist 2005-ci ildə zəlzələ nəticəsində Müzəffərabad şəhərində dağılmış məktəbin yerində Mehriban xanımın təşəbbüsü ilə yeni qızlar məktəbinin tikilməsindən də yazır. O, bu addımı Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirir.

E.Xan Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və Azərbaycanın milli mədəni irsinin dirçəlməsinə, habelə muğamın Azərbaycanda inkişafına yönəlmiş fəaliyyətini də xüsusi vurğulayır.
XS
SM
MD
LG