Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:29

Şikayəti yox, şikayətçini yoxlayırlar


Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev
Masallıda büdcə vəsaitlərinin mənimsənildiyi, prezidentin ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənmədiyi bildirilir. Adətən belə ittihamları müxalifətçilərin dilindən eşidirik. Ancaq Masallı rayonunda bunu Ziyalılar Birliyi adlanan qurumun üzviləri də deyirlər. Bu birliyin üzvləri isə hakim Yeni Azərbaycan Partiyasına mənsubdurlar.

Masallı Ziyalıları İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Məmmədağa Eynullayev deyir ki, rayonun abadlığı üçün ayrılan vəsaitlərin taleyi məlum deyil. O, bu işlərdə Masallı rayon İcra Hakimiyyəti başçısını günahlandırır. Bununla bağlı müxtəlif instansiyalara müraciət etdiklərini deyir.

«BİZİ ŞANTAJ EDİRLƏR»

«Heç bir rəsmi, şifahi cavab verilmir. İzlənirəm, təzyiqlərə məruz qalmışam. Ramil Usubova bu barədə müraciətim var. Əslində, bizə bu işdə dəstək verməlidirlər. Əksinə, bizi şantaj edirlər. Biz prezident İlham Əliyevin siyasətini dəstəkləyən adamlarıq. Lakin biz ittiham olunuruq. Müxtəlif yerlərə məktub yazırlar ki, ziyalıların ictimai birliyini bağlasınlar. Xiyar əkməmişəm ki, aqrar məsələ üzrə müavin bu məktubları yazır».

«KAĞIZ ÜZƏRİNDƏ XIRMANDALI KƏNDİNƏ 4 DƏFƏ ASFALT ÇƏKİLİB»

Masallı Ziyalıları İctimai Birliyinin üzvü Hikmət Babayev isə deyir ki, prezident bu rayonda olarkən onu aldadıblar. Prezidentə deyilib ki, Masallı rayonun Xırmandalı kəndinə su çəkilib. Halbuki, kəmərin açılışında maşın vasitəsilə xəttə su buraxıblar:

«Amma camaat orda içməyə su tapa bilmir. O kənddə bu yaxınlarda olmuşam. Camaat içməli suyu maşınla alır. Prezidenti aldadıb ki, guya kəndlərə su çəkib. Kağız üzərində 4 dəfə həmin kəndə asfalt çəkilib. Kəndin yolu bərbad vəziyyətdədir. Çingiz Həşimova məxsus bazarı əlindən zorla aldılar».

Masallı şəhər sakini Əhəd Əhədov da rayonda dözülməz vəziyyətin olmasından şikayət edir. O deyir ki, sahibkarlar təqib olunurlar, məhkəmələrdə çoxlu işləri var. Bəzi sahibkarların obyektləri əllərindən alınıb.
Ziyalılar Birliyinin üzvləri
Etiraz edənləri də gözümçıxdıya salırlar:

«MƏNİM NƏ GÜCÜM VAR Kİ, MÜQAVİMƏT GÖSTƏRİM»

«Masallıda demokratiyaya qarşı mübarizə gedir. Sahibkar tutulur. Aclığa da dözürük, dükanımızı sökürlər dözürük. Prezidentin Masallı üçün ayırdığı pul hara getdiyi bilinmir, ona da dözürük. Birini döyürlər, qışqırır, deyirlər ki, qışqırma. Biri haqqını tələb edəndə, ona qarşı təzyiq edirlər. Axırı bunun yiyəsi tapılar. Sahibkarın hüququnu müdafiə etdiyim üçün mənə dedilər ki, polisə müqavimət göstərmisən. Mənim 50 kiloqram çəkim var. Mənim nə gücüm var ki, müqavimət göstərim. Şikayəti yoxlasınlar, şikayətçini yox. Şikayət edirəm, gəlir məni araşdırır».

Masallı küçələrində söhbət etdiyimiz sakinlər də narazılıqlarını gizlətmirlər.

«MASALLI NAXÇIVANIN BİR BÖLGƏSİNƏ ÇEVRİLİB»

Xırmandalı kənd sakini Mürsəl Hüseynov:

«Bizim kəndə su kəməri çəkilməyib. Suyumuz da yoxdur. Bir maşın suyu 40-50 manata alırıq, 4 dəfə. Guya yolumuz təmir olunub, bir maşın da çınqıl tökməyiblər».

Ərəb kənd sakini, YAP üzvü Ramil İbadullayev:

«Bir dənə abadlıq işi görülməyib. H.Əliyev prospektində 100 illik şam ağacları kəsilib. Masallı Naxçıvanın bir bölgəsinə çevrilib».

«FƏRDLƏRƏ QARŞI MÜBARİZƏ APARMIRIQ»

Masallıda baş verənlərə müxalifət partiyalarının rayon təşkilatlarının münasibəti isə birmənalı deyil. Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu deyir ki, Ziyalılar Birliyinin qaldırdığı məsələləri vaxtilə onlar da qaldırıblar. Lakin bu məsələlər həllini tapmayıb.
Masallıda «qul bazarı»
O deyir ki, təşkilatın mübarizəsi siyasi mübarizədir, onlar fərdlərə qarşı mübarizə aparmırlar:

«Rayon təşkilatı şəxsi zəmində aparılan mübarizəni dəstəkləmir».

«DİLƏNÇİ BİZDƏN YAXŞI YAŞAYIR»

Masallıda «qul bazarı» adlanan bir yer də var. Hər gün ora onlarla adam toplaşır. Ora toplaşanlar hər işə hazır olduqlarını deyirlər. Onların arasında qocaya da, cavana da rast gəlmək olur. Hətta aralarında ali təhsilli riyaziyyat müəllimi də var. «Qul bazarı»nın sakinləri rayonda onlara iş tapılmadığını deyirlər:

- «Bu, yaşayış deyil. Beş nəfərə iş yeri var, bəs qalanları. Mən beş baş ailəyəm. Bunun xeyri var, şəri var, geyinməyi var. Dilənçi kökündəyik, dilənçi bizdən yaxşı yaşayır. Demokratiyadır indi?».

«SOSİAL YARDIMI İMKANLILARA VERİRLƏR»

- «On ildir burda nökər işləyirəm, amma ailəmi saxlaya bilmirəm. Qiymət də verən yoxdur. Sosial yardımı imkanlılara verirlər. Nə iş olsa, işləyərik. Nə iş olsa. Mən Qarabağ əliliyəm, 3 dəfə yaralanmışam. Məcburam, burda can qoymalıyam. Burda çürüyürük. İş də imkanlılar üçündür, sosial yardım da».

«DEYİLƏNLƏR BÖHTANDIR»

«Qul bazarı» Masallı rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binaya gedən yolun üstündədir. Biz də icra hakimiyyəti aparatına üz tutduq. İcra başçısının humanitar məsələlər üzrə müavini Nəsir Muxtarlı Ziyalılar Birliyinin onların ünvanına dediklərini böhtan adlandırdı. Nəsir Muxtarlı rayonda həll edilməmiş məsələlərin olduğunu etiraf edir. Bununla belə deyir ki, mövcud olan problemlərin həlli üçün işlər görülür. Onun fikrincə, Ziyalılar Birliyin sədri Məmmədağa Eynullayev şəxsi zəmində mübarizə aparır. Nəsir Muxtarlı qeyd edir ki, Məmmədağa Eynullayev 3 il icra aparatında hüquq şöbəsinin müdiri olub və o vaxt etirazını bildirməyib.

Nəsir Muxtarlıya səsinin diktofona yazılmasını təklif etdik. O, bununla razılaşmadı.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA SONRAKI GÜNLƏRDƏ

Qobustan kəndi: Gözlər yolda qalıb?

Ağstafa: Dəmiryolçu ailələri necə yaşayır?
XS
SM
MD
LG