Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:57

«Astara gömrükxanasının öz qanunları var»


Astara gömrüyü
Astara gömrüyü
Masallı rayonu Həsənli kənd sakini Toğrul Məhərrəmov bu yaxınlarda İranda olarkən birdəfəlik istifadə edilən dondurma qabları alıb. Lakin deməsinə görə, Astara gömrük işçiləri qabları onun əlindən alıblar. Ona bildiriblər ki, bunun üçün xüsusi icazə lazımdır:

«Qabları gömrük işçisi məndən aldı. Qabları evdə istifadə etmək üçün almışdım. Çəkisi 5-6 kiloqramdır. Bunlar qadağan mallar da deyil. İranda istehsal olunmuş dondurma qablarını Bakıda satışda görmüşəm. Yəni, onlar qadağan edilmiş mallar deyil».

«DİN XADİMİNİN MONOPOLİYASI»

Gömrük işçiləri malları anbara aparıblar. T.Məhərrəmova deyiblər ki, bunun üçün gömrük rəisinin icazəsi lazımdır. T.Məhərrəmov:

«Əlimi üzmüşəm. Məhkəməyə versəm, 300-400 manat pul çıxar. Bu qablara isə 50-60 manat pul vermişəm. Bizə dedilər ki, bu mal tanınmış bir din xadiminin monopoliyasındadır».

«MÜRACİƏTLƏR CAVABSIZ QALIR»

Astara şəhər sakini Vidadi Mirzəyev deyir ki, İrandan Azərbaycana, Azərbaycandan İrana gedən bütün istehlak malları monopoliyadadır:

«Korrupsiyaya qarşı mübarizə gömrükdə gedən proseslərə təsir edə bilməyib. Malları qadağan edirlər, bir neçə gündən sonra yenə icazə verirlər.
Vidadi Mirzəyev
Astara gömrükxanasının öz qanunları var. Bunun nəticəsidir ki, gömrükxanada qalmaqallar baş verir. Yuxarı orqanlara edilən müraciətlər də cavabsız qalır».

T.Məhərrəmovun əlindən alınmış malların harada olduğunu bilmək üçün Astara terminalına müraciət etdik. Terminalın direktor müavini Rafael Abdullayev bildirdi ki, onlarda bu adda mal saxlanmır. Məlum oldu ki, gömrükxananın da öz anbarı var. R.Abdullayevin deməsinə görə, tutulan mallar əvvəllər terminalın anbarına verilərdi, indi qayda dəyişilib:

«Ola bilsin ki, gömrükxananın anbarında saxlanılır».

Astara Gömrük İdarəsindən isə onlarda həqiqətən də dondurma üçün birdəfəlik qabların saxlandığını təsdiq edirlər. Ancaq idarədən bildirildiyinə görə, həmin qab şikayətçi T.Məhərrəmovun adına deyil. Gömrük idarəsindən həmçinin bildirirlər ki, bu qablardan istifadə üçün sertifikat tələb edilir.

«MƏHKƏMƏ BU MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRƏ BİLƏR»

Sabiq gömrük işçisi Elman Hüseynov da deyir ki, qadağan olunan malların siyahısında dondurma qabları yoxdur:

İş adamı Hacı Fayıq Cəfərov
«Məlumdur ki, vətəndaş bu qabları Azərbaycana satış məqsədi ilə gətirməyib. Gömrüyün qabları saxlamağa ixtiyari yoxdur. Yükün çəkisi və qiyməti də azdır. Bundan məlum olur ki, qablar şəxsi istifadə üçün aparılır».

E.Hüseynov belə hesab edir ki, qanunsuzluğa son qoymaq üçün məhkəməyə müraciət edilməlidir:

«Çünki gömrük özünü haqlı sayır. Belə olan halda məhkəmə bu məsələyə aydınlıq gətirə bilər».

«MƏHKƏMƏ DEYİR Kİ, MƏNİ BƏDBƏXT ELƏMƏ»

İş adamı Hacı Fayıq Cəfərov da ona məxsus olan malın dəfələrlə Astara gömrükxanasında saxlandığını deyir. Üstəlik, o, artıq məhkəməyə də şikayət edib:

«Pul verib İrandan gətiririk. Bizim gömrük işçilərimiz elə bilirlər ki, İranda bu malları bizə pulsuz verirlər. Mal çoxdursa, rüsum alınmalıdır, qadağandırsa, sənəd göstərsinlər. Heç birini yerinə yetirmirlər. Vururlar anbara, çek də vermirlər. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə deyir ki, məni bədbəxt eləmə».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG